Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1905/2024 15.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququna çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-159/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququna çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, yerli icra hakimiyyəti orqanının sərəncamı əsasında ona torpaq sahəsi ayrılmış, həmin sahəyə dair yerləşmə cizgisi də tərtib edilmişdir. Torpaq sahəsi iddiaçının istifadəsində olmuşdur ki, bununla bağlı cavabdehə müraciət edilərək sahəyə çıxarışın verilməsi xahiş edilmiş, müraicətin təminindən əsassız olaraq imtina edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-159/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri sonuncu məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-159/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış imtina məktubundan görünür ki, sərəncam və yerləşmə cizgisi icra hakimiyyətinin arxinində aşkar edilməmişdir. Bundan əlavə, cizgi ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Həmin sərəncamla müxtəlif ərazilərə də müraciət daxil olmuşdur. Həmin sahə digər şəxs tərəfindən hasarlanmış və istifadə edilməkdədir - Xəritədən çıxarışdan görünür ki, həmin sərəncamla 12 oktyabr 2020-ci il tarixdə və 31 yanvar 2019-cu il tarixdə fərqli ərazilərə dair müraciətlər daxil olmuşdur. - Mütəxəssis rəyində qeyd edilmişdir ki, yerləşmə cizgisi miqyassız, koordinatsız və hər hansı istinaq nöqtəsindən məsafə göstərilmədiyindən üst-üstə düşmə faktını tam dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Ayrılmış torpaq sahəsi yerləşmə cizgisinə, kadastr məlumatına, ortofoto görüntüsünə əsasən naturada ölçülmüş torpaq sahəsi ilə qismən uyğundur. - “Bəyoğlu” şadlıq sarayının faktiki istifadəsində olan sahə ilə bağlı müvafiq hüquqmüəyyənedici sənədlərin təqdim edilməsi barədə sorğuya cavab məktubundan görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı və müqavilə əsasında torpaq sahəsi “Orxan” firmasına ayrılmış, buna dair torpaqdan müvvəqqəti istifadə hüququna dair şəhadtnamə verilmişdır. - Firmanın reyestrindən çıxarışdan görünür ki, yeni təsisçi X1r. - Digər bir mütəxəssis rəyindən görünür ki, yerləşmə cizgisi miqyassız, koordinatsız və hər hansı istinad nöqtəsindən məsafə göstərilmədiyindən üst-üstə düşmə faktını tam dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. İşarələnmiş sahə yerləşmə cizgisinə uyğun gəlmir. İstinad məlumatları və hər hansı miqyas olmadığından cizginin “Orxan” firmasına aid şəhadətnamə ilə üstüstə düşmə halını araşdırmaq mümkün olmamışdır. Faktiki göstərilən ərazi “Bəyoğlu” şadlıq sarayının istifadəsində olan sahənin bir hissəsini təşkil edir. İddiaçı tərəfindən sərəncama istinad edilərək 2100 metr məsafə aralığında olan fərqli-fərqli sahələrə müraciət daxil olmuşdur. - 21 fevral 2019-cu il tarixli məktubdan görünür ki, iddiaçıya adıçəkilən sərəncam əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatından yerləşmə cizgisi və faktiki vəziyyət arasında uyğunsuzluq, eləcə də digər şəxslərin müraciətlərinin olması səbəbindən imtina edilmişdir. - 22 dekabr 2020-ci il tarixli məktubdan görünür ki, həmin sərəncam əsasında digər sahələrə müraciət edilməsi, yerləşmə sxeminin arxivdə aşkar edilməməsi, başqa şəxs tərəfindən faktiki göstərilən sahənin istifadəsi və s səbəbindən dövlət qeydiyyatından imtina edilmişdir Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında,yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikasının xx.xx.1991-ci il tarixli Torpaq Məcəlləsinin: 23-cü maddəsinə əsasən, vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir; 29-cu maddəsinə görə, müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir; 97-ci maddəsinə əsasən, dövlət torpaq kadastrı torpaqların hüquqi vəziyyətinə, torpaq mülkiyyətçiləri, sahibləri, istifadəçiləri və icarəçiləri arasında, eləcə də kateqoriyalar üzrə bölüşdürülməsi haqqında, torpağın kəmiyyət və keyfiyyət xarakteristikasına və xalq təsərrüfatı üçün dəyərliliyinə dair zəruri məlumatları və sənədləri özündə əks etdirir. Dövlət torpaq kadastrının məlumatları torpaqlardan istifadə və onların mühafizəsi planlaşdırılarkən, torpaqlar verilərkən və geri alınarkən, torpağa görə haqq müəyyən edilərkən, yer quruluşu işləri aparılarkən, təsərrüfat fəaliyyəti qiymətləndirilərkən və eləcə də torpaqlardan istifadə və onların mühafizəsi ilə əlaqədar digər tədbirlər həyata keçirilərkən mütləq tətbiq edilməlidir. Dövlət torpaq kadastrının aparılması geodeziya, topoqrafiya, yer quruluşu, xəritələşdirmə, torpaq, aqrokimya, geobotanika və digər axtarıştədqiqat işlərinin həyata keçirilməsi ilə təmin edilir; 99-cu maddəsinə görə, yer quruluşu torpaq münasibətlərinin nizamlanması və torpaq ehtiyatlarından istifadə məsələlərinin həll edilməsi üzrə hüquqi, iqtisadi və texniki tədbirlər sistemini özündə birləşdirir. Yer quruluşu xalq təsərrüfatının bütün sahələrində torpaqlardan elmi surətdə əsaslandırılmış səmərəli istifadənin təşkilinə, əlverişli ekoloji mühitin qorunub saxlanmasına, təbii antropogen landşaftların yaxşılaşdırılmasına və sabitliyinin təmin edilməsinə, eləcə də torpaqların mühafizəsinə yönəldilir; 101-ci maddəsinə əsasən, yer quruluşu işlərini xüsusi dövlət torpaq orqanı dövlət büdcəsi hesabına həyata keçirir Göründüyü kimi iddiaçının mübahisəli daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının yaranmasından bəhs etmək üçün sərəncam yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında qəbul edilməlidir və bu sərəncamla əldə olunan əmlak hüquqları qüvvəyə minməli idi. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə bu iki şərt yerinə yetirilmir. Belə ki, sərəncamın yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında qəbul edildiyini təsdiq edəcək həmin dövrdə fəaliyyət göstərən dövlət torpaq və kadastr orqanları tərəfindən tərtib edilən heç bir sənəd cavabdehə və məhkəməyə təqdim olunmamışdır. Sonuncu belə bir sənəd kimi yerləşmə cizgisi sərəncam qəbul edilən dövrdə deyil, ondan illər sonra tərtib olunduğu üçün mötəbər sayıla bilməz. Həmçinin, Səbail RİH başçısının sərəncamı ilə iddiaçıya Badamdar qəsəbəsinin hansı tərəfində fərdi evin tikintisi üçün torpaq sahəsi ayrıldığı aydın deyil. Lakin, təqdim edilən arxivdə isə mövcud olmayan yerləşmə cizgisində həmin sərəncama əsasən ayrılan torpaq sahəsinin yeri illər sonra göstərilmişdir ki, bu da onun mötəbərliyini şübhə altına alır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, Səbail RİH başçısının sərəncamının qəbul edilməsi yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilmədiyindən, habelə, iddiaçının bu sərəncamla əldə etdiyi fərz olunan əmlak hüquqları qüvvəyə minmədiyindən, onun mübahisəli daşınmaz əmlakla bağlı mülkiyyət hüquqları yaranmamışdır. Eyni zamanda, adıçəkilən sərəncam əsasında tərtib edilmiş yerləşmə cizgisi miqyassız, koordinatsız və istinad məsafələri göstərilmədən tərtib edilmiş, eləcə də adıçəkilən sərəncam əsasında yüzlərlə metr məsafələrdə olan ayrı-ayrı torpaq sahələrinə dair də müraciətlər edilmişdir. Həmçinin iş materiallarına əsasən iddia olunan torpaq sahəsinin sərəncam, müqavilə və şəhadətnamə əsasında “Orxan” firmasının adından “Bəyoğlu” şadlıq sarayının istifadəsində olan əraziyə düşməsi müəyyən edilir. İş materiallarından görünür ki, həmin sərəncam, müqavilə və şəhadətnamə ləğv edilməmiş, hal-hazırda da qüvvədə olmaqla iddia ərizəsində yazıldığı kimi torpaq sahəsi iddiaçının yox, məhz üçüncü şəxsin faktiki istifadəsindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Göründüyü kimi qanunvericilik daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir. Qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə müvafiq Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslardan mövcud olduğundan cavabdehin hüquqların dövlət qeydiyyatına alınmasından imtinası qanuni olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 159/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-159/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1905/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1905/2024
15.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver