Məhkəmə qərarları › İş №2-1(103)-1914/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1914/2024

20.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1914/2024 20.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı: İddiaçı Cavabdeh: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “şəhid ailəsi üçün təyin edilən təqaüdün tam məbləğdə iddiaçıya ödənilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X5 və X8 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1869/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 17 yanvar 1994-cü il tarixdə həlak olmuş X2 arvadı kimi şəhid ailəsi statusuna malikdir.

2. Cavabdeh ona Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2006-cı il tarixli 493 nömrəli Fərmanı ilə təsis edilmiş şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünü 2007-ci ildən 2022-ci ilin avqust ayınadək tam şəkildə ödəmişdir, 2022-ci ilin avqust ayından isə 50% həcmində ödəyir.

3. Cavabdeh iddiaçının təqaüdü almaq üçün tək ailə üzvü (şəhidin) olmadığını bildirərək, ona təqaüdün yarısının ödənilməsi qənaətinə gəlmişdir. İddiaçı hazırda cavabdehin hərəkətlərini mübahisələndirir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fonduna qarşı «şəhid ailəsi üçün təyin edilən təqaüdün qalan hissəsinin iddiaçıya ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

5. İddia ərizəsində bildirilir ki, iddiaçının mərhum əri X14 17 yanvar 1994-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə (Kəlbəcər istiqamətində) şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2006-cı il tarixli 493 nömrəli Fərmanına əsasən «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş hər şəhid ailəsinə hər şəhidə görə ayda 500 manat məbləğində “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 yanvar 2007-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydaları»nın 5-ci bəndinə əsasən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” müraciət edən şəxsin şəhidlə qohumluğunu təsdiq edən sənəd, şəhid ailələrinə verilən vəsiqə, təqaüd almaq hüququ olan digər ailə üzvləri barədə məlumat və ərizə əsasında təyin edilir. İddiaçı və onun övladı X9 ailə üzvləri kimi vərəsələridir. Təqaüd almaq hüququ olan digər ailə üzvləri tərəfindən heç bir ərizə təqdim edilməmişdir. Buna baxmayaraq, iddiaçı uzun müddət həmin təqaüdün yarısını almışdır, yəni hər ay üçün ona 250 manat məbləğində vəsait ödənilmişdir. Hazırda Dövlət Sosial Müdafiə Fondu tərəfindən ona 500 məbləğində şəhid ailəsi üçün təqaüd verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 yanvar 2007- ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 8-ci bəndinə əsasən müraciət müddətindən asılı olmayaraq, “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” onu almaq hüququ yarandığı gündən təyin edilir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən ona təqaüdün qalan hissəsi (250 manat məbləğində) də onu almaq hüqüqu yarandığı gündən ödənilməlidir. Beləliklə, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi zamanı cavabdehin qanuna zidd hərəkətləri nəticəsində onun (iddiaçının) hüquqları pozulmuşdur. Cavabdeh təqaüdün məbləğini düzgün hesablamamışdır. Göstərilənlərə və İPM-in 14, 35-ci maddələrinə əsaslanaraq, “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün qalan hissəsinin həmin təqaüdü almaq hüququ yarandığı gündən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması məhkəmədən xahiş olunur.

6. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Dövlət Sosial Müdafiə Fondu həmin Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir.

7. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «şəhid ailəsi üçün təyin edilən təqaüdün qalan hissəsinin dayandırıldığı vaxtdan tam məbləğdə iddiaçıya ödənilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir.

8. Dövlət Sosial Müdafiə Fondunun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazında bildirilir ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatlarla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailələsinin üzvləri hesab olunurlar: ər-arvad, valideyn, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar, peşə təhsilli, orta ixtisas təhsilli, ailə təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək, qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1-ci bəndinə görə şəhid – Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Sözügedən Qaydaların 1.2.6-cı bəndinə görə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X3 Xidmətində, X6 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Həmin Qaydaların 2.1-ci bəndinə görə şəhid ailə üzvləri aşağıdakılar hesab edilirlər: (2.1.1) arvadı (əri); (2.1.2) valideynləri; (2.1.3) 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; (2.1.4) qardaşları və bacıları – uşaq evlərində tərbiyə olunanlar; (2.1.5) babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; (2.1.6) 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. Sözügedən Qaydaların müvafiq bəndinin məzmunundan göründüyü kimi, şəhid ailəsi şəhidin arvadı (əri), valideynləri, 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, uşaq evlərində tərbiyə olunan qardaş və bacıları və qanunla onları saxlayan şəxs yoxdursa baba və nənələri hesab edilir. Dövlətimizin ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşu uğrunda şəhid olanların ailələrinə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2006-cı il tarixli 493 nömrəli Fərmanı ilə “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. Həmin Fərmanın 1-ci bəndinə əsasən «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş hər şəhid ailəsinə hər şəhidə görə ayda 100 manat məbləğində “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün verilməsi nəzərdə tutulmuşdur. Həmin Fərmana Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1225 nömrəli Fərmanı ilə dəyişiklik edilmiş və sözügedən təqaüdün məbləği 1 yanvar 2021ci il tarixdən 500 manata çatdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 yanvar 2007-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş «Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydaları»nın 1-ci bəndinə əsasən bu Qaydalar “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2006-cı il tarixli 493 nömrəli Fərmanına uyğun olaraq hazırlanmışdır və şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi mexanizmini müəyyən edir. Qaydaların 2-ci bəndinə əsasən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” şəhidin aşağıdakı ailə üzvlərinə təyin edilir: arvadına (ərinə), valideynlərinə, 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına, qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə. Qaydaların 5-ci bəndinə əsasən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” müraciət edən şəxsin şəhidlə qohumluğunu təsdiq edən sənəd, şəhid ailələrinə verilən vəsiqə, təqaüd almaq hüququ olan digər ailə üzvləri barədə məlumat və ərizə əsasında təyin edilir. Həmin Qaydaların 6-cı bəndinə görə “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” hər bir şəhidə görə təyin edilir və ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilir. X1 ailə üzvləri sırasına onun arvadı və valideynləri daxil edilmiş, müvafiq müvafiq qanunvericilik normalarına əsasən bu təqaüdü almaq hüququ olan ailə üzvləri arasında məbləğin bərabər bölünməklə ödənilməsi nəzərdə tutulmuşdur. X2 doğum haqqında şəhadətnaməsi təqdim edilmədiyindən, onun bu təqaüdü almaq hüququ olan valideynlərinin ad, soyad və ata adının müəyyənləşdirilməsi və hazırda onların sağ olub-olmamasının dəqiqləşdirilməsi mümkün olmadığından, həmin təqaüdün tam şəkildə şəhidin arvadı İddiaçı ödənilməsi qanunvericiliyin tələbi baxımından mümkün hesab edilmir. Sadalanan qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, İddiaçı X2 arvadı olmasına baxmayaraq, faktiki olaraq bu təqaüdü almaq hüququna malik olan tək ailə üzvü olmadığı üçün 500 manat məbləğindəı nəzərdə tutulmuş Prezident təqaüdünün tam həcmdə iddiaçıya ödənilməsi qanunauyğun hesab edilmir. Belə ki, qanunvericilik normalarının tələblərinə uyğun olaraq təqaüdün ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilməsi nəzərdə tutulmuşdur. Beləliklə, İddiaçı X2 arvadı olsa da, yuxarıda qeyd olunan qanunvericilik normalarında nəzərdə tutulan şəhid ailəsi üzvləri kateqoriyasına daxil olan və bu təqaüdü almaq hüququ olan tək ailə üzvü deyildir. Qanunvericilik normalarının tələblərinə uyğun olaraq şəhidin valideynlərinin də bu təqaüdü almaq hüququ olduğundan, həmin təqaüdün tam həcmdə bölünmədən iddiaçıya verilməsi yolverilməzdir və bu səbəbdən də iddia əsassızdır. Göstərilənlərə əsaslanaraq, iddianın təmin olunmaması məhkəmədən xahiş edilir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1869/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı şəhid ailəsi üçün təyin edilən təqaüdün qalan hissəsinin dayandırıldığı vaxtdan tam məbləğdə ödənilməsi öhdəliyi DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.

10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan iddiaçının özünü “tək ailə üzvü” kimi bəyan etməsini qəbul etməsə də, digər ailə üzvünün (şəhid ailəsi sayılan şəxsin) konkret kimliyi, həmin şəxsin müvafiq statusa malik olması barədə heç bir arqument gətirmir və hansı səbəbdən təqaüdün məhz yarısının verilməsini əsaslandırmır. Belə ki, başqa ailə üzvləri də ehtimal oluna bilər. Hətta belə şəxsin inzibati orqana müraciəti də olmamışdır. Odur ki, cavabdehin bu dəlil üzrə imtinası «İnzibati icraat haqqında» Qanunun 15-ci maddəsinin tələblərini pozur.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

11. Qərardan cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1869/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, İddiaçı X2 arvadı olmasına baxmayaraq, faktiki olaraq bu təqaüdü almaq hüququna malik olan tək ailə üzvü olmadığı üçün nəzərdə tutulmuş Prezident təqaüdünün tam həcmdə iddiaçıya ödənilməsi qanunauyğun hesab edilmir. Belə ki, qanunvericilik normalarının tələblərinə uyğun olaraq təqaüdün ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilməsi nəzərdə tutulmuşdur.İddiaçı X2 anası X10 ölüm şəhadətnaməsini təqdim edə bilmir.

13. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

ç) Prosses iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.İzahatında əlavə olaraq göstərmişdir ki, İddiaçı və onun övladı X9 ailə üzvləri kimi vərəsələridir. Təqaüd almaq hüququ olan digər ailə üzvləri tərəfindən heç bir ərizə təqdim edilməmişdir.Apellyasiya baxışı zamanı iddiaçı bildirmişdir ki, mərhum ərinin anası X11 ümumiyyətlə görməmişdir.Ərinin şəhid olduğu zaman qaynatasına demişlər ki, şəhidin anasına teleqram göndərilərək məlumat verilsin.Qaynatası bildirmişdir ki, teleqrama cavab olaraq demişlər ki, X15 vəfat etmişdir.İddiaçının mərhum əri hələ azyaşlı uşaq olarkən atası onu da götürüb Azərbaycana gəlmişdir, mərhum ərinin sağlığında da qaynanası ilə əlaqəsi olmamış, harada yaşadığını dəqiq bilməmişdir.Mərhum əri ailənin tək övladı olmuşdur.Qaynatası demişdir ki, X15Tacikstanda yaşayır, orada ailə qurub.Qaynatası özü də Gəncədə başqa şəxslə ailə qurub, bir oğlu daha olub, lakin qaynatası və ikinci nikahdan olan qaynı da ölübdür.Odur ki, onlardan da heç bir məlumatı olmamışdır.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir.

17. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

18. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın: 1.1-ci bəndinə görə şəhid – Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2-ci bəndinə görə aşağıdakılar şəhid hesab edilirlər: - (1.2.6) Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X3 Xidmətində, X6 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər. 2.1-ci bəndinə görə şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; (2.1.1) arvadı (əri); (2.1.2) valideynləri; (2.1.3) 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; (2.1.4) qardaşları və bacıları – uşaq evlərində tərbiyə olunanlar; (2.1.5) babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; (2.1.6) 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

22. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

24. İddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə X17 16-19-cu bəndlərində istinad edilən hüquq normalarından, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2006-cı il tarixli 493 nömrəli Fərmanının tələblərindən çıxış edərək qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

25. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2006-cı il tarixli 493 nömrəli Fərmanının 1-ci bəndinə əsasən «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hər şəhid ailəsinə hər şəhidə görə ayda 100 manat məbləğində “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir.

26. Azərbaycan Respublikası Prezidentinin 8 sentyabr 2010-cu il tarixli 323 nömrəli Fərmanı ilə «Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü»nün aylıq məbləği 50 faiz artırılaraq 150 manat məbləğində müəyyən edilmişdir.

27. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2013-cü il tarixli 564 nömrəli Fərmanı ilə “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün aylıq məbləği 2011-ci il dekabrın 1-dən 10 faiz artırılaraq 165 manat məbləğində müəyyən edilmişdir.

28. Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2013-cü il tarixli 953 nömrəli Fərmanı ilə “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün aylıq məbləği artırılaraq 2013-cü il sentyabrın 1-dən 200 manat müəyyən edilmişdir.

29. Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2016-cı il tarixli 242 nömrəli Fərmanı ilə “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün nün aylıq məbləği 10 faiz artırılaraq 2016-cı il fevralın 1-dən 220 manat müəyyən edilmişdir.

30. Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2019-cu il tarixli 501 nömrəli Fərmanı ilə şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 2019-cu il fevralın 1-dən 300 manat müəyyən edilmişdir.

31. Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1225 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2006-cı il tarixli 493 nömrəli Fərmanının 1-ci hissəsində “300 (üç yüz)” sözləri “500 (beş yüz)” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Prezidentinin13 yanvar 2023-cü il tarixli 1973 nömrəli Fərmanı ilə şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 manat müəyyən edilmişdir.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 yanvar 2007-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş «Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydaları»nın 5-ci bəndinə əsasən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” müraciət edən şəxsin şəhidlə qohumluğunu təsdiq edən sənəd, şəhid ailələrinə verilən vəsiqə, təqaüd almaq hüququ olan digər ailə üzvləri barədə məlumat və ərizə əsasında təyin edilir.

33. Həmin Qaydaların 6-cı bəndinə görə “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” hər bir şəhidə görə təyin edilir və ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilir.

34. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı 17 yanvar 1994-cü il tarixdə həlak olmuş X2 arvadı kimi şəhid ailəsi statusuna malikdir. Cavabdeh ona Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2006-cı il tarixli 493 nömrəli Fərmanı ilə təsis edilmiş şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünü 2007-ci ildən 2022-ci ilin avqust ayınadək tam şəkildə ödəmişdir, 2022-ci ilin avqust ayından isə 50% həcmində ödəyir. Cavabdeh iddiaçının təqaüdü almaq üçün tək ailə üzvü (şəhidin) olmadığını bildirərək, ona təqaüdün yarısının ödənilməsi qənaətinə gəlmişdir. İddiaçı hazırda cavabdehin hərəkətlərini mübahisələndirir.

35. Məhkəmə Kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının mərhum əri X14 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş və ona şəhid statusu, iddiaçıya isə bununla əlaqədar şəhid ailəsi statusu verilmişdir. Qeyd olunan faktiki hal mübahisələndirilməsə də, məhkəmə vurğulayır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həm ötən əsrin 90-cı illərində, həm də 2020ci ilin sentyabr – noyabr aylarında döyüş əməliyyatlarında şəhid olmuş şəxslərə dövlət dəstəyinin davamı kimi xüsusi qrup şəxslər qismində şəhid ailələri üçün nəzərdə tutulmuş dövlət tərəfindən güzəştlər (o cümlədən, mənzillə təmin olunması, təqaüd verilməsi və s. ilə bağlı) müəyyən edilmişdir.

36. Lakin nəzərə alınmalıdır ki, bu qəbildən olan güzəştlər müvafiq şəxslərə aidiyyəti səlahiyyətli orqanlar tərəfindən vaxtında və mütənasib şəkildə tətbiq edildikdə özünün mahiyyəti və məqsədi baxımından adekvatlığını saxlamış olur.

37. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının özünü “tək ailə üzvü” kimi bəyan etməsini qəbul etməsə də, digər ailə üzvünün (şəhid ailəsi sayılan şəxsin) konkret kimliyi, həmin şəxsin müvafiq statusa malik olması barədə heç bir arqument gətirmir və hansı səbəbdən təqaüdün məhz yarısının verilməsini əsaslandırmır. Belə ki, başqa ailə üzvləri də ehtimal oluna bilər. Hətta belə şəxsin inzibati orqana müraciəti də olmamışdır. Odur ki, cavabdehin bu dəlil üzrə imtinası «İnzibati icraat haqqında» Qanunun 15-ci maddəsinin tələblərini pozur.

38. Bundan başqa, hazırkı iş üzrə iddiaçının üzərinə inzibati icraatda şəhidin başqa ailə üzvlərinin olmamasına dair sübut təqdim etmək vəzifəsi də qoyula bilməz. Belə hal «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələblərinə ziddir.

39. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən qənatə gəlir ki, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının hərəkətləri (imtinası) qanuna zidd və iddiaçının sosial təminat hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir.

40. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar olduğunu qeyd etməklə yanaşı, onu da diqqətə çəkir ki, İddiaçı və onun övladı X9 ailə üzvləri kimi vərəsələridir. Təqaüd almaq hüququ olan digər ailə üzvləri tərəfindən heç bir ərizə təqdim edilməmişdir.Apellyasiya baxışı zamanı iddiaçı bildirmişdir ki, mərhum ərinin anası X11 ümumiyyətlə görməmişdir.Ərinin şəhid olduğu zaman qaynatasına demişlər ki, şəhidin anasına teleqram göndərilərək məlumat verilsin.Qaynatası bildirmişdir ki, teleqrama cavab olaraq demişlər ki, X15 vəfat etmişdir.İddiaçının mərhum əri hələ azyaşlı uşaq olarkən atası onu da götürüb Azərbaycana gəlmişdir, mərhum ərinin sağlığında da qaynanası ilə əlaqəsi olmamış, harada yaşadığını dəqiq bilməmişdir.Mərhum əri ailənin tək övladı olmuşdur.Qaynatası demişdir ki, X15Tacikstanda yaşayır, orada ailə qurub.Qaynatası özü də Gəncədə başqa şəxslə ailə qurub, bir oğlu daha olub, lakin qaynatası və ikinci nikahdan olan qaynı da ölübdür.Odur ki, onlardan da heç bir məlumatı olmamışdır.

41. Məhkəmə Kollegiyasının əvvəlki iclasında cavabdehin nümayəndəsi məhkəmənin sorğusu əsasında X10 barəsində sorğular edilə biləcəyini bildirmiş və məhkəmə Kollegiyası 14 may 2024-cü il tarixdə cavabdehə iddiaçının qaynanası, yəni X2 anası X10 barəsində inzibati orqan olaraq araşdırma aparılaraq və aidiyyəti respublikalara müvafiq sorğular edilərək əldə edilmiş məlumat və sənədlərin məhkəməyə təqdim olunmasına dair sorğu göndərmişdir.

42. Lakin məhkəmə Kollegiyasının sorğusuna cavbdehin xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, X12 dair müvafiq sorğunun verilməli olduğu dövlət barəsində məlumat qeyd edilmədiyi üçün məktubun icrası mümkün deyildir.

43. Bundan başqa Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən, həmçinin, X13 Aktlarının Qeydiyyat Baş İdarəsi tərəfindən iddiaçının vəkilinin sorğularına cavablarda da X10 barəsində məlumat və ölümü haqqında akt qeydi aşkar olunmadığı bildirilmişdir.

44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq bir daha qeyd edir ki, hazırkı iş üzrə iddiaçının üzərinə inzibati icraatda şəhidin başqa ailə üzvlərinin olmamasına dair sübut təqdim etmək vəzifəsi qoyula bilməz. Belə hal «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələblərinə ziddir.

45. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

46. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1869/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1869/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar