Məhkəmə qərarları › İş №2-1(103)-1902/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1902/2020

02.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1902/2020 02.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və AR SN Bakı şəhər Baş Səhiyyə İdarəsi 6 saylı şəhər poliklinikasına qarşı hərəkətsizliyin qanunsuz hesab edilməsi, epikrizin TSEK-ə göndərilməsi və mənəvi ziyanın ödənilməsi öhdəliyinin qoyulması tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2586/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı məhkəməyə müraciət edərək, 6 saylı şəhər poliklinikasının hərəkətsizliyinin qanunsuz hesab edilməsi, hərbi xidmət dövrü ilə əlaqədar yaranmış xəstəliyin nəticəsi olaraq 1 saylı X1 tərəfindən verilmiş epikrizin TSEK-ə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, cavabdehlərdən vurulmuş mənəvi ziyana görə 14.000 manat məbləğdə pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə öz qərardadını onunla əsaslandırdı ki, mənəvi zərəri tələb etməzdən əvvəl cavabdehə mənəvi zərərin ödənilməsi barədə ərizə yazılmalıdır. Sonradan imtina cavabı aldıqdan sonra mənəvi zərərin ödənilməsi barədə məhkəməyə müraciət edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsindən görünür ki, mənəvi zərərin tələb edilməsi heç də qabaqcadan mənəvi zərərin ödənilməsi ilə bağlı cavabdehə ərizə ilə müraciət etmə ilə bağlı deyil. Belə olan halda məhkəmə iddianın mümkün sayılmaması ilə yox, mahiyyəti üzrə baxıb qərar qəbul etməli idi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət mahiyyətcə əsassızdır. Məhkəmə kollegiyası bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). Lakin öhdəliyin icrası haqqında hazırkı iddianın qeyd edilən mümkünlük şərtlərindən üçüncüsünə iş üzrə əməl olunmur. Belə ki, iddiaçının məhkəmədə iddiaqaldırmazdanəvvəl cavabdeh(lər)ə rəsmi qaydada müraciətetməsi iş materialları ilə təsdiq olunmur, iddiaçı da cavabdeh(lər)ə ərizə ilə müraciətetmədiyini mübahisə etmir. Bundan əlavə, İPM-in 37-ci maddəsi ilə yalnız bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbinin iddiaçı tərəfindən bir iddiada birləşdirilə biləcəyi qeyd olunmuş, bir iddia ilə bir neçə cavabdehə qarşı müxtəlif tələblərin yönəldilməsi bu qanunda nəzərdə tutulmamış, məsələnin praktiki əhəmiyyəti birdən çox cavabdehə qarşı qaldırılmış inzibati iddialarda tələblərin xronoloji ardıcıllığı və mübahisələrin həll növbəliliyindən irəli gəlmiş, bu da öz növbəsində hər bir inzibati orqana yönəlmiş tələbin ayrılıqda dəqiqləşdirilməsi və müstəqil qaydada həll edilməsi zərurəti ilə şərtlənmişdir. İPM-in 30-cu maddəsi anlamında da birgə cavabdehliklə bağlı qanunvericiliyin tələbləri iş üzrə yerinə yetirilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Bütün qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu mənada apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Beləliklə, inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri qərardadın ləğvinə əsas vermir. Bununla bağlı, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM-35, 87.6). Göstərilənlərə əsasən və İPM-in 35, 68, 80, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2586/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar