Məhkəmə qərarları › İş №2-1(103)-1906/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1906/2023

17.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1906/2023 17.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2-1(112)- 6207/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şikayətinin əsaslı sayılması və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın vəzifəli şəxslərinin ona qarşı yol verdikləri pozuntuların aradan qaldırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizələr təqdim edərək, cavabdeh qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyini göstərməklə hazırki iş üzrə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6207/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6207/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi, iddianın mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar Müdafiə Nazirliyinə etdiyi müraciətlərə həmin Nazirliyin aparatı nəzdində Veteran adları və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyanın xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli 4/3-369 nömrəli məktubları ilə rədd qərarı verilmiş və heç bir əsas göstərilmədən bildirmişdir ki, göndərilən sənədlərə komissiyanın xx.xx.2019-cu il tarixli iclasında baxılmış və 626 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmişdir. İddiaçı Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 70 №-li əmrinə əsasən döyüş əməliyyatları rayonuna gətirilmişdir. Bundan əlavə Müdafiə Nazirliyi Mərkəzi Arxivindən alınmış xx.xx.2019-cu il tarixli 9/2- 11124 nömrəli arxiv arayışından görünür ki, xidməti davam etdirmək üçün gəlmiş iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 49 nömrəli əmri ilə xx.xx.1992-ci ildən hərbi hissənin şəxsi heyətinin siyahısında bütün növ təminatlarına salınmaqla “baş çavuş” hərbi rütbəsi verilərək Ali-24-də atıcı vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli əmrində onun gəlmiş hesab edilməsi barədə məlumat vardır. O, 46-cı maddənin “j” bəndinə əsasən tərxis olunduğuna görə N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 93 nömrəli əmri ilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün rayon hərbi komissarlığına göndərilmişdir. xx.xx.2019-cu il tarixli 9/2-11124 nömrəli arxiv arayışından görünür ki, o, 1992-ci ilin oktyabr ayının 9-da döyüş əməliyyatları rayonunda iştirak etmişdir. N nömrəli hərbi hissəyə qayıtmışdır və hərbi borcunu yerinə yetirmişdir. Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivindən alınmış xx.xx.2019-cu il tarixli 09/2-11124 nömrəli arxiv arayışından görünür ki, xidmətini davam etdirmək üçün gəlmiş iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 49 №-li əmri ilə xx.xx.1992-ci ildəki hərbi hissənin şəxsi heyətinin siyahısına bütöv növ təminatlarına salınmaqla “baş çavuş” hərbi rütbəsi verilərək Ali-24 də atıcı vəzifəsinə təyin olunmuşdur. Həmçinin arxiv arayışında o da göstərilir ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 70 №-li əmrində çavuş iddiaçının döyüş əməliyyatları rayonundan ezamiyətdən gəlmiş hesab edilməsi barədə məlumat vardır, N nömrəli hərbi hissəyə qaytarılmışdır və hərbi borcunu yerinə yetirmişdir. Təəssüflər olsun ki, Bakı İnzibati Məhkəməsi iddianı mümkünsüz hesab edən zaman işi tam, obyektiv, qərəzsiz araşdırmamaqla qanunsuz qərardad qəbul etmişdir. Məhz bu səbəbdən də Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6207/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilməli, iddia mümkün hesab edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdir və İddiaçı məhkəməyə vəsatət göndərərək onun iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6207/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2251/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsini xahiş etmiş, məhkəmənin həmin qərarı ilə iddia təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-1103/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2251/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İşin faktiki hallarından görünür ki, iddiaçı hazırda ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etsə də, yuxarıda sadalananlardan görünür ki, iddiaçı daha əvvəl bu tələblə məhkəməyə müraciət etmiş, məhkəmə isə iddianı təmin etməmişdir. Göründüyü kimi, iddiaçı eyni cavabdehə qarşı eyni tələblə və eyni əsasla məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2251/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir və həmin qərar qanuni qüvvəyə minmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırkı iddiaya daha əvvəl baxılmaqla yekun qiymət verildiyindən artıq eyni tərəflər arasında eyni iddia tələbinə eyni əsas üzrə yenidən baxılması mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən həmin Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və orada nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd). İPMin 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz (15.4-cü bənd). İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir (15.5-ci bənd). Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar (15.6-cı bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir və iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir və mülahizə xarakteri daşıyır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6207/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar