Məhkəmə qərarları › İş №2-1(103)-1912/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1912/2024

18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1912/2024 18.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra baş idarəsinə və Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə qarşı «iddiaçının əmək haqqında pul vəsaitinin tutulması hərəkətlərinin qanunsuz sayıması, həmin vəsaitin qaytarılması və dəymiş ziyanın ödənilməsi»tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4018/2024 saylı, 31 yanvar 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra baş idarəsinə və Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə qarşı «iddiaçının əmək haqqında pul vəsaitinin tutulması hərəkətlərinin qanunsuz sayıması, həmin vəsaitin qaytarılması və dəymiş ziyanın ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X1 İdarəsi iddiaçı kimi çıxış edərək cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı sosial sığorta haqqı borcun ödənilməsi tələbini irəli sürərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin 2-1(82)- 637/2018 saylı iş üzrə 15 mart 2018-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək, cavabdeh "xxxx" MMC-nin sosial sığorta haqqı üzrə 767.85 manat borcunun onun əmlakı hesabına həmin iş üzrə iddiaçı DSMF Bakı şəhəri üzrə X1 İdarəsinin xeyrinə tutulması qərara alınmışdır. Qərar 3 sentyabr 2018-ci il tarixdə hüquqi qüvvəsini almış və onun icrası Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə həvalə edilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru «İcra haqqında» və «İcra məmurları haqqında» Azərbaycan Respublikasının qanunlarının müddəalarını kobud sürətdə pozmuş, əsassız olaraq cavabdeh hüquqi şəxs "xxxx" MMC-nin borcunun hazırkı iddiaçının (İddiaçı) əmək haqqından tutulması barədə qanunsuz sənəd – 21 sentyabr 2022-ci il tarixli məktub tərtib etmişdir. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin rəisi isə, həmin qanunsuz sənədi imzalamış və 2-1-(82)-637/2018 saylı iş üzrə 15 mart 2018-ci il tarixli icra sənədini onun (İddiaçı) müəllim vəzifəsində işlədiyi Abşeron-Xızı Təhsil İdarəsinə göndərmişdir. Bu səbəbdən mühasibatlıq onun əmək haqqından 2022-ci ilin noyabr ayında 478,72 manat, 2022-ci ilin dekabr ayında 289,13 manat olmaqla, ümumilikdə 767.85 manat vəsaiti tutaraq 2-1(82)-637/2018 saylı işə heç bir aidiyyatı olmayan dövlət orqanına Suraxanı rayon DSMF-nin hesabına köçürmüşdür. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə ünvanlanmış 15 mart 2018-ci il tarixli 2-1(82)-637/2018 saylı icra vərəqəsi üzrə tələbkar DSMF Bakı şəhəri üzrə X1 İdarəsi, borclu isə "xxxx" MMC-dir. Lakin Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin məhkəmə qərarının icra olunması üçün Abşeron-Xızı Təhsil İdarəsinə ünvanlanmış 23 dekabr 2022- ci il tarixli məktubunda boclu kimi "xxxx" MMC deyil, o (İddiaçı), qeyd olunmuşdur. Həmçinin bu rəsmi sənəddə tələbkar kmi DSMF Bakı şəhəri üzrə X1 İdarəsi yox, Fondun Suraxanı rayon şöbəsi göstərilmişdir. Göründüyü kimi, qeyd olunan rəsmi sənədlərdən məlum olur ki, Suraxanı rayon İcra şöbəsinin rəisi və icra məmuru qanunsuz olaraq məhkəmə qərarında borclu və tələbkar qismində çıxış edən şəxsləri ayrı şəxlərlə əvəz etmişlər. Həmin hərəkətləri ilə qanunvericiliyə zidd olan sənədi icra etməyi məhkəmə aktına və icra vərəqəsinə aidiyyəti olmayan müəllim vəzifəsində işləyən işçinin, yəni hazırkı iddiaçının əmək haqqından tutululmasını tələb etmişlər. Bundan başqa, «İcra haqqında» Qanunun tələbinə əsasən icra məmuru icra sənədini aldığı gündən 2 ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Lakin sözügedən icra işinin 4 ildən sonra həyata keçirilməsi müəmmalıdır. İddiaçını qanunsuz olaraq icra işində tərəf kimi qəbul etmişlər, lakin icraya yönəldilən sənədləri rəsmi olaraq ona təqdim etməmişlər. Bu hərəkətləri ilə onlar iddiaçının həmin dövrdə şikayət etmək hüququnu məhdudlaşdırmışlar. Pozulmuş hüquq və mənafeyinin müdafiəsi üçün əvvəlcə Suraxanı rayon İcra şöbəsinə şifahi müraciət edilmişdir. Şöbə Abşeron-Xızı Təhsil İdarəsinə və DSMF Suraxanı rayon şöbəsinə məktublar təqdim etmiş, məktublarda 767.85 manat vəsaitin onu əmək haqqı hesabından yanlışlıqla tutulması etiraf olunmuşdur. Həmçinin müraciətlərdə xahiş edilmişdir ki, 767.85 manat onun hesabına geri qaytarılsın. Lakin İdarə cavab məktubunda bildirmişdir ki, vəsaitin geri qaytaılması mümkünsüzdür. DOST Mərkəzindən isə iddiaçı bildirilmişdir ki, DSMF Suraxanı rayon şöbəsi istruktur dəyişikliyi ilə əlaqədar fəaliyyətini dayandırmışdır. Bundan sonra iddiaçı qanunsuz olaraq əmək haqqından tutulmuş vəsaitin geri qaytarılması məqsədilə 29 sentyabr 2023-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Nazirliyin İcra baş idarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin qeyd olunan məsələ araşdırılmamışdır. Beləliklə, iddia qeyd olujnan dəlillərə və qanunvericiliyin tələblərinə əsaslanaraq hesab edir ki, cavabdehlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İcra baş idarəsi və Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin vəzifəli şəxsləri və icra məmurları yuxarıda qeyd edilən qanunsuz hətəkətləri ilə onun Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş hüquq və azadlıqlarımı,qanuni mənafelərimi pozazaraq mənə maddi ziyan vurmuşlar. Vəzifəli şəxs və icra məmuru qanunsuz hətəkətləri ilə mənim və ailəmin maddi təminatının pozulmasına səbəbkar olmuşlar. Bu səbəbdən həmin dövlət orqanları ondan tutulan 767.85 manat əmək haqqını və ona vurulan maddi ziyana görə 2.500 manat kompensasiyanı ödəməlidirlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4018/2024 saylı, 31 yanvar 2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-ci maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 89-cu maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. «İcra haqqında» Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin birinci hissəsinə əsasən icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə İcra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. Həmin Qanunun 11-ci maddəsinin 5-ci hissəsinə əsasən məhkəmələrin mülki, kommersiya və inzibati mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların, habelə probasiya nəzarəti ilə əlaqədar tədbirlərin düzgün və vaxtında icra edilməsinə nəzarət icra və probasiya qurumlarının rəhbərləri və hakim tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicəsi barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada icra məmuru tərəfindən nəzarət edilir. Sadalanan qanunvericilik normalarından müəyyən edilir ki, icra qanunvericiliyi icra məmurunun qərarlarından, hərəkət və hərəkətsizliklərindən şikayətlərə inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılması ilə deyil, bu şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılmasını nəzərdə tutur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin bağlı olduğu müvafiq icra işi üzrə 2-1(82)- 637/2018 saylı 15 mart 2018-ci il tarixli icra sənədi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli 1325 nömrəli Sərəncamının 1-ci və 2-ci bəndlərinə əsasən 2020-ci il yanvarın 1-dən Bakı şəhərində Bakı İnzibati Məhkəməsi və Bakı Kommersiya Məhkəməsi təşkil edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ləğv edilmişdir. Hazırkı İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş müvafiq inzibati mübahisə üzrə tərəf kimi çıxış etməsə də, inzibati məhkəmə icraatında müvafiq iddianı qaldırarkən digər mümkünlük şərtlərinə də əməl etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ona dəymiş ziyanın əvəzi kimi kompensasiya ödənilmsini inzibati məhkəmə icraatı qaydasında tələb etsə də, iddia qaldırılmamışdan əvvəl inzibati orqana həmin məzmunda müraciəti olmamışdır. Odur ki, iddia “kompensasiya ödənilməsi” hissəsində mümkünsüzdür. Məhkəmə kollegiyası iddiaçının tələbinin digər hissəsi olan “cavabdehin hərəkətlərinin qanunsuz sayılması“na münasibətdə qeyd edir ki, tələb “müəyyən etmə və ya tanınma haqqında” iddia növünə aid olsa da, bu qəbildən olan iddialar subsidiar xarakterlidir və iddia kompensasiya ödənilməsi tələbi hissısində mümkünsüz sayıldığı üçün, bu hissədə də iddia mümkün sayılmamalıdır. Belə olan halda məhkəmənin qənaətinə görə hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilən olmadığından, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4018/2024 saylı, 31 yanvar 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar