Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1908/2025 29.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X3 Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1256/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia ərizəsində qeyd edilmişdir ki, o, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N saylı hərbi hissədə xidmətdə olmuş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər çərçivəsində hərbi xidmət keçmiş və döyüşlərdə fəal iştirak etmişdir. Bu onun hərbi biletində də öz əksini tapmışdır. Bu yaxınlarda Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək ona müharibə veteranı adı verilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məktubuna əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi ona müharibə veteranı adı verilməsindən imtina edib. Cavabdeh təşkilatın gəldiyi nəticə isə Müdafiə Nazirinin xx.xx.2021-ci il tarixli müvafiq əmrinə əsasən N saylı hərbi hissə əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında adı olmadığına görə onun müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Lakin Azərbaycan Respublikası Nəqliyyat İdarəsinin 4 saylı Texnoloji Nəqliyyat Departamentinin xx.xx.2022-ci il tarixli 1110/139 saylı arxiv Arayışına əsasən ona **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomaşına təhkim edilərək xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək Nizami rayon hərbi komissarlığının sərəncamına verilməsi qeyd olunmuşdur. Onun döyüşlərdə sürücü kimi iştirak etməyi bu arayışla da təsdiq olunur. Həmçinin onun ezamiyyətdə olduğu vaxtları təsdiq edən ezamiyyət vəsiqə də vardır. Bunlar olan halda onun adı necə ola bilər ki, N saylı hərbi hissə əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında olmasın. Hesab edir ki, cavabdeh təşkilatın ona müharibə veteranı adı verilməsindən imtina etməsi qanunsuz və əsassızdır. Buna görə də onun müharibə veteranı adı verilməsi öhdəliyi cavabdeh təşkilatın üzərinə qoyulmalıdır. Yuxanda qeyd olunan normativ hüquqi aktların mətnindən görünür ki, onun hərbi xidmət keçdiyi dövr ərzində müharibə zonasında xidmət keçən şəxslərə hərbi bilet əsasında müharibə veteranı adı verilir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1256/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1256/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 14 nömrəli əmrdən olan çıxarışda qeyd edilmişdir ki, əsgər İddiaçı ehtiyatdan çağırılmış hərbi vəzifəli olan İddiaçı N nömrəli hərbi hissədə partiya N nömrəli komandaya sürücü vəzifəsinə təyin olunmuşdur. - N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 89 nömrəli əmrdən olan çıxarışdan görünür ki, əsgər İddiaçı xx.xx.2020-ci il tarixdən tərxis edilmiş və qeydiyyata durmaq üçün SHXÇD-nın yerli İdarsinə göndərilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsinin xx.xx.2024-cü il tarixli 3- 25-4/2-3231/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmiş kimi göstərilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024cü il tarixli məktubda qeyd edilmişdir ki, “barənizdə təqdim olunmuş arayış-məlumatın 10-cu bəndində qeyd olunan ərazilərdən (Füzuli, Cəbail, Xocəvənd rayonları) qeyd olunmasına baxmayaraq, həmin ərazilərdə olmağınızı təsdiq edən müvafiq sənədlər təqdim edilməmiş, habelə bu Qərarda təsdiq edilən döyüş təminatının hansı təminat növü üzrə fəaliyyət göstərməyinizə dair məlumatlar təqdim edilmədiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarının tələblərinə uyğun olaraq Sizə “Müharibə Veteranı” adının və vəziqəsinin verilməsi üçün sənədlərinizin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən: Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin: 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, müharibə veteranı adı - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994- cü il mayın 12dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir; “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 420 Qərarı təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 10 və 11ci bəndlərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin halhazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Hazırkı işin hallarından görünür ki, ehtiyatdan çağırılmış hərbi vəzifəli olan İddiaçı N nömrəli hərbi hissədə sürücü vəzifəsinə təyin olunmuş, xx.xx.2020-ci il tarixdən tərxis edilmişdir. İddiaçının olduğu N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında olmamışdır. Göründüyü kimi iddiaçının N nömrəli hərbi hissənin tərkibində, birbaşa döyüş əməliyyatları aparılan ərazilərdə döyüş əməliyyatlarında iştirak etməsi halı işdə olan sübutlar ilə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1256/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1256/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1908/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1908/2025
29.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver