Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1900/2025 29.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X37 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X22 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxslər X24 və X8 iştirakları ilə, İddiaçılar İddiaçı1, X9, İddiaçı3, İddiaçı4 Cavabdehnə (üçüncü şəxslər X18, X14, X38, X39) qarşı "sərəncamın etibarsız hesab edilməsi" tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10088/2024 saylı, 16 dekabr 2024-cü il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçılar İddiaçı1, X19, İddiaçı3, İddiaçı4 Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Cavabdeh 19 fevral 1992-ci il tarixli, 750 saylı, 10 iyun 1992-ci il tarixli, 2789 saylı, 17 may 1994-cü il tarixli, 467/8 saylı və 06 aprel 1995-ci il tarixli, 916 saylı sərəncamlarının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Maarif küçəsi, ev 7 mülkiyyət hüququ ilə ana babaları X25 məxsus olmuşdur. X1 mirası qəbul edərkən yuxarıda göstərilən fərdi evin Nizami rayon İcraiyyə Komitəsinin balansına verildiyi məlum olmuşdur. Bununla əlaqədar X16 rayon Xalq Məhkəməsində Nizami RİKyə qarşı “Evə mülkiyyət huququnun tanınması və qanunsuz istifadədən geri qaytarılması” barədə iddia qaldırmışdır. Məhkəmə iddianı təmin edərək həmin evin X25 məxsus olması və Nizami RİK-nin qanunsuz istifadəsindən geri alınması barədə xx.xx.1988-ci il tarixli qərar çıxarmışdır. Həmin Qərarın icrası ilə əlaqədar ev əvvəlki sahibinə qaytarılmış və vərəsəlik şəhadətnaməsinə əsasən xx.xx.1991-ci il tarixdə mərhumun qızı- anaları Sonaxanım Abdurəhmanovanın adına 30/1957 nömrəli hüquqi qeydiyyat vərəqəsi verilmişdir. Məhkəmə qərarına və qeydiyyat vərəqəsinin verilməsinə əsaslanaraq Cavabdeh başçısı “Keşlə qəsəbəsi, Maarif küçəsi 7 nömrəli evin Cavabdeh balansından çıxarılması haqqında” 1010 nömrəli xx.xx.1995-ci il tarixli Sərəncam vermişdir. Sərəncama əsasən Bakı şəhəri, Keşlə qəsəbəsi, Maarif küçəsi 7 nömrəli ev Cavabdeh balansından çıxarılmış və həmin evin mənzillərində yaşayan vətəndaşların, digər yaşayış sahəsi verilənədək, həmin mənzillərindən müvəqqəti istifadə hüququ saxlanılmışdır. Anaları xx.xx.2000-ci ildə vəfat etmişdir. Birinci dərəcəli vərəsələr kimi onlar hər biri miras əmlakdan bərabər pay almışlar. Bu barədə Bakı şəhəri 12 saylı notariat kontorundan 11 dekabr 2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında səhadətnamə almışlar. Vərəsəlik şəhadətnaməsi əsasında onlara Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən mübahisali evə dair xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Çıxarış Daşınmaz Əmlakın Dövlət Reyestrində 291 nömrəli reyestr kitabının 27120 nömrəli vərəqində qeydiyyata alınmışdır və hazırda qüvvədədir. Lakin Cavabdeh 1988-ci ilin məhkəmə qərarına əhəmiyyət verməyərək, əksinə 1992-ci ildən başlayaraq həmin ev üzrə onun müxtəlif otaqlarını mənzil statusu ilə özəlləşdirilməsi üçün Sərəncamlar verməyə başlamışdır. Belə ki, Cavabdeh 19 fevral 1992-ci il tarixli 750 saylı sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Maarif küçəsi 7, mənzil 8in vətəndaş X11 adına şəxsi mülkiyyətə verilmişdir. Bununla əlaqədar X23 həmin mənzilə xx.xx.1992-ci il tarixli 30/16230 nömrəli qeydiyyat vəsiqəsi almışdir. Elə həmin gün də mənzili X4. O, da öz növbəsində mübahisəli mənzili 20 iyul 2002-ci il tarixdə X5. Daha sonra, Cavabdeh 10 iyun 1992-ci il tarixli 2789 saylı Sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Maarif küçəsi 7 nömrəli evin 6 nömrəli mənzilini X31 adına şəxsi mülkiyyətə verir. O da öz növbəsində həmin mənzilə xx.xx.1992-ci il tarixli 30/16647 nömrəli qeydiyyat vəsiqəsi alır. Sonradan vərəsəlik qaydasında mənzil onun arvadı X32 adına keçmişdir. O isə öz növbəsində 09 avqust 2000-ci il tarixində mənzilin hazırki sahibi X2. Daha sonra, Cavabdeh xx.xx.1994-cü il tarixli 467/8 saylı Sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Maarif küçəsi 7 nömrəli evin 1 nömrəli mənzilini X33 adına şəxsi ev kimi sənədləşdirilmişdir. Bu əsasla da Mariya Mehdiyeva mənzilə 19 oktyabr 1994-cü il tarixli 30/141 50 nömrəli qeydiyyat vəsiqəsi almışdır. 12 sentyabr 2001-ci il tarixdə isə mənzili mənzilin hazırki sahibi X3. Nizami rayon İcra Hakimiyyati 06 aprel 1995ci il tarixli 916 saylı sərəncamı ilə həmin evin 4-cü mənzili şəxsi ev kimi X27 adına şəxsi ev kimi sənədləşdirilir. Anna Boqdanova isə bu mənzilə 15 iyul 1995-ci il tarixli 30/81670 nömrəli qeydiyyat vəsiqəsi alır. Burada maraqlı bir hal da yaranır. Belə ki, Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilən ölüm haqqında Akt qeydindən (№ 696, xx.xx.1995-ci il) görünür ki, X44 xx.xx.1995-ci ildə vəfat edib və mənzildə ondan başqa heç kim qeydiyyatda olmayıb. Lakin ölümündən 7 gün sonra guya onun adından verilmiş etibarnamə əsasında Anna Boqdanovanın adına olan mənzil hazırki sahibi X7. Bundan əlavə, X15 adına Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Maarif küçəsi 7 nömrəli evin 3 nömrəli mənzilinə dair Dövlət Reyestrindən çıxarış verilmişdir. Həmin sərəncamlardan doğan və mülkiyyət hüquqlarının pozulması ilə nəticələnən hərəkətlər nəticəsində analarının mülkiyyətində olan fərdi yaşayış evinə dair sonrakı illərdə müxtəlif otaqlara dair mənzil qismində çıxarışlar verilmişdir. Göründüyü kimi sənədlər əsasında müəyyən edilir ki, sözügedən ev əvvəlcə babalarının, sonra isə analarının mülkiyyətində olmuş və müvafiq reyestrdə də qeydə alınmışdır. Lakin onların hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasına baxmayaraq, Cavabdeh Başçısının sərəncamları ilə mülkiyyətləri başqa şəxslərə satılmışdır. Bu səbəbdən hesab edirlər ki, Cavabdeh Başçısının sözügedən Sərəncamları yuxarıda qeyd olunan əsaslara görə qanunvericiliyə uyğun olmadığından etibarsız hesab edilməli və həmin sərəncama əsasən tərtib olunmuş sənədlər ləğv edilməlidir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10088/2024 saylı, 16 dekabr 2024-cü il tarixli qərardadı ilə (hakim A.Əhədova) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçılar apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10088/2024 saylı, 16 dekabr 2024-cü il tarixli qərardadının ləğv edilməsini və işin baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsində qeyd edilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi, məhkəmə qanunla buna yol verilmədiyi halda, prosessual qanunvericiliyin normalarını geriyə tətbiq edərək iddiaçıların iddia müddəti çərçivəsində sərəncamları mübahisələndirmədiklərini qeyd etmiş və bununla da qanunvericiliyin tələblərini pozmuşdur. Bundan əlavə, məhkəmə nəzərə almamışdır ki, mülkiyyət hüququnun müdafiəsi ilə bağlı olan iddialara müddət tətbiq edilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0 və 384.0.5-ci maddəsində qeyd edilir ki, dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələblərinə iddia müddəti şamil edilmir. Vərəsəlik şəhadətnaməsi əsasında onlara mübahisəli fərdi yaşayış evinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən mübahisəli evə dair xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Çıxarış Daşınmaz Əmlakın Dövlət Reyestrində 291 nömrəli reyestr kitabının 27120 nömrəli vərəqində qeydiyyata alınmışdır və hazırda qüvvədədir. Məhkəmə iddianı qeyri-mümkün hesab edərkən Mülki Məcəllənin 140-cı maddəsini ümumiyyətlə nəzərə almamışdır (Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası). Belə ki, həmin maddədə göstərilir ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. Məhkəmə işin faktiki hallarını araşdırmadan və qanunvericiliyin tələblərini nəzərə almadan əsaslı iddia tələbini qeyri-mümkün saymış və məhkəmənin icraatından çıxarmışdır. Yəni məhkəmə reyestrin həqiqiliyi və tamlığı prezumpsiyasına, eləcə də mülkiyyətin müdafiəsi və məhdudlaşdırılmasının əsaslarını təşkil edən mərkəzi normalara deyil, daha çox mücərrəd mənalar verən anlayışlara əsasən iddianı qeyri-mümkün hesab etsə də, işin hallarını tam və ətraflı tədqiq etməmiş və həmin normaların hazırkı mübahisə üzrə tətbiqi imkanlarını dəqiqləşdirməmişdir. Belə ki, məhkəmə unutmuşdur ki, hazırki iddianın predmeti iddiaçıların dövlət qeydiyyatına alınmış mülkiyyət hüquqlarının bərpa olunmasından ibarətdir. Bakı şəhəri, Cavabdehnə 19 fevral 1992-ci il tarixli, 750 saylı, 10 iyun 1992-ci il tarixli, 2789 saylı, 17 may 1994-cü il tarixli, 467/8 saylı və 06 aprel 1995-ci il tarixli, 916 saylı sərəncamlarının ləğv edilməsi barədə müraciət etsələr də, bundan imtina edilmiş və məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Göründüyü kimi mülkiyyət hüquqlarının pozulmasına səbəb olan və tərəflərindən mübahisələndirilən sərəncamlar onu qəbul etmiş orqan tərəfindn ləğv edilmədiyindən, artıq özünün qanunla qorunan hüquq və azadlıqlarını yalnız məhkəmə qaydasında müdafiə edə bilərlər və bunun başqa yolu yoxdur. Lakin məhkəmə iddialarını qeyrimümkün sayarkən bunu nəzərə almamış və məhkəmə müdafiəsindən istifadə etmək hüququnu pozmaqla bu hüququnu əhəmiyyətsiz etmişdir. Halbuki, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Belə olan halda, qanuna əsasən son olaraq pozulmuş hüquq və azadlıqların bərpası vəzifəsini daşıyan məhkəmə iddianı qeyrimümkün sayırsa, məsələnin hansı qaydada həll oluna bilməsi sualı da cavabsız qalır. Məhkəmə tərəfindən səthi araşdırma aparılaraq və qanunvericiliyin tələblərinə əməl edilməyərək hazırki işin yuxarıda qeyd olunan hallarına düzgün hüquqi qiymət verilməmiş və qanunvericiliyin yuxarıda qeyd olunan göstərişləri pozulmuşdur. Məhkəmə bu hissədə qanunvericiliyin tələbini pozmaqla iddia tələbinin dəqiqləşdirilməsi və ya dəyişdirilməsi ilə bağlı olaraq hüquqi yardım göstərməli və bundan imtina edəcəyi halda həmin iddia tələbinin mümkünsüzlüyünü müzakirə etməli idi. Tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün hesab edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X39 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X14 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə cavabdehin nümayəndəsinə və digər üçüncü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin və digər üçüncü şəxslərin iştirakları olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10088/2024 saylı, 16 dekabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İddiaçılar Bakı şəhəri Cavabdeh 19 fevral 1992-ci il tarixli, 750 saylı, 10 iyun 1992-ci il tarixli, 2789 saylı, 17 may 1994-cü il tarixli, 467/8 saylı və 06 aprel 1995-ci il tarixli, 916 saylı sərəncamları – inzibati aktları mübahisələndirirlər. Həmin vaxtda qüvvədə olmuş qanunvericiliyə görə maraqlı şəxs hüququnun pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində məhkəməyə müraciət etmək hüququ var idi. İddiaçılar aktdan məlumatlı olduğu vaxtdan cavabdehin qəbul etdiyi qərarları mübahisələndirməyə dair subyektiv hüququ yaranmasına baxmayaraq, məhkəmə müdafiəsi hüququndan yararlanmamışlar. Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 2(007)114/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçılar X39, X20, X30, X14 və X40 cavabdehlər İddiaçı3, İddiaçı2, X21, X17 və İddiaçı4 qarşı "miras əmlakın qəbulu üzrə müddətin ötürülmüş hesab edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və müvafiq reyestr qeydinin ləğvi barədə" iddiası rədd edilmişdir. Qətnamənin 4-cü səhifəsinin 5-ci abzasında göstərilmişdir: “Cavabdeh 19 fevral 1992-ci il tarixli, 750 saylı sərəncamı ilə Maarif küçəsi ev 7 ünvanında yerləşən evin 8-ci mənzilində yaşayan X11 adına, 10 iyun 1992-ci il tarixli, 2789 saylı sərəncamı ilə Maarif küçəsi ev 7 ünvanında yerləşən evin 6-cı mənzilində yaşayan X34 adına, 17 may 1994-cü il tarixli, 467/8 saylı sərəncamı ilə Maarif küçəsi ev 7 ünvanında yerləşən evin 1-ci mənzilində yaşayan X28 adına və 06 aprel 1995-ci il tarixli, 916 saylı sərəncamı ilə Maarif küçəsi ev 7 ünvanında yerləşən evin 4-cü mənzilində yaşayan X27 adına şəxsi əmlak kimi sənədləşdirilmişdir.” Göründüyü kimi iddiaçılar qəbul edilmiş inzibati aktdan hələ ən geci Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 2(007)114/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi vaxtından məlumatlı olmuşdurlar. Lakin iddiaçılar hazırkı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşlər. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Beləliklə, hər bir halda iddiaçılar hazırda mübahisələndirdikləri qərarın ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşlər. İddiaçılar qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışlar. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar göstərilən müddətdə əraziyə dair mövcud olan inzibati aktların müəyyən edilməsi ilə bağlı tədbirlər görə bilərdilər, bununla bağlı hər hansı məhdudiyyətin mövcud olmasını və ya bunu mümkünsüz edən şərtlər bildirilməmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, hazırkı mübahisəyə münasibətdə iddia yuxarıda qeyd olunan səbəblərdən mümkünlük şərtlərini ödəmir və bu baxımdan mümkün sayılmamalıdır. Mübahisələndirilən dövrdə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları Azərbaycan Respublikası MPM-nin müddəaları əsasında həll olunurdu. Həmin normalar da inzibati orqanın qərar, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsini müddətlə məhdudlaşdırırdı və bu müddət qərarın təqdim olunduğu gündən 1 ay təşkil edirdi. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzrlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası iddiaçılar tərəfindən hüquqlarının pozulduğunu bildiyi vaxtdan bir ildən çox keçdikdən sonra müraciət olunmasını nəzərə alaraq, ona “müddətin bərpası” ilə bağlı ərizə verilməsi barədə hüquqi yardım göstərilməsinin və ya belə ərizə veriləcəyi təqdirdə onun əhəmiyyətsiz olduğunu hesab edir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçıların apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10088/2024 saylı, 16 dekabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-1900/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1900/2025
29.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver