Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1913/2021 02.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tağızadə Mirzə Nəsib oğlunun sədrliyi (məruzəçi) ilə, X1 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, X6 qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Naziriyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2308/2019 saylı iş üzrə qəbul etdiyi 26 sentyabr 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı MMC cavabdeh AR Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddia ərizəsilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının şəxsi hesab vərəqəsinə yazdığı vergi borcuna əsas olmuş vergilərin hesablanması barədə qərarların ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28.06.2018-ci il tarixli 2-1(82)- 1146/2018 nömrəli qərarı ilə iddianın geri götürmüş hesab edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı apelyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25.09.2018-ci il tarixli 2-1(103)-2427/2018 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, işin sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdeh kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09.04.2019-cu il tarixli, 2- 1(102)- 156/2019 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25.09.2018-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2308/2019 saylı 26 sentyabr 2019-cu il tarixli qərardadı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı «qərarların ləğv edilməsi» tələbi barədə iddianın geri götürülmüş hesab edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. . İddiaçı MMC apelyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad qəbul edilməmişdən əvvəl birinci instansiya məhkəməsi iddiaçının hüquqi şəxs olduğunu nəzərə almamış, iddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumat verməmiş, xəbərdarlıq etməmişdir. Birinci instansiya məhkəməsinin 2-1(82)-2308/2019 saylı 26 sentyabr 2019-cu il tarixli qərardadı əsassızdır. Həmin qərardad ləğv edilməklə sonrakı prosesual hərəkətlərin edilməsi zərurəti vardır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27.11.2019-cu il tarixli, 2-1(103)-2766/2019 nömrəli qərardadı ilə apelyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2308/2019 saylı 26 sentyabr 2019- cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apelyasiya instansiyasının sonuncu qərardadından narazı qalan iddiaçı kassasiya şikayəti vermiş, AR Ali Məhkəməsinin 2-1(102)-895/2021 saylı, 18.05.2021-ci il tarixli qərarı ilə şikayət təmin edilərək, 27.11.2019-cu il tarixli, 2-1(103)-2766/2019 nömrəli qərardad ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Təkrar apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini əsassız hesab edərək, qərardadın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Kollegiya işin hallarını, kassasiya məhkəməsinin mövqeyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisəli qərarı ləğv edilərək iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Kollegiya aşağıdakılara əsasən bu nəticəyə gəlir. AR İnzibati Prosessual Məcəlləsinin: 20.1-ci maddəsinə əsasən, müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. 20.3-cü maddəsinə görə, məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. 55.3-cü maddəsinə görə, məhkəmənin tələbinə baxmayaraq iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 62.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarını şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. 62.2-ci maddəsinə əsaəsən, məhkəmə bildirişi şifahi məhkəmə baxışı ilə bağlı iclasın təyin edildiyi tarixə (günə) ən azı 10 gün qalmış proses iştirakçılarına təqdim edilməlidir. Xüsusilə təcili hallarda sədrlik edən hakim həmin müddəti azalda bilər. 62.3-cü maddəsinə əsasən, məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. AR Mülki Prosessual Məcəlləsinin: 135.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2-ci maddəsinə əsasən, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir. “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29.04.2014-cü il tarixli qərarında İPM-in 55.3-cü maddəsinin məhkəmə təcrübəsində düzgün və dürüst tətbiqinin şərtlərinə dair hüquqi mövqelər ortaya qoyulmuşdur. Konstitusiya Məhkəməsinin sözügedən qərarında aşağıdakılar göstərilmişdir: “İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır. Məhdudiyyətin mütənasibliyinə gəldikdə isə qeyd olunmalıdır ki, qanunverici bu meyarın tələblərini nəzərə alaraq iddianın geri götürülmüş sayılması haqqında qərardadın qəbulunu bir neçə qayda ilə şərtləndirmişdir. Belə ki, belə qərardadın çıxarılmasından öncə məhkəmə mütləq tələb irəli sürməlidir. Burada nəzərə almaq lazımdır ki, tələb xəbərdarlıq məqsədi daşıyır. Yəni məhkəmə iddiaçının davranışından artıq görür ki, iddiaçı mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır və bu davranışın hüquqa zidd olduğunu iddiaçının nəzərinə çatdırır. İddiaçının ciddi nəticələrlə üzləşə biləcəyini, habelə məhkəməyə müraciət etmək hüququnun demokratik cəmiyyətdə vacibliyini nəzərə alaraq, məhkəmə bu tələbi iddiaçıya onun davranışı haqqında tutarlı və mötəbər dəlillərə malik olduğu təqdirdə irəli sürə bilər. Bundan əlavə, öz məqsədlərinə nail olmaq üçün tələb aşağıdakı şərtlərə cavab verməlidir: - məhkəmənin iddiaçıdan konket olaraq nə gözlədiyi göstərilməlidir (məsələn, müvafiq sənədləri və digər sübutları təqdim etmək və ya iddianı əsaslandırmaq və s.); tələbin məhz məhkəmə (müvafiq hakim) tərəfindən irəli sürüldüyü aşkar bilinməlidir və buna görə o, hakimin imzası ilə təsdiq olunmalıdır; - tələb iddiaçıya sübut oluna biləcək qaydada çatdırılmalıdır (təqdim olunmalıdır); - tələbin iddiaçı tərəfindən yerinə yetirilməməsinin hüquqi nəticələri (iddianın geri götürülmüş sayılması və prosessual xərclərin ödənilməsi vəzifəsi) qanunun müvafiq maddələrinə istinad edilməklə aydın şəkildə ifadə olunmalıdır. Məhkəmənin bu meyarlara cavab verən tələbinin irəli sürülməsinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia məhkəmə tərəfindən geri götürülmüş sayılır. Yuxarıda göstərilən qaydaların məhkəmələr tərəfindən pozulması məhkəməyə müraciət etmək hüququnun qeyri-mütənasib şəkildə məhdudlaşdırılmasına gətirib çıxara bilər. Beləliklə, İPM-in 55.3-cü maddəsi Konstitusiya Məhkəməsi Plenumunun müəyyən etdiyi qaydada düzgün və dürüst tətbiq olunduqda, Konstitusiyanın 60-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnu pozmur”. Birinci instansiya məhkəməsi 2-1(82)-2308/2019 saylı 26 sentyabr 2019-cu il tarixli qərardadında iş üzrə icraata xitam verilməsinin əsası kimi iddiaçının 12.06.2019-cu il, 11.07.2019-cu il və 26.09.2019-cu il tarixlərdə keçirilmiş məhkəmə iclaslarında üzrlü səbəb bildirmədən nümayəndəsinin iştirakını təmin etməməsini göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, prosessual hüquq normalarının tələblərinə riayət etməmiş, nəticədə “tərəflərin bərabərliyi” və “çəkişmə” prinsiplərini pozmuşdur. Yuxarıda göstərildiyi kimi qanunverici iddianın geri götürülmüş sayılması haqqında qərardadın qəbulunu bir neçə qayda ilə şərtləndirmişdir. Buna görə, belə qərardadın çıxarılmasından öncə məhkəmə mütləq iddiaçı tərəfə ünvanlanmış, onun qaldırdığı iddianın taleyi baxımından ciddi prosessual nəticələrlə üzləşə biləcəyini özündə aydın əks etdirən tələb irəli sürməlidir. Məhkəmənin həmin tələbi isə iddiaçıya sübut oluna biləcək qaydada çatdırılmalıdır (təqdim olunmalıdır). Yalnız məhkəmənin tələbinin iddiaçı tərəfə çatdırıldığının (təqdim olunduğunun) sübut olunduğu və digər şərtlərin ödənildiyi hallarda iddia məhkəmə tərəfindən geri götürülmüş sayıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hətta iddiaçının məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırıldığı qəbul edilsə belə, yenə də iş üzrə iddianın geri götürülmüş sayılmasına dair qərardad çıxarılması üçün əsaslar mövcud olmamışdır. Belə ki, birinci instansiya məhkəməsində iş üzrə məhkəmə iclası 12 iyun 2019-cu il tarixə təyin edilmişdir. Məhkəmənin bununla bağlı tərəflərə göndərdiyi bildirişin mətnindən görünür ki, orada yalnız məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, məhkəmənin iddiaçıdan iş üzrə konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyinə dair mövqeyi, eləcə də iddiaçının məhkəmə icraatından yayınmasının doğuracağı hüquqi nəticələr barədə xəbərdarlıq əks olunmamışdır. Ona görə də, məhkəmə həmin məktubu rəhbər tutmaqla iddiaçıya münasibətdə prosesə gəlməmənin hüquqi nəticələrini tətbiq edə bilməzdi. Eyni səhvə 11 iyul və 26 sentyabr 2019-cu il tarixlərinə təyin olunmuş məhkəmə iclasları barədə iddiaçıya göndərilmiş bildirişlərdə də yol verilmişdir. Belə olan halda isə məhkəmə iddianın geri götürülmüş sayılması haqqında qərardad qəbul etmək hüququna malik olmamışdır. Çünki bunadək onun tərəfindən yerinə yetirilməli olan vəzifələrə tam əməl edilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddianı geri götürülmüş hesab edərkən yerinə yetirməli olduğu vəzifələrə tam əməl etməmiş, apellyasiya instansiyası məhkəməsi isə bu halları araşdırmadan və həmin hallara heç bir hüquqi qiymət vermədən qərardad qəbul etmişdir. Bundan başqa qeyd edilməlidir ki, yuxarıda qeyd olunan AR İPM və AR MPM-nin normalarının göstərişlərinə uyğun olaraq, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qabaqcadan lazımi qaydada xəbərdar olunmalıdırlar və bu onların öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün zəruri amildir. Tərəflər məhkəmə bildirişi vasitəsilə məlumatlandırılır. Eyni zamanda, yuxarıda qeyd olunan Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən də görünür ki, məhkəmə işlərə baxarkən tərəflərin bərabərliyini təmin etməli, bunun üçün tərəflərin bərabər vəziyyətlərdə izahat vermək imkanlarını təmin etməli, bu məqsədlə isə ilk növbədə məhkəmə iclaslarının yeri və vaxtı barədə tərəflər qanunauyğun formada məlumatlandırılmalıdırlar ki, məhkəmədə baxılan işlə bağlı izahatlarını verə bilsinlər. Hazırkı iş üzrə iddiaçıya iclasın vaxtı və yeri barədə məlumat verilməməsi və qərar qəbul edilməsi Avropa İnsan Hüquqları Məhkəməsinin də göstərilən hüquqi mövqeyinə ziddir. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası qeyd edir ki, işə birinci instansiya məhkəməsində baxılarkən iddiaçıya göndərilən bildirişlərdə onun hüquq və vəzifələri, məhkəmə iclasına gəlməməsinin hüquqi nəticələri iddiaçıya izah edilməmişdir Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir. İşə baxmış birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almadığından. mübahisələndirilən qərardadı hazırkı qərardadın göstərilən prosessual hüquq normaların pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC-nin apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2308/2019 saylı iş üzrə qəbul etdiyi 26 sentyabr 2019-cu il tarixli qərardadı ləğv edilsin. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Naziriyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1913/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1913/2021
02.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver