Məhkəmə qərarları › İş №2-1(103)-1909/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1909/2020

03.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1909/2020 03.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Elmira Eyvaz qızı Nağıyeva (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 (Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsinin Hüquqi təminat və təmsilçilik şöbəsinin rəisi ədliyyə polkovniki) iştirakı ilə, İddiaçı (xx.xx.1979-cu il tarixində Laçın rayonunun Pircahan kəndində anadan olmuş, Laçın rayonu, Qayğı qəsəbəsi ünvanında qeydiyyatdadır, faktiki yaşadığı ünvan iddia ərizəsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 15, mənzil 48) cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “iddiaçının xəstəliyə görə ehtiyata buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-5755/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı xx.xx.2020-ci il tarixində cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2013-cü ildə “Hərbi Xidmət Keçmə Haqqında” Əsasnamənin 158-ci maddəsinin “A” bəndinə əsasən ehtiyyata buraxılmağı haqqında əmrin dəyişdirilməsinə və cavabdehin “Hərbi Xidmət Keçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “V” bəndinə (xəstəliyə görə) əsasən ehtiyyata buraxılmağı öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxx 1979- cu il tarixdə Laçın rayonunda doğulmuşdur. O, 1993-cü ildə C.Naxçıvanski adına Hərbi Liseyə qəbul olmuş, 1996-cı ildən 2013-cü ilədək AR Müdafiə Nazirliyinin tərkibində olan 476 və 41N saylı xüsusi təyinatlı hərbi hissələrdə, 877, N və N saylı motoatıcı hərbi hissələrdə xidmət etmiş, mayor rütbəsinə və taborun qərargah rəisi vəzifəsinədək yüksəlmişdir. 2004-cü ildə AR Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001) yubiley medalı, 2008-ci ildə AR Silahlı Qüvvələrinin 90 illiyi yubiley medalı, 2011-ci ildə 3- cü dərəcəli qüsursuz xidmətlərə görə medalı ilə təltif olunmuşdur. Xidmətin 7 ilini düşmənlə təmas şəraitində olan Qazax rayonunun Kəmərli, Aslanbəyli, Qaymaqlı, Abbasbəyli, Fərəhli, Məzəm, Quşçuayrım, Cəfərli, Qızılhacılı kəndlərinin ərazisində keçirmişdir. 2013-cü ilin may ayında AR Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır, 2-ci qrup hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlildir. Silahlı Qüvvələrin Mərkəzi Hərbi Hospitalının verdiyi şəhadətnaməyə əsasən anadangəlmə xəstə olmasına, həqiqi hərbi xidmətə yararsız olmasına baxmayaraq, xəstə ola-ola 21 il həqiqi hərbi xidmət keçmişdir və sonda o, əsassız olaraq Müdafiə nazirinin xx xxxxxx 2013-cü il tarixli əmri ilə (“Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 158-ci maddəsinin “a” bəndinə əsasən) ehtiyata buraxılmışdır. Hesab olunur ki, bu barədə Müdafiə nazirinin müvafiq əmri düzgün olmamışdır. Belə ki, o, xəstə, hərbi xidmətə yararsız olduğu üçün əmr dəyişdirilməli və “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “v” bəndinə uyğun olaraq xəstəliyə görə–hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar, ehtiyata buraxılmalı idi. Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. İlk öncə Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələblərinə əməl edilməlidir. Belə ki, onun hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi geriyə şamil edilərək iddia tələbi təmin edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə, İPM-in 13-cü maddəsinə əsaslanaraq, onun (iddiaçının) AR Nazirlər Kabinetinin xx xxxxxx 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinin “a” yarımbəndinin tələblərinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin səlahiyyətli nümayəndəsinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı münasibətində aşağıdakılar bildirilmişdir: -İddiaçı Rəfail oğlu 1993 – 1996-cı illərdə Hərbi Liseydə, 1996 – 2000-ci illərdə Ali Hərbi Məktəbdə təhsil almış, 2000 – 2013-cü illərdə zabit kimi Azərbaycan Ordusunda hərbi xidmət keçmişdir. İddiaçı Müdafiə nazirinin xx xxxxxx 2013-cü il tarixli 0361 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 158-ci maddəsinin “a” bəndinə (törətdiyi cinayətə görə azadlıqdan məhrum olunduğuna görə) uyğun olaraq hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı həmin əmrin, yəni inzibati aktın qəbul edilməsindən yeddi il sonra onu mübahisələndirmişdir. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qeyd olunanlara əsasən iddiaçı inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük iddia müddətini ötürmüşdür. “İnzibati məhkəmə icratında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunur ki, məhkəmələr mümkünlük şərtlərini yoxlayarkən İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Həmin Qərarın 2.2-ci bəndində göstərilmişdir ki, İPM-in 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İşin araşdırılması prinsipi həm mümkünlük, həm də əsaslılıq hallarına aiddir. Bundan başqa, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 158-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156 – 158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. Məhkəmədən yuxarıda göstərilənlərin nəzərə alınması, hazırkı mübahisə üzrə qanuni və əsaslı qərar qəbul edilməsi xahiş olunur. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-5755/2020 nömrəli qərardadı ilə (R.Kərimli) iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı xx.xx.2020-ci il tarixində apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-5755/2020 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq tərtib edilmişdir. Eyni zamanda apellyasiya şikayətinə ərizə də əlavə edilmişdir, ərizədə iddiaçının həftənin 1-ci və 4-cü günlərində müalicədə olduğu üçün məhkəmə hazırlıq və baxış iclasının həftənin 1-ci və 4cü günlərə təyin edilməməsi, məhkəmə hazırlıq və baxış iclasının onun iştirakı olmadan baxılması xahiş olunmuşdur. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini və apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birgə araşdırıb belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının x xxxxxxx 1997-ci il tarixli 377- İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 156-cı maddəsinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: v) xəstəliyə görə – hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar. Həmin Əsasnamənin 158-ci maddəsinə əsasən törətdikləri cinayətlərə görə məhkum (hərbi rütbəsindən məhrum olunmadan) edilmiş hərbi qulluqçular həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılırlar: a) həqiqi hərbi xidmətdə törətdikləri cinayətə görə azadlıqdan məhrum olunanlar. Azərbaycan Respublikası İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. İş materiallarında olan 1(095)-047/20N saylı, xx.xx.2013-cü il tarixli Gəncə Hərbi Məhkəməsinin hökmü ilə (hakimlər-X.Quliyev, S.Hüseynov, V.Qədirov) İddiaçı Rəfael oğlunun Azərbaycan Respublikası CM-in 342.2-ci maddəsi ilə təqsirli bilinib 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, İddiaçı cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin həbsə alındığı gündən hesablanması, İddiaçı haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin dəyişdirilərək, “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilməsi, onun məhkəmə iclas zalından həbs edilməsi, barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökmün qanuni qüvvəyə minib icraya yönəldilənədək öz qüvvəsində saxlanılması hökm edilmişdir. İş materiallarında olan 1(095)-047/20N saylı, xx.xx.2013-cü il tarixli Gəncə Hərbi Məhkəməsinin göstərişinə (məhkəmənin sədri X.Quliyev tərəfindən imzalanmışdır) əsasən xx.xx.2013-cü il tarixli hökm qanuni qüvvəsini aldığına görə icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 2 №li İstintaq Təcridxanasına göndərilmişdir. İş materiallarında olan N saylı hərbi hissənin xx.xx.2013-cü il tarixli təqdimatına (təqdimat N saylı hərbi hissə komandiri polkovnik-leytenant E.Hacıyev tərəfindən imzalanmışdır) əsasən qeyd edilmişdir ki, mayor İddiaçı Rafael oğlu 1302-ci motoatıcı taborun qərargah rəisi-tabor komandirinin müavini törətdiyi cinayətə görə ehtiyata buraxılması üçün təqdim olunur. İş materiallarında olan 0361 №-li, xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Müdafiə Nazirinin Əmrinə (əmr general-polkovnik Səfər Əbiyev tərəfindən imzalanmışdır) əsasən qeyd edilmişdir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci madddəsinin “a” bəndinə (törətdiyi cinayətə görə azadlıqdan məhrum olunduğu üçün) müvafiq olaraq, N №-li hərbi hissənin 1302-ci motoatıcı taborunun qərargah rəisi-tabor komandirinin müavini mayor İddiaçı Rafael oğlu xx.xx.2013-cü il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilsin. (Döyüş şəraitində ağır nəticələrə səbəb olmaqla, öz xidməti borcuna səhlənkar yanaşmışdır) Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Azərbaycan Respublikası İPM-nin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iddiaçı cəzaçəkmə müəssisəsində olduğu müddətdə pozulmuş hüquqlarının bərpa edilməsi məqsədi ilə məhkəməyə müraciət etmək hüququna malik olsa da, bundan istifadə etməmiş və qanunuvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddianı “iddia müddəti” buraxılmaqla qaldırdığından, iddia mümkün sayılmamalıdır. Eyni zamanda iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 822 №-li, xx.xx.2015-ci il tarixli qərarının surətinə əsasən Bakı şəhəri Xətai RHK tərəfindən 1996-cı ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət vəzifələri yerinə yetirərkən xx.xx.2008-ci il tarixdə aldığı və xx.xx.2008-ci ildə N saylı hərbi hissənin tibb məntəqəsində ambulator müayinə və müalicə olunduğu travma-diqanoz: “Qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi” (vətəndaşın xx.xx.2015-ci il tarixli ərizəsi, 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin iddia ərizəsinin geri qaytarılmasına dair xx.xx.2015-ci il tarixli 2-1(81)-3561/2015 nömrəli qərardadı, Azərbaycan Respublikası SHXÇDX-nin Laçın rayon bölməsinin xx.xx.2015-ci il tarixli 430 saylı göndərişi, xx.xx.2015-ci il tarixli 335 saylı arayışı, N saylı hərbi hissə tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 699 saylı travma haqqında arayış, zədələnmələrin qeydiyyatı kitabından və tibbi kitabçadan çıxarışlar, MN MHHK-nin həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR,HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR” və xx.xx.2013-cü il tarixdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının terapiya profilli hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmə zamanı təyin edilmiş xəstəlik – diaqnoz: “Anadangəlmə ürək qüsuru: qulaqcıqlararası çəpərin defekti, 1 (birinci) funksional sinif ürək çatışmazlığı. Xroniki eroziv qastroduodenit, remissiya mərhələsində” (Silahlı Qüvvələrin Baş Klinik Hospitalın terapiya profilli hərbi-həkim komissiyası tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 2732 saylı xəstəlik haqqında şəhadətnamə ilə təsdiq edilir) , “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” (Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertiza haqqında Əsasnamənin” 7.2. bəndinin c), ç) yarımbəndləri. MN MHHK-nın 752 saylı, xx.xx.2015-ci il tarixli protokolu. X2 Baş İdarəsi rəisinin müavini – Mərkəzi Hərbi Həkim Komissiyasının sədri, Tibb xidməti polkovniki –Elxan İbrahimov tərəfindən imzalanmışdır) Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində və iddia ərizəsində qeyd etdiyi Silahlı Qüvvələrin Mərkəzi Hərbi Hospitalının verdiyi şəhadətnaməyə əsasən anadangəlmə xəstə olması, həqiqi hərbi xidmətə yarasız olmasına baxmayaraq, xəstə olaola 21 il həqiqi hərbi xidmət etməsi ilə bağlı dəlilinə münasibətdə hesab edir ki, göstərilmiş dəlil iddia tələbinin mahiyyəti ilə əlaqədar olduğundan və hazırkı apellyasiya icraatı zamanı iddia tələbinə mahiyyəti üzrə baxılmadığından məhkəmə tərəfindən həmin dəlilə hüquqi qiymət verilməsi prosessual normaların tələblərinə ziddir. Məhkəmə kollegiyası əlavə olaraq, qeyd edir ki, iddia ərizəsindən və apellyasiya şikayətinin mətnindən 7 il əvvəl qəbul edilmiş mübahisələndirilən əmrin iddiaçıya yeni məlum olmasına dair hər hansı istinad mövcud deyildir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlara və işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına, eləcə də, yuxarıda sadalanan hüquq normalarının tələblərinə və apellyasiya şikayətin dəlillərinə məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanunidir, apellyasiya şikayəti əsassızdır, qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-5755/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar