Məhkəmə qərarları › İş №2-1(103)-1913/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1913/2023

19.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1913/2023 19.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-455/2022 saylı, 15 noyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********098100 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********098100 saylı İddiaçı MMC-nin şəxsi hesabdan silinmiş 337.523,69 manat məbləğinə dair qəbul edilmiş qərarın İddiaçı MMC-yə aid hissəsində qərarının ləğv edilməsinə dair qərar qəbul qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC-nin şəxsi hesab vərəqəsindən 337.523,69 manat məbləğində ƏDV depozit hesabından silinmişdir. Silinmiş məbləğ qanunvericiliyin tələblərinə ziddir və iddiaçının depozit hesabına qaytarılmalıdır. İddiaçı tərəfindən mütəmadi olaraq malların idxal edilməsi, işlərin görülməsi əməliyyatı aparılmışdır. Məbləğin silinməsi ilə bağlı bildiriş xx.xx.2020-ci ildə qeyd edilsə də, bildiriş iddiaçıya elektron formada xx.xx.2020-ci ildə daxil olmuşdur və məbləğin silinməsi ilə bağlı qərar göndərilməmişdir. İddiaçı qanunsuz silinmiş məbləğin geri qaytarılmasına dair xx.xx.2020-ci ildə cavabdehə müraciət etsə də, müraciətinə cavab verilməmişdir. İddiaçı cavabdehlə əlaqə yaratdıqdan sonra xx.xx.2020ci il tarixdə qərar barəsində öyrənə bilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, vergi ödəyicisinin tələb etmə müddəti bitmiş artıq ödəmə məbləğinin hesablanması zamanı 5 il əvvəlki tarixə mövcud olan artıq ödəmə məbləğindən 5 il ərzində vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamələrə əsasən hesablanmış vergi məbləğləri (azalmalar nəzərə alınmaqla) çıxılmaqla “Vergilər üzrə vərəqə” hissəsindən "xxxx" hissəsinə keçirilir. Müəssisənin şəxsi hesab vərəqəsinin “Vergilər üzrə vərəqə” hissəsində olan tələb etmə müddəti bitmiş 337.523,69 manat artıq ödəmə məbləğin "xxxx" hissəsinə keçirildiyi müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı cavabdeh tərəfindən geri qaytarılmasını istədiyi 337.523,69 manatı 5 il ərzində tələb edə və yaxud əvəzləşdirə bilərdi. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-455/2022 saylı, 15 noyabr 2022-ci il tarixli qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********098100 saylı qərar (İddiaçı MMCnin şəxsi hesabdan silinmiş 337.523,69 manat məbləğinə dair) İddiaçı MMC-yə aid hissəsində ləğv edilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 150 manatın cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən alınaraq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-1(112)-455/2022 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vergi ödəyicisinin şəxsi hesab vərəqəsində 5 illik tələbetmə müddəti bitdiyi üçün 337.523,69 manat artıq ödəmə məbləği silinmişdir. "X5" MMC Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyul 2019-cu il 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” ərizə forması ilə müraciət etməmişdir. Vergi Məcəlləsinin 24.0.10-cu maddəsinə əsasən vergi orqanları vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə borcludurlar. Vergi Məcəlləsinin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeyd olunan maddədə müvafiq icra hakimiyyəti orqanı - Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 saylı Qərarı ilə “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması” Qaydaları təsdiq edilmişdir. “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması” Qaydalarının 5.5-ci bəndinə əsasən vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada vergi ödəyicisinin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə və xarici diplomatik və analoji nümayəndəliklər üzrə 4 nüsxədə rəy tərtib edirlər. Rəydə ayrı-ayrı vergi növləri üzrə artıq ödənilmiş məbləğlər, habelə digər vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların olmadığı əks etdirilməli və rəy müvafiq qaydada təsdiq olunmalıdır. Qeyd olunan Qaydaların 5.7-ci maddəsinə əsasən tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hallarda 12 gün müddətində artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına, 1 nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 nüsxəsi isə vergilərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır. Həmin Qaydaların 6.1-ci maddəsinə əsasən maliyyə orqanları vergi ödəyicisinin büdcəyə daxil olmasını təmin edən orqanlar tərəfindən verilmiş rəyləri qəbul edirlər. Bu Qaydaların 6.2-ci və 6.3-cü maddələrinin tələblərinə görə mərkəzləşdirilmiş gəlirlərin qaytarılması tələb olunan zaman yerli maliyyə orqanlarına təqdim olunmuş rəylərin bir nüsxəsi və ərizənin surəti 5 və ya bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hallarda 4 gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir. Maliyyə orqanları vergi ödəyicisinin vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlarda qeydiyyatından və vergilərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməsindən asılı olaraq vəsaitin qaytarılmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 09 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamənin 8.22-ci bəndinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət büdcəsinə artıq ödənilmiş vergilərin dövlət büdcəsindən qaytarılmasını həyata keçirmək Maliyyə Nazirliyinin vəzifəsidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi İqtisadiyyat Nazirliyi artıq ödənilmiş vergilərin dövlət büdcəsindən qaytarılmasını təmin edən orqan deyildir, yalnız bununla bağlı müvafiq tədbirlərin görülməsi öhdəliyini daşıyır. Məhkəmə tərəfindən iddiaya cavab verməli olmayan cavabdeh barəsində iddianın təmin edilməsi son nəticədə cavabdeh tərəfindən icrası mümkün olmayan məhkəmə qərarının qəbul olunması ilə nəticələnəcəkdir. Vergi Məcəlləsinin 85.5ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi tərəflərindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının tələbetmə müddətinin bitmiş hesab edilməsi haqqında” Komissiya tərəfindən çıxarılmış xx.xx.2020-ci il tarixli **********098100 saylı qərardan görünür ki, qərara əlavə edilən qoşmada göstərilən 73 vergi ödəyicisinin 01 sentyabr 2020-ci il tarixinə kimi dövlət büdcəsinə ödənilmiş 54.331.885,10 manat məbləğin qaytarılması və ya əvəzləşdirilməsi ilə bağlı vergi ödəyicisinin tələbetmə müddətinin bitmiş hesab edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 dekabr 2021-ci il tarixli 9/6331 saylı ekspert rəyindən görünür ki, İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixinə (şəxsi hesab vərəqəsinin çap olunma tarixinə) 446.582,37 manat məbləğində artıq ödənişinin olması müəyyən edilir. Yəni, 337.523,69 manat məbləğinin 5 illik tələbetmə müddəti ötməmişdir. Belə ki, Vergi Məcəlləsinin yuxarıda göstərilən tələbləri nəzərə alınmaqla 337.523,69 manat məbləğinin 5 illik tələb etmə müddətinin ötməməsi şəxsi hesab vərəqəsində olan yazılışlardan da aydın şəkildə görünür. Həmçinin qeyd edilir ki, şəxsi hesab vərəqəsindən göründüyü kimi, İddiaçı MMC-nin artıq ödənişləri ardıcıl olaraq xx.xx.2013-cü il tarixindən xx.xx.2020-ci il tarixinə (şəxsi hesab vərəqəsinin çap olunma tarixinə) qədər yaranmış və bu müxtəlif dövrlərdə artmış və ya azalmışdır (şəxsi hesab vərəqəsində əks olunmuş hesablanma, azalma, ödəniş və s. yazılışlar səbəbindən). Eyni zamanda qeyd edilir ki, şəxsi hesab vərəqəsinin artıq ödəmə qrafasında əks olunmuş artıq ödəmənin yaranması ƏDV, MTFSV və sadələşdirilmiş vergi ilə bağlıdır. İşin hallarından müəyyən olunur ki, “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının tələbetmə müddətinin bitmiş hesab edilməsi haqqında” Komissiya tərəfindən çıxarılmış xx.xx.2020-ci il tarixli **********098100 saylı qərara əsasən 73 vergi ödəyicisinin, o cümlədən İddiaçı MMC-nin 01 sentyabr 2020-ci il tarixinə kimi dövlət büdcəsinə ödənilmiş 54.331.885,10 manat məbləğin (iddiaçıya aid 337.523,69 manat) qaytarılması və ya əvəzləşdirilməsi ilə bağlı vergi ödəyicisinin tələbetmə müddətinin bitmiş hesab edilməsi qərara alınmışdır. Lakin iş üzrə keçirilmiş ekspertiza rəyi ilə müəyyən edildi ki, iddiaçının 337.523,69 manat məbləğinin 5 illik tələbetmə müddəti ötməmişdir. Göründüyü kimi, 337.523,69 manat artıq ödəmə məbləği kimi tələbetmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi hissəsinə keçirilsə də, həmin məbləğin 5 illik tələbetmə müddətinin ötməməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 87.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər: 87.1.1. digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; 87.1.2. vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-455/2022 saylı, 15 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar