Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1908/2020 10.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi: X6, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı (xx.xx.1962-ci il tarixində Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Səbail ray., Y.Mürsəlov küç., ev Ö/T 26 ünvanında qeydiyyatdadır) cavabdehlər Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı şikayətin araşdırılıb nəticəsi üzrə qərar qəbul edilməklə cavablandırılması tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-4287/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdehlər Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X1 onun və ailə üzvlərinin şəxsiyyətini təhqir etməsi, səslərinin qanunazidd olaraq, qeydə alınması ilə əlaqəli xx.xx.2019-cu il tarixdə Bakı şəhəri üzrə Təhsil İdarəsinə göndərdiyi şikayət məktubunda yazılanların hərtərəfli , tam və obyektiv şəkildə araşdırılması və işin nəticəsi üzrə müvafiq olaraq əsaslandırılmış şəkildə qərar qəbul edilməsi, ünvanladığı şikayət ərizəsinə ətraflı cavab verilməsi öhdəliyinin Bakı şəhər üzrə Təhsil İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 26 ünvanında yerləşən evin 2/3 hissəsi iddiaçının övladı Nümayəndə, qalan 1/3 hissəsi isə X2 məxsusdur. İyun ayının 18-də saat 15 radələrində məhkəmə qaydasında ümumi paylı mülkiyyətin bölünməsi tələbi üzrə məhkəmə icraatında ekspertiza keçirilməsi ilə əlaqədar X3, əri X9, məhkəmənin hakimi, Məhkəmə ekspertizası mərkəzinin eksperti, iddiaçı və onun ailə üzvləri həmin ünvanda olmuşlar. Ekspertizanın gedişi zamanı X3 ona, arvadına və hadisəni kənardan izləyən qonşulara qarşı nalayiq ifadələr işlətmiş, şəxsən onun şərəf və ləyaqətinə toxunan ifadələr ünvanlamışdır. Bundan başqa Svetlana Hüseynova ekspertiza başlayandan bir qədər sonra onlara səslərinin audio yazısının aparıldığını da demişdir. Halbuki, qanunla bu hal qadağandır. İddiaçı bütün bunların araşdırılması və hüquqi qiymət verilməsi ilə bağlı Svetlana Hüseynovadan xx xxxx 2019cu il tarixdə Bakı şəhəri üzrə Təhsil İdarəsinə şikayət etmişdir. Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx xxxxxxxx 2019-cu il tarixli cavab məktubu iddiaçının ünvanına həmin ilin oktyabr ayında çatdırılmışdır. Həmin məktubda AR Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən Svetlana Hüseynovaya töhmət verildiyi bildirilmişdir. Lakin məlum olmuşdur ki, həmin töhmət Svetlana Hüseynovaya başqa şikayətçinin müraciətinin nəticəsi üzrə, digər məsələlərlə əlaqədar verilmişdir. Belə çıxır ki, müvafiq ekspertiza keçirilməsi zamanı baş vermiş hadisə ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılmamış, barəsində şikayət verilən Svetlana Hüseynova dindirilməmiş, onun ilkin izahatı alınmamış, bununla da qanunvericiliklə məsul olduğu öhdəliklər yerinə yetirilməmişdir. Cavab məktubundan müəyyən etmək olmur ki, nəzərdə tutulan töhmət həmin şəxsə nə vaxt, hansı məsələ ilə bağlı verilmişdir. Göndərilmiş məktub yayındırıcı və formal xarakterlidir. Bakı şəhəri üzrə Təhsil İdarəsinin atdığı addım belə təsəüvvür yaradır ki, qurum həmin məsələni araşdırmaqda maraqlı deyil və belə araşdırmadan imtina edir. AR Təhsil Nazirliyinin təsdiq etdiyi “Müəllimlərin etik davranış Qaydaları”nın 3 və 4-cü bəndlərində qeyd olunur ki, müəllim hər zaman cəmiyyətə fayda verməyə çalışmalıdır. Yalnız peşə fəaliyyətini həyata keçirərkən deyil, bütün hallarda münaqişə və mübahisələrə yol verməməli, problemlərin həllinə, münaqişələrin qarşısını almağa çalışmalıdır. Müəllim şəxsi həyatında milli əxlaq, ictimai davranış normalarına riayət etməlidir. Müəllim vətəndaşlıq borcunu dərk etməli və yerinə yetirməli, cəmiyyət üzvləri ilə münasibətlər qurarkən öz şəxsiyyətini qorumalıdır. Bu işlə bağlı qarşı tərəfin əməlinə hüquqi qiymət verilməsi üçün həm də Bakı Şəhər Baş X8 və Təhqiqat İdarəsində araşdırma aparılır. Göstərilənlərə və «İnzibati icraat haqqında» AR Qanununun 73.2-ci maddəsinə, İPM-in 2.2.3, 35.1-ci maddələrinə əsaslanaraq, X1 hərəkətlərinə dair şikayətin tam, hərtərəfli və obyektiv araşdırılıb nəticəsi üzrə qərar qəbul edilməklə cavablandırılması öhdəliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin üzərinə qoyulması məhkəmədən xahiş olunur. xx.xx.2020-ci il tarixdə iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin təmin olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının iddianın dəqiqləşdirilməsi barədə ərizəsində bildirilmişdir ki, ikinci cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üçüncü şəxsə dəyişdirilməsinə etiraz edilmir. Bakı şəhəri üzrə Təhsil İdarəsinin məhkəməyə təqdim etdiyi F-256 nömrəli “İntizam tənbehi barədə” əmrdən məlum olur ki, barəsində şikayət edilən X2 xx xxx 2019cu il tarixdə X5 və İddiaçı şikayəti əsasında AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət elan edilmişdir. Bu töhmət ona xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə təqdim etdiyi “sübutların təmin edilməsi” barədə ərizəsinin 2-ci abzasının 2-ci cümləsində və 2-ci abzasının sonuncu cümləsində hazırkı iddiaçının ünvanına müvafiq ifadələr yazdığına görə verilmişdir. İddia ərizəsindən göründüyü kimi, hazırkı iddia tələbi başqa vaxt (xx xxxx 2019-cu il tarixdə müvafiq ünvanda keçirilən ekspertiza zamanı) baş vermiş hallarla əlaqəlidir. Lakin cavabdehin təqdim etdiyi əmr sözügedən hadisə ilə bağlı ola bilməz. Çünki, İdarənin hələ baş verməmiş hadisə ilə bağlı ona ünvanlanmamış şikayəti araşdırması və şikayətdəki şəxsə töhmət elan etməsi mümkünsüzdür. Yəni, AR Təhsil Nazirliyinə ünvanlanmış şikayət ərizəsi, tamam fərqli məzmunda, Svetlana Hüseynovanın başqa davranışı ilə bağlı olmuşdur. Beləliklə məlum olur ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinin şikayətə dair ona (iddiaçıya) ünvanlandığı cavab məktubunda nəzərdə tutulan “töhmət” intizam tənbehi Svetlana Hüseynovaya iddiaçının şikayəti üzrə davranışlarından əvvəl verilmişdir. Bütün bu ziddiyyətli məqamlar Svetlana Hüseynova barəsində şikayətin hələ də araşdırılmadığını və Bakı şəhəri üzrə Təhsil İdarəsinin vəzifəli şəxslərinin müraciətlə bağlı düzgün olmayan və yayındırıcı formada məlumat verdiyini sübut edir. Bakı şəhəri üzrə Təhsil İdarəsi dövlət adından və onun səlahiyyətlərinə əsaslanaraq publik hüquq münasibətləri tənzimlədiyindən, iddia ərizəsinə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 2019-cu ilin sentyabr ayının 13-də imzalanan və oktyabr ayında ona çatdırılmış məktubda «İnzibati icraat haqqında» AR Qanununun 73.2ci maddəsində nəzərdə tutulan hüquqi müdafiə vasitələri göstərilmədiyindən, məhkəmədə iddia qaldırmaq üçün nəzərdə tutulan müddət ötürülməmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar çıxarılması xahiş olunur. İşin birinci instansiya icraatı zamanı xx.xx.2020-ci il tarixli məhkəmə iclas protokolundan göründüyü kimi iddiaçının ərizəsi icraata qəbul edilmişdir. Cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi məhkəməyə təqdim olunmuş iddia ilə bağlı yazılı etirazında bildirmişdir ki, AR Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə görə mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən irəli gələn mübahisələr üzrə tərəflərdən heç olmazsa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. İPM-in 2.2-ci maddəsində isə, inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların siyahısı verilir. Həmin siyahıya əsasən də yuxarıda adı çəkilən iddianın inzibati iş olmadığı aşkar olunur. İddiaçının qeyd etdiyi məsələlərə aid faktlar sübuta yetirilmədiyindən, həmçinin işçi – işəgötürən arasında olan məsələyə aid olduğundan Bakı şəhəri üzrə Təhsil İdarəsinin cavab məktubu inzibati akt kimi qəbul olunmamalı, bu səbəbdən iddia ərizəsi əsassız hesab edilməli və cavab verməsi öhdəliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin üzərinə qoyulmamalıdır. Göstərilənləri nəzərə alaraq, İPM-in 47.2-ci maddəsinə və AR Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx xxxxx 2015-ci il tarixli qərarına əsaslanaraq, iddianın mümkün sayılmaması xahiş olunur. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-4287/2020 saylı qərardadı ilə (hakim R.Kərimli) iddia mümkün sayılmamışdır. xx.xx.2020-ci il tarixdə iddiaçı apellyasiya şikayəti verərək, iddia tələbinin mümkün sayılmaqla yenidən baxılması üçün məhkəməyə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, inzibati məhkəmə icraatının aidiyyət dairəsinə yalnız inzibati orqanların aktlarının deyil, ümumiyyətlə inzibati xarakterli bütün hərəkətlərin aid edilməsi məqsədə uyğun olardı. Həmçinin iddiaçı şikayətini Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ünvanlamış qarşı tərəf isə öz səlahiyyəti çərçivəsində Bakı şəhəri üzrə Təhsil İdarəsinə göndərmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi (oğlu) izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılmaqla yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etdi. Cavabdehlər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri sonuncu məhkəmə iclasına gəlməmişlər və gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq hesab etmişdir ki, iddiaçının qaldırdığı məsələ üzrə araşdırma aparılmaqla hər hansı qərarın qəbul olunması «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq inzibati icraat üzrə müraciət əsasında inzibati aktın qəbulu ilə eyniləşdirilməməlidir. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Qeyd olunan normalardan göründüyü kimi inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən irəli gələn və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş inzibati orqanların qəbul etdiyi inzibati aktlara, habelə onların faktiki xarakterli digər hərəkətlərilə bağlı olan iddialara baxılır. Məhkəmə kollegiyası qeyd edir ki, başqa şəxs barəsində onun əmək intizamının pozulması və digər qanuna zidd hərəkətləri ilə əlaqədar hər hansı araşdırma aparılması və nəticəsi üzrə qərarın qəbulu inzibati icraat çərçivəsində baxıla bilməz. Həmçinin iddiaçının Təhsil Nazirliyinə hazırkı tələblə bağlı ümumiyyətlə müraciəti olmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası hesab edir ki, inzibati icraat qaydasında baxılan iddia müvafiq iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandıraraq müvafiq sübutları əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, işin birinci instansiya icraatı zamanı iddiaçı xx.xx.2020-ci il tarixdə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin təmin olunmasına dair qərar çıxarılmasını xahiş etmiş, xx.xx.2020ci il tarixli məhkəmə iclas protokolundan göründüyü kimi iddiaçının “ərizəsi” icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizəsində ikinci cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üçüncü şəxsə dəyişdirilməsinə etiraz etmədiyini bildirsə də, məhkəmədən iddia tələbinin təmin olunmasına dair qərar çıxarılmasını xahiş etmiş, ərizədə dəqiqləşdirilmiş iddia tələbini qeyd etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə təqdim edilmiş ərizədə yalnız bir cavabdehə qarşı irəli sürülmüş dəqiqləşdirilmiş iddia tələbi qeyd olunmadığından, yekun olaraq, iddia tələbinin təmin edilməsi xahiş edildiyindən, həmin ərizə iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" xx xxxxx 2015-ci il tarixli, 5 saylı qərarının 1.1-ci bəndinə əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri olan ilkin şərt onun mümkün olmasıdır, 1.2-ci bəndinə əsasən iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə Azərbaycan Respublikası İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlara və işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına, eləcə də, yuxarıda sadalanan hüquq normalarının tələblərinə və apellyasiya şikayətin dəlillərinə məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-4287/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1908/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1908/2020
10.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver