Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1904/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilmə tələbinə dair inzibati iş üzrə Bakı İnzibatı Məhkəməsinin 21 aprel 2021-ci il tarixli 2-1(112)-2096/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən onun adının “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 569 №-li, 28.12.2011-ci il tarixli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 14 oktyabr 1980-ci ildən Ordu sıralarında, 8 may 1992-ci il tarixdən isə Azərbaycan Respublikası Silahlı Qüvvələrində fasiləsiz olaraq xidmət keçmişdir. 2 dekabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin 21 oktyabr 2015-ci il tarixli, 0678 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Silah və Atış kafedrasının müəllimi vəzifəsindən ehtiyata buraxılmışdır. Ordu sıralarında ümumi xidmət müddəti (təqvim ili olaraq) 35 il 2 ay, Azərbaycan Ordusu sıralarında isə 23 il 7 ay təşkil etmişdir. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında yaxından iştirak etmişdir. Döyüşən hərbi hissələrdə atıcı, taqım, bölük, tabor komandiri və briqada komandirinin müavini vəzifələrində xidmət etmişdir. Müharibə və Silahlı Qüvvələr veteranıdır. Döyüşlər zamanı ağır xəsarət almışdır. Hərbi xidmət dövründə aldığı xəsarət və xəstəliklərin nəticəsi olaraq 2-ci dərəcəli əlildir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 562 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin olunması məqsədi ilə siyahılar tərtib olunmuş və həmin siyahılar əsasında hərbi qulluqçular mənzillə təmin olunur. Tərəfindən Müdafiə Nazirliyinin müvafiq qurumlarına dəfələrlə müraciət etməyinə baxmayaraq onun 18 sentyabr 2001-ci il tarixdə Bakı Hərbi Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 179.1 və 179.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyini əsas gətirərək, adının həmin siyahıya daxil edilməsindən imtina edilmişdir. Onun adının həmin siyahıya daxil edilməsi xahişi ilə 02 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə rəsmi müraciət etmişdir. Lakin müraciəti bu günə qədər cavablandırılmamışdır. Həqiqətən də 18 sentyabr 2001-ci il tarixdə Bakı Hərbi Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 179.1 və 179.2.3 maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir və həmin məhkəmədə Azərbaycan Respublikası Milli Məclisinin 01 fevral 2001-ci il tarixli qərarının amnistiya tətbiq edilən şəxslərin dairəsi adlanan birinci hissəsinin 1.1 və 1.13-cü bəndlərinə və həmin aministiya qərarının ikinci fəslinin 9.6-cı bəndinə əsasən təyin olunmuş cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 562 nömrəli Fərmanında Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş hərbi qulluqçularının mənzillə təmin edilməsi üçün iki əsas şərt müəyyən edilmişdir. Bu şərtlərə hərbi qulluqçunun 20 təqvim ili və daha çox xidmət etməsi və bu xidmətin qüsursuz olması daxildir. Təqdim etdiyi sənədlər Azərbaycan Respublikası Silahlı Qüvvələrində 23 ildən artıq xidmət etdiyini sübut edir. Hərbi xidmətinin qüsurlu olması ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən - az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.6-cı maddəsinə əsasən, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş arayışa əsasən onun məhkumluğu barədə heç bir məlumat yoxdur. Məhkəmə qərarından sonrakı xidmət dövründə - 30.06.2003-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin 085 nömrəli əmri ilə ona növbəti mayor hərbi rütbəsi verilmiş, 25 iyun 2004-cü il tarixli, 069 nömrəli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi” Yubiley Medalı ilə, 25 iyun 2007-ci il tarixli, 039 nömrəli əmri ilə Qüsursuz Xidmətə Görə 3-cü Dərəcəli Medalla, 19 iyul 2008-ci il tarixli, 0138 nömrəli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi" Yubiley Medalı ilə, 24 iyun 2013-cü il tarixli, 0103t nömrəli əmri ilə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” Yubiley medalı ilə təltif edilmişdir. 25.05.2011-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin tələblərinə əsasən Silahlı Qüvvələr veteranı statusu verilmişdir. 19 mart 2014-cü il tarixli, 0256 nömrəli əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrini Silah və Atış kafedrasının müəllimi vəzifəsinə təyin olunmuşdur. Eləcə də qulluq etdiyi hər xidmət ilinin yekununda nümunəvi xidmətə görə Azərbaycan Respublikası Müdafiə Nazirinin 05.06.2002-ci il tarixli, 220 saylı əmrinin tələblərinə müvafiq olaraq “Birdəfəlik pul mükafatı” ilə mükafatlandırılmağı və hərbi hissələrin rəhbərliyi tərəfindən təltif edildiyi Fəxri Fərmanlar onun qüsursuz xidmət etdiyini göstərir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq tələbləri və təqdim etdiyi faktlar onun Azərbaycan ordusunda 23 il 7 ay xidmət dövrünün qüsursuz sayılması üçün əsas götürülməlidir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən məhkəməyə təqdim olunmuş etirazda göstərilmişdir ki, İddiaçı öz iddia ərizəsində qeyd etmişdir ki, 08.05.1992-ci il tarixdən 02.12.2015-ci il tarixə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət keçmişdir və həmin tarixdə ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 №-li Fərmanında qeyd edilib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Fərmanda qeyd edilənləri nəzərə alaraq iddiaçının bu kateqoriyadan olan şəxslərə bərabər tutmaq və dövlət tərəfindən mənzillə təmin ediləcək şəxslərin siyahısına almaq Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 №-li Fərmanına uyğun deyildir. İddiaçı barəsində Bakı Hərbi Məhkəməsinin 18 sentyabr 2001ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 179.1 və 179.2.3-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Amnistiya aktı tətbiq edilmişdir. İddiaçının məhkum olunması və barəsində amnistiya aktına əsasən təyin olunmuş cəzadan azad olunması onun hərbi xidmət dövrünü qüsursuz etmir. Qeyd edilənlər “İddiaçı xidmət dövründə cinayət törətməsi və həmin cinayətə görə məhkum olunması” buna dəlalət edir ki, iddiaçının 20 il ərzində xidməti qüsursuz olmamışdır. Qeyd olunanlar isə bir daha iddia tələbinin əsassız olmasını sübut edir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2096/2021 saylı, 21 aprel 2021-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilmə tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək və apellyasiya şikayətinə uyğun izahat verərək məhkəmədən birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək və tərəflərindən təqdim edilmiş etiraza uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq və tərəflərin izahatlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, İddiaçı 22.07.1989-cu ildən hərbi xidmətə başlamış, 21.10.2015-ci ildə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “b” bəndinə (yaşa görə) əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə 15.02.2018ci il tarixli çıxarışdan görünür ki, İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcəli əlildir. N saylı hərbi hissə tərəfindən verilmiş 25.05.2011-ci il tarixli, S/V № 001766 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı Firuddin oğlu müharibə veteranıdır. - Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış 11/05-169-4747 №-li, 29.09.2020-ci il tarixli mənzil verilməsi barədə məktubdan görünür ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyində mənzillə təmin olunmağına köməklik göstərilməsi barədə 2020-ci il 08 sentyabr tarixli müraciətinə aidiyyəti üzrə baxılmışdır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 2019-cu il 19 iyul tarixli, 498 nömrəli məktubla onun hərbi xidmət dövründə Bakı Hərbi Məhkəməsinin 2001-ci il 11 noyabr tarixli Qətnaməsi ilə Cinayət Məcəlləsinin 179.2.1-ci və 179.2.3-cü maddələrinə əsasən məhkum olunduğu barədə məlumat sözügedən Fərmanla yaradılmış Komissiyaya təqdim edilmişdir. - Qüsursuz Xidmətə Görə 3-cü dərəcəli Medal” vəsiqəsinin surətindən görünür ki, İddiaçı Firuddin oğlu Azərbaycan Respublikası Prezidentin adından Müdafiə nazirinin 039t №-li, 25.06.2007-ci il tarixli əmri ilə Qüsursuz Xidmətə Görə 3-cü dərəcəli medalı ilə təltif olunmuşdur. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 11/1469 №-li, 07.04.2021-ci il tarixli məktubdan görünür ki, ehtiyatda olan polkovnik-leytenant İddiaçı “Qüsurzu xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif olunması barədə əmrin verilməsinə əsas olmuş sənədlər Müdafiə nazirinin müvafiq əmrinə əsasən saxlama müddəti bitdiyinə görə məhv edilmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən məhkəməyə ünvanlanmış 2337/d №-li, 07.12.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı Firudun oğlu mənzillə təmin olunmasına dair ehtiyatda olan zabitlərin güzəştli mənzil uçot siyahısına daxil edilməsi barədə rayon İcra Hakimiyyətinə müraciət etməmiş və İddiaçı ehtiyatda olan zabitlərin güzəştli mənzil uçot siyahısına daxil edilməmişdir. - Bakı Hərbi Məhkəməsinin 121/2001 №-li, 18.09.2001-ci il tarixli hökmünün surətindən görünür ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin sabiq komandiri (halhazırda MN-nin N saylı hərbi hissəsinin qulluqçusu) İddiaçı Azərbaycan Respublikası CMnin 179.2.1 və 179.2.3-cü maddələri ilə təqdirli bilinərək üç il müddətnə azadlqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Avropa Şurası üzvlüyünə qəbul edilməsi münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin 01 fevral 2001-ci il tarixli qərarının amnistiya tətbiq edilən şəxslərin dairəsi adlanan birinci hissəsinin 1.1 və 1.13-cü bəndlərinə əsasən o təyin olunmuş cəzadan azad edilmişdir. İddiaçı tərəfindən 02.09.2020-ci il tarxdə cavabdeh Azərbaycan Respblikası Müdafiə Nazirliyinə ünvanlanmış müraciətdən görünür ki, Azərbaycan ordusunda 23 il 7 ay xidmət dövrünün qüsursuz sayılmasını əsas götürərək “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 569 №-li, 28.12.2011-ci il tarixli Fərmanına uyğun olaraq onun adının dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Müdafiəsi Nazirliyi Mənzil-İstismar İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 3997 №-li, 01.10.2020-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinə dövlət vəsaiti hesabına mənzil təmiatı ilə bağlı ünvanlandığı müraciətinə baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsinə baxılır. Azərbaycan Ordusunda hərbi xidmət müddətində və ya ehtiyata (istefaya) buraxıldıqdan sonra hərbi xidmət dövrünə dair məhkəmə hökmü çıxarılmış və məhkumluğu ödənilmiş hərbi vəzifəlilərin dövlət vəsaiti hesabına mənzil təminatı Azərbaycan Respublikası Müdafiə nazirinin 21 fevral 2018-ci il tarixli, 63 nömrəli əmrilə yaradılmış komissiya tərəfindən sözügedən hərbi vəzifəlilərin Azərbaycan Ordusunda hərbi xidməti qüsursuz hesab edilmədiyindən onların adlarının dövlət vəsaiti hesabına mənzil təminatıyla əlaqədar Maliyyə Nazirliyinə göndəriləcək siyahılara əlavə edilməməsi qənaətinə gəlinmişdir. Azərbaycan Ordusunda hərbi xidmət müddətində və ya ehtiyata (istefaya) buraxıldıqdan sonra xidmət dövrünə dair məhkəmə hökmü çıxarılmış və məhkumluğu ödənilmiş hərbi vəzifəlilərin Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına əsasən dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi barədə müsbət qərar qəbul edildiyi təqdirdə ona əlavə məlumat veriləcəkdir. Birinci instansiya məhkəməsi cavabdehin imtinasını qanuni və əsaslı hesab edərək iddia tələbini rədd etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçının xidmət illəri 20 ildən artıq olsa da, o xidmət dövründə az ağır cinayət törətdiyi üçün onun xidmət illəri qüsursuz hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab edərək aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 №-li Fərmanın 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilirlər. Həmin Fərmanın 2-ci hissəsinə əsasən Bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə Komissiya yaradılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktik hallarından da göründüyü kimi, İddiaçı 1992-ci ildən Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətə başlamış, hərbi xidmət dövründə cinayət törətdiyinə görə Bakı Hərbi Məhkəməsinin 121/2001 №-li, 18.09.2001-ci il tarixli hökmü ilə məhkum edilmiş, Azərbaycan Respublikasının Avropa Şurası üzvlüyünə qəbul edilməsi münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin 01 fevral 2001-ci il tarixli qərarının amnistiya tətbiq edilən şəxslərin dairəsi adlanan birinci hissəsinin 1.1 və 1.13-cü bəndlərinə əsasən təyin olunmuş cəzadan azad edilmişdir. İddiaçı 21.10.2015-ci ildə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “b” bəndinə (yaşa görə) əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. İddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 569 №-li 28.12.2011-ci il tarixli Fərmanına uyğun olaraq onun adının dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi barədə qərar qəbul edilməsinə dair müraciəti cavabdeh inzibati orqan tərəfindən təmin edilməmişdir. Cavabdeh inzibati orqan imtinasını Azərbaycan Respublikası Müdafiə nazirinin 21 fevral 2018-ci il tarixli, 63 nömrəli əmrilə yaradılmış komissiya tərəfindən Azərbaycan Ordusunda hərbi xidmət müddətində və ya ehtiyata (istefaya) buraxıldıqdan sonra hərbi xidmət dövrünə dair məhkəmə hökmü çıxarılmış və məhkumluğu ödənilmiş hərbi vəzifəlilərin Azərbaycan Ordusunda hərbi xidməti qüsursuz hesab edilmədiyindən onların adlarının dövlət vəsaiti hesabına mənzil təminatıyla əlaqədar Maliyyə Nazirliyinə göndəriləcək siyahılara əlavə edilməməsi qənaətinə gəlinməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı 1992-ci ildən 21.10.2015-ci tarixədək Azərbaycan Silahlı Qüvvələrində xidmət etsə də, yəni 20 ildən artıq hərbi xidmət keçmiş şəxs statusuna malik olsa da hərbi xidmət dövründə az ağır cinayət törətməsi (sonradan Amnistiya aktına əsasən cəzadan azad olunsa da) onun Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 №-li Fərmanında nəzərdə tutulmuş şəxslərin dairəsinə aid edilməsini istisna edir və o, 20 ildən artıq qüsursuz xidmət etmiş şəxs hesab edilə bilməz. Belə olan halda onun adının Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 №-li Fərmanına uyğun olaraq dövlət tərəfindən mənzillə təmin ediləcək şəxslərin siyahısına daxil edilməsindən cavabdeh inzibati orqanın imtinası qanunazidd hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas təşkil etmədiyindən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2096/2021 saylı, 21 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1904/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1904/2021
25.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver