Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-191/2022 18.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X9 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “müharibə əlili kimi mənzil növbəsinə qəbul olunmaq” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2-1(112)-2023/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş və yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi uçota alınmağı və müvafiq siyahının Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinə göndərilməsi barədə sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun 2-ci dərəcəli müharibə əlili kimi mənzil növbəsinə qəbul edilməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir . İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 26.12.2019-cu il tarixdən ünvan 1 ünvanında pasport qeydiyyatındadır. 08.06.1992-ci ildən 28.10.1992-ci ilədək AR Silahlı Qüvvələrində əsgər kimi hərbi xidmətdə olmuş, 16.06.1992-ci il tarixdə döyüş vaxtı yaralanaraq travma almış. (Qapalı kəllə beyin travması, Baş beyin silkələnməsi, Kontuziya diaqnozu). Aldığı travma nəticəsində sağlamlığını itirmiş və 30.08.2019-cu il tarixdə ona 5 illik müddətə 2-ci dərəcəli əlillik qrupu təyin edilmişdir. (Əlilliyin səbəbi “Azərbaycan Respublikasınin Müdafiəsi ilə əlaqədar” ifadəsi ilə göstərilmişdir.) Hal-hazırda o, ailəsi ilə birlikdə kirayədə yaşayır. Daimi yaşayış sahəsi yoxdur. “Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxs kimi onun yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi uçota alınmağı xahişi ilə 30.01.2020-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmiş. Cavabdeh 24.02.2020-ci il tarixli, 02/09-11-1 l/T-7-068 №-li məktubla məsələyə baxılması üçün qeydiyyatda olduğu ünvandan 2 saylı formada arayış tələb etmiş və onun tərəfindən həmin arayış 09.03.2020ci il tarixdə cavabdehə göndərmişdir. Cavabdeh uzun müddət onun ərizəsini cavablandırmamış və yalnız onun ərizəsini cavablandırılmaq tələbi ilə ona göndərdiyi 07.09.2020-ci il tarixli teleqramdan sonra 10.09.2020-ci il tarixdə ona imtina cavabı vermişdir. İmtina cavabı onunla əsaslandırılmışdır ki, dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması AR Nazirlər Kabineti tərəfindən müəyyən edilməmişdir. “Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial- məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında ” AR Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 №-li Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış bu kateqoriyadan olan şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl eyni məsələ ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 49.4-cü maddəsinə əsasən yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. Həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Lakin bu günədək uçot norması təsdiq olunmadığından vətəndaşların mənzil növbəsinə götürülən zaman hansı minimal ölçünün əsas götürülməsi məsələsinə münasibət bildirilməsi məqsədi ilə tərəfimizdən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunmuşdur. Yuxarıda qeyd olunanları iddiaçının diqqətinə çatdıraraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sözügedən müraciəti cavablandırıldıqdan sonra məsələyə iddiaçının müraciəti əsasında qanunamüvafiq qaydada baxılacağı bildirilmişdir. Qeyd olunanlardan göründüyü kimi Binəqədi Rayon İcra Hakimiyyəti iddiaçının hüquqlarını pozmadan və qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya əsaslandırılmış cavab vermişdir. Həmçinin inzibati icraat materiallarına əlavə edilmiş əlillik vəsiqəsindən (vəsiqənin verilmə tarixi 30.08.2019-cu il) müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikasının müdafiəsi zamanı İİ qrup əlil olmuşdur. Diqqətinizə çatdırırıq ki, Əlillərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının qanunun 43-cü maddəsinə əsasən Əlillər dövlətin hesabına mənzillə təmin edilirlər. İ qrup əlillərə mənzillər növbədənkənar verilir. Əlillərin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilməsinin əsasları, onlara mənzil verilməsinin növbəliyi Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə müəyyən edilir. Bu zaman 1 qrup əlillər ailədə adambaşına 9 kvm və daha az yaşayış sahəsi ilə təmin edilmiş olduqda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər sayılırlar. Yəni qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarında İİ qrup əlillərlə bağlı mənzilməişət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər nəzərdə tutulmadığından iddiaçının xahişinin yerinə yetirilməsi mümkün deyil. Bakı İnzibati Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2-1(112)-2023/2021 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçı X4 2-ci qrup müharibə əlili kimi mənzil növbəsinə qəbul edilməsi barədə sərəncam verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 058636 saylı 03.02.2017-ci il tarixdə verilmiş müharibə veteran vəsiqəsindən görünür ki, vəsiqənin sahibi müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. 022722 saylı 09.09.2019-cu il tarixdə verilmiş əlillik vəsiqəsindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının müdafiəsi zamanı İİ qrup əlil olmuşdur. İddiaçının ərizəsinə cavabdeh tərəfindən verilmiş № 02/09-11-11/T-7/2-068/2- 8/1 nömrəli, 05.08.2020-ci il tarixli cavab məktubundan görünür ki, müraciəti ilə əlaqədar bildirilmişdir ki, qanunvericilik sahəsində aparılmış islahatlara əsasən 31.05.2018-ci il tarixdə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunu qəbul olunmuş və qanunun 31.1-ci maddəsində isə əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 49.4-cü maddəsinə əsasən yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. Həmin Məcəllənin 49.5-ci maddəsinə dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması Nazirlər Kabineti tərəfindən müəyyən edilməsi nəzərdə tutulmuşdur. Lakin, bu günədək uçot norması təsdiq olunmadığından vətəndaşların mənzil növbəsinə götürülən zaman hansı minimal ölçünün əsas götürülməsi məsələsinə münasibət bildirilməsi məqsədi ilə tərəfimizdən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunmuşdur. Müraciətləri Bakı şəhər İcra Hakimiyyəti tərəfindən cavablandırıldıqdan sonra qeyd olunmuş məsələyə müraciət əsasında qanunamüvafiq qaydada baxılacağı qeyd edilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən göndərilmiş 09 mart 2021-ci il tarixli, 018-2879-1221 saylı cavab məktubundan görünür ki, sorğu edilən xx.xx.1970-ci il təvəllüdlü X8 08.06.1987-ci il tarixdən 06.01.2020-ci il tarixinədək Salyan rayonunun Xalac kəndində yaşayış yeri üzrə qeydiyyatda olmuş, 06.01.2020-ci il tarixdən ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olması qeyd edilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Salyan rayon İcra Hakimiyyəti başçısı aparatı tərəfindən göndərilmiş 09 mart 2021-ci il tarixli, 89 saylı cavab məktubundan, həmçinin Salyan rayon Xələc bələdiyyəsinin 29 mart 2021-ci il tarixli 24 nömrəli arayışından görünür ki, vətəndaş X6 və onun ailə üzvlərinə məxsus Xələc kənd inzibati ərazisində həyətyanı torpaq sahəsi yoxdur. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən göndərilmiş 19 mart 2021-ci il tarixli, **********14 saylı cavab məktubundan görünür ki, X4 adına qeydiyyata alınmış daşınmaz əmlakın aşkar edilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş 26 fevral 2021-ci il tarixli, **********75 saylı, **********15 saylı və **********80 saylı arayışlarından görünür ki, İddiaçı, X1 və X2 Azərbaycan Respublikası üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ilə bağlı Milli Qeydiyyat Sistemində məlumat yoxdur. “Əlillərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 43-cü maddəsinə əsasən əlillər dövlətin hesabına mənzillə təmin edilirlər. İ qrup əlillərə mənzillər növbədənkənar verilir. Əlillərə verilən mənzillər əlillərin səhhəti nəzərə alınmaqla müəyyən edilən sanitariya texniki tələblərə uyğun gəlməlidir. Əlillərin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilməsinin əsasları, onlara mənzil növbəliyi Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə müəyyən edilir. Bu zaman İ qrup əlillər ailədə adambaşına 9 kvm və daha az yaşayış sahəsi ilə təmin edilmiş olduqda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər sayılırlar. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə görə Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 26.08.1994-cü il tarixli 193 nömrəli Fərmanının 6-cı bəndində Respublika şəhər və rayon icra hakimiyyətlərinin başçılarına Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin mənzil-məişət problemlərinin təcili həll edilməsi tapşırılmışdır. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinə görə veteranlar Azərbaycan Respublikasının mənzil qanunvericiliyində onlar üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə edir, eyni zamanda qaraj, mənzil tikintisi kooperativlərinə və bağçılıq ortaqlıqlarına (birliklərinə) daxil olmaq sahəsində üstünlüklərə malikdirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Həmin Məcəllənin 51.4-cü maddəsinə görə uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Həmin Məcəllənin 51.5-ci maddəsinə görə uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 51.6-cı maddəsinə görə uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. Həmin Məcəllənin 52-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Həmin Məcəllənin 53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 53.2-ci maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının Keçid Müddəalarının 6-cı bəndinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan Respublikasının yerli X3 aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti orqanları həyata keçirir. Azərbaycan SSR Nazirlər Sovetinin 14.10.1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın 1-ci bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürülməsi və dövlət, ictimai mənzil fondu evlərində yaşayış sahələri verilməsi ictimai nəzarət altında həyata keçirilir. Qaydaların 2-ci bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar – mənzil-tikinti kooperativlərinin üzvləri, şəxsi mülkiyyətində yaşayış evi olan vətəndaşlar və bu evlərdə yaşayan başqa vətəndaşlar ümumi əsaslarla uçota götürülür və yaşayış sahələri ilə təmin edilirlər. Hərbi qulluqçuların yaşayış sahəsi ilə təmin edilməsi mənzilistismar hissələri vasitəsilə həyata keçirilir. SSRİ Silahlı Qüvvələrinin fəhlə və qulluqçuları mənzil-şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar uçotuna ümumi əsaslarla götürülürlər. Qaydaların 4-cü bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. Qaydaların 5-ci bəndinə görə aşağıdakılar mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar sayılır: a) həmin rayonda, şəhərdə və ya digər yaşayış məntəqəsində mənzil sahəsi ilə təminat nəzərə alınmaqla, ailəsinin hər üzvünün mənzil sahəsi ilə təminatı rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetinin qərarı ilə müəyyənləşdirilmiş səviyyədən aşağı olan vətəndaşlar; b) dövlət və ictimai mənzil fondu evlərində əsas kirayəçidən kirayəyə götürmək şərtilə və ya mənzil-tikinti kooperativlərinə məxsus evlərdə, yaxud da fərdi mənzil fondu evlərində kirayə müqaviləsi ilə uzun müddət yaşayan və başqa yaşayış sahəsinə malik olmayan vətəndaşlar. Bu müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Soveti həmin rayonun, şəhərin və ya digər yaşayış məntəqəsinin şəraitini əsas götürməklə müəyyən edir; v) mövsümi və müvəqqəti işçilər, habelə təhsillə əlaqədar olaraq, yataqxanaya köçmüş vətəndaşlar istisna edilməklə, yataqxanada yaşayan vətəndaşlar; q) müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməyən yaşayış evində (yaşayış sahəsində) yaşayan vətəndaşlar. Müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməyən sayılır: zirzəmilər, yarımzirzəmilər, baraklar, əsaslı təmir edilməli olmayan avariyalı və çox köhnə evlər, hüdudları rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Sovetləri icraiyyə komitələrinin qərarları ilə müəyyənləşdirilən neft mədənləri ərazisində və havası qazlı zonada yerləşən evlər, sanitariya nəzarəti və ya dövlət tikintiarxitektura nəzarəti orqanlarının rəyinə görə, müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməyən sayılmış digər yaşayış sahələri; d) bir otaqda və ya, ayırmaq mümkün deyilsə bir neçə bitişik-aralıq otaqda yaşayan, qohumluqda olmayan iki və daha çox ailə; e) 18 yaşınadək uşaqların yaşadığı çoxsakinli mənzillərdə yaşayan və yoluxucu formalarda vərəm xəstəliyi olan vətəndaşlar; c) tərkibində xəstəliklərin SSR İttifaqı qanunvericiliyi ilə qoyulmuş qaydada təsdiq edilən siyahısında göstərilən bəzi xronik xəstəliklərin ağır formalarını keçirən xəstələr olan ailələr – əgər xəstəyə ayrıca otaq və ya əlavə mənzil sahəsi ayrıldıqda ailənin qalan üzvləri bu bəndin «a» yarımbəndinə əsasən, müəyyən edilmiş norma üzrə mənzil sahəsi ilə təmin edilməyəcəklərsə; z) fabriklərin, zavodların, başqa istehsal müəssisə və təşkilatlarının, habelə məktəblərin və xəstəxanaların ərazisindəki yaşayış sahələrində yaşayanlar. Böyük Vətən müharibəsi əlilləri, həlak olmuş və ya xəbərsiz itkin düşmüş döyüşçülərin (partizanların) ailələri və müəyyən edilmiş qaydada onlara bərabər tutulan şəxslər üçün, habelə vətəndaş müharibəsi və Böyük Vətən müharibəsi dövründə və SSRİ-nin müdafiəsi üzrə digər döyüş əməliyyatları zamanı döyüşən ordu tərkibində olmuş şəxslər, vətəndaş müharibəsi və Böyük Vətən müharibəsi partizanları, habelə SSRİ-nin müdafiəsi üzrə döyüş əməliyyatlarında iştirak etmiş başqa şəxslər üçün, eyni müəssisədə, idarədə, təşkilatda azı 15 il, əmək şəraiti zərərli olan işlərdə isə azı 10 il işləmiş və vicdanla işləməkdə olan şəxslər üçün müvafiq yerli xalq deputatları Sovetləri mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar sırasına onların aid edilməsinin güzəştli şərtlərini nəzərdə tuta bilərlər. Vətəndaşlar SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə nəzərdə tutulan başqa əsaslara görə də mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan sayıla bilərlər. Qaydaların 6-cı bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar, bir qayda olaraq, yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsində uçota götürülürlər. «Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları»nın (Qaydalar XX çağırış Bakı Şəhər Xalq Deputatları Soveti 4cü sessiayasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmişdir) 4-cü bəndinə görə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu, mənzil sahəsi almaq üçün növbənin müəyyənləşdirilməsi, habelə dövlət və ictimai mənzil fondunun evlərində mənzillərin bölüşdürülməsi ictimai nəzarət altında və aşkarlığa əməl olunmaqla həyata keçirilir. İcraiyyə komitələrinin qərarı ilə bu məqsəd üçün Bakı şəhər və rayon xalq deputatları Sovetlərinin icraiyyə komitələri yanında mənzil məsələləri üzrə ictimai komissiyalar yaradılır. Qaydaların 7.1-ci bəndinə görə Bakı şəhərində daimi yaşayan ailəsinin hər üzvü beş kvadratmetr və daha az mənzil sahəsi ilə təmin edilən vətəndaşlar mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşlar hesab edilirlər. İşin mübahisələndirilməyən hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikasının müdafiəsi zamanı İİ qrup əlildir, hazırda ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır, iddiaçının və ailə üzvlərinin mülkiyyətində daşınmaz əmlak mövcud deyildir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iddia tələbi ilə bağlı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iddiaçı tərəfindən sübut olunur, lakin bu inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmir (İPM-14.3), mövcud qanunvericiliyin cavabdehə səlahiyyət verən normalarının dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM 73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot normasının nəzərdə tutulmaması, həmçinin qanunvericilikdə İİ qrup əlillərlə bağlı mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər nəzərdə tutulmaması ilə bağlı cavabdehin dəlilləri imtina üçün əsas deyildir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və iddia tələbinin təmin olunması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2-1(112)-2023/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-191/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-191/2022
18.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver