Məhkəmə qərarları › İş №2-1(103)-1915/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1915/2024

27.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1915/2024 27.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “yaşa görə əmək pensiyasının yenidən hesablanması və keçmiş dövr üzrə ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X2 və X4 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3929/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh inzibati orqan tərəfindən DİO-da 38 il 8 ay 1 gün (təqvimi xidmət illəri 33 il 7 ay 1 gün, güzəştli xidmət illəri 5 il 1 ay olmaqla) xidmət etmiş şəxs kimi İddiaçı əmək pensiyası onun xidmət keçdiyi qurum Daxili İşlər Nazirliyi tərəfindən sonuncu tutduğu Bakı şəhəri Nizami RPİ-nin İstintaq şöbəsində müstəntiq vəzifəsi (polkovnik rütbəsi ilə) üzrə tərtib edilmiş məlumat vərəqəsi əsasında təyin edilmişdir.

2. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia ilə bağlı mıəhkəməyə ünvanlanmış 17 mart 2023-cü il tarixli məktubunda bildirilir ki, İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən təqdim olunmuş məlumat vərəqində onun vəzifəsi “Bakı şəhəri Nizami RPİ-nin İstintaq şöbəsi – müstəntiq”, rütbəsi “polkovnik”, cəmi xidmət müddəti “38 il, 8 ay, 21 gün”, təminat xərcliyi “1.903,55 manat” və ehtiyata buraxılma tarixi “25 fevral 2022-ci il” göstərilmişdir. Həmin məlumat vərəqinə uyğun olaraq ona «Əmək pensiyaları haqqında» Qanunun 20.14.1-ci maddəsinə əsasən 26 fevral 2022-ci il tarixdən 38 il, 8 ay, 1 gün xidmət müddətinə görə təminat xərcliyinin (1.903,55 manat) 100% miqdarında hərbi quluuqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ödənilir. Bundan başqa, «Əmək pensiyaları haqqında» Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidentinin) qərarına əsasən indeksləşdirilərək 1 yanvar 2023-cü il tarixdən adıçəkilən şəxsin əmək pensiyasının məbləği 2.183,37 manata çatdırılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı «əmək pensiyasının yenidən hesablanması və keçmiş dövr üzrə ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi» barədə iddia tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

4. İddia ərizəsində bildirilir ki, İddiaçı 4 may 1969-cu il tarixdəı dpğulmuşdur. Polis polkovnikidir. 25 fevral 2022-ci il tarixdə öz arzu ilə (ailə vəziyyəti ilə əlaqədar) X5 tərxis olunmuşdur. Onun DİO-da 33 il 7 ay 1 gün stajı, 38 il 8 ay 1 gün güzəştli şərtlər ilə stajı var. 18 sentyabr 2017-ci il tarixdən başlayaraq axirinci iş yeri və vəzifəsi Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaq şöbəsinin rəisi olmuşdur. 21 oktyabr 2021-ci il tarixdə öz xahişi ilə (ailə vəziyyəti ilə əlaqədar) DİO-dan tərxis olunmaq üçün sərəncama buraxılıb saxlanılmışdır. 21 dekabr 2021-ci il tarixdə əsassız və ya səhv olaraq Bakı şəhəri Nizami RPİ-nin İstintaq şöbəsinə müstəntiq vəzifəsinə təyin olunmuşdur. Lakin həmin vəzifədə şləməmiş (xidmət göstərməmiş), maaş və məvaciblər almamış və pul vəsaitlərindən sosial fonduna ödəniş olunmamışdır. Sonradan qeyd edildiyi kimi, 25 fevral 2022-ci il tarixdə öz arzusu ilə ailə DİO-dan tərxis olunmuşdur. Ona qanunsuz olaraq, Bakı şəhəri Nizami RPİnin İstintaq şöbəsinin müstəntiqi vəzifəsini icra edən kimi şəxsə pensiya təyin olunmuşdur. Beləliklə, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hisəssinin tələbləri pozulmuşdur. Həmin maddədə də nəzərdə tutulmuşdur ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikliyi hüququ mənə qarşı pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007- ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 1- ci hissəsinə əsasən «Əmək pensiyaları haqqında» Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçuların sırasına Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində xidmət edən hərbi rütbəli şəxslər və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə – Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində xidmət edən xüsusi rütbəli şəxslər aid edilmişdir. Dövlət qarşısında xüsusi xidmətlərə görə həm pensiya yaş həddində, həm də pensiya məbləğində müəyyən edilən güzəştlər hərbi və xüsusi rütbəli şəxslərə, dövlət qulluqçularına, məhkəmə hakimlərinə, Milli Məclis deputatlarına və s. də şamil olunur. Pensiya məbləğində müəyyən edilən güzəşt Qanunun 20.14-cü maddəsinə uyğun olaraq, pensiyanın sığorta hissəsinə dövlət büdcəsi vəsaiti hesabına qulluq stajına görə əlavələrin tətbiq edilməsini nəzərdə tutur. Dövlət qarşısında xüsusi xidmətləri olan şəxslərə güzəştli şərtlərlə pensiyanın hesablanması zamanı şəxsin tutduğu vəzifədəki son 12 və ya 24 ayın və ya istənilən ardıcıl gələn 60 ay üzrə əmək haqqının yaxud dövlət məvacibinin orta aylıq məbləğinin (və ya son təminat xərcliyinin) 50 – 100 % həcmində onun pensiyasının sığorta hissəsinə qulluq stajına görə əlavə edilir. Hərbi qulluqçulara, xüsusi rütbəli şəxslərə, dövlət qulluqçularına və qanunla əmək pensiyasına qulluq stajına görə əlavələr müəyyən edilən digər şəxslərə pensiya yuxarıda göstərilən şərtlərlə hesablanır. Bu şərtlərlə pensiya hüququnun yaranması üçün əsas 15 – 35 il minimum qulluq stajına malik olmaqdır. Qulluq stajına görə əlavə almaq hüququ olan şəxslərə münasibətdə hesablanmış pensiya məbləğinin artırılması isə Qanunun 20.14-cü maddəsinə uyğun olaraq şəxsin əmək haqqındakı, təminat xərcliyindəki və ya dövlət məvacibindəki “sonrakı artımlar” nəzərə alınmaqla pensiyasının yenidən hesablanması yolu ilə həyata keçirilir. İddiaçı cavabdehə 24 sentyabr 2022-ci il tarixdə pretenziya qaydasında pensiyasının qanuna uyğun yenidən hesablanması barədə ərizə göndərsə də, bu günədək ərizəyə cavab almamış və onun hüquqları pozulmuş vəziyyətində qalmaqdadır. Göstərilənlərə əsaslanaraq və İPM-in 2-ci maddəsini rəhbər tutaraq, İddiaçı axırıncı 5 il, yəni 18 sentyabr 2017-ci il tarixdən başlayaraq axirinci iş yeri və vəzifəsi Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaq şöbəsinin rəisi vəzifəsi (polis polkovniki) güzəştli şərtlərlə pensiyanı yenidən 25 fevral 2022-ci il tarixdən təyin etməklə və hesablamaqla yaranmış ödənilməmiş pul məbləqinin fərqini birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması mıəhkəmədən xahiş olunmuşdur.

5. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və cavandeh Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmə cavabdehin dəyişdirilməsini qəbul etmişdir.

6. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etrazında bildirilir ki, İddiaçı, ona axırıncı 5 il, yəni 18 sentyabr 2017-ci il tarixdən başlayaraq axırıncı iş yeri və vəzifəsi DİNnin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlə şəxsə güzəştli şərtlərlə pensiyanı yenidən 25 fevral 2022-ci il tarixdən təyin etməklə və hesablanmaqla, yaranmış ödənilməmiş pul məbləğinin fərqinin birdəfəlik ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Hesab olunur ki, iddiaçının tələbi qanuna müvafiq olmadığından rədd edilməlidir. Belə ki, iddiaçıya 26 fevral 2022-ci il tarixindən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş məlumat vərəqinə əsasən «Əmək pensiyaları haqqında» Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq, iddiaçıya 26 fevral 2022-ci il tarixdən Mərkəzi Filial tərəfindən 38 il 8 ay 1 gün (təqvimi xidmət illəri 33 il 7 ay 1 gün, güzəştli xidmət illəri 5 il 1 ay) xidmət müddətinə görə təminat xərcliyinin 100 faizi miqdarında hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Aparılmış araşdırma zamanı iddiaçının xidmətdən ehtiyata buraxıldıqdan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyində yenidən xidmətə qəbul olunduğu aşkar edilmişdir. Qanunun 38-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənnilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. İşəgötürən əmək pensiyaçısını işə qəbul edərkən bu barədə 5 gün ərzində əmək pensiyasını təyin edən orqana məlumat verməlidir. Lakin iddiaçıya əmək pensiyası təyin edildikdən sonra işə qəbul edilməyi ilə bağlı Mərkəzi Filiala hər hansı məlumat daxil olmayıb. Qanunun 37.3.4-cü maddəsinə əsasən Qanunun 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə çalışdıqda, onlara qulluq stajına görə əlavənin ödənilməsi dayandırılır və əmək pensiyasının sığorta hissəsi ödənilir. Buna görə də, iddiaçının əmək pensiyası cari ilin iyun ayından etibarən yalnız sığorta hissəsindən ibarət olmaqla 356,67 manat məbləğində müəyyən edilərək ona ödənilir. Eyni zamanda, iddiaçıya artıq ödənilmiş vəsait 21 iyun 2023-cü il tarixli razılıq ərizəsinə əsasən cari aydan etibarən pensiyanın 10 faizi miqdarında əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya vaxtilə təyin edilmiş hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası məbləğinin qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Buna görə də «İnzibati icraat haqqında» Qanunun 21.2-ci maddəsinə əsasən iddiaçının pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinizin dinlənilməsi üçün 23 iyun 2023-cü il tarixədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə dəvət edilmiş və bununla bağlı 21 iyun 2023cü il tarixli akt tərtib edilmişdir. Bundan sonra iddiaçıya 21 iyul 2023-cü il tarixdə əmək pensiyasının yenidən hesablanması barədə məktub ünvanlanmışdır. Həmçinin iddiaçının barəsində 24 iyun 2023-cü il tarixli və 10 avqust 2023-cü il tarixli yenidən xidmətə qayıtması ilə bağlı qərarlar qəbul edilmişdir. Göründüyü kimi, DSMF orqanı tərəfindən «İnzibati icraat haqqında» Qanunun pozuntusuna yol verilməmişdir. Qeyd olunanları nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3929/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, əmək pensiyaları haqqında qanunvericilik hərbi qulluqçu kimi 20 ildən artıq xidmət etmiş şəxslərə yaşa görə əmək pensiyasının bu barədə sonuncu xidmət keçdiyi qurum tərəfindən verilmiş onun sonuncu tutduğu vəzifəsi üzrə təminat xərcliyinə uyğun məlumat vərəqəsi əsasında təyin edilməsini nəzərdə tutur və müvafiq icra hakimiyyəti orqanlarında, o cümlədən DİO-da xidmət etmiş xüsusi rütbəli şəxsləri də bu hərbi qulluqçulara bərabər təminatlı müəyyən edir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

9. Qərardan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3929/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda əsaslandırılmışdır.

11. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

ç) Prosses iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi iştirak etməmişdir.Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 1.0.1-ci maddəsinə görə əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 30.1-ci maddəsinə əsasən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyasının təyinatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular – Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. 1.0.4-cü maddəsinə əsasən xüsisi rütbəli şəxslər – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. 9.6-cı maddəsinə əsasən hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir: (9.6.1) hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər; (9.6.2) məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər; (9.6.3) hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər; (9.6.4) ali zabit heyətinə aid şəxslər. 20.14-cü maddəsinə əsasən bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: - (20.14.1) hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla. 22.4-cü maddəsinə görə hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.

15. «İnzibati icraat haqqında» Qanunun: 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın müddəalarına görə: - (1-ci bənd) Bu Qaydalar «Əmək pensiyaları haqqında» Qanunun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular – Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Daxili İşlər Nazirliyində, Ədliyyə Nazirliyində, Fövqəladə Hallar Nazirliyində, Hərbi Prokurorluğunda, Dövlət Təhlükəsizliyi Xidmətində, Xarici Kəşfiyyat Xidmətində, Dövlət Sərhəd Xidmətində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X3 Dövlət Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər – Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir; - (2-ci bənd) Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən «Əmək pensiyaları haqqında» Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır; - (3-cü bənd) Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

19. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

21. Məhkəmə Kollegiyası işin hallarına tətbiq edilən Bu Qərarın 14-16-cı bəndində istinad edilən normalardan çıxış edərək qeyd edir ki, iddianın rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslıdır.

22. Belə ki, əmək pensiyaları haqqında qanunvericilik hərbi qulluqçu kimi 20 ildən artıq xidmət etmiş şəxslərə yaşa görə əmək pensiyasının bu barədə sonuncu xidmət keçdiyi qurum tərəfindən verilmiş onun sonuncu tutduğu vəzifəsi üzrə təminat xərcliyinə uyğun məlumat vərəqəsi əsasında təyin edilməsini nəzərdə tutur və müvafiq icra hakimiyyəti orqanlarında, o cümlədən DİO-da xidmət etmiş xüsusi rütbəli şəxsləri də bu hərbi qulluqçulara bərabər təminatlı müəyyən edir. Hazırkı işin hallarına görə cavabdeh inzibati orqan tərəfindən DİO-da 38 il 8 ay 1 gün (təqvimi xidmət illəri 33 il 7 ay 1 gün, güzəştli xidmət illəri 5 il 1 ay olmaqla) xidmət etmiş şəxs kimi İddiaçı əmək pensiyası onun xidmət keçdiyi qurum Daxili İşlər Nazirliyi tərəfindən sonuncu tutduğu Bakı şəhəri Nizami RPİ-nin İstintaq şöbəsində müstəntiq vəzifəsi (polkovnik rütbəsi ilə) üzrə tərtib edilmiş məlumat vərəqəsi əsasında təyin edilmişdir.

23. Mübahisənin mahiyyəti ilə bağlı isə məhkəmə Kollegiyası qeyd edir ki, iddianın rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı sayır.

24. Məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarından çıxış edərək qeyd edir ki, İddiaçı daxili işlər orqanlarında xidmətdən ehtiyata buraxılanadək sonuncu tutduğu vəzifəsi Bakı şəhəri Nizami RPİ-nin İstintaq şöbəsinin müstəntiqi olduğundan, eləcə də həmin vəzifəyə keçirilməsi barədə müvafiq əmr mübahisələndirilmədiyindən və qüvvədə olduğundan, xidmət etdiyi orqan – Daxili İşlər Nazirliyi tərəfindən verilmiş məlumat vərəqəsi onun sonuncu tutduğu həmin vəzifə üzrə tərtib edildiyindən, o, «Əmək pensiyaları haqqında» Qanunun 9.6-cı maddəsində nəzərdə tutulan kateqoriya şəxslərə aid olmadığından cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ona 21 dekabr 2021-ci il tarixədək işlədiyi Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaq şöbəsinin rəisi vəzifəsi üzrə təminat xərcliyi əsasında əmək pensiyasının hesablanmasından imtinası qanuna zidd sayıla bilməz. 25.İddiaçı apellyasiya şikayətində bildirmişdir ki, iddiaçının mövcud olan 38 il iş stajından istənilən ardıcıl olan 5 ilin vəzifəsini seçmək və həmin vəzifədən bütün pensiya təminatlarını almaq iddiaçının hüququdur.

26. Apellyasiya şikayətininin dəlilləri iddiaya etirazın dəlilləri ilə oxşar məzmunlu olmaqla yuxarıda bu dəlillərə verilmiş hüquqi qiymətdən əlavə məhkəmə Kollegiyası göstərilənlərə münasibətdə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun tələblərinə əsasən hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla müəyyən edilir. (22.4-cü və 20.14-cü maddəsi).

27. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz.

28. İddiaçının ikinci – “keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi” tələbi birinci tələbdən törəmə və asılı olduğundan, iddia həmin hissədə də əsaslı deyil.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. İddiaçının ikinci – “keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi” tələbi birinci tələbdən törəmə və asılı olduğundan, iddia həmin hissədə də əsaslı deyil.

31. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3929/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3929/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar