Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1915/2025 07.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi, Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajının olması nəzərə alınmaqla iddiaçının 60 yaşının tamam olduğu müddətdən güzəştli şərtlərlə pensiya təyin edilməsi və ona ödənilməyən pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2-1(112)-3410/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi və ona ödənilməyən pensiyasının hesablanaraq ona ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbini dəqiqləşdirərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajının olması nəzərə alnmaqla 60 yaşının tamam olduğu müddətdən güzəştli şərtlərlə pensiya təyin edilməsi və ona ödənilməyən pensiyasının hesablanaraq ona ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2000-ci ildən (Əmr 06/k) xx.xx.2004cü ilə kimi (Əmr № 62, 30.09.04) - Nəsimi rayon bərpa işləri üzrə 4-cü dərəcəli çilingər vəzifəsində işləmişdir. xx.xx.2004-cü ildən (Əmr № 05/k) xx.xx.2004-ci ilə kimi Nəsimi rayon AXS-nə çilingər vəzifəsində işləmişdir. (Əmr № 32/k xx.xx.2011), xx.xx.2011-ci ildən (Əmr №19/k) Nəsimi rayon X4 Kanalizasiya şəbəkəsi qurğuların istismarı xidmətində 4-cü dərəcəli çilingər vəzifəsində işləmişdir. Qeyd olunanlara əsasən, iddiaçının hazırkı vaxta kimi 25 ildən çox əmək stajı vardır və həmin stajın 20 ilindən çoxu zərərli iş sahəsinə aiddir. Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3 Nəsimi rayon Sukanal İdarəsi” 13 №li xx.xx.2024-cü il tarixli arayışda göstərilmişdir ki, o, xx.xx.2011-ci ildən xx.xx.2024-cü ilə kimi "xxxx" ASC-nin Nəsimi rayon Sukanal İdarəsinin Su və Kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Tullantı sularının axıdılması xidməti üzrə qəza-bərpa işləri üzrə çilingər peşəsində işləmişdir. İşlədiyi vəzifə üzrə 13 il 04 ay 09 gün təşkil edir. Deməli, onun zərərli sahədə əmək fəaliyəti 12 il 6 aydan çox olduğu halda, cavabdeh ona güzəştli sahə üzrə əmək pensiyasına çıxmağına əsasız imtina etmişdir. X5 İdarəsi Su və Kanalizasiya İstismarı sahəsində işlədiyi sahə daimi xarakterdədir və İdarə tərəfindən verilmiş Arayışda “Daimi” sözünün yazılmaması onun işlədiyi kanalizasiya işlərini daimi olmaması demək deyildir. Belə ki, iddiaçı hər gün Bakı Şəhəri Nəsimi rayonu Kanalizasiya xəttində daimi işləyir. Cavabdeh iddiaya imtinanın məzmununa uyğun etiraz təqdim etmiş və iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2-1(112)-3410/2025 saylı qərarı ilə (hakim B.M.Cəlalov) iddia tələbi qismən təmin edilərək İddiaçı xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2021-ci il tarixdən hazırkı dövrə qədər yaranmış fərqin hesablanıb ödənilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Birinci instansiyası məhkəməsinin qərarı cavabdeh tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın ümumi peşələr bölməsində (35) yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları vəzifələri nəzərdə tutulmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Nəsimi rayon Sukanal İdarəsinin İddiaçı dair xx.xx.2024-cü il tarixli arayışında xx.xx.2011-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin tullantı suların axıdılması xidməti üzrə qəza-bərpa işləri üzrə çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi çilingər vəzifəsi sözü gedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri vəzifəsinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Eyni zamanda, sözü gedən arayışda da qəza-bərpa işləri üzrə çilingər vəzifəsində çalışdığı müddətdə yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olub-olmamağı barədə də hər hansı məlumat göstərilməmişdir. Birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuşdur ki, cavabdeh formal mülahizələrə əsasən və heç bir əsaslandırma etmədən öz mülahizəsinə əsasən qəza-bərpa işləri üzrə çilingər vəzifəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Ümumi peşələr bölməsində (35) yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları (mexaniklər, motorçular) vəzifələrinə aid olmadığını bildirir. Cavabdehin mövqeyindən belə çıxır ki, iddiaçı daimi olaraq yeraltı kanalizasiya şəbəkələrində qəza-bərpa işləri ilə məşğul olmalıdır. Bu isə həmin qaydaların və həmin peşənin məntiqi ilə uzlaşmır. İddiaçının daimi olaraq yeraltı kanalizasiya şəbəkələrində qalması və qəza-bərpa işləri məşğul olması mümkün olmamaqla, qaydalarda daimi sözünün yazılması da heç bir halda bu məqsədi daşımır. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında məhkəməyə bildirdi ki, qarşı tərəfin irəli sürmüş olduğu arqumentlər birinci instansiya məhkəməsi tərəfindən araşdırılmışdır. İşəgötürənin arayışında hər hansı bir işçi tərəfindən səhvən “daimi” sözünün yazılmaması iddianın təqsiri deyil. İddiaçı daimi olaraq kanalizasiya şəbəkələrində işləmişdir. Apellyasiya şikayəti tam əsassızdır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilən sənədlərdən görünür ki: - İddiaçı məxsus Seriya AZE nömrəli 0******* şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o xx.xx.1960-cı il təvəllüdlüdür. - İddiaçıya məxsus НЗ seriyalı, № ******* saylı hərbi biletə əsasən o, xx.xx.1979xx.xx.1981-ci illərdə hərbi xidmətdə olmuşdur. - ИТ-İ ******* nömrəli və ******* nömrəli əmək kitabçalarına əsasən iddiaçı xx.xx.1981ci il tarixdən hal-hazıradək işləməklə 25 ildən artıq ümumi iş stajına malikdir. - Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-17-1/2-G-214394/2024 nömrəli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, “...Mərkəzi Filiala təqdim etdiyiniz "xxxx" ASC-nin Nəsimi rayon Sukanal İdarəsinin sizə dair xx.xx.2024-cü il tarixli arayışında xx.xx.2011-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin tullantı suların axıdılması xidməti üzrə qəza-bərpa işləri üzrə çilingər vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. İşlədiyiniz çilingər vəzifəsi sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri vəzifəsinə aid deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız yoxdur. Eyni zamanda bildiririk ki, sözügedən arayışda da qəza-bərpa işləri üzrə çilingər vəzifəsində çalışdığınız müddətdə yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olub-olmamağınız barədə də hər hansı məlumat göstərilməyib. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. - "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Bakı Sukanal” İdarəsinin xx.xx.2021-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, iddiaçı Bakı Kanalizasiya İstehsalat X1 İstismarı Müəssisəsi üzrə xx.xx.2002-ci il tarixli 06/k saylı əmrinə əsasən Nəsimi rayon sahəsinə xx.xx.2002-ci il tarixdən qəza-bərpa işləri üzrə 4-cü dərəcəli çilingər vəzifəsinə işə qəbul olunmuşdur. Bakı Kanalizasiya İstehsalat Birliyinin və onun struktur bölmələrinin ləğv edilməsi ilə əlaqədar xx.xx.2004-cü il tarixli 62/k saylı əmrə əsasən qanunvericiliyə uyğun olaraq əmək müqaviləsinə xx.xx.2004-cü il tarixdən xitam verilmişdir. xx.xx.2004-cü il tarixli 05/k saylı əmrə əsasən Nəsimi rayon Qəza Xidməti Sahəsinə çilingər vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2011-ci il tarixli 38/k saylı əmrinə (Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə) əsasən öz xahişi ilə işdən azad olunmuşdur. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa və “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 29 və 35-ci bölməsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən qəza-bərpa işləri üzrə çilingər peşəsində doqquz il iki ay işləmişdir. - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3 Nəsimi Rayon Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, iddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" ASC-nin Nəsimi rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin İstismarı sahəsinin Tullantı suların axıdılması xidməti üzrə qəza-bərpa işləri üzrə çilingər peşəsində işləyib. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 13 il 4 ay 9 gün təşkil edir. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarının 35-ci bəndinə əsasən yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işləri üzrə çilingər peşəsi güzəştli hesab edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: ... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. Həmin Qanunun 67-ci maddəsinə görə, iş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; Həmin Qanunun 69-cu maddəsinə müvafiq olaraq, iş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 9.1-ci maddəsinə müvafiq olaraq, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 32-ci maddəsinə görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Analoji işlər üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-2156/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının bu və ya digər müəssisədə əmək fəaliyyəti və stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyindən digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Həmçinin “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 162/2023 nömrəli, 2- 1(102)-139/2023 nömrəli, 2-1(102)-1019/2023 nömrəli, 2-1(102)-7/2023 nömrəli, 2-1(102)- 88/2023 nömrəli, 2-1(102)-154/2023 nömrəli, 2-1(102)-2283/2023 nömrəli 2- 1(102)- 2532/2023 nömrəli qərarları). İş materiallarından da göründüyü kimi cavabdeh iddiaçının yaşı və ümumi iş stajını mübahisələndirmir. Yəni, cavabdeh iddiaçının 25 il ümumi sosial sığorta stajının olduğunu qəbul edir. İşin mübahisələndirilən halı iddiaçının güzəştli iş stajının olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayışlar təqdim edilmişdir. Birinci instansiyası məhkəməsi iddiaçının iddia ərizəsini qismən təmin etməkdə haqlı olmuşdur. Belə ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ 60 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən yaranıb. Lakin iddiaçının ona əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə ilkin müraciəti xx.xx.2024-ci il tarixdə olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2-1(112)-3410/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2-1(112)-3410/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-1915/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1915/2025
07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver