Məhkəmə qərarları › İş №2-1(103)-1900/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1900/2024

10.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1900/2024 10.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(103)-227/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona əlillik təyin edilməməsi barədə qərarın qanunsuz hesab edilərək ləğv edilməsi və əlilliyin təyin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2011-ci il tarixdə Ağcabədi rayon X4 Bölməsində müstəntiq vəzifəsində xidmət etdiyi zaman yol-nəqliyyat hadisəsi nəticəsində hər iki budun sağda orta, solda arxa və aşağı 1/3-nin açıq çox qəlpəli yerinidəyişən sınıqları, sol daban sümüyünün qapalı-qəlpəli, az yerini dəyişən sınığı, hər iki aşıq sümüyü boynunun çoxqəlpəli qapalı yerdəyişən sınıqları, travmatik şok ikinci dərəcə olmaqla ağır dərəcəli bədən xəsarətləri almışdır. Bununla bağlı xx.xx.2011-ci il tarixdən 2014-cü ilin sonunadək yataq xəstəsi olmuş və üç il ərzində səkkiz dəfə cərrahi əməliyyat keçirmişdir. Lakin buna baxmayaraq sağlamlığı bərpa olunmamışdır. 2013-cü ildə DİN-nin Xüsusi Həkim Komissiyasının qərarına əsasən ömürlük, yəni bərpası mümkün olmayan xəsarətlər aldığı üçün DİO-da xidmətə yarasız olmağı ilə bağlı qərar qəbul edilmiş və xidmətdən xaric edilmişdir. 2013-cü ildə 1 saylı Tibbi Sosial Ekspert Komissiyasının qərarına əsasən ona hər iki bud sümüyünün orta 1/3 qapalı qəlpəli, sol daban sümüyünün sınıqlarına görə aparılan ekstramedluyar osteositezdən əməliyyatdan sağ bud sümüyünün orta 1/3, sol bud sümüyünün aşağı 1/3 qeyri düzgün bitişmiş sınığı, kontraktura diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. Daha sonra 2014-2015-ci və 2016-cı illərdə müayinələrdən keçmiş və eyni diaqnoz ilə əlliyi müəyyən edilmişdir. Halhazırda ilkin təyin olunmuş diaqnozla yanaşı sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli) kəskin nəzərə çarpan və getativ əlamətlərlə keçən funksional pozğunluqlarla yanaşı sağ diz oynağındada kontraktura yaranmışdır, lakin 2021-ci ilin may ayında növbəti müyinə vaxtı əlillik dayandırılmış, növbəti müayinələrdən keçərək forma 88 və digər sənədləri elektron qaydada Azərbaycan Respublikası Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə təqdim etsə də bir il keçdikdən sonra əlillik əlaməti təyin edilməməsinə dair qərar qəbul edilmişdir. Əlillik əlaməti təyin edilməməsinə dair qərarda diaqnoz bud sümüyü cisminin sınığı, hər iki bud sümüklərinin orta 1/3-nin qapalı qəlpəli, sol daban sümüyünün sınıqlarına görə aparılmış ekstramedluyar osteositez əməliyyatlarından sonrakı, sağ bud sümyünün bitişmiş sümüyü, sol bud sümüyünün qeyri düzgün bitişmiş sınığı, sol diz oynağının bükücü açıcı, sağ diz oynağının bükücü kontrakturası, sol aşağı ətrafın 3 sm qısalığı və ətrafda funksiyanın pozulması göstərilmişdir. Lakin Azərbaycan Respublikası İcbari Tibbi Sığorta X5 “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X7 Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli **********/625 saylı arayışına əsasən - hər iki bud sümyünün 1/3-nin qeyri düzgün bitişmiş sınığı, hər iki bud sümüyünün postravmatik deformasiyası, hər iki diz oynağının postravmatik 3-4 mərhələdə deformasiyaedici arterozu, hər iki diz oynağının kəskin kontrakturası bükmə 110 dərəcə, açma 150 sol daban sümüyünün qeyri düzgün bitişmiş sınığı, sol aşıq daban oynağının arterozu, hər iki aşıq sümüyünün qeyri düzgün bitişmiş sınığı, hər iki aşıq baldır oynağının 3-4 mərhələ deformasiyaedici arterozu, hər iki aşıq baldır oynağının kəskin kontrakturası, bükmə 100, açma 85. Hər iki aşağı ətrafların funksianal pozğunluqları, yerişin məhdudlaşması, axsama, dayaq hərəkət funksiyasının pozulması, ağrı sindiromu diaqnozu qoyulmuşdur. Göründüyü kimi Azərbaycan Respublikası İcbari Tibbi Sığorta X5 “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X7 Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun müayinələrdən sonra verilmiş diaqnozu ilə Azərbaycan Respublikası Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin heç bir müayinə aparmadan vermiş olduğu diaqnozda və həmin diaqnoz əsasında əlilliyin təyin edilməməsi barədə qərarında göstərilənlərlə kəskin ziddiyyətlər vardır. İddiaçının almış olduğu xəsartlər daimidir və müddət keçməklə aradan qalxan, əlavə müayinələr nəticəsində aradan qalxan xəsarətlər deyildir. Bu səbəbdəndə 2013-cü ildən təyin edilmiş ikinci dərəcəli əlilik 2021-ci il tarixinə kimi dəyişdirilməmişdir. Səhhətində hər hansi bir dəyişkənlik olmamış əksinə əməliyyatlardan sonra yaranmış travmalar dahada kəskinləşmiş və sağ dis oynağındada kontarktura yaranmışdır ki, bu Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun qarayışında və Tibbi sosial Ekspert Komissiyasının qərarında öz əksini tapmışdır, yəni 2013-cü ildə ikinci qrup əlillik üçün təyin edilmiş diaqnoz (xəstəliyim) daha da ağırlaşmışdır. Hərəkəti məhduddur, adi yerişlərlə gəzməkdə belə çətinlik çəkir, hər iki ayaqlarında kəskin ağrılar olur, uzun müddət ayaq üstə dayana bilmir, güclü külək olanda hərəkət edə bilmir, yalnız ortopedik ayaqqabılar geyinir, diz oynaqları qatlanmadığı üçün sinir sistemi pozulub və gecə yuxu yata bilmir. İddiaçı qeyd edir ki, növbəti müayinənin tarixi xx.xx.2021-ci il tarix olduğundan əlilliklə bağlı aldığı müavinət dyandırılmış, növbəti müayinələrdən keçdikdən sonra 2021-ci ilin may ayında sənədlərini elektron qaydada Azərbaycan Respublikası Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərsədə 2022-ci ilin fevral ayında təxminən 1 ildən sonra əyani müayinəyə çağırılmışdır və hər hansi bir müayinə edilmədən şifahi sorğu sual əsasında ona təyin edilmiş əliliyin növbəti dəfə təyin edilməməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh tərəfin iddiaçıya əlilliyin təyin edilməsi barədə qərarı qanunsuzdur və heç bir əsası yoxdur. Bu səbəbdən də iddiaçı hesab edir ki, əlillik təyin edilməməsi qanunsuz hesab edilməli və əlilliyin təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməlidir. İddiaçı onu da qeyd etmişdir ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 4.2-ci maddəsinə əsasən, ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir, ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarından da göründüyü kimi əlilliyin ümumiyyətlə müddətsiz olmalı idi və kəsilməməli idi. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-227/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 2021-ci ilin may ayından əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, hakim məhkəmənin gedişində diaqnozdakı ağırlaşmaların əlillik təyinatına əsas verib vermədiyini aşkara çıxarmaq məqsədilə vəsatətlə müraciət edilməsinə baxmayaraq əyani müavinə edilməsi üçün aralıq qərardad qəbul etməmişdir. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Bundan əlavə Diaqnoz onun hazırkı vəziyyətini əks etdirsə də şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlar”ında maddələrdən birini aid etmək mümkün olmamışdır. Əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstəliyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin təmin edilərək, Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin əsassız olduğunu, qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının əlillik vəziyyətinə DİN-in 1 saylı poliklinikasının xx.xx.2013-cü il tarixli göndərişi əsasında baxılmış və bir il müddətinə İİ əlillik dərəcəsi verilmişdir. DİN-in Tibb İdarəsinin xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və İkinci dərəcə əlillik bir il müddətinə verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və İkinci dərəcə əlillik beş il müddətinə verilmişdir. DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan 1 nömrəli poliklinikasının xx.xx.2021- ci il tarixli göndərişi əsasında baxılmış və əyani müayinəsi həyata keçirilməklə diaqnoz əlillik əlaməti təyin etmir əsası ilə imtina verilmişdir. Daha sonra iddiaçı hazırki tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən yuxarda qeyd edilən şəkildə həll edilmişdir. Kollegiya məhkəmənin mövqeyilə razılaşır, hesab edir ki, hazırki işin faktiki halları baxımından iddianın təmin edilməsi ilə düzgün nəticəyə gəlinmişdir. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta X5nin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta X5nin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta X5 ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6-cı bənd. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və X1”nin 3.1.2-ci bəndinə əsasən müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək və 3.1.3.-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin orqanizminin funksiyalarının pozulması faizini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək Agentliyin vəzifəsidir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X7 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd etmişdir ki, İddiaçı xəstəlik vəziyyətinin təyin edilməsi ilə bağlı “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X7də yenidən müayinə olunmuş və onun barəsində ********** AB9873-2023 saylı, xx.xx.2023-cü il tarixli Arayış tərtib edilmişdir. Arayışda hər iki bud sümüyünün orta 1/3-ə sınıqdan sonrakı kobud döyənəyi və qeyri düzgün bitişmiş sınıq və varus deformasiyası, bud çanaq oynaqlarının kontrakturası İV dərəcə ankilozu. Hər iki diz oynaqlarının post travmatik artrozu (ankilozu). Hərəkət məhdudluğu və yerişin pozulması. Hər iki aşıq-baldır oynaqlarının qeyri-düzgün bitişmiş sınığından sonrakı kontrakturası lll-İV mərhələ ankilozu, hərəkət və dayaq funksiyasının pozulması. Sol aşıq aşağı ətrafın gödəkliyi 3-4 sm müyyən edilmişdir... Qeyd edirik ki, İddiaçı sağlamlıq vəziyyətin təyin olnmasına dair xx.xx.2022-ci il tarixli, **********/625 saylı və xx.xx.2023-cü il tarixli, ********** AB9873-2023 saylı Arayışlarında hər iki aşıq-badır oynağının ankilozu (kəskin kontrakturası) diaqnozu qoyulmuş və həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.4.40-cı bəndinin tələbinə uyğundur. Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin “MTE VƏ PAB” PHŞ xx.xx.2023-cü il tarixli T 223/2023 nömrəli (canlı şəxsin ekspertizası) ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib olunmuş Forma № 088 göndərişlərində qeyd olunan diaqnozlar onun xx.xx.2022-ci il tarixdə ElmiTədqiqat Travmotologiya və Ortopediya İnstitutunda komissiya tərəfindən müayinəsi zamanı müəyyən edilmiş diaqnozlarla eynilik təşkil edir, yəni o, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir. Göründüyü kimi, Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu tərəfindən iddiaçının xəstəlik diaqnozu “hər iki aşıq-baldır oynağının ankilozu (kəskin kontrakturası)” olaraq müəyyən edilmişdir. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, “..iddiaçının xəstəlik diaqnozu həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.5-ci bəndinə (2topuq oynağının ankilozu və ya kəskin kontrakturası nəticəsində pəncənin qüsurlu vəziyyəti, aşağı ətraf funksiyasının pozulması ilə (M21.3, M21.6, M24.6, Q72-Q72.7);) uyğun olduğu müəyyən olunur.” Eyni zamanda iddiaçıya təyin edilmiş xəstəlik diaqnozu hazırda qüvvədə olan Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda da müəyyən edilmişdir. Belə ki, həmin “Meyarlar”ın 13.4.40-cı bəndində hər iki aşıq-baldır oynağının ankilozu xəstəliyi əlilliyin təyin olunmasına əsas verən xəstəlik kimi müəyyən edilmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, iddiaçıya 2013-cu ildə ilk dəfə əlillik dərəcəsi təyin olunarkən xəstəlik diaqnozu hazırkı xəstəlik diaqnozu ilə eynilik təşkil etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Cavabdehin qeyd edilən dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi xüsusi bilik tələb edən sahə ilə bağlı hər hansı qərar çıxarmamışdır. Nəzərə almaq lazımdır ki, iddiaçı Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin “MTE VƏ PAB” PHŞ-nin ekspertləri tərəfindən, həmçinin Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X7inin həkimləri tərəfindən canlı müayinə olunmuşdur. Məhkəmədə iddia tələbinə münasibətdə yekun nəticəyə xüsusi tibbi biliyə malik olan şəxslər tərəfindən verilmiş rəy və məktuba istinad edərək gəlmişdir. Göründüyü kimi, cavabdehin qeyd edilən dəlili əsassızdır və işin hallarına uyğun deyil. Cavabdehin digər dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla məhkəmə qərarının ləğvi üçün əsas hesab edilmir. İnzibati İcraat Haqqında Qanunun ; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; İş üzrə müəyyən olunmuş hallardan görünür ki, cavabdeh iddiaçının tələbinin təmin edilməsini istisna edən şərtlərin mövcudluğunu sübut edə bilməmiş, formal mülahizələrə əsasən iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Beləliklə, yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edilərək, maddi hüquq normaları işin hallarına düzgün tətbiq edildiyindən, cavabdehin apelyasiya şikayəti isə hər hansı mötəbər dəlillə əsaslandırılmadığından məhkəmənin mübahisələndirilən qərarının ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(103)-227/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar