Məhkəmə qərarları › İş №2-1(103)-1913/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1913/2024

23.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1913/2024 23.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “yeni məlumat vərəqəsinin verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4645/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasının qanunsuz sayılmaqla iddiaçının Əzizbəyov (Xəzər) RPİ-də işlədiyi 6 ildən çox müddətdə post patrul xidməti vəzifəsi üzrə əmək pensiyasında dəyişiklik edilməsi və pensiyanın həmin vəzifədən hesablanması ilə bağlı şəxsi (məlumat) vərəqəsinin göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “...Daxili İşlər Nazirliyinin Bakı şəhəri Əzizbəyov (hazırkı Xəzər) Rayon Polis İdarəsində polis nəfəri vəzifəsində çalışmış, 1986-cı ilin dekabr ayından 1992-ci ilin may ayınadək həmin rayonun X1 polis nəfəri kimi fəaliyyət göstərmiş, Əzizbəyov RPİ-nin Buzovna qəsəbəsində yerləşən Şöbəsində növbətçi köməkçisi vəzifəsində işləmiş və oradan təqaüdə çıxmışdır. Təqaüdə çıxan zaman onun sonuncu işlədiyi vəzifəsi nəzərə alınmış və pensiya məbləği həmin vəzifə üzrə hesablanmışdır. Sonradan ona məlum olmuşdur ki, mövcud qanunvericiliyə görə əvvəlki 6 ildən artıq müddətdə işlədiyi X1 polis nəfəri vəzifəsi nəzərə alınmaqla pensiya təyinatı aparıldığı halda, pensiya məbləği daha çox ola bilərdi. Buna görə də iddiaçı 19 sentyabr 2022-ci il tarixli məktubla Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinə müraciət etmişdir. Həmin müraciətinə cavab olaraq 5 oktyabr 2022-ci il tarixli 027-38998- 5222 saylı cavab məktubunda tövsiyyə edilmişdir ki, o, həmin məsələ ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006-cı il tarixli 499 saylı Fərmanına əsasən DSMFnin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etməlidir. Həmin Filialda aparılmış araşdırma nəticəsində isə, ona əmək pensiyasının düzgün hesablanmaması müəyyən olunmuşdur. Bir vəzifədə 5 il işlədiyini və həmin vəzifədən əmək pensiyasına çıxmaqda seçim hüququnun olmasını nəzərə alaraq, Əzizbəyov (Xəzər) RPİ-də işlədiyi 6 ildən çox müddətdə PPX vəzifəsi üzrə təqaüddə dəyişiklik edilməsi və pensiyanın həmin vəzifədən hesablanmasını xahiş etdikdə, qeyd olunan Filialdan bildirilmişdir ki, Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 saylı qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 4-cü bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması məqsədilə xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı baş verən artımlar barədə məlumatlar da Fonda göndərilməlidir. Buna görə də inzibati orqana müraciət edərək Əzizbəyov (Xəzər) RPİ-də işlədiyi 6 ildən çox müddətdə PPX vəzifəsi üzrə təqaüddə dəyişiklik edilməsi və aldığı əmək pensiyasının post patrul xidməti üzrə polis nəfəri vəzifəsi üzrə yenidən hesablanması üçün xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə müvafiq məlumatı DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən isə 5 noyabr 2022-ci il tarixli cavab məktubu ilə əsassız olaraq imtina etmişdir. Halbuki qüvvədə olan pensiya qanunvericiliyinə əsasən şəxs bir vəzifədə işlədiyi müddətin ardıcıl gələn 5 ilini seçə bilər və pensiya həmin şəxsin seçdiyi illərin gəlirindən hesablanmalıdır...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir: Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...Tələbin yönəldiyi cavabdeh dəqiqləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nın 5.1-ci bəndində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri qeyd edilmişdir. Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Hazırki iş üzrə cavabdeh Daxili İşlər Nazirliyi Aparatının strukturuna aid olan Maliyyə- Plan İdarəsi deyil, Daxili İşlər Nazirliyi olmalıdır. İddia mahiyyəti üzrə də əsassızdır. «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Qanunun 40-cı maddəsinə əsasən hərbi qulluqçulara və onların ailələrinə pensiya hərbi qulluqçuların təminat xərcliyindən hesablanır. Bu zaman onlara pensiya hesablanması üçün vəzifə maaşı (yeni vəzifə maaşını təşkil edən bütün artım; növləri və əlavələr daxil olmaqla), hərbi və ya xüsusi rütbəyə görə müvafiq maaşlar, xidmət illəri (fasiləsiz iş) üçün əlavə faiz və ərzaq payı müqabilində verilən pul kompensasiyası nəzərə alınır. Daxili İşlər Nazirliyinin sabiq əməkdaşı İddiaçı sonuncu xidmət yeri Əzizbəyov (Xəzər) RPİ-nin 2-ci Polis Bölməsinin növbətçi köməkçisi vəzifəsi olduğundan, pensiya təminatında bu vəzifənin təminat xərcliyi əsas götürülür...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4645/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosssual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Qərar qanunsuz və əsassızdır. Qərarda məhkəmə inzibati-prosessual və mülkiprosessual qanunvericiliklərinin tələblərini pozaraq, onun iddia tələblərinin əsasları kimi istinad etdiyi halları araşdırmaq və hüquqi qiymət vermək əvəzinə, inzibati orqanın qərarında istinad etdiyi xüsusatları sadalamaqla kifayətlənmişdir. Halbuki, tərəfindən tərtib edilmiş iddia ərizəsində işin faktiki halları ilə yanaşı, iddia tələblərinin qanuni və əsaslı olmasını təsdiq edən faktiki və hüquqi əsaslara, qanunvericlik aktlarına isinad olunaraq, əsaslandırılmışdır. Başqa sözlə, iddia tələblərinin əsasını məhz əmək qanunvericiliyi çərçivəsində tanınan hüquqların təsdiq edilməsi və həyata keçirilməsi təşkil edir. Bir daha bildirir ki, uzun illər Cavabdeh Bakı şəhəri Əzizbəyov (Xəzər) RPİ-də polis nəfəri vəzifəsində çalışmışdır. 1986-cı ilin dekabr ayından 1992-ci ilin may ayınadək həmin rayonun X1 polis nəfəri kimi fəaliyyət göstərmişdir. Əzizbəyov (Xəzər) RPİ-nin Buzovna qəsəbəsində yerləşən Şöbəsində növbətçi köməkçisi vəzifəsində işləmiş və oradan təqaüdə çıxıb. Təqaüdə çıxanda onu sonuncu işlədiyi vəzifədən təqaüdə buraxmışlar və təqaüdünü həmin vəzifə üzrə hesablamışlar. Sonradan ona məlum olmuşdur ki, mövcud qanunvericiliyə görə əvvəlki 6 ildən artıq müddətdə işlədiyi X1 polis nəfəri vəzifəsindən təqaüdə çıxsaydı, ona ödənilən pensiya miqdarı daha çox olardı. Buna görə də xx.xx.2022-ci il tarixli məktubla Maliyyə-Plan İdarəsinə müraciət etmiş, müraciətinə xx.xx.2022-ci il tarixli 027-38998-5222 saylı cavab məktubunda ona tövsiyyə olunmuşdur ki, məsələ ilə bağlı AR Prezidentinin xx.xx.2006-cı il tarixli 499 saylı Fərmanına əsasən AR ƏƏSMN- nin tabeliyində DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət etsin. Həmin Filialda aparılmış araşdırma nəticəsində isə ona əmək pensiyasının düzgün hesablanmaması müəyyən olunmuşdur. Bir vəzifədə 5 il işlədiyini və həmin vəzifədən əmək pensiyasına çıxmaqda seçim hüququnun olmasını nəzərə alaraq, Əzizbəyov (Xəzər) rayonu Polis İdarəsində işlədiyi 6 ildən çox müddətdə PPX vəzifəsi üzrə əmək təqaüdündə dəyişiklik edilməsini və pensiyanın həmin vəzifədən hesablanmasını xahiş etdikdə, qeyd olunan filialdan ona bildirilmişdir ki, AR NK-nin xx.xx.2007-ci il tarixli 135 saylı qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 4-cü bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması məqsədilə xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılınası ilə bağlı baş verən artımlar barədə məlumatlar da h\min orqan tərəfindən Fonda göndərilməlidir. Buna görə də tərəfindən inzibati orqana müraciət olunaraq, yuxarıda şadalanan Fərman və Qaydaların tələblərinə əsasən orqandan xahiş etmişdir ki, Əzizbəyov (Xəzər) rayonu Polis İdarəsində işlədiyi 6 ildən çox müddətdə PPX vəzifəsi üzrə əmək təqaüdündə dəyişiklik edilməsi və aldığım əmək pensiyasının post patrul xidməti üzrə polis nəfəri vəzifəsi üzrə yenidən hesablanması üçün xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə müvafiq məlumatı DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına göndərilsin. Cavabdeh inzibati orqandan xx.xx.2022-ci il tarixli 027-3893/2A-3222 saylı məktubla əmək təqaüdündə dəyişiklik edilməsi və aldığı əmək pensiyasının post patrul xidməti üzrə polis nəfəri vəzifəsi üzrə yenidən hesablanması üçün xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılınası ilə bağlı dəyişikliklər barədə müvafiq məlumatı AR ƏƏSMN-nin tabeliyində DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına göndərilməsindən imtina olunmuşdur. Halbuki qüvvədə olan pensiya qanunvenciliyinə əsasən şəxs bir vəzifədə işlədiyi müddətin dalbadal ilini seçə bilər və pensiya həmin şəxsin seçdiyi illərin gəlirindən hesablanmalıdır. Təsadüfi deyil ki, DSMF- nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən onun müraciəti haqlı hesab olunaraq, əmək təqaüdündə dəyişiklik edilməsi və aldığı əmək pensiyasının post patrul xidməti üzrə polis nəfəri vəzifəsi üzrə yenidən hesablanması üçün xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə müvafiq məlumatı həmin filiala göndərilməsi ona tövsiyyə olunsa da və həmin tövsiyyə əsasında hərəkət etsəsə də cavabdeh qanunsuz olaraq, müraciətinə imtina cavabı vermiş, buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Əzizbəyov RPİ 2-ci Polis Bölməsində “növbətçi köməkçisi” vəzifəsindən çıxdığını, daha 6 il əvvəl isə X1 polis nəfəri çalışarkən daha çox maaş aldığını, lakin ona həmin vəzifə maaşından pensiya hesablanmadığını bildirərək, apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə onun apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxalanılmalıdır. İşə əlavə olunmuş ƏƏSMN tabeliyində DSMF- nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının iddiaçıya ünvanlanmış 14 oktyabr 2020-ct il tarixli məktubunda bildirilir ki, iddiaçıya cavabdeh Daxili İşlər Nazirliyi tərəfindən 1 aprel 2005-ci il tarixdə 25 il 8 ay 11 gün xidmət illərinə görə pensiya təyin edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il 499 No-li Fərmanına uyğun olaraq 1 yanvar 2007-ci il tarixdən hərbi qulluqçulara əmək pensiyası təyin edilməsi funksiyaları DSMF-yə keçdiyindən pensiya ödnişi ona Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 2878 nömrəli məlumat vərəqi əsasında həmin tarixdən Fond tərəfindn həyata keçirilmiş, hal-hazırda isə Mərkəzi Filial tərəfindən ödənilir. Həmin məlumat vərəqində iddiaçının vəzifəsi Əzizbəyov RPİ 2PB/növbətçi köməkçisi vəzifəsinə uyğun hesablanmışdır. İddiaçının iddia ərizəsinə, apellyasiya şikayətinə və qeyd olunan izahatına əsasən onun həmin vəzifədən pensiyaya çıxdığı təsdiq olunur. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında" Əsasnamənin 144-cü maddəsinə əsasən xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər. Həmin Əsanamənin 145-ci maddəsinə əsasən Daxili işlər orqanları əməkdaşlarının pensiya təminatı, pensiya təyin edilərkən xidmət müddətinin hesablanması qaydaları Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir. İddiaçıya pensiya təyin olunarkən qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 2-ci maddəsinin 1-ci hissəsi nəzərədə tuturdu ki, pensiya təminatı hüququ olan hərbi qulluqçulara pensiya onlar hərbi xidmətdən buraxıldıqdan sonra bu Qanuna müvafiq surətdə təyin edilir və ödənilir. Pensiya təminatı hüququ olan hərbi qulluqçulara pensiya onlar hərbi xidmətdən buraxıldıqdan sonra bu Qanuna müvafiq surətdə təyin edilir və ödənilir. Həmin Qanunun 4-cü maddəsinin 1-ci hisəsinə əsasən hərbi qulluqçulara və onların ailələrinə (öz arzusu ilə) “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş şərtlərlə və normalar üzrə pensiyalar təyin edilə bilər. Həm də pensiya hesablanarkən əmək haqqı ilə bərabər hərbi qulluqçunun xidmətdən buraxılmazdan əvvəl aldığı təminat xərcliyinin bütün növləri nəzərə alınır. Eyni zamanda, 2006-cı ildən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə görə təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 2-ci bəndində göstərilir ki, «Əmək pensiyaları haqqında» Qanunun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, birmənalı olaraq hərbi qulluqçuların əmək pensiyası onların hərbi xidmətdən buraxıldığı günə aldıqları təminat xərcliyinə dair tərtib olunmuş məlumat vərəqi əsasında hesablanır. Konkret halda da, məhz, iddiaçının iddia ərizəsi və onun apellyasiya şikayəti, məhkəməyə verdiyi izahatı və işdə olan digər sənədələrlə işin müəyyən edilən mübahisəsiz halıdır ki, ona hərbi xidmətdən buraxılmazdan əvvəl 2005-ci ildə tutmuş olduğu son “Əzizbəyov RPİ 2-ci Polis Bölməsində “növbətçi köməkçisi” vəzifəsinin təminat xərcliyindən hesablanmışdır. Hazırda isə o, bundan 6 il əvvəl Post-Patrul Xidmətində polis nəfəri vəzifəsi üzrə təminat xərcliyi nəzərə alınmaqla, məlumat vərəqi tərtib olunub DSMF-yə göndərilməsini cavabdehdən tələb edir, Bununla əlaqədar qeyd olunmalıdır ki, birincisi iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 20.18-ci maddəsinin təsir dairəsinə düşmür. Çünki, həmin normanın tələbinə görə səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. İkincisi, daxili işlər orqanlarında xidmətdən ehtiyata buraxılanadək sonuncu tutduğu vəzifəsi Əzizbəyov (Xəzər) RPİ-nin 2-ci Polis Bölməsində “növbətçi köməkçisi” vəzifəsi olduğu və həmin vəzifəyə keçirilməsi barədə əmr onun tərəfindən mübahisələndirilmədiyi halda, yəni, qüvvədə olduğundan onun hazırkı tələbi üzrə 1986 – 1992-ci illərdə Xəzər Rayon X1 polis nəfəri vəzifəsinə uyğun təminat xərcliyi nəzərə alınmaqla, cavabdeh tərəfindən onun barəsində yeni məlumat vərəqinin DSMF-yə göndərilməsi qanunvericiliyin qeyd olunan tələblərinə ziddir. Bu baxımdan, sonuncu tərəfindən iddia olunan məlumat vərəqinin göndərilməsindən imtina olunması əsaslıdır. Əsaslı imtina isə onun hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, məhkəmə, o halda inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Birinci instansiya məhkəməsinin qərarından da, məhz görünür ki, məhkəmə tərəfindən qeyd olunanlar nəzərə alınmaqla iddiaçının tələbində haqlı olmadığı müəyyən edilərək onun iddia tələbi rədd olunmuşdur. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin həmin qərarı ilə iddianın rədd olunmasını işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsasız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4645/2023 saylı xx.xx.2023-cü qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4645/2023 saylı xx.xx.2023-cü qərarı dəyişdirimədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar