Məhkəmə qərarları › İş №2-1(103)-1903/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1903/2021

08.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1903/2021 08.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Tağızadə Mirzə Nəsib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, iddiaçının nümayəndəsi, Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsinə qarşı (üçüncü şəxs: AR Təhsil Nazirliyi) “diplomun tanınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 26.05.2021-ci il tarixli, 2-1(112)-1868/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı diplomun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ukrayna Respublikası Taras Şevçenko adına Kiyev Milli Universitetindən В16 200730 saylı, 30.06.2016-cı il tarixli diplom üzrə aldığı ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. 02.03.2021-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, əsl olmayan cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminat Agentliyi ilə əvəz edilməsi xahiş edilmiş, Məhkəmənin 2-1(112)-1868/2021 saylı 02 mart 2021-ci il tarixli qərardadları ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminat Agentliyi ilə əvəz edilmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 26.05.2021-ci il tarixli, 2-1(112)-1868/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 26.05.2021-ci il tarixli, 2-1(112)-1868/2021 saylı qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “bakalavr diplomu üzrə ixtisasın ölkə ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” iddiası üzrə 2-1(82)-2138/2019 saylı işi və həmin iş üzrə məhkəmənin qəbul etdiyi 26.07.2019-cu il tarixli qərardadı nəzərə almamışdır. Halbuki həmin iş üzrə məhkəmə qərara almışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “bakalavr diplomu üzrə ixtisasın ölkə ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə" iddiasına dair mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək iddiaçının tələbinin təmin olunması məqsədilə: X2 adına Kiyev Milli Universiteti tərəfindən 30 iyun 2016-cı il tarixdə verilmiş В16 200730 nömrəli bakalavr diplomunun Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi barədə sənədləri ərizəsinə əlavə etməklə Təhsil Nazirliyinə təqdim edilməsi üçün İddiaçı qızma 10 (on) gün müddət, “İnzibati icraat haqqında" AR Qanunun 52.1 -ci maddəsinə və İnzibati Prosessual Məcəllənin 67.1 -ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 15 (on beş) gün müddət təyin edilsin. Göründüyü kimi, həmin iş üzrə məhkəmə İddiaçı cavabdeh AR Təhsil Nazirliyinə qarşı diplomun tanınması barədə iddiasını icraata qəbul etmiş və hətta iddia müddəti baxımından onun tələbinin təmin olunması tədbirlərin görülməsini mümkün hesab etmişdir. Çünki iddiaçıya verilmiş imtina məktubunda mənfi rəy verilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli , 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)” Qaydalarında sadalanan hallardan hər hansı birinə istinad edilməmişdir. Bundan əlavə, Tağıyeva (Qurbanova) Zeynəb Məhərrəm qızının nümayəndəsi və Vəkil ünvanlanmış Bakı İnzibati Məhkəməsinin hakim Şəlalə Həsənovanın 02.06.2021 tarixli cavab məktubunda qeyd olunmuşdur ki, 2-1(82)-2138/2019 nömrəli iş üzrə 26.07.2019-cu il tarixli məhkəmə qərardadı qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndərilmiş, 26.08.2019-cu il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən qəbul edilmişdir. Həmin qərardadın icrası ilə bağlı məhkəməyə hər hansı məlumat daxil olmamışdır. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 26.05.2021-ci il tarixli, 2-1(112)-1868/2021 saylı qərardadının ləğv olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 26.05.2021-ci il tarixli, 2-1(112)-1868/2021 saylı qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli Bakı İnzibati Məhkəməsinin 26.05.2021-ci il tarixli, 2-1(112)-1868/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən işin araşdırılan hallarından müəyyən edilmişdir ki, iddiaçı hazırki tələblə 16.09.2016-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə elektron müraciət etmiş, inzibati orqan tərəfindən 19.03.2018-cu il tarixdə elektron xidmət vasitəsilə ərizəçiyə cavab verilmiş və 12.03.2018-ci il tarixli 23-04-144/ANİ saylı məktub elektron ərizədə qeyd edilmiş ünvana göndərilmişdir. İş materiallarına əlavə edilmiş 12.03.2018-ci il tarixli 23-04- 144/ANİ saylı məktubdan görünür ki, ərizəçinin elektron müraciətinə baxılmış və elektron cavabı ilə nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı təhsil aldığı müddət qarşılığında həmin ölkədə ümumiyyətlə olmadığından və təhsil müddətinin bir və ikinci ilində Ukrayna Respublikası Avropa Universitetinin Gürcüstan filialının adı, Ukrayna Respublikasının Milli X3 Mərkəzinin təqdim etdiyi akkreditə olunmuş ali təhsil müəssisələrinin siyahısında göstərilmədiyi üçün bu əsasla müraciətin təmin olunmasından imtina edilmişdir. Sonradan iddiaçı 18.03.2019-cu il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə ərizə ilə müraciət etmiş, həmin orqanın 08.04.2019-cu il tarixli məktubu ilə bildirilmişdir ki, inzibati orqanın 13.03.2018-ci il tarixli 23-04-144/ANİ saylı məktubu ilə elektron ərizəsində qeyd etdiyi ünvana müvafiq elektron xidmət vasitəsilə məlumat verilmiş, İPM-nin 38-ci maddəsinə uyğun olaraq 30 gün müddətində məhkəmədə iddia qaldırmaq hüququ izah edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə 23.09.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Eyni zamanda qeyd olunmuşdur ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya 13.03.2018-cı il tarixli elektron bildirişlə, həmçinin sonradan 2-ci dəfə müraciətinə 08.04.2019-cu il tarixli məktubla diplomunun tanınmasından imtina edilmişdir. Məcburetmə növündə iddia üzrə iddia müddətinin axımı inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan sayıldığından iddiaçı tərəfindən iddia müddəti ötürüldükdən sonra, yəni müraciətinə ilk imtina cavabı təqdim olunduğu müddətdən 2 ildən çox vaxt keçdikdən, ikinci imtina cavabı təqdim edildiyi müddətdən isə 1 ildən çox vaxt keçdikdən sonra, yəni 23.09.2020-ci il tarixdə məhkəməyə müraciət olunaraq, iddia müddəti ötürülmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının qeyd etdiyi 2-1(82)-2138/2019 saylı iş üzrə 27.02.2020-ci il tarixdə 2-1(112)-1279/2020 saylı qərardad qəbul olunmuşdur. Qərardada əsasən iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındığına görə iddia geri götürülmüş sayılmış və inzibati iş üzrə icraata xitam verilmişdir. İddiaçı həmin qərardaddan şikayət verməmiş, qərardad qanuni qüvvəyə minmişdir. İdddiaçı daha sonra 23.09.2020-ci il tarixdə yenidən məhkəməyə müraciət etmişdir. Beləliklə, iddiaçı İPM-nin 38-ci maddəsində nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunun məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Ona görə də, iddiaçının hazırki iddiası mümkün sayıla bilməzdi və 1-ci instansiya məhkəməsinin iddia tələbinin mümkün sayılmaması barədə qərardadı düzgün olmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prossesual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahİsaləndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası hesab edir ki, 1-ci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, iddiaçının apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 26.05.2021-ci il tarixli, 2-1(112)-1868/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar