Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1901/2022 12.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi X2 və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X7 Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2-1(112)-10514/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X7 Filialına qarşı onun 1975, 1976 və 1977-ci illərdə Bərdə rayonu H.Aslanov adına kolxozda işlədiyi müddətin ona yaşa görə əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməsinə və cavabdehin üzərinə ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun yaşa görə əmək pensiyası hüququ verən 62 yaşı tamam olduğu üçün, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 19 saylı regional ərazi filialına ərizə ilə müraciət edərək, ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Lakin, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X7 Filialının xx.xx.2021-ci il tarixli **********0 nömrəli məktubu ilə ona bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından aslı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığrta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş səxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş ....qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il 6 ay artırılır. Hazırda qadınların pensiya yaşı 62 yaş 6 ay müəyyən edilmişdir. Təqdim etdiyi xx.xx.2013-cü il tarixli, 2(076)- 1982/2013 saylı Şəmkir Rayon Məhkəməsinin qətnaməsinin və diplomunun surətlərinə əsasən onun ümumi sığorta stajı 24 il 10 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabın sığorta hssəsində qeydə alınmış pensiya kapitalı 18924.73 manat olmaqla qanunvericilikdə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbəğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildirir ki, Bərdə rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 38 nömrəli arayışında əks olunan H.Aslanov adına kolxozda 1975- 1977-ci illərə aid əmək fəaliyyəti əmək kitabçasında qeyd olunmadığından həmin dövrlər sığorta stajına daxil edilmir. Qeyd olunanlara əsəasən ona yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbi baxımından mümkün hesab edilmir. Hesab edir ki, H.Aslanov adına kolxozda 1975-1977-ci illərə aid əmək fəaliyyətinin əmək kitabçasında qeyd olunmadığı əsası ilə həmin dövrlərin sığorta stajına daxil edilməməsi qanunsuz və əsasızdır. Belə ki, bu fakt Bərdə rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 38 nömrəli arayışında öz təsdiqini tapmışdır. Həmin arayış Arxivdə saxlanılan H.Aslanov adına kolxozun sənədləri əsasında tərtib edilmiş və səlahiyyətli şəxsin imzası və idarənin möhürü ilə təsdiq edilmişdir. Eləcə də, onun 62 yaşı yeni Qanunun tətbiq olunduğu 2017-ci ilin iyulun 1-dən əvvəl tamam olduğundan, əvvəlki qaydalara görə pensiya yaşı 62 yaş götürülməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Onun 1975-1977-ci illərə aid iş stajı Arxiv Arayışı ilə öz təsdiqini tapdığından iddianın aidiyyatı mülki məhkəməyə deyil, inzibati məhkəməyədir. Odur ki, ona əsasız olaraq pensiya təyin edilməsindən imtina edildiyi üçün inzibati məhkəməyə müraciət etməli olmuşdur. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixində pensiya hüququ yaranmış, 23 fevral 2021-ci il tarixində Fondun Sosial ödənişlərin X7 filialına ona yaşa görə əmək pensiyasının təyin olunması üçün ərizə ilə müraciət etmişdir. ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X7 Filialı tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7ci maddəsinə əsaslanaraq vətəndaşın tələb olunan 25 illik sosial sığorta stajı mövcud olmadığı üçün əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qaıınuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan SSR-nin 1971-ci il 10 dekabr tarixli qanunu ilə təsdiq edilmiş Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə əsasən işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd əmək kitabçası hesab edilir. Bərdə rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 38 nömrəli arayışında əks olunan “H.Aslanov adına kolxoz”da 1975-1977-ci illərə aid iddiaçının əmək fəaliyyəti əmək kitabçasında qeyd olunmadığından, həmin dövrlər cavabdeh inzibati orqan tərəfindən iddiaçının sosial sığorta stajına daxil edilməmişdir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd olunan Qanunun 7-ci maddəsindən də aydındır ki, vətəndaşa yaşa görə əmək pensiyasının təyin edilməsi o zaman mümkündür ki, qanunvericiliyin 2 tələbi qarşılansın: 1. İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. Qanunvericiliyin tələbinə əsasən yaş tələbi 62 yaş olduğundan və iddiaçı xx.xx.2021-ci il tarixində 62 yaşa çatdığı üçün pensiya təyin edilməsi üçün yaş tələbini ödəmişdir. 2. İddiaçı pensiya təyin edilməsi üçün yaş tələbini ödəsə belə, 25 illik sosial sığorta stajı tələbini ödənmədikdə vətəndaşa yaşa görə əmək pensiyası təyinatı aparılmır. Belə ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən sosial sığorta stajına daxil edilən illər 24 il 10 aydır. Bu səbəbdən də, iddiaçıya yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin, bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Bakı İnzibati Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2-1(112)-10514/2021 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 1975, 1976 və 1977-ci illərdə Bərdə rayonu H.Aslanov adına kolxozda işlədiyi müddət onun sığorta stajına daxil edilməklə, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X7 Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-1982/2013-cü il tarixli, xx.xx.2013-cü il tarixli qətnaməsinin surətindən görünür ki, ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, onun 1982-ci ildən 1987-ci il tarixədək Şəmkir rayonu Yun-Dəri İdarəsində fəhlə, xx.xx.1987-ci il tarixdən 1991-ci ilin axırlarınadək Şəmkir rayonu “Şamxor” üzümçülük sovxozunda fəhlə və 1991-ci ilin axırlarından 2004-cü ilin noyabr ayınadək Şəmkir rayonu Yun-Dəri İdarəsində fəhlə işləməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmənin sözügedən qətnaməsinə əsasən ərizə təmin edilmiş, ərizəçi İddiaçı 1982-ci ildən 1987-ci il tarixədək Şəmkir rayonu Yun-Dəri İdarəsində fəhlə, xx.xx.1987-ci il tarixdən 1991-ci ilin axırlarınadək Şəmkir rayonu “Şamxor” üzümçülük sovxozunda fəhlə və 1991-ci ilin axırlarından 2004-cü ilin noyabr ayınadək Şəmkir rayonu Yun-Dəri İdarəsində fəhlə işləməsi faktı müəyyən edilmişdir. Bərdə rayon Dövlət Arxivi İdarəsi tərəfindən verilmiş 05 fevral 2020-ci il tarixli, 38 nömrəli arxiv arayışından görünür ki, Bərdə rayon Dövlət Arxivi iddiaçının sorğusuna cavab olaraq bildirmişdir ki, Bərdə rayon Dövlət Arxivində mühafizə edilən sabiq H.Aslanov kolxozunda (AİM) 1975-1977-ci illər üzrə şəxsi heyətə dair sənəd materiallarına əsasən İddiaçı kolxozda AİM işləyərək qazandığı əmək haqqı müvafiq illər üzrə aşağıdakı qaydada qeyd olunmuşdur: 1975-ci il üzrə – adam günü 71, əmək günü 83, minimum əmək günü norması 150; 1976-cı il üzrə - adam günü 59, əmək günü 36, minimum norma əmək günü 150, 1977-ci il üzrə - adam günü 123, əmək günü 177, minimum norma əmək günü 150 gün təşkil etmişdir. İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, DSMF Sosial Ödənişlərin X7 Filialı tərəfindən verilmiş 04 avqust 2021-ci il tarixli, **********0 nömrəli “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubun surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 19 saylı regional ərazi filialından daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Hazırda qadınların pensiya yaşı 62 yaş 6 ay müəyyən edilmişdir. Təqdim etdiyi xx.xx.2013-cü il tarixli, 2(076)-1982/2013 saylı Şəmkir Rayon Məhkəməsinin qətnaməsinin və diplomunun surətlərinə əsasən onun ümumi sığorta stajı 24 il 10 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 18924,73 manat olmaqla qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqularının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə X1 X4 Sisteminə daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Məlumat üçün bildirilmişdir ki, Bərdə rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 38 nömrəli arayışında əks olunan H.Aslanov adına kolxozda 1975-1977-ci illərə aid əmək fəaliyyəti əmək kitabçasında qeyd olunmadığından həmin dövrlər sığorta stajına daxil edilmir. Qeyd olunanlara əsasən ona yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirilmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq ona xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Müavinət kartını əldə etmək üçün "xxxx" ASC-nin Şəmkir filialına müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 22-1.2.1-ci maddəsinə əsasən, 2019-2020-ci illərdə bu Qanunun 7ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin yaşı bu Qanunda göstərilən yaş həddinə çatmalı; fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, yaxud azı 25 il sığorta stajı olmalıdır. İş materiallarında olan iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1959-cu il təvəllüdlüdür. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunla müəyyən olumuş yaş həddinə (62 yaş) xx.xx.2021-ci il tarixdə çatmışdır. Göründüyü kimi, iddiaçı qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmışdır. Bununla da, iddiaçıya münasibətdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddi şərti ödənilir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də, hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, iddiaçının 1975-1977-ci illərdə kolxozda işlədiyi illərdə qüvvədə olan qanunvericilik normaları arxiv arayışları əsasında iş stajının təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tuturdu. Ona görə də, həmin dövrə aid iş stajı Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Bərdə rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 38 nömrəli arxiv arayışı ilə təsdiqlənə bilər və müvafiq olaraq sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. İddiaçının 1975-1977-ci illərə dair təqdim etdiyi arayışdakı məlumatlar iddiaçının işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. İddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu, yuxarıda istinad edilən “Vətəndaşlaırn pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktiki müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. X5 Rayon Dövlət Arxivi tərəfindən verilmiş 05 fevral 2020-ci il tarilxi 38 nömrəli arayışda göstərilən məlumatları nəzərə aldıqda müəyyən edilir ki, 1975-1977-ci illərdə H.Aslanov adına kolxozda illik adam (əmək) günü norması qadınlar üçün 150 adam günü olmuşdur. Buna qarşılıq iddiaçı 1975-ci il üzrə 71 adam günü, 1976-cı il üzrə 59 adam günü, 1977-ci il üzrə isə 123 adam günü işləmişdir. Beləliklə, iddiaçı minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də, həmin illər ona tam əmək stajı kimi hesablana bilməz. Sözügedən illər iş stajın yalnız faktiki müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktiki müddət üzrə hesablama isə faktiki işləmiş günlərin sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş gününə bölünməsi yolu ilə aparılmalıdır. Məsələn, iddiaçının 1975-ci ildə 71 gün, 1976-cı ildə 59 gün, 1977-ci ildə isə 123 gün faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir – 1975-ci il üzrə - 71×12/150 = 5 ay ... 1976-ci il üzrə - 59×12/150= 4 ay... 1977-ci il üzrə - 123×12/150 = 9 ay. Beləliklə, bu qaydada hesablama nəticəsində iddiaçının 1975-1977-ci illərdə kolxozda işləyərkən faktiki müddət nəzərə alınmaqla aparılmış hesablama nəticəsində ümumi olaraq 18 aydan artıq iş stajına malik olduğu müəyyən edilir. Bu isə iddiaçının 25 il iş stajının yaranması üçün əlavə tələb olunan sığorta stajını ödəyir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi ilə bağlı dəlilinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçının xx.xx.2006-cı il tarixədək artıq 25 ildən çox sığorta stajına malik olması öz təsdiqini tapdığından, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi halı da, əhəmiyyət daşımır. Yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin yaşı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud azı 25 il sığorta stajına malik olması zəruridir. İddiaçının isə 25 il sığorta stajına malik olması məhkəmə araşdırması zamanı kifayət qədər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 25 ildən çox iş stajına malik olması və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə (62 yaş) xx.xx.2021-ci il tarixdə çatması iş materialları ilə müəyyən edildiyindən iddiaçının tələbi əsaslıdır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 62 yaşdan (xx.xx.2021-ci il tarixdən) yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2-1(112)-10514/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1901/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1901/2022
12.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver