Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1909/2024 23.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “2019-cu ilin noyabr ayından hesablanmaqla aylıq müavinətin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1873/2024 nömrəli, 09 yanvar 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının hərəkətinin qanunsuz hesab edilməsi və istehsalat qəzası nəticəsində peşə əmək qabiliyyətinin 80 faiz itirilməsi ilə əlaqədar olaraq qanunla müəyyən olunmuş aylıq müavinətlərinin 2019-cu ilin noyabr ayından başlayaraq ödənilməsi və davam etdirilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə Qərar qəbul edilməsi xahiş edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci ildə anadan olmuşdur. Əmək fəaliyyətinə başladıqdan sonra uzun illər Bakı şəhəri, Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən “X5” fabrikində işləmişdir. Həmin fabrikdə işlədiyi vaxtlarda, yəni 1989-cu ildə iş vaxtı əmək xəsarəti almış və peşə əmək qabiliyyətini müddətsiz (ömürlük) olaraq 80% itirmişdir. Eyni zamanda ona 2-ci dərəcəli əlillik təyin edilmişdir. Peşə əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar qanunla ona düşən aylıq müavinətləri son illərə kimi yenidən təşkil olunan həmin müəssisə tərəfindən çox çətinliklə qismən də olsa, ödənilmişdir. Belə ki, “X5” fabriki Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 252 saylı Sərəncamına əsasən “X5” X4 Cəmiyyətinə çevrilmişdir. 2019-cu ilin oktaybr ayınadək çox çətinliklə ona aylıq müavinətlər ödənilsə də, 2019-cu ilin noyabr ayından etibarən heç bir müavinət ödənilməmişdir. Aylıq ödənişlərimin uzun müddət ödənilməməsi ilə maraqlandıqda məlum oldu ki, “X5” ATSC 2019-cu ilin noyabr ayından ləğv olunmuşdur. Həmin vaxtdan sonra uzun müddət müavinətin ödənilməsi barədə müxtəlif vaxtlarda, müxtəlif orqanlara etdiyi müraciətlərinin heç bir müsbət nəticəsi olmamışdır. Onlar yalnız Mülki Məcəllənin 1126-cı maddəsinə istinad edərək bildirirlər ki, iddiaçıya düşən aylıq müavinətlər ləğv olunmuş hüquqi şəxsin hüquqi varisi tərəfindən ödənilməlidir. Lakin həmin hüquqi şəxsin hansı hüquqi şəxs olması barədə heç bir məlumat vermirlər. Ona görə də Azərbaycan Respublikasının bu məsələlərlə məşğul olan nazirliyinə - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə müraciət edərək əmək xəsarəti nəticəsində qanunla ona verilməli olan aylıq müavinətin ödənilməsini xahiş etmişdir. Lakin hazırda cavabdeh olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2021-ci il tarixli, 3171h-V-138760/2023 saylı məktubu ilə qanunsuz və əsassız olaraq xahişinin təmin olunmasından imtina etmişdir. Qeyd olunan faktlar ərizəsinə əlavə olunan sənədlərlə də tam təsdiq olunur. Cavabdehin imtina məktubunu rəsmi qaydada poçt vasitəsilə xx.xx.2023-cü il tarixdə almışam. Cavadeh imtinasını belə əsaslandırmışdır: "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş ‘'Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxsləraylıq ödənc üzrə borcların tənzimləməsi Qaydaları"nın 5.1-ci, 5.2-ci və 5.3-cü bəndlərinə uyğun olaraq özəllləşdirilməsi başa çatmayan çatmamış dövlət müəssisələrində, eləcə də idarəetməyə verilən dövlət müəssisələrində istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsionu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 1 oktyabr 2003-cü il tarixindən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsin Nazirliynin yerli orqanları və ya "DOST’' mərkəzləri tərəfindən həyata keçirilir. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1126-cı maddəsinə uyğun olaraq, həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür. Həyata və ya sağlamlığa vurulmuş zərər üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin ləğv olunduğu halda müvafiq ödənişlər zərərçəkənə verilmək üçün qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara uyğun kapitallaşdırılmalıdır. Qanunvericiliklə ödənişlərin kapitallaşdırıla bildiyi başqa hallar da müəyyənləşdirilə bilər. Qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, ona yuxarıda qeyd olunan aylıq müavinətin Fond tərəfindən təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. “İnzibati İcraat haqqında’' Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır”. Belə hesab edilmişdir ki, cavabdehin imtinası tam qanunsuz və əsassızdır. Əmək xəsarəti ilə əlaqədar aldığı xəsarətə görə qanunla ona ödənilməli aylıq müavinət cavabdeh tərəfindən ödənilməlidir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində bir vətəndaş kimi qanunla ona düşən aylıq müavinət almaq hüququ kobud şəkildə pozulur. Belə ki, işlədiyi müəssisə ləğv olunduğu halda onun digər hüquqi varisi yoxdursa, hüquqi varisi dövlət olduğu üçün və sosial müavinətlərin ödənilməsi vəzifəsi isə dövləti təmsil edən cavabdeh tərəfindən həyata keçirildiyindən, ona ödənilməli aylıq müavinətlər də cavabdeh tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının “Sosial təminat hüququ” adlanan 38-cı maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. İddiaçı hesab edir ki, 2019-cu ilin noyabr ayından başlayaraq əmək xəsarəti ilə əlaqədar aylıq müavinətin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda qeyd olunmuşdur ki, iddiaçı iddia ərizəsində 1989-cu ilədək Bakı şəhəri, Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən “X5” fabrikində işlədiyini, 1989-cu ildə iş vaxtı əmək xəsarəti aldığı üçün peşə əmək qabiliyyətinin 80%-ni müddətsiz (ömürlük) olaraq itirdiyini qeyd etmişdir. Eyni zamanda iddiaçıya 2-ci dərəcə əlillik təyin edilmişdir. Peşə əmək qabiliyyətini itirilməsi ilə əlaqədar qanunla ona düşən aylıq müavinətlər son illərə kimi yenidən təşkil olunan həmin müəssisə tərəfindən ödənilmişdir. “X5” fabriki Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 252 nömrəli saylı sərəncamına əsasən “X5” X4 Cəmiyyətinə çevrilmişdir. İddiaçıya 2019-cu ilin oktyabr ayınadək aylıq müavinətlər ödənilsə də, 2019- cu ilin noyabr ayından etibarən ona heç bir müavinət ödənilməmişdir. Eyni zamanda iddiaçı iddia ərizəsində “X5” ATSC-nin 2019-cu ilin noyabr ayında ləğv olunduğunu qeyd etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına əmək xəsarəti ilə əlaqədar olan 8000-9000 manat məbləğində müavinət borclarının ödənilməsinə və davamlı olaraq hər ay həmin müavinətin ödənilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Lakin Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı iddiaçının müraciətinə baxaraq xx.xx.2023-cü il tarixli 3-17-1/2- V-138760/2023 nömrəli məktub ilə aylıq Ödəncin verilməsindən imtina etmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008- ci il tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq Ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının 3-cü bəndinə əsasən dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq Ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına peşə əmək qabiliyyəti itirildikdə - minimum aylıq əməkhaqqının əmək qabiliyyətinin itirilmə faizi məbləğində (33 manatdan az olmayaraq), həlak olduqda minimum aylıq əməkhaqqı məbləğində aylıq müavinət verilir. Sözügedən Qaydaların 5.1-ci maddəsinə əsasən aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyəminmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən “İstehsalat qəzası nəticəsində işçiyə dəyən zərəri ödəmək işəgötürənin vəzifəsidir.” Həmin maddənin 3- cü bəndinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi” haqqında Nazirlər Kabinetinin Qərarının 1.1-ci bəndinin 3-cü abzasına əsasən, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra - təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1126-cı maddəsinə uyğun olaraq, həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür. Həyata və ya sağlamlığa vurulmuş zərər üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin ləğv olunduğu halda müvafiq ödənişlər zərərçəkənə verilmək üçün qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara uyğun kapitallaşdırılmalıdır. Qanunvericiliklə ödənişlərin kapitallaşdırıla bildiyi başqa hallar da müəyyənləşdirilə bilər. Yuxarıda qeyd olunan qanunvericliyin tələblərindən də göründüyü kimi, sözügedən ödənclərin verilməsi qanunvericiliklə Dövlət Sosial Müdafiə Fondunun deyil, işəgötürənlərin vəzifəsi kimi müəyyən olunmuşdur. İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi, 2019-cu ilin noyabr ayından aylıq müavinətin ödənilməsi və davam etdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1873/2024 nömrəli, 09 yanvar 2024-cü il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normasının tələblərini pozaraq sadəcə formal əsaslarla kifayətlənmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır. Belə ki, yuxarıda qeyd olunan Qaydalarda konkret olaraq göstərilmişdir ki, dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövrdə sözügedən aylıq ödənclər əvəzinə aylıq müavinətin inzibati orqan tərəfindən həyata keçirilir. Digər hallarda isə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən “Sosial müavinətlər haqqında” Qanunun 4 cü maddəsində nəzərdə tutulan aylıq müavinətlərin həyata keçirilir. Sözügedən aylıq ödənc əvəzinə ödənilən aylıq müavinət isə qeyd olunan maddədə nəzərdə tutulmamışdır. Odur ki, qeyd olunanları həmçinin qanunvericiliyin tələblərini nəzərə alaraq bildirirlər ki, inzibati orqanın belə bir səlahiyətinin olmamasına baxmayaraq birinci instansiya məhkəməsi qanunsuz olaraq 2019-cu ilin noyabr ayından sözügedən aylıq ödənc əvəzinə aylıq müavinətin ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza, apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinə əsasən: Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydaları ilə istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının əvəzinə aylıq müavinətin verilməsi qaydasını tənzimləyir. Həmin Qaydaların: -3.1-ci bəndinə əsasən bu Qaydaların İİ bölməsində nəzərdə tutulan dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aşağıdakı məbləğlərdə aylıq müavinət verilir: 3.1.1. peşə əmək qabiliyyəti itirildikdə – minimum aylıq əməkhaqqının əmək qabiliyyətinin itirilmə faizi məbləğində (33 manatdan az olmayaraq); -5.1-ci bəndinə əsasən aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.1-ci bəndinə əsasən sosial müavinətlər dedikdə bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti başa düşülür. -4.0.1-ci bəndinə əsasən aylıq müavinətlər aşağıdakılardır: 4.0.1.1. dövlət qulluqçularına ömürlük müavinət; 4.0.1.2. yaşa görə müavinət; 4.0.1.3. əlilliyə görə müavinət; 4.0.1.5. ailə başçısını itirməyə görə müavinət; 4.0.1.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət; 4.0.1.7. 3 yaşınadək uşağa qulluğa görə müavinət; 4.0.1.8. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət; 4.0.1.9. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət; 4.0.1.10. 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət; 4.0.1.12. vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən ödənilən müavinət; 4.0.1.13. beşdən çox uşağı olan qadınlara müavinət; 4.0.1.14. övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət; 4.0.1.15. himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: -239-cu maddəsinin 1-ci bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Həmin maddənin 2-ci bəndinə əsasən işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Həmin maddənin 3-cü bəndinə əsasən İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Həmin maddənin 4-cü bəndinə əsasən istehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. Həmin maddənin 5-ci bəndinə əsasən bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi” haqqında Nazirlər Kabinetinin Qərarının: -1.1-ci bəndinə əsasən, İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -1126.1-ci maddəsinə əsasən həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür. -1126.2-ci maddəsinə əsasən həyata və ya sağlamlığa vurulmuş zərər üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin ləğv olunduğu halda müvafiq ödənişlər zərərçəkənə verilmək üçün qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara uyğun kapitallaşdırılmalıdır. Qanunvericiliklə ödənişlərin kapitallaşdırıla bildiyi başqa hallar da müəyyənləşdirilə bilər. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İşin hallarından görünür ki, iddiaçı 1989-cu ilədək Bakı şəhəri, Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən “X5” fabrikində işləmişdir, 1989-cu ildə iş vaxtı əmək xəsarəti aldığı üçün peşə əmək qabiliyyətinin 80%-ni müddətsiz (ömürlük) olaraq itirmiş və ona 2-ci dərəcə əlillik təyin edilmişdir. Peşə əmək qabiliyyətini itirilməsi ilə əlaqədar qanunla ona düşən aylıq müavinətlər son illərə kimi yenidən təşkil olunan həmin müəssisə tərəfindən ödənilmiş, “X5” fabriki Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsinin xx.xx.1998ci il tarixli, 252 nömrəli saylı sərəncamına əsasən “X5” X4 Cəmiyyətinə çevrilmişdir. İddiaçıya 2019-cu ilin oktyabr ayınadək aylıq müavinətlər ödənilsə də, 2019-cu ilin noyabr ayından etibarən ona heç bir müavinət ödənilməmişdir. Belə ki, “X5” ATSC 2019-cu ilin noyabr ayında ləğv olunmuş, hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. İddiaçı cavabdeh inzibati orqana əmək xəsarəti ilə əlaqədar olan 8000-9000 manat məbləğində müavinət borclarının ödənilməsi və davamlı olaraq hər ay həmin müavinətin ödənilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqan imtinasında, iddia tələbinə etirazında və apellyasiya şikayətində o hala istinad etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq Ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarında konkret olaraq göstərilmişdir ki, dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövrdə sözügedən aylıq ödənclər əvəzinə aylıq müavinətin inzibati orqan tərəfindən həyata keçirilir. Digər hallarda isə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən “Sosial müavinətlər haqqında” Qanunun 4-cü maddəsində nəzərdə tutulan aylıq müavinətlərin həyata keçirilir. Sözügedən aylıq ödənc əvəzinə ödənilən aylıq müavinət isə qeyd olunan maddədə nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq olunmuş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları”nın 3.11-ci bəndinə əsasən zərər dəyməsində təqsirkar olan müəssisənin ləğv olunduğu halda, qanunvericiliklə müəyyənləşdirilmiş qaydada zərərçəkənə zərərin əvəzi ödənilir. Həmin Qaydaların 3.12-ci bəndinə əsasən zərərin ödənilməsi ilə əlaqədar tərəflər arasında yaranan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həll edilir. Həmin Qaydaların xx.xx.2010-cu il tarixinə qədər qüvvədə olmuş 3.7-ci və 3.8- ci bəndlərinə əsasən Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödənc alan qaçqın statuslu zərərçəkənlərin zərərə görə ödənclərinin miqdarının hesablanmasında götürülən orta aylıq əmək haqqı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən respublika üzrə həmin zərərçəkənlərin işləmiş olduqları müvafiq sahələr üzrə mövcud orta aylıq əmək haqqı hesabından müəyyən edilir və hər ilin birinci rübündə keçən ilin orta əmək haqqı əsasında yenidən hesablanaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Ləğv edilmiş təqsirkar kolxoz və sovxozların hüquqi varisi olmadıqda, zərərçəkənlərə və yaxud zərərin əvəzini almaq hüququna malik olan şəxslərə zərərə görə xərclər bu qərar qüvvəyə mindiyi tarixdən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Dövlət mülkiyyətində saxlanılan kolxoz və sovxozların siyahısı rübdə bir dəfə Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilir. Yuxarıda istinad olunan normaların məzmunundan və onların müddəalarının təhlilindən göründüyü kimi, istehsalatda baş vermiş bədbəxt hadisə zamanı xəsarət almış işçilərə ödənclərin ödənilməsinə məsul olan və cavabdehlik daşıyan subyektlərin dairəsi və bununla bağlı hüquqi varislik məsələsi tam şəkildə tənzimlənməmişdir. Hazırkı mübahisəyə münasibətdə işəgötürən müəssisənin hüquqi şəxs kimi ləğv edildiyi nəzərə alındıqda, həmin müəssisənin xəsarət almış işçilərinə ödənilməli olan ödənclərin kim tərəfindən ödənilməsi məsələsi həllini tapmamışdır. Lakin istinad edilən Qaydaların 3.7 və 3.8-ci bəndlərinin 19 mart 2010-cu il tarixədək qüvvədə olmuş redaksiyalarında oxşar münasibətlər üzrə ödənclərin ödənilməsinin üsulu və qaydası tənzimlənirdi. Həmin normalara əsasən, ləğv edilmiş təqsirkar kolxoz və sovxozların hüquqi varisi olmadıqda, zərərçəkənlərə və yaxud zərərin əvəzini almaq hüququna malik olan şəxslərə zərərə görə xərclər bu qərar qüvvəyə mindiyi tarixdən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istehsalat qəzası aldığı hüquqi şəxsin varisi “X5” Açıq Səhmdar Cəmiyyəti xx.xx.2019-cu il tarixdə ləğv edilərək hüquqi şəxslərin dövlət reyestrindən çıxarıldığından aylıq ödənc əvəzinə aylıq müavinət hüquqi şəxs ləğv olunduğundan zərərçəkənə verilmək üçün qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara uyğun kapitallaşdırılmalıdır. Həmin qaydaların kapitallaşdırılmasına dair qaydaların təfsilatlı şəkildə tənzimlənməməsi iddiaçının qanunvericiliklə təsbit olunmuş hüququnu (aylıq ödənc əvəzinə aylıq müavinətin ödənilməsi) istisna etmir. Oxşar iş üzrə Ali Məhkəmənin 2-1(102)-1530/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında da mövqe bu cür əsaslandırılaraq qeyd edilmişdir ki:
54. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, mübahisə predmeti ilə bağlı məsələnin natamam tənzimlənməsi iddiaçının ziyanına təfsir oluna və onun əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödəncin ödənilməsinə olan hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz. Nəzərə alınmalıdır ki, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçi və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvləri və himayəsində olan digər şəxslər sosial həssas qrupa aiddir və hüquqi tənzimləmənin natamamlığı həmin kateqoriyadan olan şəxslərin əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən onlara təyin olunmuş və ödənilmiş ödənclərdən məhrum edilməsinə səbəb ola bilməz.
55. Bundan əlavə, bu məsələnin həlli zamanı həm də bərabər yanaşma prinsipi, layiqli həyat səviyyəsinin təmin olunması və sosial həssas qrupa aid olan şəxslərin sosial təminatı ilə bağlı dövlətin məsuliyyəti kimi konstitusion hüquqi dəyərlər də nəzərə alınmalıdır. Belə ki, Konstitusiyanın 12-ci maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 25-ci maddəsinin 5-ci hissəsinə görə, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1873/2024 nömrəli, 09 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Mehriban Qarayeva