Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1906/2022 27.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Abbasov Mirzəli Əbdüləli oğlundan ibarət tərkibdə, Aslanova Gülnar Faiq qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı «Muxtaroğlu-VM” MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-526/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı «Muxtaroğlu-VM” MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirli yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********4227 № qərarın ləğv edilməsi, yoxlama nəticəsində hesablanmış 510 979, 41 manat maliyyə sanksiyası «Muxtaroğlu-VM”(VÖEN **********) MMC-nin şəxsi hesab vərəqindən silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-526/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İddia təmin edilərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirli yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********4227 № Qərar ləğv edilməsi, yoxlama nəticəsində hesablanmış 510 979, 41 manat maliyyə sanksiyası «Muxtaroğlu-VM”(VÖEN **********) MMC-nin şəxsi hesab vərəqindən silinməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-526/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin rəhbəri X2 da eqaimə verilmədən 5 109 794,12 manat məbləğində malların satılması faktını etiraf etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X.Şahbazov apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iş materiallarına uyğun izahat verərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx.xx.2029-ci il tarixli **********2533 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarda «Muxtaroğlu-VM” MMC-də xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (xx.xx.2020-ci il tarixi daxil olmaqla) olan müddətdə malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən(obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məqsədilə vergi orqanı tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsi göstərilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli KY201543966 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”larda həyata keçirilən operativ vergi nəzarəti tədbirlərinin yoxlamaların vahid məlumat reyestrində qeydə alınması göstərilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli **********2540 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamədə sənədlərin 1 iş günü ərzində təqdim edilməsi bildirilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə tərtib olunan DVX seriyalı ******* nömrəli Aktda xx.xx.2020-ci il tarixdə saat 16:30-da iddiaçıya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Sənaye zonası, Azbetonit yolunda yerləşən anbarda keçirilmiş OVN tədbiri zamanı 5.109.794,12 manat malların satılması faktının aşkar olunduğu qeyd olunmuşdur. İş materiallarında olan vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında DVX seriyalı 001515 №li 09 dekabr 2020-ci il tarixli Aktdan görünür ki, vergi orqanının xx.xx.2020-ci il tarixli **********2533 №li Qərarına əsasən İN yanında DVX0nin İİƏNBİ tərəfindən malların alışını və ya mədaxilini təsdiq edən elektron qaimə-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, sənədlərin tərtib edilməsinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət məsələsi üzrə "xxxx" MMC-nə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Sənaye zonası, Azbetonit yolunda yerləşən anbarda operativ vergi nəzarəti keçirilərək ümumi alış dəyəri ilə (idxal bəyənnamələri əsasında) 2004324,20 manat qalığı müəyyən olunduğu, sənədsiz mal qalığının müəyyən edilmədiyi qeyd olunmuş, 37 vərəqdən ibarət siyahı tərtib edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, işin araşdırılan hallarından görünür ki, vergi orqanı tərəfindən xx.xx.2020-ci il tarixli Qərar əsasında operativ nəzarət tədbiri həyata keçirilmişdir. Tədbir nəticəsində xx.xx.2020-ci il tarixli ******* №li akt tərtib olunmuş və xx.xx.2020-ci il tarixli **********4227 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq iddiaçı barəsində 510979.41 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə qeyd etməyi zərur hesab edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, vergilər haqqında qanunvericiliyin bütün ziddiyətləri və aydın olmayan məqamları vergi ödəycisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 50.2-ci maddəsinə görə, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. İş materiallarında olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrdən çıxarışlarda yoxlamanın təyin edilməsi üçün əsas Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi ilə müəyyən olunmuş vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə olunan məlumatlar göstərilmişdir. Lakin cavabdeh göstərilən məlumatlara dair hər hansı təsdiqedici sübutu məhkəməyə təqdim edə bilməmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli **********2533 nömrəli qərardan və reyestrdən çıxarışlardan göründüyü kimi, operativ nəzarət tədbirinin başlama və sona çatma tarixləri xx.xx.2020 - xx.xx.2020 kimi müəyyən olunmuşdur. İş materiallarına əsasən müəyyən olunur ki, vergi orqanı tərəfindən MMC-nin tədbir zamanı müəyyən olunan satılmış mallarına deyil, tədbirə qədər müddətdə satdığı mallar da daxil edilməklə ümumilikdə 5.109.794,12 manat dəyərində malla bağlı Vergi Məcəlləsinin 58.13-cü maddəsi ilə maliyyə sanksiyası tətbiq edilmişdir. Halbuki, istinad olunan maddi hüquq normasının tələbi operativ vergi nəzarətinin həyata keçirildiyi anda malların elektron qaimə-faktura əsasında təqdim edilməməsinin aşkarlanmasını nəzərdə tutur. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, sözügedən məsələ ilə bağlı məhkəmə təcrübəsi üzrə artıq formalaşmış yuxarı instansiya məhkəmələri tərəfindən qəbul edilən bir sıra qərarlarda da oxşar mövqe öz təsdiqini tapmışdır. Məhkəmə bildirir ki, operativ vergi nəzarəti tədbiri Vergi Məcəlləsinin 50.1.1 - 50.1.14cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir zamanı riayət edilibedilməməsini yoxlamaq məqsədilə vergi ödəyicisinin anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində), nəqliyyat vasitələrində həyata keçirilən nəzarət tədbiridir. Belə ki, qeyd olunan maddələrin Vergi Məcəlləsinin digər müddəaları ilə qarşılıqlı təhlili zamanı müəyyən olunur ki, operativ vergi nəzarəti tədbiri səyyar və kameral vergi yoxlamalarından fərqli olaraq başa çatmış münasibətləri deyil, tədbir zamanı davam edən pozuntu halını müəyyən etməyə hüquq verən nəzarət tədbiridir (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən şəxsin işlərin görülməsinə cəlb olunması, obyektdə sənədsiz malların aşkar olunması və s.) Vergi Məcəlləsinin 83.3-cü maddəsinə görə, vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. Həmin Məcəllənin 36.3-cü maddəsinə görə, bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Həmçinin, həmin Məcəlləsinin 56.1-ci maddəsinin ikinci cümləsinə görə, bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Həmin Məcəllənin 50.6-cı maddəsinə görə, operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Yəni, qanunverici səyyar vergi yoxlaması ilə yanaşı, operativ vergi nəzarəti tədbiri nəticəsində də yekun qərarın Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq qəbul olunmasını tənzimləmişdir. Lakin, həmin qərarın yalnız səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü (VM 36.3) əhatə etməsi kimi göstərilməsi operativ vergi nəzarəti tədbirinin keçirilməsi barədə qərarın əvvəlki dövrə şamil olunmadığını göstərir. Operativ vergi nəzarəti tədbirinin keçirilməsi barədə qərarda göstərilməli olan məlumatlar Vergi Məcəlləsinin 50-ci maddəsi ilə müəyyən olunmuşdur. 50.3-cü maddəsinin tələbinə görə, operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli **********2533 nömrəli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərardan göründüyü kimi, həmin normaya uyğun olaraq yalnız nəzarət tədbirinin həyata keçirildiyi müddət (xx.xx.2020-xx.xx.2020) əks olunmuş, qərar əsasında hansı dövrün göstəriciləri yoxlanılacağı müəyyən edilməmişdir. Belə olan halda isə, hüquq müəyyənedici rəsmi sənəd olmadan cavabdehin operativ vergi nəzarəti tədbiri zamanı qərardan əvvəlki hər hansı dövrə öz seçimi ilə münasibət bildirməsi yolverilməzdir. Başqa sözlə, inzibati orqanın həyata keçirdiyi nəzarət tədbiri barədə qərarda qanunla müəyyən olunmuş qaydada hansı dövrün göstəricilərinin hansı müddət ərzində yoxlanılması dəqiq müəyyən edildiyi halda əsaslı hesab oluna bilər. Apellyasiya şikayətinin İddiaçı MMC-nin rəhbəri X2 da e-qaimə verilmədən 5 109 794,12 manat məbləğində malların satılması faktını etiraf etmişdir” dəlilinə münasibətdə kollegiya qeyd edir ki, materiallarından müəyyən olunur ki, iddiaçıya məxsus anbarda keçirilən operativ vergi nəzarəti tədbiri ilə alınmış mallar ümumilikdə 5.109.794,12 manat məbləğində elektron qaimə-faktura verilmədən təqdim edilmiş kimi qiymətləndirilərək 510.979,41 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Lakin qeyd olunan məbləğin hansı qaydada formalaşması isə iş materiallarında olan sənədlərlə sübuta yetirilmir. Cavabdeh yalnız iddiaçının nümayəndəsinin təqdim etdiyi izahatı sübut kimi əlavə etmişdir ki, həmin sənəd iddiaçı barəsində maliyyə sanksiyasının tətbiq edilməsinə yetərli hesab oluna bilməz. Cavabdehin qeyd olunan mövqeyinə dair məhkəmə aşağıdakıları bildirir ki, Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə görə, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Həmin Məcəllənin 36.2-ci maddəsinə görə, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə, Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 54.0.1-ci maddəsinə görə, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman isə konkret sübutlara, dəlillərə istinad olunmalı, vergi ödəyicisinin məsuliyyətə cəlb olunması ehtimallara əsaslanmamalıdır. Həmçinin, Vergi Məcəlləsinin 13.2.62-ci və 13.2.63-cü maddələrinin məzmunundan aydın olur ki, qanunverici pərakəndə satış ilə topdansatış fəaliyyətinin fərqləndirici əlaməti olaraq malların alıcı tərəfindən hansı məqsədlə alınmasını müəyyən etmişdir. Belə ki, mallar alıcı tərəfindən son istehlak məqsədilə alındığı zaman həmin əməliyyat pərakəndə satış, satış məqsədilə alındığı halda isə topdansatış fəaliyyəti hesab edilir və birinci halda alıcıya qəbz və ya nəzarət-kassa aparatının çeki, ikinci halda isə elektron-qaimə faktura təqdim edilir. Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən, topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış zamanı malların alıcısına qəbz və ya nəzarət-kassa aparatının çeki ilə yanaşı elektron qaimə faktura yalnız alıcı tələb etdiyi halda təqdim edilir. Cavabdeh qəbul etdiyi inzibati aktda iddiaçını vergi məsuliyyətinə cəlb edərkən Vergi Məcəlləsinin 58.13-cü maddəsinə istinad etmişdir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbinə görə elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilə bilər. Hazırki mübahisədə cavabdeh iddiaçının göstərilən tarixlərdə yalnız topdansatış fəaliyyəti həyata keçirdiyini iddia edirsə bununla bağlı konkret təsdiqedici sənədlərə istinad etməlidir. Yəni, cavabdeh iddiaçı tərəfindən nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirilmiş malların pərakəndə satışı zamanı malların alıcılarının vergi ödəyiciləri olduğunu hesab edirsə bununla bağlı sübutları məhkəməyə təqdim etməli idi. Çünki qanunvericilikdə hansı həcmdə və məbləğdə aparılan satış əməliyyatlarının topdansatış, hansının isə pərakəndə satış hesab olunması həddi müəyyən edilmədiyi üçün məhkəmə yalnız qeyd olunan halı təsdiq edən sənədlər əsasında fəaliyyətin xarakterini müəyyən edə bilər. İş materiallarına nəzər yetirdikdə isə cavabdehin üzərinə düşən vəzifəni sübut edəcəyi hər hansı rəsmi sənədə rast gəlinmir. Həmçinin, topdansatış ticarətlə yanaşı pərakəndə ticarət qaydasında malların satışını da həyata keçirən iddiaçı həmin fəaliyyət üzrə malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamış və hər hansı alıcının sahibkar olaraq elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır. Cavabdeh etirazının əsası kimi iddiaçının malların alıcıya satışının onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyini bildirsə də, etirazının əsasını sübut edəcək dəlilləri, o cümlədən malları satış məqsədilə alan vergi ödəyciləri tərəfindən iddiaçıdan elektron qaimə faktura tələb edildiyi halda, iddiaçı tərəfindən onlara elektronqaimə faktura təqdim edilməməsi barədə vergi orqanına hər hansı şikayət və müraciətlərin daxil olması barədə məlumatı məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, cavabdeh inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin müddəalarını nəzərə almalı idi. Həmin normaya əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Azərbaycan Respublikasının İqtisadiyyat Nazirli yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********4227 № Qərar nömrəli qərar qanunvericilik normalarının pozuntusu ilə qəbul edildiyindən, həmin qərar iddiaçı üçün əlavə vergi məsuliyyəti yaratmamalıdır və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirli yanında Dövlət Vergi Xidmətinin İdxal- İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********4227 № Qərar ləğv edilməli, yoxlama nəticəsində hesablanmış 510 979, 41 manat maliyyə sanksiyası «MuxtaroğluVM”(VÖEN **********) MMC-nin şəxsi hesab vərəqindən silinməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya operativ vergi nəzarəti tədbirinin nəticəsi olaraq maliyyə sanksiyası məbləği hesablanarkən yuxarıda sadalanan pozuntulara yol verildiyindən, inzibati orqan qəbul etdiyi inzibati aktı əsaslandıra, həmçinin onun qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, iddiaçının vergidən yayınması halları müəyyən olunmadığından, cavabdeh tərəfindən də iddiaçının vergidən yayınmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmadığından, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmasına dair qərar qəbul etmişdir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-526/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-1906/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1906/2022
27.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver