Məhkəmə qərarları › İş №2-1(103)-1902/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1902/2022

24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1902/2022 24.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4358/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1989-cu il tarixdə həqiqi hərbi xidmətə yollanmışdır. xx.xx.N1-ci il tarixədək xidmət etmişdir. Lakin, N2-ci il, eləcə də, sonrakı dövrlərdə ölkədə gedən döyüşlərdə Ağdamın müdafiəsində N saylı hərbi hissədə könüllü müddətindən artıq iştirak etmişdir. Bununla əlaqədar, bütün sənədlərinin surətlərini dəfələrlə cavabdehə təqdim etmişdir. Lakin, o vaxtdan bu günə kimi müxtəlif növ bəhanələrlə onu get-gələ salaraq, müharibə veteranı adının alınmasında bilmədiyi səbəblərdən ona suni maneəçilik törədilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 20 aprel 2017-ci il tarixli arayışında olan məlumatlarla hərbi biletdə olan qeydlər ziddiyət təşkil etdiyindən Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4358/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli, 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş hərbi qulluqçulara hərbi biletlə yanaşı, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları təqdim edilməli olduğundan, iddiaçının isə döyüş əməliyyatları aparılan hərbi hissədə xidmət etməsi barədə müvafiq təsdiqedici sənədlərinin olması işin halları ilə sübuta yetirilmədiyindən iddia tələbi təmin edilməməlidir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbini hansı əsasla rədd etdiyini əsaslandıra bilməmiş, işin faktiki hallarını formal olaraq qərara köçürməklə, məsələnin hüquqi tərəflərinə münasibət bildirməmişdir. Bütün məhkəmə iclaslarında təqdim edilən sənəd və sübutlar onu göstərmişdir ki, iddiaçının müharibə iştirakçısı olması, orada yaralanaraq, sağlamlığını itirməsi işin mübahisəsiz halıdır. Məhkəmə cavabdeh orqanın öz etirazında göstərmiş olduğu Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin müddəalarını sadalayaraq (hansı ki, iddiaçının xeyirinə qərar qəbul edilməsi üçün kifayətdir), sonradan yəni xx.xx.2018-ci il tarixdə həmin normaya edilmiş dəyişikliklərin hərbi biletlə yanaşı arxiv arayışının olmasının vacibliyini vurğulayır. Halbuki iddiaçının arxiv arayışları da vardır. Eyni zamanda iddiaçının hüququnun yaranma anına diqqət yetirilmir. 2018-ci il tarixdə edilmiş dəyişiklik N1-ci ildə yaranmış və bu günə kimi davam edən hüquqa ağırlaşdırıcı hal olaraq tətbiq edilə bilməz. İddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən müharibədə və döyüş əməliyyatlarında iştirak etməsi ona məxsus hərbi biletdə qeyd olunmuş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin arxiv arayışlarında iddiaçının hərbi hissədən tərxis olunması barədə məlumat var və iddiaçıya məxsus şəxsi kartalarda da onun sözügedən döyüşlərdə iştirakı ilə bağlı müvafiq qeydlər vardır. Apellyasiya şikayətinə etirazın əsasları: İnzibati iş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N iyun N2-ci il tarixli 31 nömrəli əmrindən çıxarışın qeyd hissəsində əmrdə soyadın Feziyev və adın Etibar yazıldığı, hərbi rütbəsinin göstərilmədiyi, əmrin batalyon komandırı tərəfindən imzalanmadığı, N saylı hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 106 nömrəli əmrinin qeyd hissəsində əmrdə adın Etibar yazıldığı və atasının adı yazılmadığı hərbi rütbəsi və vəzifəsi göstərilməyi qeyd edilmişdir. Beləliklə də iddiaçının iyun N2-ci il tarixdə hərbi hissəyə daxil olması və oktyabr N2-ci il tarixdə ehtiyata buraxılmasına dair arxivdə olan əmrlərin iddiaçıya məxsus olması təsdiq edilmir. Həmçinin, iddiaçının müraciətinə əsasən hərbi komissarlıq tərəfindən iddiaçının hərbi biletinin 6-cı səhifəsində olan qeydlərə əlavə edilməsi işdə olan əmrlərdən çıxarışlar əsasında edilmiş və ziddiyyəti aradan qaldırmamışdır. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbini təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti, sözügedən iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən öncə müvafiq inzibati orqana müraciət edilməsidir ki, iş materiallarına əlavə olunmuş cavabdehin xx.xx.2020-ci il tarixli, 1/7-16349 nömrəli məktubunun surətindən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciəti təmin edilməmişdir. Bundan sonra iddiaçı tərəfindən müvafiq iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə əsaslıdır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinin birinci hissəsinin ücüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 37.1-ci maddəsinə əsasən aşağıdakı günlər həqiqi hərbi xidmətin başlanğıcı sayılır: 37.1.1. çağırışçılar üçün - müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi hissəyə göndərildikləri gün; 37.1.2. bağlaşma əsasında hərbi xidmətə könüllü daxil olanlar üçün - bağlaşmanın imzalandığı gün; 37.1.3. kursantlar üçün - hərbi qulluqçu hazırlayarı xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunduqları gün; 37.1.4. müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün - hərbi xidmətə daxil olmaları barədə əmrin imzalandığı gün. 37.2. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. 25 dekabr N1-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları,qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, aşağıdakılar müharibə veteranları sayılırlar: - İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər; - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; - 1944-cü il yanvarın 1-dən 1951-ci il dekabrın 31-dək Ukraynanın, Belorusiyanın, Baltikyanı Respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslər; - Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, ikinci dünya müharibəsi illərində xarici ölkələrin ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına, onun müttəfiqlərinə və imperialist Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; - İkinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri; - 1941 — 1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular; - İkinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə. - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müharibə veteranlarının vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində müharibə veteranlarının reyestrini elektron formada aparır. Müharibə veteranlarının reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin: - 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. - 2-ci bəndinə əsasən, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinciyeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. - 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə tam riayət edilməmiş, işin halları tam araşdırılmamışdır. İnzibati işdən aydın göründüyü kimi, cavabdeh inzibati orqanın imtinasının, etirazının əsas dəlilləri aşağıdakılardır: - İddiaçının iyun N2-ci il tarixdə hərbi hissəyə daxil olması və oktyabr N2-ci il tarixdə ehtiyata buraxılmasına dair arxivdə olan əmrlərin iddiaçıya məxsus olması təsdiq edilmir. - Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 20 aprel 2017-ci il tarixli arayışında olan məlumatlarla hərbi biletdə olan qeydlər ziddiyyət təşkil edir. Məhkəmə kollegiyası cavabdehin imtinasının əsassız olması nəticəsinə gələrək aşağıdakı sübutlara nəzər yetirirr: - İddiaçıya məxsus НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, hərbi biletin 6-cı səhifəsində iddiaçının N nömrəli hərbi hissənin tərkibində xx.xx.N2xx.xx.N2-ci il tarixlərdə xidmət keçməsi barədə, 7-ci səhifəsində isə Ağdamın müdafiəsində və erməni quldurlarının təmizlənməsində iştirak etmişdir. Həmin qeydlər N nömrəli hərbi hissənin qərargah rəisi tərəfindən təsdiq edilmişdir. - Azərbaycan Respublikası Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 24 may 2021-ci il tarixli, 1/F-12097 nömrəli cavab məktubundan görünür ki, İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə komissiyasının xx.xx.2019-cu il tarixli iclasında baxılmış və Mərkəzi Arxivin 20 aprel 2017-ci il tarixli, 9/2- 7001 nömrəli arayışındakı məlumatlar hərbi biletinin 17-ci qrafasındakı məlumatlarla ziddiyət təşkil etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2018ci il tarixli, 422 nömrəli qərarını əsas tutaraq barəsində müsbət qərar qəbul edilməmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən iddiaçının nümayəndəsi və vəkilinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 9/2-4059 nömrəli məktubdan görünür ki, N №-li hərbi hissə üzrə N №-li hərbi hissə komandirinin xx.xx.9210.01.993-cü il tarixli əmrlər kitabında” N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli, 31 №-li əmrindən çıxarışda (əsas: səh-4, sıra – 86, əmrdə soyadı “Feziyev”, adı “Etibar” yazılmışdır) X3 hərbi hissənin tərkibinə daxil olmaqla tam təchizatla təmin olunaraq 1-ci manqada snayperçi vəzifəsinə təyin olunması qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli, 106 №-li əmrinə (əsas: səh-30, sıra – 2, əmrdə adı “Etibar” yazılmışdır, atasının adı yazılmamışdır) səfərbərlik müddətindən artıq xidmət etmiş, könüllü döyüşçü Etibar Feyziyevin azad edilməsi barədə məlumat vardır. Qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin aprel-dekabr N2-ci il və yanvar-dekabr N3-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin yanvar-mart N2-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli, 1/5147 nömrəli məktubla təqdim edilmiş Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının 21 oktyabr 2021ci il tarixli, 4/3-248 nömrəli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya daxil olmuş xx.xx.2021-ci il tarixli, 11/4528 nömrəli məktuba cavab olaraq bildirilmişdir ki, İddiaçı hərbi biletində olan qeydlər, yəni vətəndaşın hərbi hissəyə xx.xx.N2-ci il tarixdə daxil olması və xx.xx.N2-ci il tarixdə ehtiyata buraxılması Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2017-ci il tarixli, 9/2-7001 nömrəli arayışında vətəndaş Feyziyev Etibarın atasının adı yazılmadığına, onun barəsində olan məlumatın ona aid olduğu təsdiqlənmədiyinə və iyun N2-ci il tarixli əmrlərində xidməti barədə məlumat aşkar olunmadığına görə komissiya tərəfindən xx.xx.2019-cu il tarixdə imtina olunmuşdur. Həmçinin hazırki işin apellyasiya baxışı zamanı məhkəmə sorğularına əsasən: - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli 4/2-2841 nömrəli məktubuna əlavə olunmuş N №-li hərbi hissə komandirinin 04.06.92-xx.xx.N3-cü il tarixli əmrlər kitabında” N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli, 31 №-li əmrindən çıxarışda (əsas: səh-4, sıra – 86, əmrdə soyadı “Feziyev”, adı “Etibar” yazılmışdır) X3 hərbi hissənin tərkibinə daxil olmaqla tam təchizatla təmin olunaraq 1-ci manqada snayperçi vəzifəsinə təyin olunması qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli, 106 №-li əmrinə (əsas: səh-30, sıra – 2, əmrdə adı “Etibar” yazılmışdır, atasının adı yazılmamışdır) səfərbərlik müddətindən artıq xidmət etmiş, könüllü döyüşçü Etibar Feyziyevin azad edilməsi barədə məlumat vardır. - Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli HPxx/xx- 4888 nömrəli N nömrəli məktubuna əsasən, hərbi hissədə xidmət etməsilə bağlı İddiaçı barəsində Respublika Hərbi Prokurorluğunda hər hansı bir cinayət işi və ya təqsirləndirici materialın olması barədə məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli 23083-1222 nömrəli məktubundan görünür ki, İddiaçı məhkumluğunun olub-olmaması DİN-in Baş Əməliyyat və Statist İnformasiya İdarəsinin (BƏSİİ) məlumat bazasında yoxlanılmış heç bir təqsirləndirici məlumat aşkar olunmamışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli 4/2-5689 nömrəli məktubundan görünür ki, N №-li və N №-li hərbi hissə komandirlərinin N2-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı, X5 və Feyziyev Etibar barədə əlavə məlumat aşkar olunmamışdır. Göründüyü kimi, N №-li və N №-li hərbi hissə komandirlərinin N2-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı, X5 və Feyziyev Etibar barədə əlavə məlumat aşkar olunmadığı üçün həmin şəxslərin iddiaçı ilə eyni şəxs olması iş materialları ilə öz təsdiqini tapır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 14-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Bundan başqa, cavabdeh inzibati orqanın imtina əsası olan Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 20 aprel 2017-ci il tarixli arayışında olan məlumatlarla hərbi biletdə olan qeydlər ziddiyət təşkil etməsi ilə bağlı Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə olunmuş iddiaçıya məxsus НЗ seriyalı, ******* nömrəli hərbi biletin notarial təsdiq olunmuş surətindən görünür ki, məhkəmə prossesi gedişində hərbi biletin 6-cı səhifəsində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi tərəfindən düzəliş edilmiş, iddiaçının N və N nömrəli hərbi hissələrin tərkibində xx.xx.N2-xx.xx.N2-ci il tarixlərdə xidmət keçməsi qeyd olunaraq, ziddiyət aradan qaldırılmışdır. Həmin hərbi biletin notarial təsdiq olunmuş surətinin 24-cü səhifəsindən görünür ki, hərbi biletin 6-cı səhifəsindəki qeydlər 708/N saylı h/h komandirinin əmrlərinə əsasən yazılmışdır. Həmçinin, Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 20 aprel 2017-ci il tarixli arayışında olan məlumatlarla hərbi biletdə olan qeydlər ziddiyət təşkil etməsi iddiaçının hazırkı tələbinin təmin olunmasından imtina üçün əsas ola bilməz. Qeyd olunanları nəzərə alaraq Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı N və N nömrəli hərbi hissələrdə xidmət etmişdir. Bu barədə məlumat həm hərbi biletdə, həm də arxivdə saxlanılan hərbi hisəslərin müvafiq əmrlərində öz əksini tapmışdır. Lakin müvafiq əmrlərdə fərqli fərqli hissələrdə soyadı, adı və ata adı 1 hərf səhvi ilə yazılmışdır. Qeyd edilməlidir ki, sözügedən dövrdə Azərbaycan Ordusunun yeni yaradılması, Müdafiə Nazirliyinin struktur bölmələrində rus dilli məmurların çoxluğu, hərbi hissələrdə sənədləşmə işlərinin əksəriyyətinin rus dilində aparılması mövcud xarakterli texniki səhvlərin baş verməsinə təsir etmişdir. Sənədləşmə işləri müvafiq olaraq hərbi hissə rəhbərliyi tərəfindən həyata keçirildiyindən, belə hallara görə Qarabağ müharibəsində erməni quldurlarına qarşı döyüşlərdə iştirak etmiş şəxslər məsuliyyət daşıya bilməz. Yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi verilməsindən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtinasının qanuna zidd sayılmaması və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiqini tapır, dəlillər qərarın ləğvinə əsas verir. Bununla bağlı olaraq, şikayət təmin edilməli, qərar ləğv edilməli və iddia təmin edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4358/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası təmin edilsin. İddiaçı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar