Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1915/2022 28.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həmidov Həmid Üzeyir oğlunun sədrliyi ilə (məruzəçi); Tanrıverdiyev Anar Vəzir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Hüseynova Arzu İsrafil qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 22 dekabr 2021- ci il tarixli, 2-1(112)-6550/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1961-ci ildə anadan olmuş, hazırda 60 yaşı vardır. 1979-cu ildən əmək fəaliyyətinə başlamış və xx.xx.2003-cü ilədək (24 il) "xxxx" SC-nin 2 saylı müəssisəsində elektrik qaynaqçısı peşəsində işləmişdir. Onun işlədiyi həmin sahə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarının 35-ci bölməsinə əsasən ona güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən iş sahəsidir. Bundan başqa, onun ümumi əmək stajı 32 il olmuş, belə ki, o, 2 il (1980- 1982) hərbi xidmətdə qulluq etmiş və 1978-1979-cu ilə kimi Sumqayıt şəhər 17 saylı TPM-də oxumuşdur. Onun ümumi stajı 32 il, həmin stajın da, 24 ilinin güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən iş stajı olduğu üçün o, müvafiq sənədləri toplamaqla cavabdeh təşkilata müraciət etmiş, lakin ona ünvanlanan xx.xx.2021-ci il tarixli məktubunda cavabdeh ona güzəştli şərtlərlə pensiya təminatından imtina etmişdir və bu imtinasını onunla əsaslandırmışdır ki, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən azdır (40800 manata qarşı 19734,60 manat). O, cavabdehin bu imtinası ilə razılaşmır və bildirmək istəyir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası" məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 4.1-ci maddəsinə görə Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 26 iyun tarixli, 358- İQD nömrəli qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılaraq 52 yaş müəyyən edilmişdir. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Qarşı tərəf ona pensiya təminatından imtina edərkən bunu sosial sığorta kapitalının az olması ilə əlaqələndirmişdir, halbuki onun göstərdiyi məbləğ hansı mənbədən götürülmüşdür, ona aydın deyildir, digər tərəfdən qeyd edilən məbləğdə kapitalın yığılması üçün bir insan ömrü yetməz. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ona 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçının 01 yanvar 2006-cı il tarixinədək 25 ildən artıq ümumi, 12 il 6 aydan çox güzəştli iş stajı topladığına görə “Əmək pensiyaları haqqında” qanunun (bundan sonra - ƏPQ) 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 13cü maddələrinə əsasən, ona 57 yaşdan, yəni xx.xx.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə dair müraciətinə Mərkəzi Filialın xx.xx.2021-ci il tarixli, **********6 nömrəli imtina məktubu ilə cavab verilmişdir ki, İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Belə ki, iddiaçıya münasibətdə fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi 40.800 manat təşkil edir, lakin iddiaçının fərdi hesabının sığorta hissəsində, cəmi, 19.734,6 manat qeydə alınmışdır. Filialın imtinası ƏPQ-nin 9.1-ci maddəsinə əsaslanmaqla qanunidir. Həmin maddəyə görə, “Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır”. Göründüyü kimi, ƏPQnin 9.1-ci maddəsinə əsasən, güzəştli şərtlərlə əmək pensiyası almaq üçün 3 sığorta hadisəsinin baş verməsi zəruridir: yaş, staj və zəruri pensiya kapitalı. Filialın imtinası həm də ƏPQnin 6.2, 6.3 və 45-ci maddələrinin tələblərinə uyğundur. Belə ki, ƏPQ-nin 6.2-ci maddəsinə görə, əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə bu Qanunun 19-cu və 20-ci maddələrində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir. ƏPQ-nin 6.3-cü maddəsinə görə, əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığortaolunanın fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir. ƏPQ-nin 45-ci maddəsinə görə, bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. ƏPQ-nin tətbiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 2.11- ci bəndinə əsasən, gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) təşkil edir. İddiaçı ona pensiya təyin edilməsini tələb etdiyi tarixdə (2018-ci ilin martında) kişilər üçün pensiya yaşı 63 il 6 ay olmuşdur. Dolayısı ilə, İddiaçı baxımından gözlənilən pensiya ödənişi müddəti daha 6 il 6 ay (78 ay) artırılır. Göründüyü kimi, iddiaçıya pensiya təyin edilməsi üçün onun ən azı 40.800 manat məbləğində pensiya kapitalına malik olması tələb edilir. Lakin, müraciət tarixində iddiaçının sahib olduğu pensiya kapitalı cəmi, 28390,79 manat təşkil etmişdir. Bakı İnzibati Məhkəməsinin 22 dekabr 2021- ci il tarixli, 2-1(112)-6550/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş və İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 22 dekabr 2021- ci il tarixli, 2-1(112)-6550/2021 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya qarşı təqdim edilmiş yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 22 dekabr 2021- ci il tarixli, 2- 1(112)-6550/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Qazax rayonu, Poylu kəndində anadan olmuşdur. - iddiaçıya məxsus НЗ seriyaı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1980-xx.xx.1982-ci illərdə X2 həqiqi hərbi xidmətdə olmuşdur. - Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi təərfindən verilmiş xx.xx.1979-cu il tarixli,1230 nömrəli attestatın surətindən görünür ki, xx.xx.1978xx.xx.1979-cu ilərdə 17 nömrəli şəhər texniki peşə məktəbini elektrik qaynaqçası peşəsi üzrə bitirmişdir. - iddiaçıya məxsus ИТ-İ seriyalı, 043277 nömrəli, xx.xx.1980-cı il tarixdə açılmış əmək kitabçasının surətindən görünür ki, xx.xx.1977-xx.xx.1979-cu illərdə 17 nömrəli şəhər texniki peşə məktəbində həm təhsil alaraq işləmiş, xx.xx.1979-cu ildən xx.xx.1980ci ilə qədər işləmiş, xx.xx.1980-xx.xx.1982-ci illərdə hərbi xidmətdə olmuş, xx.xx.1982-ci ildən xx.xx.2003- cü ilədək, xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən hal-hazıradək müxtəlif peşələrdə işləmişdir. - "xxxx" Səhmdar Cəmiyyəti 2 №-li Müəssisə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 09/06 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.1979-cu ildən xx.xx.2003-cü ilədək "xxxx" SC-nin 2 saylı müəssisəsində elektrik qaynaqçısı peşəsində işləmişdir. Bu peşə xx.xx.2007-ci il Nazirlər Kabinetinin qərarının 35-ci bölməsi üzrə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verir. - "xxxx" Səhmdar Cəmiyyəti 2 №-li Müəssisə tərəfindən verilmiş sənədlərdən görünür ki, iddiaçının əmək kitabçasında həmin müəssisədə işlədiyi illərə dair aparılmış qeydlərin düzgünlüyü müvafiq əmrlərlə və iddiaçıya əmək haqqı ödənilməsi ilə bağlı əmək haqqı cədvəlləri ilə təsdiq edilir. - cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2021-ci il tarixli, **********6 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqına” imtina məktubunun surətindən görünür ki, iddiaçının “Asan Sumqayıt” Mərkəzi tərəfindən daxil olmuş ərizəsinə və ona əlallvə olunmuş sənədlərinə baxılaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən tədiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şrətlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hisəssinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Onun Fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40800.00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapital cəmi 19734.60 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli, 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən qeyd etmişdir ki, iş materiallarına əlavə olunmuş iddiaçının işlədiyi müəssisə "xxxx" SC-nin 2 saylı Müəssisəsi tərəfindən verilmiş arayış iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasını təsdiq edən arayışdır və həmin arayış mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, sözügedən arayışda iddiaçının işlədiyi “elektrik qaynaqçısı” peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bölməsində nəzərdə tutulduğu göstərilmişdir. İddiaçının güzəştli şərtlərə pensiya hüququnu xx.xx.2006-cı il tarixədək qazandığını nəzərə alaraq məhkəmə, iddiaçının işlədiyi “elektrik qaynaqçısı” peşəsinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı Qərarına 2 nömrəli əlavədə - “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında XXXİİİ. Ümumi peşələr bölməsində 23200000—19906 koduna (əl ilə qaynaq aparan elektrik qaynaqçıları) uyğunluğunu müəyyən etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək, 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi əmək stajı olduğundan, bununla da, qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun pensiya hüququ yarandığından iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13- cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «e» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:
1. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;
2. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 06 ay güzəştli iş stajının mövcud olması. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı cavabdehə hazırkı tələblə bağlı ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətindən xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əlavə edilmiş “pensiya kapitalı” şərtinin olmamasına istinad edilərək imtina edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərlə (əmək kitabçası, hərbi bilet, attestat, arayış, şəxsiyyət vəsiqəsi) müəyyən edilir ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür və o, hazırda 01.01 2006-cı il tarixədək ümumi və xüsusi iş stajının tamamlandığına istinad edərək, ona 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ilk növbədə cavabdehin imtinasında qeyd edilmiş iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı tarixdən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olmaması ilə bağlı qeyd edir ki, hazırkı iş üzrə tətbiq edilən qanunvericilik normalarında nəzərdə tutulmamışdır. Belə ki, qeyd olunan müddəa “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə xx.xx.2017-ci il tarixdə əlavə edilmişdir və xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya dair yazılı etirazda və apellyasiya şikayətində qeyd edilmiş dəlillərə münasibətdə aşağıdakıları qeyd edir: İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasından müəyyən edilir ki, iddiaçı xx.xx.1977-xx.xx.1979; xx.xx.1979-xx.xx.1980; xx.xx.1982-xx.xx.2003, xx.xx.2003xx.xx.2005 və xx.xx.2020-ci il tarixdən hal-hazıradək müxtəlif peşələrdə işləmişdir. Eyni zamanda o, xx.xx.1980-xx.xx.1982-ci illərdə hərbi xidmətdə olmuşdur. Göründüyü kimi iddiaçının xx.xx.2006-cı ilədək 25 ildən artıq ümumi əmək iş stajının olması iş materiallarına əlavə edilmiş əmək kitabçası ilə təsdiq edilmişdir. İddiaçının güzəştli iş stajı ilə bağlı qeyd edilməlidir ki, iş materiallarına əlavə edilmiş "xxxx" Səhmdar Cəmiyyəti 2 №-li Müəssisə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 09/06 nömrəli arayışa əsasən iddiaçının xx.xx.1979-cu ildən xx.xx.2003-cü ilədək "xxxx" SC-nin 2 saylı müəssisəsində işlədiyi elektrik qaynaqçısı peşəsi xx.xx.2007-ci il Nazirlər Kabinetinin qərarının 35-ci bölməsi üzrə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı Qərarına əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavə qeyd edilən) əlavə edirlər. Qeyd edilən 2 saylı Əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. İşlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Göründüyü kimi iddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. İddiaçının təqdim etdiyi iş yerindən arayışlarda da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş hər iki şərt ödənildiyindən iddia tələbi əsaslı olmuşdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının iş stajı ona məxsus əmək kitabçasında öz əksini tapmışdır və göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 22 dekabr 2021- ci il tarixli, 2-1(112)-6550/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qəraraaldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 22 dekabr 2021- ci il tarixli, 2-1(112)- 6550/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.