Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1912/2025 07.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “yerləşmə cizgisinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-4265/2025 nömrəli, 13 fevral 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli, 521 nömrəli qərarına və bu qərar əsasında sovxoz həmkarlar komitəsi ilə əmək kollektivi şurasının birgə ümumi iclasının 23 nömrəli qərara əsasən Abşeron rayon Donuzkökəltmə Sovxozunun xx.xx.1996-cı il tarixli, 82 №li əmri ilə İddiaçı fərdi yaşayış evi tikmək üçün 0,08 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi ayrılarkən iddiaçıya torpaq sahəsinin yerləşməsini müəyyən edən cizgi verilməmişdir. İddiaçının vəkili vasitəsi ilə ona ayrılmış torpaq sahəsinə yerləşmə sxeminin verilməsi ilə bağlı Cavabdehnə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubu ilə iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, Xəzər rayonunun inzibati ərazisində dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənəd (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud digər sənədlər) torpaq sahəsinin ayrılması barədə qərarın tərkib hissəsi olmaqla, torpaqayırmanı həyata keçirən qurum tərəfindən tərtib edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65.6-cı maddəsinə əsasən torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və icarəyə verilməsi barədə müqavilənin ayrılmaz hissəsidir. Qeyd olunanları nəzərə alaraq, Cavabdeh Donuzkökəltmə sovxozu ərazisində istifadənizdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (cizgi, xəritədən çıxarış) torpaq ayrılması barədə qərarın (əmrin) tərkib hissəsi olduğundan həmin sənədlərin torpaqayıran qurum tərəfindən tərtib olunmasını məqsədəmüvafiq hesab etmişdir. İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək Donuzkökəltmə sovxozu tərəfindən verilmiş 11 dekabr 1996-ci il tarixli, 82 nömrəli əmrə əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli, 521 nömrəli qərarına və bu qərar əsasında sovxoz həmkarlar komitəsi ilə əmək kollektivi şurasının birgə ümumi iclasının 23 nömrəli qərarı əsasında İddiaçı ayrılmış 0,08 ha həyətyanı torpaq sahəsinin plan cizgisinin (yerləşmə sxeminin) tərtib edilərək təqdim edilməsi ilə bağlı öhdəliyin Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-4265/2025 nömrəli, 13 fevral 2025-ci il tarixli qərarı ilə (hakim B.Cəlalov) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikasının ərazisində torpaq sahələrinin istifadəsinə və mühafizəsinə dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti təəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2021-ci il tarixli **********17 nömrəli məktubda qeyd olunmuşdur ki, torpaq sahəsinin yerinin müəyyənləşdirməyə imkan verən sənəd torpaq sahəsinin ayrılması barədə qərarın ayrılmaz hissəsi olmaqla, torpaqayırmanı həyata keçirən qurum tərəfindən tərtib edilir. İddiaçıya torpaq sahəsi Abşeron rayon Donuzkökəltmə sovxozunun müvafiq qərarına əsasən 1996-cı ildə ayrılmışdır. Abşeron rayon Donuzkökəltmə sovxozu tərəfindən ayrılan torpaq sahələrinə dair sənədlər Milli Arxiv İdarəsinin Bakı filialında deyil, Abşeron rayon Dövlət Arxivində saxlanılır. Eyni zamanda cavabdeh qeyd edir ki, iddiaçıya ayrılmış Abşeron Rayon İcra Hakimiyyətinin idarəçiliyində olan Donuzkökəltmə sovxozu ərazisində yerləşən torpaq sahəsinin Cavabdehnə qaytarılması barədə rəsmi sənədlər mövcud deyildir və torpaq sahəsi rəsmi qaydada Cavabdehnə təhvil verilməmişdir. Buna əsasən cavabdehin iş üzrə cavabdeh olmadığını və əsl cavabdehlə əvəz olunmasını nəzərə çatdırmışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. İşin hallarından göründüyü kimi, torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsi qüvvədə olmuşdur (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür). Həmin Torpaq Məcəlləsinin: - 14-cü maddəsinə əsasən müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. - 22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. - 29-cu maddəsinə əsasən torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalqdeputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. -56-cı maddəsinin 5-ci hissəsinə əsasən, ...dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyətinin və bələdiyyənin qərarı ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir. (“Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 avqust 1999-cu il tarixli, 176 №-li Fərmanın (6.6.2000-ci il tarixdə qüvvədə olan redaksiyada) 2-ci bəndinin 5-ci abzasına əsasən, Torpaq Məcəlləsinin 56-cı maddənin 5-ci bəndinin birinci abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər). - 57-ci maddəsinə əsasən yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Azərbaycan Respublikasinin 25 iyun 1999-cu il tarixli, 695-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş və hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 65.5-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. - 65.8-ci maddəsinə əsasən, torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. - 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. - 84.1-ci maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Sadalanan normaların birgə təhlilindən görünür ki, müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilə bilən torpaq sahələri yalnız dövlət ehtiyat fondu torpaqlarına aid ola bilər və qəbul edilmiş qərarla rəsmiləşdirilməlidir. Torpaq sahəsi ayrılarkən yerquruluşu qaydalarına uyğun olaraq əvvəl onun sərhədləri yerdə (naturada) və xəritədə, yəni həmin torpaq sahəsinin digər torpaq sahələrinə münasibətdə yerləşməsi və döngə nöqtələri müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi onu ehtiva edir ki, torpaq sahəsi ayrılan şəxsə onun ölçüləri göstərilməklə təqdim edilir. Bu prosedurun nəticəsi olaraq torpaq sahəsinin planı və təsviri hazırlanmalıdır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İş materiallarından görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli, 521 nömrəli qərarına və bu qərar əsasında sovxoz həmkarlar komitəsi ilə əmək kollektivi şurasının birgə ümumi iclasının 23 nömrəli qərara əsasən Abşeron rayon Donuzkökəltmə Sovxozunun xx.xx.1996-cı il tarixli, 82 №li əmri ilə İddiaçı (fərdi yaşayış evi tikmək üçün 0,08 ha torpaq sahəsi ayrılmışdır. Həmin sənədə yerləşmə cizgisi əlavə edilməmişdir .Hazırda həmin qurum mövcud deyildir. Lakin iddiaçının iddia etdiyi torpaq sahəsi Xəzərə rayon İcra Hakimiyyətinin yurisdiksiyasında yerləşir. Qanunvericilik normalardan göründüyü kimi, vətəndaşlara torpaq sahəsinin verilməsi yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpaqayırma aktında göstərilir. Həmçinin torpaq kadastrının aparılmasını və yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yer-təsərrüfat quruluşu planlarının hazırlanması və həyata keçirilməsini təşkil etmək Yerli İcra Hakimiyyəti orqanlarının səlahiyyətinə aid məsələ olmuşdur. Həmçinin iş materiallarından müəyyən olunur ki, cavabdeh inzibati orqanın oxşar mübahisə üzrə torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsi ilə bağlı praktikası mövcuddur. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Abşeron rayon Donuzkökəltmə Sovxozunun 108 № li, xx.xx.1991-ci il tarixli əmri əsasında Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ərazisində ayrılmış torpaq sahəsinin cizgisi Cavabdeh tərəfindən tərtib olunaraq vətəndaşa verilmişdir. Əzizbəyov XDS İK-nın 15/586 saylı, xx.xx.1988-ci il tarixli qərarı ilə Mərdəkan qəsəbəsində ayrılmış torpaq sahəsinin cizgisi cavabdeh tərəfindən tərtib olunaraq vətəndaşa verilmişdir. Əzizbəyov XDS İK-nın 21 saylı, xx.xx.1991-ci il tarixli qərarı ilə Binə qəsəbəsində ayrılmış torpaq sahəsinin cizgisi cavabdeh tərəfindən tərtib olunaraq vətəndaşa verilmişdir. Əzizbəyov XDS İK-nın 14/551 saylı, xx.xx.1988-ci il tarixli qərarı ilə Buzovna qəsəbəsində ayrılmış torpaq sahəsinin cizgisi cavabdeh tərəfindən tərtib olunaraq vətəndaşa verilmişdir. Əzizbəyov XDS İK-nın 12 saylı, xx.xx.1990-ci il tarixli qərarı ilə Türkan qəsəbəsində ayrılmış torpaq sahəsinin cizgisi cavabdeh tərəfindən tərtib olunaraq vətəndaşa verilmişdir. Əzizbəyov RİHB 2474 saylı, xx.xx.2000-ci il tarixli qərarı ilə Buzovna qəsəbəsində ayrılmış torpaq sahəsinin cizgisi cavabdeh tərəfindən tərtib olunaraq vətəndaşa verilmişdir. Baxılan işdə cavabdeh torpaq sahəsinə dair yerləşmə cizgisinin torpaqayıran qurum tərəfindən verilməli olduğunu qeyd etsə də, göründüyü kimi, Abşeron rayon Donuzkökəltmə Sovxozunun əmri əsasında vətəndaşa ayrılmış torpaq sahəsinə dair yerləşmə cizgisi cavabdeh tərəfindən tərtib edilmişdir. Qeyd edilən cizgilər məhkəmə qərarı əsasında deyil, vətəndaşların müraciətlərinə əsasən cavabdeh inzibati orqanın öz praktikasına əsasən hazırlanmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, hazırkı tələb üzrə inzibati orqanın imtinası cavabdehə münasibətdə bərabərlik və etimad hüququnun pozulması kimi qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. Məhkəmə kollegiyası həmçinin, diqqətə çatdirir ki, iş üzrə araşdırma zamanı oxşar işlər üzrə məhkəmə təcrübəsi əsas götürülmüşdür (Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2246/2022 nömrəli, 27 dekabr 2022-ci il tarixli; 2-1(102)-1755/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli, 2-1(102)- 1595/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli, , 2-1(102)-1396/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli; 2-1(102)-1359/2023 nömrəli, 05 iyul 2023-cü il tarixli qərarları). Yuxarıda göstərilənlərə məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-4265/2025 nömrəli, 13 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-1912/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1912/2025
07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver