Məhkəmə qərarları › İş №2-1(103)-1909/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1909/2025

22.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-1909/2025 22.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: müharibə veteranı” statusu (adı) və vəsiqəsinin verilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Talışınski Fuad Şəmsəddin oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” statusu (adı) və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı 1992-ci ilin sentyabr-oktyabr-noyabr aylarında, İ (Birinci) Qarabağ Müharibəsi dövründə Azərbaycan Silahlı Qüvvələrində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşdüyü və sonuncu dəfə Laçın rayonu, Fingə kəndi istiqamətində vuruşaraq kontuziya aldığı üçün ona “müharibə veteranı” statusu (adı) və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1989-cu il tarixdən ##.##.1991-ci il tarixədək keçmiş SSRİ-nin Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Daha sonra İ (birinci) Qarabağ müharibəsi dövründə ##.##.1992-ci il tarixdən ##.##.1993-cü il tarixədək Azərbaycan Silahlı Qüvvələrinin N nömrəli hərbi hissəsində hərbi xidmət keçmişdir. ##.##.2008-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsində qeydiyyatdadır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri üzrə Xətai Rayon İdarəsinin ##.##.2021-ci il tarixli, *** saylı arayışında qeyd olunmuşdur ki, ##.##.1971-ci il təvəllüdlü İddiaçı həqiqətən ##.##.1989-cu il tarixdən ##.##.1991-ci il tarixədək keçmiş SSRİ-nin Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. ##.##.1992-ci il tarixdən ##.##.1993-cü il tarixədək Azərbaycan Silahlı Qüvvələrinin N nömrəli hərbi hissəsində hərbi xidmət keçmişdir. ##.##.2008-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsində hərbi qeydiyyatdadır. İ Qarabağ Müharibəsi dövründə Azərbaycan Silahlı Qüvvələrində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşmüşdür. Sonuncu dəfə Laçın rayonu, Fingə kəndi istiqamətində döyüşmüş və kontuziya almışdır. Erməni işğalçılarına qarşı Qarabağ uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, lakin hazırki vaxta qədər Qarabağ müharibəsinin veteranı kimi tanınmamışdır. Hazırda İ qrup əlildir, böyrəkləri işləmir, dializ xəstəsidir. “Müharibə veteranı” statusu almaq üçün arxiv arayışı tələb olunduğu üçün Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsinə müraciət etmişdir. ##.##.2023- cü il tarixdə Cavabdeh Mərkəzi Arxivi rəsmi məktubla cavab verilmişdir ki, “N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün xidməti barədə araşdırma aparmaq mümkün deyil” Göründüyü kimi, arxiv arayışının verilməməsi iddiaçının təqsiri deyil. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Cavabdeh tərəfindən məhkəməyə etiraz təqdim edilmişdir.

4. Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

5. Qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

6. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmışdır. MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI:

7. Məhkəmə iclasında iştirak edən iddiaçının İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

8. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmişdir.

9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR

10. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinin ##.##.2021-ci il tarixli, *** nömrəli arayışına əsasən, ##.##.1971-ci il təvəllüdlü İddiaçı həqiqətən ##.##.1989-cu il tarixdən ##.##.1991-ci il tarixədək keçmiş SSRInin Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. ##.##.1992-ci il tarixdən ##.##.1993cü il tarixədək Azərbaycan Silahlı Qüvvələrinin N nömrəli hərbi hissəsində hərbi xidmət keçmişdir. ##.##.2008-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsində hərbi qeydiyyatdadır.

11. “X1” publik hüquqi şəxs tərəfindən verilmiş ## ##### 2024-cü il tarixli arayışından müəyyən olunur ki, 1971-ci il təvəllüdlü İddiaçı ##.##.2007-ci il tarixdən hal-hazıradək “planlı şəkildə proqramlı hemodializ müalicə seansları qəbul edir”.

12. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tarixsiz və nömrəsiz arayışında qeyd edilmişdir ki, İddiaçı birinci dərəcəli əlildir.

13. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin iddiaçıya ünvanlandığı ##.##.2023-cü il tarixli, *** nömrəli məktubuna əsasən bildirilmişdir ki, N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün xidməti barədə araşdırma aparıla bilmir.

14. Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyinin ##.##.2023-cü il tarixli, */*-***** nömrəli iddiaçıya ünvanlandığı məktubunda qeyd etmişdir ki, iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın ##.##.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir; döyüş əməliyyatları aparılan dövrdə N nömrəli hərbi hissənin sənədləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən daxil olmadığı üçün döyüş əməliyyatlarında iştirakı olmadığına və qanuni əsaslarla ehtiyata buraxılmadığına görə müraciətindən imtina edilmişdir.

15. X2 notarial qaydada təsdiq edilmiş ************* nömrəli, ##.##.2024-cü il tarixli ərizəsində qeyd etmişdir ki, İ Qarabağ Müharibəsi dövründə Azərbaycan Silahlı Qüvvələrində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşərkən xəsarət almış və mühasirəyə düşmüş, İddiaçı mühasirədən çıxarmış, çiynində daşımışdır; o, sonuncu dəfə Laçın rayonu, Fingə kəndi istiqamətində döyüşmüş və kontuziya almışdır.

16. İddiaçı əlavə olaraq məhkəməyə ona məxsus H3 seriyalı ******* nömrəli hərbi biletini təqdim etmişdir.

17. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami Rayon İdarəsi tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli məktubla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsində qeydiyyatda olan 1971-ci il təvəllüdlü İddiaçı qeydiyyat kartasının təsdiq olunmuş kserosurəti məhkəməyə göndərilmişdir.

18. Apellyasiya baxışı zamanı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli məktubla İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti məhkəməyə təqdim olunmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

19. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

20. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

21. İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir.

22. Hərbi qanunvericiliyə görə hərbi xidmətin həqiqi hərbi xidmət və ehtiyatda xidmət növləri vardır. Hər hansı şəxs həqiqi hərbi xidmətə könüllü daxil olma, çağırış və ya səfərbərlik üzrə qəbul oluna bilər. Hərbi xidmətin keçməsi yalnız hərbi hissələrin və ya hərbiləşdirilmiş qurumların tərkibində (siyahıya daxil olmaq şərti ilə) mümkündür.

23. Məhkəmə kollegiyası «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa 3- cü maddəsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1- ci hissəsini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Zülfüqar Muxtar oğlu İsmayılovun şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ##.##.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ##.##.2007-ci il tarixli Qərarını nəzərə alaraq qeyd edir ki, işin faktiki hallarına əsasən iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakı və qanunauyğun şəkildə hərbi xidmətdən tərxis olunması iş materialları ilə sübuta yetirilmir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərin getdiyi müddətdə iddiaçının hərbi xidmətdə olması onun müharibə veteranı olmasına dəlalət etmir.

24. Məhkəmə kollegiyası hesab edir ki, qüvvədə olan veteranlar haqqında qanunvericiliyin imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir və hərbi xidmət keçmək də şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılması başa düşülür. Göründüyü kimi, şəxsə «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: 1) şəxsin hərbi xidmət keçməsi və 2) bunun müvafiq sənədlərdə əks edilməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması nəzərdə tutulur.

25. Hərbi xidmət keçmənin müvafiq sənədlərdə əks edilməsi dedikdə isə hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da başa düşülür.

26. İddiaçının hər hansı digər hərbi hissədə sonrakı xidməti, hərbi xidmətdən ehtiyata buraxılması arxiv arayışı və nizami hissə üzrə əmrlərlə təsdiq edilmir.

27. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməli olduğundan, lakin iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi mötəbər sübutlarla təsdiq edilmədiyindən, nizami hissə üzrə əmrlərdə onun xidməti barədə məlumat olmadığından, iddiaçının belə bir mötəbər sübut kimi istinad etdiyi hərbi biletdə əks olunan məlumatlar AR Müdafiə Nazirliyinin Mərkəzi arxivinin və xidmət etdiyini irəli sürdüyü hallar hərbi hissənin sair rəsmi aktları ilə dəstəklənmədiyindən, iddia sübüta yetirilmiş sayıla bilməz.

28. Məhkəmə araşdırması ilə iddiaçının ona müharibə veteranı statusunun verilməsini konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır .

29. Beləliklə, yuxarıda da qeyd edildiyi kimi hazırkı mübahisələndirilən inzibati aktlar iddiaçı üçün əliverişsiz inzibati aktlar olsa da qanuni və əsaslıdır.

30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya şikayətlərində irəli sürülən dəlillər, iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırmasını təşkil edirdi və birinci instansiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Baxılan iş üzrə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 33.Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. 34.Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 35.Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar