Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1907/2021 13.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının vəkili və nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-705/2021 saylı, 14 aprel 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 1 ünvanında qanuni istifadəsində olan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin əvəzsiz olaraq mülkiyyətinə verilməsi və həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən müvafiq sənədlərin rəsmiləşdirilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsi, Rizvan Teymurov 64 saylı fərdi yaşayış evində 1953-cü ildən qeydiyyatdadır və yaşayır. 8-ci km qəsəbəsi, 1953-1955-ci illərdə 42 saylı, sonra 48 saylı yaşayış evi, 60-cı illərdən Okrujnaya 48, Paruşina 48, Rizvan Teymurov 48 və sonda isə dəyişilərək Rizvan Teymurov 64 olan fərdi yaşayış evinin atası X6 məxsus olduğunu təsdiq edən 1958-ci il tarixli “Azneftproyekt” tərəfindən hazırlanmış və imzalanmış sənəd təqdim olunur. Nizami rayon İcra Hakimiyyətinin 14 mart 2002-ci il sərəncamına və sərəncamına əlavə olan Nizami RİH LSB 01/23 EL saylı evin və həyətyanı torpaq sahəsinin layihə sənədinə uyğun olaraq fərdi yaşayış evi 2002-ci ildə özəlləşdirilmişdir. Bakı şəhər İcra Hakiyyətinin Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlanın qeydiyyatı İdarəsi tərəfindən 16.11.2002-ci il tarixli Qeydiyyat vəsiqəsi və evin 01.11.2002-ci il tarixli texniki pasportu təqdim olunmuşdur. Nizami rayon Bələdiyyəsi yaradılandan bu günədək Əmlak və Torpaq vergisi ödənilmişdir. 2019-cu ildə Qeydiyyat vəsiqəsi 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən dəyişdirilərək fərdi yaşayış evi üçün 11.07.2019-cu il tarixli Çıxarış ilə əvəz edilmişdir. Fərdi yaşayış evi üçün Reyestr nömrəsi: **********0610301 10.07.2019-cu il tarixli texniki pasport tərtib olunmuşdur. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 22.10.2019-cu il tarixli məktubla müraciət edərək, qanuni istifadəsində olan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bakı şəhəri 24 dekabr 1999-cu il tarixli 237 nömrəli Sərəncamına uyğun olaraq özəlləşdirilməsini, mülkiyyətinə verilməsini müvafiq qaydada qeydiyyata alınmasını xahiş etmişdir. 05.12.2019-cu il tarixli cavab məktubu ilə cavabdeh “Daşınmaz əmlakın dövlət reestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmana uyğun olaraq müvafiq sənədlərin təqdim olunması vurğulanmışdır. 27.12.2019-cu il tarixində təkrar olaraq 1 saylı Bakı şəhər Ərazi İdarəsinə elektron poçt ilə müraciət edərək Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 24 dekabr 1999-cu il tarixli 237 nömrəli Sərəncamına müvafiq hərəkət etməyi xahiş olunmuşdur. 55 gündən çox keçməsinə baxmayaraq 1 saylı Bakı şəhər Ərazi İdarəsi hərəkətsizlik göstərərək, məsələnin həll olunması məqsədilə müvafiq addımlar atmamış, kargüzarlıq haqqında qanuna əməl olunmamış və cavab verməkdən yayınmışlar. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq olunmuş siyahıda nəzərdə tutulmuş hüquqverici sənədlərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı, yaşayış sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı məqsədi daşıyır. Belə ki, 1953-cü ildən iddiaçının evi özəlləşdirilmiş və daşınmaz əmlakın dövlət reyestrində müvafiq qaydada qeydiyyata alınmış və fərdi yaşayış evinin çıxarışı təqdim olunmuşdur. Fərdi yaşayış evinin yaşayış sahəsi üzrə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Prezidentinin “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və Torpaq sahəsinin planı və ölçüsünün təsvirlərinin təsdiq edilməsi” barədə 553 nömrəli 17 iyun 2015-ci il Fərmanına uyğun olaraq verilmiş çıxarışa müvafiq torpaq sahəsinin planı və ölçüsü təqdim olunmalıdır. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim etdiyi 16.03.2020-cu il tarixli etirazında bildirilmişdir ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, R.Teymurov 64 ünvanında qanuni istifadəsində olan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin əvəzsiz olaraq mülkiyyətinə verilməsi və həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən müvafiq sənədlərin rəsmiləşdirilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçının Bakı şəhəri, Nizami rayonu, R.Teymurov küçəsi ünvanında yerləşən 48 saylı fərdi yaşayış evinin və istifadəsində olan torpaq sahəsinin vahid əmlak kimi sənədləşdirilməsi ilə bağlı 22.10.2019-cu il tarixli poçt vasitəsi ilə daxil olmuş ərizəsinə idarədə baxılmışdır. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin iddiaçının adına dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər toplusu təqdim edilməmişdir. Bu səbəbdən ərizənin icrası idarə tərəfindən mümkün olmamış və ərizəçiyə 05.02.2019-cu il tarixli cavab məktubu ünvanlanmışdır. İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş texniki baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının faktiki istifadəsində olan 350 kv.metr torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-705/2021 saylı, 14 aprel 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş və apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının vəkilinin izahatını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarından görünür ki, Bakı şəhər icra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Teymurov küçəsində yerləşən 48 saylı evin 84.3 kv.metr yaşayış sahəsindən ibarət 4 otaqlı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 16.11.2002-cı il tarixdə 1246 saylı reyestr kitabında qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 10.07.2019-cu il tarixdə tərtib edilmiş texniki pasporta əsasən Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsi, Rizvan Teymurov 48 (yeni qaydalarla: Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsi, Rizvan Teymurov 64 saylı) ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsi, Rizvan Teymurov 48 (yeni qaydalarla: Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsi, Rizvan Teymurov 64 saylı) ünvanında yerləşən fərdi ev üzərində İddiaçı mülkiyyət hüququ 11.07.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti başçısının 14 mart 2002-ci il tarixli sərəncamından görünür ki, iddiaçının müraciəti əsasında Teymurov küçəsi 48 ünvandakı fin tipli evində mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə əlavə olaraq tikililərin rəsmiləşdirilməsi mümkün hesab edilərək texniki pasportun verilməsi müvafiq orqanlara həvalə edilmişdir. İnzibati işdə olan 2 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 21.02.2019-ci il tarixli 2- 1(82)-518/2019 saylı qərarından görünür ki, İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən evin qeydiyyat vəsiqəsinin çıxarışla əvəz edilməsi vəzifəsinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 120 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 16.11.2002-ci il tarixli arayışından görünür ki, İddiaçı Ağakərim oğlu R.Teymurov ev 48 ünvanında 14.03.1974cü il tarixdən qeydiyyatdadır. AR Dövlət Arxivinin Bakı Filialının 23 noyabr 2016-cı il tarixli arayışına əsasən Azərbaycan SSR “Neftximprom” İdarəsinin arxiv sənədləri Dövlət Arxinin Bakı filialına təhvil verilməmişdir. Azərbaycan SSR Neft Sənaye Nazirliyinin “Azneftproyekt” layihə Kontoru tərəfindən tərtib edilmiş sənədə əsasən Ehtibarov Ağaya məxsus 8-ci km. 48 saylı mənzilə qaz xətti çəkilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 18.11.2020-ci il tarixli məktubundan görünür ki, tədqiq olunan obyektdə idarənin mühəndis-inventarlaşdırıcısı tərəfindən texniki baxış keçirilmişdir. İdarənin elektron kadastr baza məlumatlarına əsasən göstərilən fərdi yaşayış evinin yerləşdiyi (istifadə olan) torpaq sahəsi yaşayış məntəqlərinin torpaqları kateqoriyasına aid ərazidə yerləşir. Heydər Əliyev adına X12 16 fevral 2021-ci il tarixli məktubuna əsasən, Azərbaycan SSR Neft-Kimya Sənayesi Nazirliyinin 07.08.1987-ci il tarixli, 174 nömrəli qərarının, həmin qərarda adı çəklilən 25.09.1986-cı il tarixli orderin, eləcə də qərarda adı çəkilən Bakı şəhəri, Paruşina küçəsində yerləşən 48 nömrəli, fin tipli evə dair sənədlər NEZ-də aşkarlanmamışdır. NEZ-in tabeliyində olmuş Mənzil İstismar Sahələri istifadələrində olan mənzil fondları ilə birgə aidiyyəti üzrə icra hakimiyyətlərinin tabeliyindəki Mənzil Kommunal Təsərrüfatı Birliklərinin tabeliyinə keçmişdir. Qeyd edilən ünvanla bağlı aidiyyəti üzrə Nizami rayon İcra Hakimiyyətinə müraciət etmək məqəsədəuyğun hesab edilmişdir. “X9” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Nizami rayonu R.Teymurov 64 ünvanında yerləşən İddiaçı torpaq sahəsinin və fərdi yaşayış evinin döngə nöqtələrinin, koordinatlarının, tikililərin mövqeyində hər hansı uyğunsuzluq yoxdur, texniki pasportla faktiki sahə arasında konfiqurasiya və sahə fərqi yoxdur. Bakı şəhəri Nizami rayonu Rizvan Teymurov küçəsi 48-də yerləşən İddiaçı oğlna məxsus fərdi yaşayış evinin eskiz layihəsindən görünür ki, həmin evin layihəsi Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin layihə-smeta bürosu tərəfindən təsdiq edilmişdir. Birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın imtinası ilə razılaşaraq iddia tələbini təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyata alınması yalnız “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan birinin mövcudluğunda aparıla bilər. İddiaçı tərəfindən inzibati orqana torpaq sahəsi ilə bağlı hər hansı bir hüquqmüəyyənedici sənəd təqdim olunmadığı halda iddiaçı tələb etdiyi torpaq sahəsinə dair qanuni hüququn sahibi kimi tanına bilməz və bununla da həmin hüququnun reyestrdə qeydə alınmasını tələb edə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarlar 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6.mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş (30 oktyabr 2015-ci il 664 nömrəli Fərmanla olunmuş dəyişikliklərlə birlikdə) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən mülkiyyət hüququnun qeydə alınması barədə ərizənin icra edilməsinin qeyri-mümkünlüyünün əsası barədə bildirilmişdir ki, fərdi yaşayış evinin yerləşdiyi və həyətyanı torpaq sahəsinin iddiaçının adına dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər toplusu təqdim edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının ünvan 8 ünvanında qanuni istifadəsində olan fərdi yaşayış evində yerləşdiyi torpaq sahəsinin də qanuni əsaslarla istifadə etməsinə dair dəlillərini əsassız sayır. Belə ki, iddiaçıya məxsus xüsusi mülkiyyətdə olan evin sahəsi çıxarış əsasında 95,10 kv metr olmasına baxmayaraq, cavabdehin fərdi yaşayış evinin yerləşdiyi faktiki sahəsi 377,8 kv.metr olan həyətyanı torpaq sahəsinin əvəzsiz olaraq onun mülkiyyətinə verilməsini xahiş edir. Halbuki həmin torpaq sahəsinin qanuni əsaslarla iddiaçıya ayrılmasına dair hər hansı sənəd və ya sübut növü mövcud deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar konkret olaraq sadalanmışdır. Yalnız həmin maddədə göstərilən əsasların mövcudluğu halında şəxsin mülkiyyət hüququ qeydiyyata alına bilər. İddiaçı isə sözügedən maddədə nəzərdə tutulmuş hər hansı bir əsasa istinad etmədən mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının uzun müddət ərzində həmin evdə yaşaması, ailə üzvləri ilə birgə pasport qeydiyyatına alınmaları və kommunal xidmətlərin onların adına göstərilməsi də iddiaçının tələbini təmin etməyə imkan vermir. Bələliklə, iddiaçının bildirdiyi faktiki halları mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas təşkil etmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu qeyd etsə də, buna dair məhkəməyə hər hansı sənəd və ya sübut təqdim etməmiş, qərarın qanunsuz olduğunu əsaslandırmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-705/2021 saylı, 14 aprel 2021ci tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1907/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1907/2021
13.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver