Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1902/2025 16.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı nümayəndəsi Firudin Mursaqulovun, Cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X9 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs qismində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi cəlb edilməklə) iddiaçı tərəfindən ünvan 3 ərazisində inşa edilmiş qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2024cü il tarixli, 2-1(112)-8243/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs qismində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi cəlb edilməklə) iddiaçı tərəfindən ünvan 3 ərazisində inşa edilmiş qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 3 ərazisində inşa edilmiş qeyri-yaşayış sahəsi üzərində Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli, 2181 nömrəli Fərmanına əsasən mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi üçün müraciət etmişdir. İddiaçıya məxsus ünvan 3ndə yerləşən qeyri-yaşayış obyektinin yerləşdiyi qeyri-yaşayış binasının tərkibində yəni, obyektin sağ və sol tərəflərindəki (həmin binada) qeyri-yaşayış obyektləri mövcuddur. Həmin binanın sol və sağında yerləşən qeyri-yaşayış obyektlərinin dövlət reyestrindən çıxarışı var. “Qeyriyaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli, 2181 nömrəli Fərmanında nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasında tikinti sahəsində biznes mühitinin əlverişliliyinin davamlı artırılması, şəhərsalma və tikinti inzibatçılığı prosedurlarının sadələşdirilməsi, tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də bu sahədə qanunvericiliyin tələblərinə riayət edilməsinə nəzarətin sərtləşdirilməsi və tikinti norma və qaydalarının pozulmasına görə məsuliyyətin gücləndirilməsi istiqamətində mühüm işlər görülmüşdür. Tikinti sektorunda davamlı islahatların aparılması iqtisadiyyatın ayrı-ayrı sahələrində sahibkarlıq təşəbbüslərinin həyata keçirildiyi müxtəlif təyinatlı qeyriyaşayış binalarının inşasına əlverişli şərait yaratmışdır. Bununla belə, ölkədə ötən dövrdə tikinti fəaliyyəti subyektləri tərəfindən bəzi hallarda şəhərsalma və tikinti qanunvericiliyinin ayrı-ayrı tələblərinə tam riayət olunmadan qeyri-yaşayış təyinatlı binaların inşa edilməsi həmin tikililərin dayanıqlıq və möhkəmlik baxımından etibarlılığının qiymətləndirilməsini, üzərində mülkiyyət hüquqlarının tanınmasını və iqtisadi dövriyyəyə cəlbini çətinləşdirmişdir. Qanuni qüvvədə olan 2 saylı Bakı İnzibati Məhkəməsinin 2-2(82)- 2100/2018 saylı qərarı ilə iddiaçının iddiası təmin edilmiş və İddiaçı icarəsəndəki Bakıxanov qəsəbəsi, Axundov küçəsində yerləşən torpaq sahəsində inşa edilmiş ona məxsus qeyri-yaşayış sahəsinin layihəsinin təsdiq edilməsinə dair sərəncam verilməsi öhdəliyi cavabdeh Sabunçu RİH-nin üzərinə qoyulmuşdur. Bakı şəhəri, Sabunçu RİH-nin Başçısının 08 avqust 2018-ci il tarixli, 293 saylı qərarı ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsində İddiaçı tərəfindən inşa edilmiş qeyri-yaşayış obyektinin layihəsi təsdiq edilmişdir. Bakı şəhəri, Sabunçu RİH-nin Başçısının 11 aprel 2019-cu il tarixli, 85 saylı sərəncamı ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsində inşa edilmiş 1 mərtəbəli qeyri-yaşayış obyektinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2014-cü il tarixli, 302 saylı qərarı ilə təsdiq edilmiş formaya uyğun istismar aktı verilmişdir. Beləliklə, cavabdehin imtinasından görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, yalnız formal mülahizələrə istinad olunmuşdur. Cavabdeh iddia tələbinə yazılı etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair qanuna müvafiq hüquq müəyyənedici sənədlər, həmçinin tikintiyə icazə sərəncamı təqdim olunmamışdır. Bundan başqa təqdim olunan istismara icazə sənədi və layihə müvafiq icra hakimiyyəti orqanı olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq olunmamışdır. Həmçinin, təqdim olunmuş layihəyə əsasən müraciət olunan əmlak digər qeyri-yaşayış təyinatlı sahələrdən ibarət tikilinin bir hissəsidir. Qeyd olunanlarla yanaşı, qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında 14 iyun 2023-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanın predmeti olmadığını nəzərə alaraq müraciətin icrasının İdarə tərəfindən mümkün olmaması barədə iddiaçıya məktub ünvanlanmışdır. Elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi 243.32 kv.m. təşkil edir. Baş plandakı A tikilisinin tikintialtı sahəsi istisna olmaqla bir saylı tikili və onun qarşısındakı torpaq sahəsi 271 saylı orta məktəbin ərazisinin daxilində olmaqla, qonşu tikililərlə bir dam altında yerləşir. Yol kənarında yerləşməklə ətrafında yaşıllıq ağacları mövcuddur. Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli, 2-1(112)-8243/2024 saylı qərarı ilə (hakim M.T.Hacıbəyova) iddia tələbinin təmin edilməsi, İddiaçı tərəfindən ünvan 3 ərazisində inşa edilmiş qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş və apellyasiya şikayəti etirazın məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X9 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə etdi və şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclas(lar)ında iştirak edən ddiaçı İddiaçı nümayəndəsi Firudin Mursaqulov izahatında məhkəməyə bildirdi ki, binanın sol və sağ tərəfində yerləşən qeyri-yaşayış obyektlərinin dövlət reyestrindən çıxarışı vardır. Sağ tərəfdə yerləşən qeyri-yaşayış obyekti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, sol tərəfdə yerləşən qeyri-yaşayış obyekti isə məhkəmə vasitəsilə dövlət reyestrindən çıxarış almışdır. İddiaçı tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilmişdir. Məhkəmə aktı əsasında istismar aktı əldə etmək üçün Fövqəladə Hallar Nazirliyinə də müraciət edilmişdir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən qeyri-yaşayış sahəsinə baxış keçirilmiş və istismar aktı verilmişdir. İstismara icazəsinin verilməsi ilə bağlı isə Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət edilmişdir. İstismar aktı əsasında istismara icazə verilmişdir. Yəni işin gedişatında iddiaçı tərəfindən lazımi sənədlər toplanmış və cavabdeh inzibati orqana təqdim edilmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən imtina edilmişdir. İmtinanın əsası ondan ibarət olmuşdur ki, həmin binada bir neçə qeyri-yaşayış sahəsi var və daşınmaz əmlak 14 iyun 2023-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanın predmeti deyil. Bütün lazımi sənədləri Fövqəladə Hallar Nazirliyinə təqdim etmişlər. Bunu cavabdeh inzibati orqan göstəriş vermişdir. 14 iyun 2023-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmana əsasən istismara icazənin verilməsi üçün obyektin (binanın) yan divarları və damı olmalıdır. Hazırda mübahisə predmeti olan obyektin yan divarları və damı mövcuddur. Dam ümumidir, yəni eyni damın altında olan binada bir-neçə obyekt yerləşir. Binada yerləşən digər obyektləri cavabdeh inzibati orqan qeyri-yaşayış sahəsi kimi tanıyır, lakin iddiaçıya məxsus obyektin isə qeyri-yaşayış sahəsi kimi tanınmasından imtina edir. Bu səbəbdən iddiaçı tərəfindən məhkəməyə müraciət edilmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən qeyri-yaşayış sahəsinə baxış keçirildi. Həmin binanın sol və sağında yerləşən qeyri-yaşayış obyektlərinin dövlət reyestrindən çıxarışlarını məhkəməyə təqdim edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 may 2018-ci il tarixli, 2-1(82)- 2100/2018 saylı (İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinə qarşı “qeyri-yaşayış sahəsinə dair layihənin təsdiq edilməsi” barədə iddia tələbi) qərarına əsasən, iddia tələbi təmin edilmiş, İddiaçı icarəsindəki Bakıxanov qəsəbəsi, Axundov küçəsində yerləşən torpaq sahəsində inşa edilmiş ona məxsus qeyri-yaşayış sahəsinin layihəsinin təsdiq edilməsinə dair sərəncam verilməsi öhdəliyinin Sabunçu RİH-ə həvalə edilməsi qərara alınmışdır. - Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 08 avqust 2018-ci il tarixli, 293 nömrəli “Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsində İddiaçı tərəfindən inşa edilmiş qeyri-yaşayış obyektinin layihəsinin təsdiq edilməsi barədə” Sərəncamına əsasən, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsində ünvanda yerləşən İddiaçı məxsus qeyri-yaşayış obyektinin layihəsi təsdiq edilmişdir. - 13 mart 2019-cu il tarixli, Ö/002662 nömrəli “İstismara hazırlıq Akt”ndan görünür ki, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 293 nömrəli sərəncamı ilə, İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsində bir mərtəbəli qeyri-yaşayış binası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən istismara qəbul edilmişdir. - Bakı Şəhəri Sabunçu Rayonu İcra Hakimiyyəti Başçısının 11 aprel 2019-cu il tarixli, 85 nömrəli “Bakıxanov qəsəbəsi, Axundov küçəsində yerləşən İddiaçı məxsus qeyriyaşayış obyektinin istismarına icazə verilməsi barədə” Sərəncamına əsasən, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsində inşa edilmiş 1 mərtəbəli qeyri-yaşayış obyektinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2014-cü il tarixli 302 saylı qərarı ilə təsdiq edilmiş formaya uyğun istismar aktı verilmişdir. - Bakı X10 Departamentinin iddiaçıya ünvanladığı 22 yanvar 2024-cü il tarixli “Müraciətə baxılması barədə” məktubuna əsasən bildirilmişdir ki, ünvan 3 ünvanında yerləşən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazidə (koordinat 40.418868) “Azəriqaz” İstehsalat Birliyinin Bakı X10 Departamentinə məxsus qaz xətləri və qaz avadanlıqları mövcud deyil. - "xxxx" ASC-nin Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə X7 ünvanladığı 01 fevral 2024-cü il tarixli, 13-16/2-7HN-004064/645/2024 saylı məktubunda bildirilmişdir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsində yerləşən qeyri-yaşayış obyekti ilə bağlı "xxxx" ASC-nin səlahiyyətləri daxilində istismara qadağanedici amillər aşkar edilmədiyi üçün müsbət rəy verilir. - "xxxx" ASC-nin Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə X7 ünvanladığı 27 fevral 2024-cü il tarixli, 13-13/2-1/01-3-2750/2024 saylı məktubuna əsasən bildirilmişdir ki, aparılmış müayinə nəticəsində İddiaçı məxsus qeyri-yaşayış obyektinin elektrik enerjisi təchizatında qüsur aşkar edilməmişdir. - Fövqəladə Hallar Nazirliyi X1 Görülməsi və X8 X3 Nazirliyinin Tikintidə Təhlükəsizliyə X7 ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-18-3/2-1423/24 saylı məktubunda qeyd edilmişdir ki, aşağıda adları sadalanan sahibkarlara məxsus qeyri-yaşayış obyektlərinin istismara hazırlığına dair rəy verilməsi barədə qeyri-yaşayış təyinatlı obyektlərinin istismarına icazə verilməsi sisteminə daxil olmuş müraciətlərə X6 Görülməsi və X8 Agentliyində baxılmışdır: İddiaçı - Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsi; “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli, 2181 nömrəli Fərmanının 1.1.3-cü bəndinə və Fərmanın icrası barədə Fövqəladə Hallar Nazirliyinin xx.xx.2023-cü il tarixli, 087 nömrəli əmrinin 3-cü bəndinə əsasən aparılmış müayinələr zamanı bu obyektlərdə qaldırıcı qurğuların və digər təhlükə potensiallı qurğu və konstruksiyaların olmadğı müəyyən edilmişdir. - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-M-1580-8/2023 **********51 nömrəli məktubunda bildirilmişdir ki, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair qanuna müvafiq hüquqmüəyyənedici sənədlər, həmçinin tikintiyə icazə sərəncamı təqdim olunmamışdır. Bundan başqa təqdim olunan istismara icazə sənədi və layihə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmamışdır. Qeyd olunanlarla yanaşı, təqdim olunmuş layihəyə əsasən müraciət olunan əmlak digər qeyri-yaşayış təyinatlı sahələrdən ibarət tikilinin bir hissəsidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinə əsasən, barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. ... sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir.... sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; tikinti layihəsi. ... tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı (qurum) aşağıdakıları təmin edir: tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olub-olmaması barədə rəy verilməsini. Şəhərsalma və Tikinti Məcəlləsinin 101.2-ci maddəsinə görə, tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. Şəhərsalma və Tikinti Məcəlləsinin 102.2-ci maddəsinə müvafiq olaraq, obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, imtinaya əsas kimi qeyri-yaşayış obyektinin tikintiyə və istismarına icazələrinin olmaması və hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi göstərilmişdir. Halbuki, iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı əsasında Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 08 avqust 2018-ci il tarixli, 293 nömrəli “Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsində İddiaçı tərəfindən inşa edilmiş qeyri-yaşayış obyektinin layihəsinin təsdiq edilməsi barədə” Sərəncamı ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsində ünvanda yerləşən İddiaçı məxsus qeyri-yaşayış obyektinin layihəsi təsdiq edilmiş; eyni zamanda İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsində bir mərtəbəli qeyri-yaşayış binası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən istismara qəbul edilmiş və Bakı Şəhəri Sabunçu Rayonu İcra Hakimiyyəti Başçısının 11 aprel 2019-cu il tarixli, 85 nömrəli Sərəncamına əsasən, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsində inşa edilmiş 1 mərtəbəli qeyriyaşayış obyektinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2014-cü il tarixli, 302 saylı qərarı ilə təsdiq edilmiş formaya uyğun istismar aktı verilmişdir. Eyni zamanda şikayətin digər dəlilinə münasibətdə qeyd olunmalıdır ki, cavabdeh mübahisəli tikili və onun qarşısındakı torpaq sahəsinin 271 saylı orta məktəbin ərazisinin daxilində olmaqla, qonşu tikililərlə bir dam altında yerləşməsini qeyd etsə də, qeyri-yaşayış sahəsinin Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə ayrılmış ərazidə yerləşməsini mötəbər sübutlarla təsdiq edə bilməmişdir. Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi öz növbəsində məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya dair etiraz bildirməmiş, iddiaçının obyektinin yerləşdiyi torpagın ona ayrılması, hal-hazırda məxsus olmasına dair sənədlər məhkəməyə təqdim etməmişdir. Bundan əlavə birinci instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə tərəfindən 26 sentyabr 2024-cü il tarixli mübahisəli ünvana yerli baxış keçirilmiş və müəyyən olunmuşdur ki, iddiaçıya məxsus təsərrüfat obyekti çay evi kimi fəaliyyət göstərir. İddiaçıya məxsus qeyri-yaşayış obyektinin sağ tərəfində “avtoyuma”, sol tərəfində isə “çay evi” təsərrüfat obyektləri fəaliyyət göstərirlər. Təsərrüfat obyektlərinin qarşısından avtomobil yolu keçir. Yolun digər tərəfində isə məktəb yerləşir. Həmçinin, apellyasiya şikayətində irəli sürülmüş dəlillərin aydınlaşdırılması üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X15 1 saylı Bakı Ərazi İdarəsinə 08 may 2025-ci il tarixdə aşağıdakı məzmunda sorğu ünvanlanmışdır: “ ... Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X13 küçəsi, 21B ünvanında X2 xüsusi mülkiyyətində olan **********82-06302 reyestr nömrəli, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X13 küçəsi, 80C ünvanında X4 xüsusi mülkiyyətində olan **********25-06301 reyestr nömrəli, ünvan 8 ünvanında isə X5 xüsusi mülkiyyətində olan **********24-06301 reyestr nömrəli daşınmaz əmlaklara münasibətdə çıxarışların verilməsinə əsas olan sənədlərin; eyni zamanda həmin qeyri-yaşayış binalarının iddiaçının hal-hazırda barəsində müraciət etdiyi qeyri-yaşayış binası ilə bir ərazidə yerləşibyerləşməməsi barədə məlumatların qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq olunmuş surətlərinin sorğu alınan gündən 5 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi xahiş olunur”. Sorğuya cavab olaraq reyestr nömrələri qeyd olunmuş daşınmaz əmlaklara dair arxiv sənədləri, habelə işin icrası ilə bağlı zəruri əhəmiyyət kəsb edən digər sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmiş və həmin sənədlər əsasında müəyyən edilmişdir ki, bir damın altında dörd qeyri-yaşayış sahəsi yerləşir və iddiaçıdan başqa hamısına münasibətdə mülkiyyət hüquqları cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda təqdim edilmiş qeyri-yaşayış tikilisinin yerləşmə sxemindən görünür ki, dörd qeyri-yaşayış sahələrinin dördü də 271 saylı orta məktəbə münasibətdə eyni şəkildə - yolun obiri tərəfində paralel yerləşir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin V hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli, 2-1(112)-8243/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: Cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X9 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli, 2-1(112)-8243/2024 saylı qərarısaylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-1902/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1902/2025
16.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver