Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-191/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “pensiya növünün dəyişdirilməsi, ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi, əlilliyə görə pensiyanın dayandırıldığı müddətin nəzərə alınaraq həmin tarixdən ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədovdan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “pensiya növünün dəyişdirilməsi, ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi, əlilliyə görə pensiyanın dayandırıldığı müddətin nəzərə alınaraq həmin tarixdən ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5107/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, 1988-ci ildə, yəni 10 yaşı olan vaxt meydançada hündürlükdən yıxıldığı vaxtdan başından zədə almış, bundan sonra isə sağlamlığında bir sıra problemlər yaranmışdır. Baş ağrıları, baş hərlənməsi, ürək sancıları, tutmaları ilə huşun itməsi, yaddaş zəifliyi, qıcolmalar, dilin qatlanması halları yaranmış, həkimə müraciət etdikdən sonra isə epilepsiya diaqnozu qoyulmuş və ona əlillik verilmişdir. Hal-hazırda 42 yaşı vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsi tərəfindən xx xxxxxx 2005-ci il tarixdə verilmiş 123917 nömrəli arayışdan da göründüyü kimi, ikinci qrup əlildir. Buna görə də heç bir yerdə işləmir. Həmin arayışdan da göründüyü kimi, əlilliyin səbəbi kimi “uşaqlıqdan” yazılmışdır. Hətta orta məktəbi də qıcolmalar səbəbindən özündən getdiyindən bitirə bilməmiş, buna görə də şəhadətnamə ala bilməmişdir. Əlilliyə görə 130 manat məbləğində pensiya alırdı. Bu isə nə öz tələbatlarını, nə də ailə tələbatlarını ödəməyə imkan vermir. Belə ki, iki övladı var. Onlardan biri 7, digəri isə 10 yaşındadır. Həyat yoldaşı isə uşaqlara və ona qulluq etdiyindən işləmir. İİ qrup əlilliyə görə aylıq 130 manat pensiya alsa da, 4 nəfər ailə üzvü üçün bu məbləğ çox azdır. Belə ki, bir nəfər üçün nəzərdə tutulan istehlak səbətindən aşağıdır. Əvvəllər atası X3 ona, ailəsinə yardım etsə də, ondan daimi və əsas vəsait mənbəyi kimi kömək alsa da, onun vəfatından sonra vəziyyəti daha da çətinləşmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı atası qrafasında X1 adı yazılmışdır. Ölüm haqqında şəhadətnaməyə əsasən X3 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Ona ikinci dərəcəli əlil olması ilə bağlı DSMF-nun Suraxanı rayon şöbəsi tərəfindən xx xxxxxx 2005-ci il tarixdə 099767 saylı vəsiqə də verilmişdir. Ailə başçısını itirməyə görə pensiya təyin olunması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********0 saylı xx.xx.2020-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş şəxslərin 18 yaşına çatmamış,18 yaşınba çatanadək sağlamlıq omkanlarının məhdudluğu müəyyən olunmş 18 yaşından yuxarı əlil və təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan 23 yaşınadək övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. xx xxxxxx 1978-ci il təvəllüdlü olmaqla 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş şəxslər kateqoriyasına aid olmadığından, ailə başçısını itirməyə görə əmək pensiya hüququnun yaranmadığı bildirilmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, atası Ağaəmi Ağayev xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Atası 390 manat məbləğində pensiya alırdı. O, yaşa görə əmək pensiyası aldığından hesab edir ki, atasının pensiyası ona köçürülməlidir. Belə ki, o, əlilliyə səbəb olan xəstəliyi uşaq vaxtı almışdır, qeyd edilən hal təqdim etdiyi sənədlərdən də görünür. Bununla bağlı cavabdehə müraciət etsə də, xx.xx.2020-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, xx xxxxxx 1978-ci il təvəllüdlü olmaqla 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş şəxslər kateqoriyasına aid olmadığından, ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranmamışdır. Atası vəfat edən tarixdən sonra ilk ay əlilliyə görə əmək pensiyası alsa da, sosial müdafiə qurumlarına yaxınlaşdıqdan sonra ona atasının pensiyasının keçiriləcəyi bildirilmiş, o da buna dair ərizə imzalamışdır. Belə ki, həmin vaxtdan əlilliyə dair müavinəti də almır. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 14-cü maddəsinə əsasən vəfat etmiş və ya 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. İddiaçıya əlillik ilkin olaraq xx.xx.2005-ci il tarixdə təyin edilmişdir. Həmin taixdə iddiaçının yaşı 18-dən çox (26 yaş) olmuşdur. Lakin yuxarıda qeyd edilmiş maddənin tələbinə əsasən iddiaçının ailə başçısını itirməyə görə pensiya alması üçün 18 yaşına çatanadək onun sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməli idi. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5107/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5107/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, ona əlillik 18 yaşa çatdıqdan sonra verilsə də, əlilliyin “uşaqlıqdan” olması səlahiyyətli orqan tərəfindən təsdiq edilmişdir. Məhkəmə tərəfindən ona İİ dərəcə əlillik təyin edilməsi üçün əsaslar nəzərə alınmamış və cavabdeh orqanın imtinasının əsassız olması müəyyən edilməmişdir. Ona əlillik dərəcəsi 2005-ci ildə təyin edilsə də, onun həmin tarixdən daha əvvəl sağlamlıq imkanı məhdudluğunu təsdiq edən sənədlərdən biri hərbi xidmətə yararsız olması ilə bağlı 61 nömrəli vəsiqədir. Həmin vəsiqəyə əsasən o, xx.xx.2004-cü ildə Suraxanı rayon Hərbi Komissarlığının çağırış komissiyasının rəyinə əsasən hərbi qeydiyyatdan silinməklə hərbi xidmətə yararsız hesab edilmişdir. Həmin vəsiqə məhkəməyə təqdim edilsə də, məhkəmə tərəfindən ona düzgün hüquqi qiymət verilməmiş, işin bütün faktiki halları araşdırılmamış və onun sosial təminat hüququnun pozulması ilə qanunsuz və əsassız qərar qəbul edilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini qəbul etməyərək və bu barədə yazılı etiraz təqdim edərək izahatında bildirmişdi ki, “Əmək pensiyaları haqqında” Qanunun 14-cü maddəsinə əsasən vəfat etmiş və ya 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. İddiaçıya əlillik ilkin olaraq xx.xx.2005-ci il tarixdə təyin edilmişdir. Həmn taixdə iddiaçının yaşı 18-dən çox (26 yaş) olmuşdur. Lakin yuxarıda qeyd edilmiş maddənin tələbinə əsasən iddiaçının ailə başçısını itirməyə görə pensiya alması üçün 18 yaşına çatanadək onun sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməli idi. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş şikayətə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili X4 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı tələbi “pensiya növünün dəyişdirilməsi, ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi, əlilliyə görə pensiyanın dayandırıldığı müddətin nəzərə alınaraq həmin tarixdən ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi” barədə olmuşdur. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının ikinci dərəcəli əlil olmasına, əlilliyin səbəbinin “uşaqlıqdan” yazıldığı müəyyən edilsə də, ona əlilliyin ilkin olaraq xx xxxxxx 2005-ci il tarixdən, yəni 18 yaşına çatanadək deyil, 18 yaşından sonra təyin edilməsinə, 18 yaşından yuxarı əlilliyi olan şəxs kateqoriyasına daxil olmamasına və həmin əsasla ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilə bilməməsinə əsaslanaraq iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə iddiaçının iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İşdən görünür ki, iddiaçı 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil olmasına (Qanunun 14.1.1.2-ci maddəsinə) istinad edərək ona ailə başçısını itirməyə görə pensiya təyin edilməsini xahiş edir. “Əmək pensiyaları haqqında” Qanunun 3.1-cı maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən əmək pensiyasının yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası növləri vardır. Hazırki işə birinci instansiya qaydasında baxılarkən “Əmək pensiyaları haqqında” Qanunun qüvvədə olan 14.1-ci maddəsinə görə vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək. Sonradan Qanunun həmin maddəsinə xx.xx.2020-ci ildə dəyişiklik olunaraq, 14.1-ci maddədən “öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan)” sözləri çıxarılmışdır. Qeyd olunan maddənin hər iki redaksiyasında qanunverici vəfat etmiş şəxslərin o övladlarının ailə başçısını itirməyə görə pensiya almaq hüququnu müəyyən etmişdir ki, onlar ya 18 yaşına çatmamış olmalıdırlar, ya 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil olmalıdırlar, yaxud da təhsil müəssisələrinin əyani şöbəsində təhsil almaqla, 23 yaşına çatmamalıdırlar. Həmin maddənin yeni redaksiyasına əsasən “öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan)” sözlərinin çıxarılması isə iddiaçıya münasibətdə onun vəfat etmiş atasının sağlığında tam təminatında və atasının öhdəsində olmasını sübut etmək vəzifəsindən azad etmişdir. Cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtina etməsinin səbəbləri iddiaçının 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş şəxslər kateqoriyasına aid olmaması ilə bağlı olmuşdur. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 2 nömrəli Əlavəsinin 2.6.5-ci bəndində qeyd edilir ki, ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün vəfat etmiş şəxsin 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı övladının əlil, ərinin (arvadının) İ və ya İİ qrup əlil olması, barədə tibbi-sosial ekspert komissiyasının qərarı təqdim edilməlidir. Suraxanı rayon 3 nömrəli Zona Tibbi-Sosial Ekspert Komissiyasının verdiyi arayışdan görünür ki, İlham Ağayev İİ dərəcəli əlildir və əlilliyin səbəbi kimi “uşaqlıqdan” göstərilmişdir. X7 məlumata əsasən İddiaçı ikinci dərəcəli əlillik ilkin olaraq xx xxxxxx 2005-ci il tarixdə təyin edilmişdir. Əlilliyin meyarı olaraq epilepsiya tez-tez təkrarlanan (ayda 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərə çarpan dərəcədə dəyişməsi göstərilmişdir. Birinci instansiya məhkəməsi işdə olan X7 məlumata görə İddiaçı ilkin olaraq xx.xx.2005-ci il tarixdə ikinci dərəcəli əlilliyin təyin edildiyinə əsaslanaraq hesab etmişdir ki, əlilliyin səbəbi “uşaqlıqdan” müəyyən edilsə də, həmin əlilliyin iddiaçıya ilkin olaraq xx.xx.2005-ci il tarixdə, yəni 18 yaşına çatanadək deyil, 18 yaşından sonra təyin edildiyi üçün o, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs kateqoriyasına daxil deyil və buna görə ona həmin əsasla ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilə bilməz. Həmin mövqe ilə məhkəmə kollegiyası razılaşmayaraq qeyd edir ki, işdə olan Suraxanı rayon 3 nömrəli Zona Tibbi-Sosial Ekspert Komissiyasının verdiyi arayışda İlham Ağayevin İİ dərəcəli əlilliyinin səbəbinin “uşaqlıqdan” göstərilməsi ilə iddiaçının 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu faktı təsdiq olunur. Cavabdeh tərəf isə iddiaçının 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmaması ilə bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya baxışı zamanı iddiaçının atası X1 pensiya işi tələb edilmiş, cavabdeh tərəfindən bu barədə X8 çıxarış təqdim olunmuşdur. Həmin çıxarış nəzərdən keçirilərkən müəyyən olundu ki, iddiaçının atası X3 yaşa görə əmək pensiyası almış və onun vəfat etməsi ilə bağlı pensiyanın sonuncu ödənişi xx.xx.2020-ci ildə aparılaraq onun verilməsi xx.xx.2020-ci ildən dayandırılmışdır. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddiaçı 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil olduğundan, atası vəfat edərkən əmək pensiyaçısı olduğundan onun vəfat etmiş ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ vardır. Belə olan halda iddiaçının atasının aldığı pensiyanın sonuncu dəfə xx.xx.2020-ci il tarixdə verildiyini və xx.xx.2020-ci il tarixdən həmin pensiyanın verilməsinin dayandırıldığı nəzərə alınmaqla, iddiaçıya ailə başçısını itirməyə görə xx.xx.2020-ci il tarixdən əmək pensiyası təyin etmək vəzifəsi cavabdeh inzibati orqana həvalə olunmalıdır. İddiaçının “pensiya növünün dəyişdirilməsi və ona ailə başçısını itirməyə görə əmək pensiyasının əlilliyə görə pensiyanın dayandırıldığı tarixdən təyin edilməsi” barədə tələblərinə münasibətdə qeyd olunmalıdır ki, iş materiallarından da müəyyən olunur ki, İddiaçı əlilliyə görə pensiya təyin edilməmiş, o, əlilliyi ilə bağlı müavinət almışdır. Buna görə də əlilliyə görə pensiya təyin edilməyən şəxsin onun pensiyasının digər növə- ailə başçısını itirməyə görə pensiya növünə dəyişdirilməsi qanunvericiliyin tələbləri baxımından qeyri-mümkündür. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 5.1-ci və 5.3-cü maddələrinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Odur ki, iddiaçının ailə başçısını itirməyə görə pensiya almaq hüququ atasının vəfat etdiyi xx xxxxxx 2020-ci il tarixdən sonra yarandığı halda, atasına təyin edilmiş pensiyanın sonuncu dəfə nə vaxt alındığı tarix (xx.xx.2020-ci il) və bu pensiyanın verilməsinin dayandırıldığı (xx.xx.2020-ci il) tarix nəzərə alınmaqla məhz bu tarixdən sonra iddiaçının həmin pensiyanı tələb etmək hüququ vardır. Bu baxımdan iddiaçının “pensiya növünün dəyişdirilməsi və ona ailə başçısını itirməyə görə əmək pensiyasının əlilliyə görə pensiyanın dayandırıldığı tarixdən təyin edilməsi” barədə tələbləri əsassız olduğu üçün təmin edilməməlidir. Qeyd olunanlarla bağlı birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin rədd edilməsi qənaətinə gələrkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, buna görə də iddiaçı apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5107/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilməli və iddia qismən təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5107/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İddia qismən təmin edilsin. İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının xx.xx.2020-ci il tarixdən təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulsun. İddia qalan hissələrdə təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Vidadi Həsənov Namiq Cəfərov
Məhkəmə qərarları › İş №2-1(103)-191/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-191/2021
24.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver