Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1910/2025 16.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-672/2021 nömrəli, 20 aprel 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Ş.Bədəlbəyli küçəsi ev 57 ünvanında yerləşən ümumi sahəsi 80 kv.m olan mənzilin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar kompensasiya kimi evin dəyəri 120.000 manat, çətinliklə bağlı olan ödəniş üçün mənzilin dəyərinin 10% olmaqla 12.000 manat, Azərbaycan Respublikası Prezidentinin 689 saylı Fərmanına əsasəb 20% olmaqla 24.000 manat, 9 il müddətində bank uçot dərəcəsi 15% olmaqla hesablanmış 162.000 manat, narahatlığa görə 10% olmaqla 12.000 manat və kirayə haqqı kimi 63000 manat olmaqla, ümumilikdə 393.000 manat kompensasiyanın onun xeyrinə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Miminat Hacıbəyova) 2-1(112)-672/2021 nömrəli, 20 aprel 2021-ci il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı həmin qərardan apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, oğlu X1 44 günlük müharibə iştirakçısı olmuş, Azərbaycan torpaqlarının müdafiəsi zamanı canını sipər etmişdir. Oğlu müharibədə ağır yaralanmış və o, hazırda ikinci dərəcəli əlildir. Oğlu Fərid üzvi mənşəli şəxsiyyət pozğunluğu, baş beyin üzvi xəstəliyi, kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, keçirilmiş kəllə-beyin travması, baş beynin sirkələnməsindən sonrakı vegetativ damar distoniyası, kəskin dərəcədə ifadə olunmuş şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntusu ilə nevrasteniya, astena nevrotik vəziyyət bütün bu xəstəliklərdən əziyyət çəkir. X4 Psixiatriya Xəstəxanasında müalicə alır. Onun başı oğlunun xəstəliklərinə qarışdığı üçün məhkəməni tamam unutmuşdur. Çünki oğlu onun dayağı idi. İndi isə nəinki ətrafına, özünə ciddi xəsarətlər yetirir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsini tərəflərin dinlənilmə hüququnu təmin etməklə müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı prosessual müddətin buraxılmasının səbəblərinin üzrlü hesab edilərək buraxılmış prosessual müddətin bərpa edilməsini və apellyasiya şikayətinin mümkün sayılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyərək, ərizəni və apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, ərizə təmin edilməməli, apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-672/2021 nömrəli, 20 aprel 2021-ci il tarixli qərarı İddiaçı tərəfindən poçt xəbərnaməsinə imza edilməklə xx.xx.2021-ci ildə rəsmi qaydada alınmışdır. Apellyasiya şikayəti isə iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, qanunla müəyyən edilmiş qərardan şikayət vermə müddəti (30 gün) cavabdeh tərəfindən buraxılmışdır (3 il 7 ay 17 gün). Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən həmin qərar daha sonra xx.xx.2025-ci ildə məhkəmə qəbzinə imza edilməklə qəbul edilsə də, iddiaçı dövlət rüsumu ödəməklə qərarı təkrar almışdır. Bu səbəbdən də apellyasiya şikayətinin verilməsi müddəti iddiaçı tərəfindən ilk dəfə qərarın alındığı tarixdən - xx.xx.2021-ci ildən hesablanmalıdır. Apellyasiya şikayəti məhkəməyə daxil olduqdan sonra Bakı Apellyasiya Məhkəməsi tərəfindən iddiaçıya məktub göndərilərək qərardan apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə və sübutların məhkəməyə təqdim edilməsi bildirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı buraxılmış prosesual müddətin bərpa olunması barədə ərizəni məhkəməyə təqdim etsə də, həmin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi. Buna görə də buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür və apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir. Buna görə də iddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməli, iddiaçının qərardan verdiyi apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-672/2021 nömrəli, 20 aprel 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1910/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1910/2025
16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver