Məhkəmə qərarları › İş №2-1(103)-1907/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1907/2023

14.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1907/2023 14.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “tikiliyə (inzibati bina) ASC-nin mülkiyyət hüququnun mövcud vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1785/2022 saylı 07 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 14 iyun 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin 243 saylı 30 aprel 2001-ci il tarixli sərəncamından görünür ki, «Azərenerji» Səhmdar Cəmiyyətinin Bakı şəhəri, Nəsimi rayonu, R.Cəfərov küçəsi, 17 ünvanda yerləşən İddiaçı trestinin həmin sərəncama 1 nömrəli əlavədə göstərilən müəssisələrinin bazasında İddiaçı Açıq Səhmdar Cəmiyyəti yaradılmış, cəmiyyətin adi səhmlərinin sayı 86300 təşkil etmişdir. Həmin sərəncama 1 nömrəli əlavədən görünür ki, İddiaçı ASC-nin tərkibinə daxil olan müəssisələrin siyahısına ünvan 3 ünvanında yerləşən İddiaçı trestinin aparatı da daxil edilmişdir. İddiaçı trestinin özəlləşdirmə planından (emissiya prospekti) görünür ki, xx.xx.2001ci il tarixə əsas vəsaitlərin inventarlaşdırılma və qiymətləndirilmə aktına 3 mərtəbəli bina daxil edilmişdir. xx.xx.2001-ci il tarixli Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən tərtib olunan müəsissə və obyektin texniki pasportundan görünür ki, 1978-ci ildə tikilmiş tikinti altı sahəsi 506,1 kv.metr, ümumi sahəsi 1185,2 kv.metr, əsas sahəsi 725,1 kv.metr, köməkçi sahəsi 460,1 kv.metr olan Bakı şəhəri, Nəsimi rayonu, R.Cəfərov küçəsi, 17 ünvanında yerləşən obyektin balans saxlayıcısı «Azərenerji» Səhmdar Cəmiyyətinin İddiaçı tresti olmuşdur. Texniki pasporta əsasən “A” tikilisi 3 mərtəbəli inzibati bina, “B” və “C” tikililəri qarajdır. Milli Gəlilər departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin çıxarışından görünür ki, müəssisənin təsisçiləri X6, Cəmilov Kamil Cəmiyyət oğlu və Milli Depozit Mərkəzinin 15 yanvar 2014-cü il tarixli reyestrində göstərilən digər şəxslərdir. Qiymətli kağız sahiblərinin reyestrindən görünür ki, hər bir səhmin nominal dəyəri 2 olmaqla iddiaçının reyestrdə yerləşdirilmiş 86300 sənədsiz adi adlı səhmi mövcuddur. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən hazırki tələblə bağlı cavabdeh inzibati orqana müraciət edilmiş, lakin onun tələbi sonuncu tərəfindən təmin edilməmişdir. Belə ki, cavabdeh inzbati orqan tərəfindın iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, əmlaka dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində qeyd olunan hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin İdarənin mütəxəssisləri tərəfindən yoxlama-ölçü işləri aparılan zaman məlum olmuşdur ki, C, B tikililəri və A tikilisinin 1-ci mərtəbəsindəki 24 saylı sahə sökülüb, giriş sahəsi "xxxx" ASC ilə birgə istifadədədir, əlavə tikililər və əlavə torpaq sahəsi mövcuddur. Bundan başqa, İdarənin elektron baza məlumatlarına əsasən əlavə torpaq sahəsi qonşu ərazi ilə ümumi istifadədə olan yaşıllıq və yol sahəsidir. Həmin imtina məktubundan narazı qalan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, R.Cəfərov küçəsi, 17 ünvanında yerləşən, xx.xx.2001-ci il tarixli Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən tərtib olunan müəsissə və obyektin texniki pasportda göstərilən A tikilisinə (inzibati bina) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyət hüququnun mövcud vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin inzibati binası ünvan 4 ünvanında yerləşir. Sözügedən əmlak əvvəllər dövlət müəssisəsi olmuş İddiaçı trestinin balansında olmuşdur. Daha sonra Dövlət Əmlakı Nazirliyinin 243 nömrəli xx.xx.2001-ci il tarixli sərəncamı ilə “Azərenerji” Səhmdar Cəmiyyətinin İddiaçı trestinin müəssisələrinin bazasında İddiaçı ASC yaradılmışdır. Belə ki, bu müəssisənin səhmləri özəlləşdirilmiş və nəticə etibarilə təşkilati-hüquqi forması və mülkiyyətçisi dəyişmişdir. İddiaçı ASC-nin tərtib etdiyi özəlləşdirmə planı (emissiya prospekti) Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin 243 saylı xx.xx.2001-ci il tarixli sərəncamı ilə təsdiq edilmişdir. Həmin əmlakın Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən təqdim olunan texniki pasportu vardır. Sənədlərdən aydın görünür ki, ünvan 4 ünvanında yerləşən inzibati bina İddiaçı ASC-yə məxsusdur. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən verilmiş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa və Torpaq Məcəlləsinin müvafiq maddələrinə də istinad olunmuşdur. Birinci instansiya məhkəməsində icraat: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1785/2022 saylı 07 sentyabr 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bakı şəhəri, Nəsimi rayonu, R.Cəfərov küçəsi, 17 ünvanında yerləşən, xx.xx.2001-ci il tarixli Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən tərtib olunan müəsissə və obyektin texniki pasportunda göstərilən A tikilisinə (inzibati bina) mülkiyyət hüququnun mövcud vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun, iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmiş, habelə prosessual hüquq normaları kobud surətdə pozulmuşdur. Həmçinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq maddələrinə istnad edilmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirkaçısı hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nüməyəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materiallarından müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı ünvan 5 ünvanında yerləşən, xx.xx.2001-ci il tarixli Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən tərtib olunan müəsissə və obyektin texniki pasportda göstərilən A tikilisinə (inzibati bina) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyət hüququnun mövcud vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi” ilə bağlıdır. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən “hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi, İdarənin mütəxəssisləri tərəfindən yoxlama-ölçü işləri aparılan zaman C, B tikililəri və A tikilisinin 1ci mərtəbəsindəki 24 saylı sahənin sökülməsi, giriş sahəsinin "xxxx" ASC ilə birgə istifadədə olması, əlavə tikililər və əlavə torpaq sahəsinin mövcud olması, İdarənin elektron baza məlumatlarına əsasən əlavə torpaq sahəsinin qonşu ərazi ilə ümumi istifadədə olan yaşıllıq və yol sahəsi olması” əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının 1996-cı il 29 noyabr tarixli 208- 1Q saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”yə əsasən: - 1. Bu Əsasnamə dövlət əmlakının özəlləşdirilməsi zamanı dövlət müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsinin qaydalarını müəyyən edir. - 4. Dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı səhmdar cəmiyyətlərinə çevrilməsi həmin müəssisələrdə yaradılmış özəlləşdirmə komissiyaları tərəfindən hazırlanmış və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş özəlləşdirmə planları əsasında həyata keçirilir. -7. Dövlət müəssisələrinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətlərinə çevrilməsi aşağıdakı qaydada həyata keçirilir: 7.1. Dövlət müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsi mövcud texnoloji və idarəçilik əlaqələrini nəzərə almaqla həyata keçirilir. Sərbəst təsərrüfat subyektlərinin səhmdar cəmiyyətlərinə çevrilməsi zamanı heç bir əlavə şərt və məhdudiyyətlər qoyulmur. 7.2. Müvafiq icra hakimiyyəti orqanı müəssisənin özəlləşdirmə planına uyğun olaraq səhmdar cəmiyyətini təsis edir və təsis sənədləri qüvvədə olan qanunvericiliyə əsasən dövlət qeydiyyatını aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Dövlət müəssisəsinin çevrilməsi nəticəsində təsis edilən səhmdar cəmiyyətinin dövlət qeydiyyatı qanunvericilikdə müəyyən edilmiş müddətdə həyata keçirilir. 7.3. Dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətinə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındığı andan nazirliklərin, dövlət komitələrinin, konsernlərin, şirkətlərin, birliklərin və digər sahə idarəetmə və yerli icra hakimiyyəti orqanlarının tabeliyindən çıxır (səhmlərin nəzarət zərfi dövlətin mülkiyyətində saxlanılan hallar istisna edilməklə). Dövlət müəssisələrinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətlərə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındığı andan müəssisə çevrilmiş, onun əmlakı isə səhmdar cəmiyyətinin balansına verilmiş hesab olunur. Səhmdar cəmiyyətinin balansına onun nizamnamə kapitalını təşkil edən dövlət müəssisəsinin əmlakı verilir. 7.4. Səhmdar cəmiyyətiin nizamnamə kapitalının həcmi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş uyğun normativhüquqi aktına əsasən müəyyən edilir. 7.5. Dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətinə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyəti çevrilən müəssisənin hüquqi varisi sayılır.

8. Dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyətinin səhmlərinin (nizamnamə kapitalının hissələrinin) satışının başladığı anı, satışı qaydaları və üsulları, özəlləşdirmədə verilən güzəştlər və s. qanunvericiliklə ilə müəyyən edilir.

9. Səhmlərin satıcısı kimi dövlətin adından mülkiyyətçi səlahiyyətlərini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı çıxış edir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş və xx.xx.2007-ci il tarixədək qüvvədə olan “Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə”yə əsasən:

2. Bu Əsasnamə dövlət əmlakının özəlləşdirilməsi prosesində müəssisələrin start (satış) qiymətini və ya dövlət müəssisələrinin əsasında yaradılan səhmdar cəmiyyətlərinin nizamnamə kapitalını hesablamaq məqsədi ilə onların əmlakının qiymətləndirilməsi qaydalarını müəyyən edir.

3. Özəlləşdirilən müəssisənin start (satış) qiyməti və ya dövlət müəssisələrinin əsasında yaradılan səhmdar cəmiyyətinin nizamnamə kapitalı, onun qiymətləndirilən balans aktivinin dəyərindən balansın uyğun passiv maddələrinin dəyəri çıxılaraq alınmış ilkin qiymətə bu Əsasnamə ilə müəyyən edilmiş əmsallar tətbiq edilməklə hesablanır.

6. Özəlləşdirilən dövlət müəssisəsinin (obyektinin) qiymətləndirilən əmlakının tərkibinə onun əsas vəsaitləri və sair dövriyyədənkənar aktivləri, ehtiyat və məsrəfləri, pul və sair maliyyə vəsaitləri, digər maddi və qeyri-maddi aktivləri daxildir.

11. Özəlləşdirilən dövlət müəssisəsinin (obyektinin) yerləşdiyi torpaq sahəsi bu Əsasnaməyə uyğun olaraq qiymətləndirilən əmlakın tərkibinə daxil edilmir və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən müəyyən edilmiş qaydada ayrıca özəlləşdirilir. Özəlləşdirilən torpaq sahəsinin qiymətləndirilməsi müvafiq normativ hüquqi aktlarla tənzimlənir.

15. Özəlləşdirmə prosesində dövlət müəssisələrinin əmlakının bu Əsasnaməyə uyğun olaraq qiymətləndirilməsi müəssisə rəhbərliyinin iştirakı ilə özəlləşdirmə komissiyası tərəfindən müəssisənin əmlakının inventarlaşdırılması əsasında həyata keçirilir.

29. Bina və tikililərin bir hissəsində yerləşən dövlət müəssisə və obyektlərinin start (satış) qiyməti və ya səhmdar cəmiyyətinin nizamnamə kapitalı müəyyən edilərkən onlara aid olan sahələrin (qeyri-yaşayış, istehsal və digər təyinatlı sahələrin), bu Əsasnamənin 28-ci bəndinə uyğun olaraq hesablanmış qalıq dəyəri qiymətləndirilən əsas vəsaitlərin ümumi dəyərinə daxil edilir. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş və “Özəlləşdirilən və idarəetməyə verilən müəssisələrdə investisiya qoyuluşları üzərində nəzarətin həyata keçirilməsi Qaydaları”nın xx.xx.2010-cu il tarixədək qüvvədə olan 6.1-ci bəndinə əsasən mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə almaq üçün dövlət orqanına aşağıdakı sənədlər təqdim edilməlidir: 6.1.2. Dövlət müəssisələrindən fiziki və hüquqi şəxslərə verilmiş əmlaka dair: ərizə; fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsinin surəti; hüquqi şəxslər üçün təsis və dövlət qeydiyyatı sənədlərinin surəti; əmlakın dövlət müəssisəsinin balansında olduğunu təsdiq edən sənədlər; əmlakın verilməsini əsaslandıran sənədlər (müvafiq razılıq, əmr, alqı-satqı müqaviləsi, qiymətləndirmə və təhvil-təslim aktları); verilən əmlakın dəyərinin ödəniş sənədləri; dövlət orqanı tərəfindən tərtib edilmiş obyektin texniki pasportu. 6.1.3. Özəlləşdirmə prosesində yaradılan səhmdar cəmiyyətlərinin (müəssisələrin) özgəninkiləşdirilən əmlakına dair: ərizə; fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsinin surəti; hüquqi şəxslər üçün təsis və dövlət qeydiyyatı sənədlərinin surəti; əmlakın səhmdar cəmiyyətinə (müəssisəyə) məxsus olduğunu təsdiq edən sənədlər (emissiya prospektindən və əsas vəsaitlərin siyahısından çıxarış, mülkiyyət şəhadətnaməsi və s.); əmlakın özgəninkiləşdirilməsinə icazə sənədi (ali idarəetmə orqanlarının qərarları); səhmlərin və əmlakın yüklülüyünə dair arayış (reyestrdən çıxarış); alqı-satqı müqaviləsi və ödəniş sənədləri; dövlət orqanı tərəfindən tərtib edilmiş obyektin texniki pasportu. 6.1.4. Özəlləşdirilən əmlak əsasında təsis edilən və sonradan təşkilati-hüquqi formasını dəyişən (ləğv edilən) hüquqi şəxslərin əmlakına dair: ərizə; fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsinin surəti; hüquqi şəxslər üçün təsis və dövlət qeydiyyatı sənədlərinin surəti; dövlət orqanı tərəfindən tərtib edilmiş obyektin texniki pasportu. ləğvetmə sənədləri (ləğvetmə qərarı, əmlakın təsisçilər (iştirakçılar) arasında bölüşdürülməsinə dair sənədlər, hüquqi şəxsin dövlət qeydiyyatının ləğv edilməsini təsdiq edən sənəd). 6.2. Təqdim olunan sənədlər nəzarət orqanı tərəfindən araşdırılaraq, 10 gün müddətində ərizəçilərə mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə verilir və ya rəsmi cavabla şəhadətnamənin verilməsindən imtina edilir. 6.3. Dövlət orqanı tərəfindən verilən şəhadətnamələr qanunvericilikdə müəyyən olunmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində hüquqi və fiziki şəxslərin mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi və dövlət qeydiyyatına alınması üçün əsasdır. Qaydaların istinad olunan 6-cı hissəsi “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına dəyişikliklər və əlavələr edilməsi və "Azərbaycan Respublikasının daşınmaz əmlakın dövlət reyestri xidmətinin bəzi məsələləri haqqında" 2005-ci il 26 oktyabr tarixli, 1065 nömrəli sərəncamının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 2 iyul tarixli 291 nömrəli Fərmanı ilə Qaydalardan çıxarılmış, artıq şəhadətnamə deyil, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi nəzərdə tutulmuşdur. İş materiallarından müəyyən olunur ki, İddiaçı tresti özəlləşdirilərkən onun xx.xx.2001-ci il tarixə əsas vəsaitləri qiymətləndirilmiş, əsas vəsaitlərin tərkibində iddiaçının hazırda adına qeydə alınmasını istədiyi Bakı şəhəri, Nəsimi rayonu, R.Cəfərov küçəsi, 17 ünvanında yerləşən qeyri-yaşayış sahəsi də olmuşdur. Həmin qeyri-yaşayış sahəsi ilə birlikdə xx.xx.2001-ci il tarixli müəssisənin əmlakının qiymətləndirilməsinə dair yekun akta əsasən müəssisənin bazasında yaradılan səhmdar cəmiyyətin nizamnamə kapitalının həcmi 86300 min manat müəyyən edilmiş, həmin kapitala əsasən buraxılmış 86300 adi səhm müvafiq fiziki şəxslərin adına reyestrdə qeydə alınmışdır. Cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtinası “hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi, İdarənin mütəxəssisləri tərəfindən yoxlama-ölçü işləri aparılan zaman C, B tikililəri və A tikilisinin 1-ci mərtəbəsindəki 24 saylı sahənin sökülməsi, giriş sahəsinin "xxxx" ASC ilə birgə istifadədə olmasının müəyyən edilməsi, əlavə tikililər və əlavə torpaq sahəsinin mövcud olması, İdarənin elektron baza məlumatlarına əsasən əlavə torpaq sahəsinin qonşu ərazi ilə ümumi istifadədə olan yaşıllıq və yol sahəsi olması” ilə bağlı olmuşdur. Həmin dəlillərə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdi ki, iddiaçı hazırda torpaq sahəsinə dair çıxarış verilməsini tələb etmir, buna görə də cavabdehin torpaq sahəsi ilə bağlı dəlillərinə qiymət verilməsi zərurəti aradan qalxır. Digər tərəfdən, C, B tikililəri və A tikilisinin 1-ci mərtəbəsindəki 24 saylı sahənin sökülməsi və ərazidə əlavə tikilinin tikilməsi barədə dəlilə gəldikdə məhkəmə qeyd etmişdi ki, xx.xx.2021-ci il tarixlə texniki pasportdan görünür ki, B və C tikililəri dəmir qaraj olmuş, həmin dəmir qarajlar da götürülmüşdür. Texniki pasporta əsasən 24 saylı sahə isə A tikilisinin xaricində yerləşməklə giriş olmuş, həmin girişin sökülməsinin binanın ümumi bütövlüyünə hər hansı bir təsiri olmamışdır. Həmçinin birinci instansiya məhkəməsi yerində müayinə ilə müəyyən etmişdi ki, inşa edilmiş əlavə tikililər sonradan quraşdırılmaqla “A” tikilisindən kənarda yerləşir. İddiaçı hazırda R.Cəfərov küçəsi, 17 ünvanında yerləşən inzibati binanın, yəni “A” tikilisinin mövcud vəziyyətdə qeydiyyata alınmasını xahiş etdiyindən məhkəmə hesab etmişdir ki, sonradan götürülmüş dəmir qarajların, A tikilisindən kənarda inşa edilmiş əlavə sahələrin A tikilisinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinaya əsas ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci və 10.2.1ci maddələrinə əsasən ASC-yə məxsus texniki pasportda göstərilən “A” tikilisinə (inzibati bina) mövcud vəziyyətdə iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinin tələbinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 23.2-ci maddəsinin (İnzibati orqan tərəfindən məsləhətlərin və zəruri məlumatların verilməsi) müddəalarının tələbinə görə, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, istinad edilən qanun normalarının tələbləri nəzərə alındıqda, cavabdeh inzibati orqan iddiaçı üçün əlverişli olan- iddiaçının texniki pasportunda da əksini tapmış “A” tikilisinin mövcud vəziyyətdə iddiaçının adına mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı xidməti vəzifəsindən irəli gələn hərəkətləri (yardım etmə, zəruri sənədləri tələb etmə, məsləhət vermə) etməli olduğu halda, bunu etməmiş və təqdim olunan sənədləri də hüquqmüəyyənedici sənəd qismində qəbul etməyərək, formal dəlillərlə (hansı ki, həmin dəlillərin bir qisminin birinci instansiya məhkəməsində keçirilmiş yerində müayinə ilə əsassız olduğu təsdiqini tapmışdır) tələbin təmin olunmasından imtina etmişdi ki, bununla da iddiaçının qanunla qorunun hüquqlarının pozuntusuna yol verməklə əsassız olaraq tələbinin təmin olunmasından imtina etmişdir. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bu baxımdan torpaq sahəsinə iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunda və iddiaya dair yazılı etirazda qeyd edilənlərlə eynilik təşkil etməklə, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın təmin edilməməsi üçün əsas yaratmır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1785/2022 saylı 07 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1785/2022 saylı 07 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar