Məhkəmə qərarları › İş №2-1(103)-1916/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1916/2021

05.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1916/2021 05.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil2 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MTK-nın cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı əvəzləşdirmənin qanunsuz hesab edilməsi və borcun ümidsiz borc kimi silinməsi barədə iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2055/2020 saylı 07 oktyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 03-05 avqust 2021-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MTK cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK-nın şəxsi hesab vərəqəsi üzrə cari fəaliyyəti nəticəsində 277.486,99 manat məbləğində yaranmış artıq ödəmələrin məhkəmə qətnaməsi ilə təmin edilmiş əmlaka yönəldilən borcla əvəzləşdirilməsinin (silinməsinin) qanunsuz hesab edilərək, silinmiş məbləğlərin bərpa edilməsi və məhkəmə qətnaməsi ilə əmlaka yönəldilən borcun (vergi orqanının 5 illik müddətinin keçməsi ilə bağlı sildiyi borcdan başqa) qalan hissəsinin ümidsiz borc kimi silinməsi barədə müvafiq qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cəmiyyətin 1 dekabr 2008-ci il tarixinə qədər dövlət büdcəsinə 364.411,44 manat məbləğində vergi borcu yaranmışdır ki, vergi orqanı da məhz həmin vergi borcunun dövlət büdcəsinə ödənilməsini təmin etmək məqsədi ilə cəmiyyətə qarşı 398.160,0 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması və əldə olunan məbləğin həmin borc məbləğində dövlət büdcəsinə ödənilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Qeyd olunan məhkəmənin 28 yanvar 2010-cu il tarixli, 2- (81)-35/2010 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı MMC-dən 364.411,44 manat pulun əmlaka yönəldilməklə alınaraq dövlət büdcəsinə ödənilməsi, MMC-dən əlavə olaraq 5 manat dövlət rüsumunun dövlət gəlirlərinə tutulması qət edilmiş və 01.03.2010-cu il tarixdə 364.411,44 manat vergi borcu cəmiyyətin şəxsi hesab vərəqəsinin “vergilər üzrə vərəqə”sindən azaldılaraq “əmlaka yönəldilən məbləğlər üzrə vərəqə”də əks olunmuşdur. Qeyd olunan 364.411,44 manat vergi borcunun məhkəmə qətnaməsi ilə əmlaka yönəldilən borc olduğundan (yəni məhkəmə qətnaməsinin qanuni qüvvədə olduğu müddət ərzində) və cəmiyyətin şəxsi hesab vərəqəsində “əmlaka yönəldilən məbləğlər üzrə vərəqə”də göstərilməsinə baxmayaraq, vergi orqanı tərəfindən qanunsuz və əsassız olaraq heç bir xəbərdarlıq edilmədən cəmiyyətin cari vergi öhdəliklərin yerinə yetirilməsi zamanı yaranmış 277.486,99 manat artıq ödəmələrin müxtəlif vaxtlarda hissə-hissə məhkəmə qətnaməsi ilə əmlaka yönəldilən borca aid edilməklə əvəzləşdirmə adı ilə silinmişdir. Qeyd olunan artıq ödəmələrin əvəzləşdirmə adı ilə məhkəmə qətnaməsi ilə əmlaka yönəldilən borca silinməsi cəmiyyətin şəxsi hesab vərəqəsində öz əksini tapmışdır. MTK-nın şəxsi hesab vərəqəsinin çıxarışına görə cari fəaliyyəti nəticəsində 13.06.2012-ci il tarixə mövcud olmuş 110.380,48 manat artıq ödəmə 18.06.2012-ci il tarixdə, 15.07.2012-ci il tarixə mövcud olmuş 62.362,29 manat artıq ödəmə 10.08.2012-ci il tarixdə və 07.07.2016-cı il tarixə mövcud olmuş 104.744,27 manat artıq ödəmə 08.07.2016cı il tarixdə cəmiyyətin “əmlaka yönəldilən məbləğlər üzrə vərəqə”dən azaldılaraq “vergilər üzrə vərəqə”də hesablama əməliyyatı kimi əks olunmuş və qanunsuz olaraq cəmiyyətin yaranmış artıq ödəmə məbləğləri həmin məbləğlər ilə əvəzləşdirilərək silinmişdir. Cəmiyyətin cari fəaliyyəti zamanı vergi öhdəliklərinin yerinə yetirilməsi nəticəsində yaranmış artıq ödəmələrin məhkəmə qətnamələri əsasında əmlaka yönəldilmiş borclara silinməsi üçün heç bir qanuni əsas yoxdur. Belə ki, sözügedən borclar məhkəmə qətnamələri ilə artıq əmlaka yönəldilmişdir və belə olan halda əmlakın satılması yolu ilə ödənilməlidir. Başqa sözlə, vergi orqanı tərəfindən cəmiyyətin cari fəaliyyəti nəticəsində yaranmış artıq ödəmələrdən əmlaka yönəldilmiş borclara çıxılması cəmiyyətin cari borclarının və faizlərin artması ilə nəticələnir ki, bu da onun vəziyyətini ağırlaşdırır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.1, 90.1, 90.3 və 90.4-cü maddələrinin məzmunundan görünür ki, vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra qətnamə ilə təmin edilmiş borcun dövlət büdcəsinə ödənilməsi yalnız icra məmuru tərəfindən qətnamənin icrası ilə bağlı vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması nəticəsində əldə olunmuş vəsait hesabına həyata keçirilə bilər. Məhz bu səbəbdən də, məhkəmə qətnaməsi ilə vergi ödəyicisinin borcu əmlaka yönəldikdə həmin borc vergi ödəyicisinin şəxsi hesab vərəqəsi üzrə “əmlaka yönəldilən məbləğlər üzrə vərəqə"yə keçirilir və vergi orqanı tərə findən həmin borca nəinki faizlərin hesablanması, həmçinin həmin borcun dövlət büdcəsinə alınması ilə bağlı hər hansı qanunamüvafıq tədbirlərin (bank hesablarına sərəncamların qoyulması, borc bildirişlərin göndərilməsi və s.) görülməsi dayandırılır. Digər tərəfdən, qeyd olunmalıdır ki, vergi orqanı tərəfindən cəmiyyətin 07.07.2016-cı il tarixə mövcud olmuş 104.744,27 manat artıq ödəməsinin 08.07.2016-cı il tarixdə məhkəmə qətnaməsi ilə təmin edilmiş əmlaka yönəldilən borca aid edilməsi (silinməsi) nəinki yuxarıda qeyd olunan qanunvericiliyinin normaların, eyni zamanda Vergi Məcəlləsinin 85.4-cü maddəsinin tələblərinin kobud surətdə pozulmasına səbəb olmuşdur. Belə ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə görə vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Göründüyü kimi, qanunvericlikdə vergi ödəyicisinin əmlakı hesabına verginin tutulması vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq üsullarından biridir. Başqa sözlə, vergi orqanı vergilər, faizlərin və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qərar qəbul olunması üçün məhkəməyə müraciət etmək onun hüququdur, lakin o bu hüququndan Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulan müddətlər çərçivəsində verginin tutulması üçün istifadə etməlidir. Əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qərarın mövcudluğu Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddətin əsassız olaraq mülki qanunvericilikdə nəzərdə tutulmuş 30 illik müddətlə əvəz edilməsi ilə nəticələnməməlidir. Bununla yanaşı, vergi qanunvericiliyinin tələblərinə görə vergilər ya vergi ödəyicisi tərəfindən bəyan edilərək, ya da ki vergi orqanı tərəfindən kameral və ya səyyar vergi yoxlaması nəticəsində hesablanır. Hazırkı məsələdə isə qeyd olunan halların heç biri mövcud olmamış, vergi orqanı 277.486,99 manat artıq ödəmələrin məhkəmə qətnaməsi ilə təmin edilmiş əmlaka yönəldilən borcla “əvəzləşdirmə” adı altında silinməsi ilə kifayətlənmiş, həmin “əvəzləşdirmənin nədən ibarət olduğunu açıqlamamış və bu barədə cəmiyyətə ümumiyyətlə hər hansı məlumat verməmişdir. Ümumiyyətlə vergi qanunvericiliyində vergi ödəyicisinin şəxsi hesab vərəqəsi üzrə “vergilər üzrə vərəqə”də yaranmış artıq ödəmələrin və cari vergi öhdəliklərinin yerinə yetirilməsi üçün ödənilmiş məbləğlərin “əmlaka yönəldilən məbləğlər üzrə vərəqə”də mövcud olan borclara aid edilməsi və yaxud əvəzləşdirilməsi üçün hər hansı müddəa və hüquqi əsas nəzərdə tutulmamışdır. Bundan əlavə, qeyd etmək istərdik ki, məhkəmə qətnaməsi ilə təmin edilmiş əmlaka yönəldilən ümumilikdə 364 411,44 manat məbləğində borc 2008-ci ilin 1 dekabr ayınadək yaranmış borclardan ibarətdir ki, bu da Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddətinin başa çatdığı gün 1 dekabr 2013-cü il tarixə təsadüf edir və qeyd olunan müddət başa çatdıqdan sonra hətta vergi borcunun əmlaka yönəldilməsi ilə bağlı məhkəmə qətnaməsi qüvvədə olsa da belə tələb etmə müddəti bitmiş vergi borcu ümidsiz borc kimi silinməlidir. Bundan əlavə, 04.04.2018-ci il tarixdə cəmiyyətin apelyasiya şikayəti və prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 28 yanvar 2010-cu il tarixli, 2-(81)- 35/2010 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 aprel 2010-cu il tarixli, 2-(81)-35/2010 saylı qərardadı ilə ərizənin təmin edilməsi, sözügedən qətnamədən cəmiyyət tərəfindən apelyasiya şikayəti verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi və apelyasiya şikayətinin baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 30 avqust 2018-ci il tarixli, 2- 2(103)389/2018 saylı qərardadı ilə iddiaçı vergi orqanının iddiadan imtinası qəbul edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilmişdir. Qeyd olunan qərardaddan vergi orqanı tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 7 noyabr 2018-ci il tarixli 2-2(102)-468/2018 saylı qərardadı ilə mümkün sayılmamış və onun qəbulundan imtina edilmişdir. Göründüyü kimi, apelyasiya instansiya məhkəməsinin qəbul etdiyi qərardadı öz qanuni qüvvəsini almışdır ki, bu isə o deməkdir ki, sözügedən məhkəmə işi üzrə icraata xitam verildiyi üçün vergi borcunun dövlət büdcəsinə alınması ilə bağlı hazırda qüvvədə olan hər hansı məhkəmə aktı mövcud deyil. Belə ki, əvvəl məhkəmə qətnaməsi ilə təmin edilmiş ümumilikdə 364 411,44 manat məbləğində vergi borcundan cəmiyyətin şəxsi hesab vərəqəsi üzrə “əmlaka yönəldilən məbləğlər üzrə vərəqə”sində vergi borcu qalmışdır ki, qeyd olunan vergi borcu ilə bağlı qüvvədə olan hər hansı məhkəmə aktı olmadığı üçün və həmin borcun 5 illik tələbetmə müddəti artıq çoxdandan keçdiyi üçün həmin vergi borcu vergi orqanı tərəfindən “əmlaka yönəldilən məbləğlər üzrə vərəqə”sindən azaldılaraq “vergilər üzrə vərəqə”yə keçirilmiş və ümidsiz vergi borcu kimi silinmişdir. Qeyd olunan silinmə cəmiyyətin şəxsi hesab vərəqəsi üzrə öz əksini tapmışdır. Vergi orqanı məhkəmə qətnaməsi ilə təmin edilmiş əmlaka yönəldilən ümumilikdə 364 411,44 manat məbləğində borcun şəxsi hesab vərəqəsi üzrə qalmış hissəsini 5 illik tələb etmə müddəti başa çatdığından silmişdir ki, bununla da dolayısı ilə vergi orqanı tərəfindən cəmiyyətin artıq ödəmələri hesabına qanunsuz silinmiş vergi borc məbləğlərinin də tələb etmə müddətinin keçdiyini bir daha təsdiq etmişdir. Başqa sözlə desək, əgər məhkəmə qətnaməsi ilə təmin edilmiş ümumilikdə 364.411,44 manat borc cəmiyyətin artıq ödəmələri hesabına vergi orqanı tərəfindən qanunsuz olaraq silinməsəydi, məhkəmə qətnaməsi ilə iş üzrə icraata xitam verildiyi andan 5 illik tələbetmə müddət keçdiyindən sözügedən borc tamamilə silinərdi. Beləliklə, hesab edilir ki, cəmiyyətdə cari fəaliyyəti nəticəsində yaranmış artıq ödəmələrin məhkəmə qətnaməsi ilə təmin edilmiş əmlaka yönəldilən borcla əvəzləşdirilməsi qanunsuz və əsassızdı, bu səbəbdən də həmin əvəzləşdirilmiş məbləğlər artıq ödəmə kimi bərpa edilməli və məhkəmə qətnaməsi ilə təmin edilmiş əmlaka yönəldilən ümumi borc ümidsiz borc kimi silinməlidir. Bakı İnzibati Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2055/2020 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. (hakim N.Abıyev) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə qərarının əsaslandırılmasından açıq-aşkar görünür ki, məhkəmə öz xidməti vəzifəsinə görə ətraflı, tam və obyektiv araşdırma aparmalı olduğu halda belə araşdırma aparmadan və iddiaçının iddia ərizəsində qeyd etdikləri dəlillərə və sübutlara ümumiyyətlə heç bir hüquqi qiymət vermədən, məhkəmə baxışını məhz birtərəfli qaydada səthi apararaq yalnız cavabdehin məhkəməyə təqdim etdiyi etirazının məzmununu məhkəmə qərarına köçürməklə kifayətlənmiş, qeyd olunan hallar isə məhkəmənin hazırkı iş üzrə qərəzli olmasının bariz nümunəsidir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2021-ci il tarixli, 2- 1(103)-443/2021 saylı qərarı ilə (sədrlik edən A.Nuriyeva, hakimlər V.Ağayev və A.Hüseyn) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 07.10.2020-ci il tarixli, 2-1(112)-2055/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan İddiaçı MTK tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən məruzəçi-hakim İ.Hüseynov, hakimlər K.Bədəlov və N.Rəsulbəyova) 2-1(102)- 829/2021 saylı 18 may 2021-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 17 fevral tarixli, 2-1(103)-443/2021 nömrəli qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Yeni apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Vəkil2 apelyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Yeni apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək, yuxarı instansiya məhkəməsinin qərarında qoyulmuş göstərişləri nəzərə alaraq belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından müəyyən olunur ki, "xxxx" MMC hüquqi şəxs kimi 19.07.2007-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X4 Qeydiyyatı İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 28.01.2010-cu il tarixli qətnaməsindən müəyyən olunur ki, iddiaçı Bakı şəhər Vergilər Departamenti 1 saylı filialının cavabdeh İddiaçı MMC-yə qarşı borcun əmlaka yönəldilməsi tələbinə dair iddiası təmin edilmiş, İddiaçı MMC-dən 364.411,44 manat pulun əmlakına yönəldilməklə alınaraq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 aprel 2010-cu il tarixli, 2-(81)- 35/2010 saylı qərardadı ilə İddiaçı MMC-nin ərizəsi təmin edilmiş, 01 saylı Bakı yerli İqtisad Məhkəməsinin 28.01.2010-cu il tarixli qətnaməsindən cəmiyyət tərəfindən apelyasiya şikayəti verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi və apelyasiya şikayətinin baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 30 avqust 2018-ci il tarixli, 2- 2(103)389/2018 saylı qərardadından müəyyən olunur ki, iddiaçı vergi orqanının iddiadan imtinası qəbul edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 7 noyabr 2018-ci il tarixli 2-2(102)-468/2018 saylı qərardadından müəyyən olunur ki, Bakı Apelyasiya Məhkəməsinin 30 avqust 2018-ci il tarixli, 2-2(103)389/2018 saylı qərardadından vergi orqanı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamış və onun qəbulundan imtina edilmişdir. İş materiallarında olan 1 saylı Bakı yerli İqtisad Məhkəməsinin 05.10.2010-cu il tarixli qətnaməsindən müəyyən olunur ki, iddiaçı Bakı şəhər Vergilər Departamenti vergi borclarının məcburi alınması idarəsinin cavabdeh İddiaçı MMC-yə qarşı siyahıya alınmış əmlakın açıq hərracdan satılmasına dair iddiası təmin edilmiş, cavabdeh İddiaçı MMC-nin 05.02.2010-cu il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 50.633,74 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədilə 458.574 manat məbləğində siyahıya alınmış əmlakının açıq hərracdan satılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şirvan şəhəri üzrə icra şöbəsinin 15.05.2013-cü il tarixli 1157/1 saylı arayışından görünür ki, 01 saylı Bakı yerli İqtisad Məhkəməsinin 05.05.2010-cu il tarixli 2-(81)-1076/2010 saylı və 28.01.2010-cu il tarixli 2-(81)-35/2010 saylı icra vərəqələrinin icrası ilə bağlı borclu İddiaçı MMC-nin siyahıya alınmış əmlakları qiymətləndirici tərəfindən qiymətləndirilmiş və həmin əmlaklar ixtisaslaşdırılmış açıq hərrac vasitəsilə satılması üçün hərrac mərkəzinə göndərilmiş, lakin siyahıya alınmış əmlaklar satılmadığı üçün geri qaytarılmışdır. İşdən görünür ki, "xxxx" MTK-nın şəxsi hesab vərəqəsi üzrə cari fəaliyyəti nəticəsində 277.486,99 manat məbləğində yaranmış artıq ödəmələrin məhkəmə qətnaməsi ilə təmin edilmiş əmlaka yönəldilən borcla əvəzləşdirilməsinin (silinməsinin) qanunsuz hesab edilərək, silinmiş məbləğlərin bərpa edilməsi və məhkəmə qətnaməsi ilə əmlaka yönəldilən borcun (vergi orqanının 5 illik müddətinin keçməsi ilə bağlı sildiyi borcdan başqa) qalan hissəsinin ümidsiz borc kimi silinməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qeyd etmişdir ki, iddiaçı öz tələbini Bakı Apelyasiya Məhkəməsinin 30.08.2018-ci il tarixli qərardadı ilə cavabdeh orqanın vergi borcunun olmaması ilə əlaqədar iddiadan imtina etməsi nəticəsində icraata xitam verilməsi ilə əsaslandırsa da, işdən görünür ki, qeyd olunan qərardadın qüvvəyə minməsindən sonra vergi orqanı tərəfindən “əmlaka yönəldilən məbləğ üzrə vərəqə”yə işlənilmiş 364.411,44 manat borc şəxsi hesab vərəqəsinin “vergilər üzrə vərəqə”sinə qaytarılmışdır. İddiaçı tərəfindən vergilər üzrə artıq ödənilmiş və qətnamə üzrə borca aid edilmiş 277.486.99 manat məbləğində ödəniş nəzərə alınaraq, iddiaçının dövlət büdcəsinə olan borcları azaldılmış, iddiaçının tələbetmə müddəti keçmiş borcları isə 28.06.2019-cu il tarixdə Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən silinmişdir. Göründüyü kimi, iddiaçının iddia tələbi işin faktiki hallarına uyğun gəlmir. Müəssisənin şəxsi hesab vərəqisindən aydın görünür ki, iddiaçının şəxsi hesab vərəqəsinə bərpa olunmasını tələb etdiyi məbləğ silinməmiş və iddiaçının dövlət büdcəsinə olan borclarına aid edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, vergi qanunvericiliyinin tələblərinə görə vergilər ya vergi ödəyicisi tərəfindən bəyan edilərək, ya da ki vergi orqanı tərəfindən kameral və ya səyyar vergi yoxlaması nəticəsində hesablanır. Hazırkı məsələdə isə qeyd olunan halların heç biri mövcud olmamış, vergi orqanı 277.486,99 manat artıq ödəmələrin məhkəmə qətnaməsi ilə təmin edilmiş əmlaka yönəldilən borcla “əvəzləşdirmə” adı altında silinməsi ilə kifayyətlənmiş, həmin “əvəzləşdirmə”nin nədən ibarət olduğunu açıqlamamışdır. Ümumiyyətlə vergi qanunvericiliyində vergi ödəyicisinin şəxsi hesab vərəqəsi üzrə “vergilər üzrə vərəqə”də yaranmış artıq ödəmələrin və cari vergi öhdəliklərinin yerinə yetirilməsi üçün ödənilmiş məbləğlərin “əmlaka yönəldilən məbləğlər üzrə vərəqə”də mövcud olan borclara aid edilməsi və yaxud əvəzləşdirilməsi üçün hər hansı müddəa və hüquqi əsas nəzərdə tutulmamışdır. Bundan əlavə, qeyd olunur ki, məhkəmə qətnaməsi ilə təmin edilmiş əmlaka yönəldilən ümumilikdə 364 411,44 manat məbləğində borc 2008-ci ilin 1 dekabr ayınadək yaranmış borclardan ibarətdir ki, bu da Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddətinin başa çatdığı gün 01 dekabr 2013-cü il tarixə təsadüf edir və qeyd oluna müddət başa çatdıqdan sonra hətta vergi borcunun əmlaka yönəldilməsi ilə bağlı məhkəmə qətnaməsi qüvvədə olsa da belə tələb etmə müddəti bitmiş vergi borcu ümidsiz borc kimi silinməlidir. Bundan əlavə, iş materiallarından müəyyən olunur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 aprel 2010-cu il tarixli, 2-(81)-35/2010 saylı qərardadı ilə MTK tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 yanvar 2010-cu il tarixli, 2-(81)-35/2010 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmiş və apelyasiya şikayəti baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 30 avqust 2018-ci il tarixli, 2-2(103)- 389/2018 saylı qərardadı ilə iddiaçı vergi orqanının iddiadan imtinası qəbul edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilmişdir. Qeyd olunan qərardaddan vergi orqanı tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 07 noyabr 2018-ci il tarixli 2-2(102)-468/2018 saylı qərardadı ilə mümkün sayılmamış və onun qəbulundan imtina edilmişdir. Göründüyü kimi, məhkəmə işi üzrə icraata xitam verildiyi üçün vergi borcunun dövlət büdcəsinə alınması ilə bağlı hazırda qüvvədə olan hər hansı məhkəmə aktı mövcud deyil. Belə ki, əvvəl məhkəmə qətnaməsi ilə təmin edilmiş ümumilikdə 364 411,44 manat məbləğində vergi borcundan MTK-nın şəxsi hesab vərəqəsi üzrə “əmlaka yönəldilən məbləğlər üzrə vərəqə”sində vergi borcu qalmışdır ki, qeyd olunan vergi borcu ilə bağlı qüvvədə olan hər hansı məhkəmə aktı olmadığı üçün və həmin borcun 5 illik tələbetmə müddəti keçdiyi üçün həmin vergi borcu vergi orqanı tərəfindən “əmlaka yönəldilən məbləğlər üzrə vərəqə”sindən azaldılaraq “vergilər üzrə vərəqə”yə keçirilmiş və ümidsiz vergi borcu kimi silinmişdir. Qeyd olunan silinmə MTK-nın şəxsi hesab vərəqəsi üzrə öz əksini tapmışdır. Göründüyü kimi, vergi orqanı məhkəmə qətnaməsi ilə təmin edilmiş əmlaka yönəldilən ümumilikdə 364 411,44 manat məbləğində borcun şəxsi hesab vərəqəsi üzrə qalmış hissəsini 5 illik tələb etmə müddəti başa çatdığından silmişdir ki, bununla da dolayısı ilə vergi orqanı tərəfindən MTK-nın artıq ödəmələri hesabına qanunsuz silinmiş vergi borc məbləğlərinin də tələb etmə müddətinin keçdiyini bir daha təsdiq etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, MTK-da cari fəaliyyəti nəticəsində yaranmış artıq ödəmələrin məhkəmə qətnaməsi ilə təmin edilmiş əmlaka yönəldilən borcla əvəzləşdirilməsi qanunsuz və əsassızdı, bu səbəbdən də həmin əvəzləşdirilmiş məbləğlər artıq ödəmə kimi bərpa edilməli və məhkəmə qətnaməsi ilə təmin edilmiş əmlaka yönəldilən ümumi borc ümidsiz borc kimi silinməlidir. Eyni zamanda, məhkəmə Vergi Məcəlləsinin 88-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, qanunvericilik dövlət büdcəsinə yaranmış borcların ödənilməsi zamanı daha əvvəl yaranmış borc məbləğlərinin ödənilmə ardıcıllığında üstünlüyünü birbaşa olaraq müəyyən etmiş və hətta məhkəmə qətnamələri olmasaydı belə iddiaçı tərəfindən mütəmadi olaraq ödənilmiş məbləğlər müəssisənin dövlət büdcəsinə olan borclarının ödənilməsinə aid olmalı idi. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, bununla bağlı Ali Məhkəmənin işin yeni apelyasiya baxışına qaytarılması haqqında qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, cavabdehin və məhkəmələrin istinad etdikləri Vergi Məcəlləsinin 88-ci maddəsi isə cavabdehin mübahisələndirilən hazırkı məzmunda hərəkətinin qanuniliyinin əsası kimi çıxış edə bilməz. Belə ki, həmin norma vergi borcunun, həmçinin əvəzləşdirmənin (artıq ödəmənin vergi borcuna aid edilmənin) əsaslarını deyil, qanuna əsasən vergilər üzrə yaranmış borcun ödənilməsinin yalnız sıra ardıcıllığını müəyyən edir. Məhkəmə kollegiyası vergi qanunvericiliyinin tələblərini və Ali Məhkəmənin hüquqi mövqeyini nəzərə alaraq hesab edirik ki, birinci instansiya məhkəməsi Vergi Məcəlləsinin 88-ci maddəsinin hazırkı məsələyə tətbiq etməklə qanunvericiliyinin tətbiqində səhvə yol vermişdir. Belə ki, Vergi Məcəlləsinin 88-ci maddəsində qeyd olunmuş ardıcıllıq məhkəmə qərarı ilə təmin edilmiş borclara deyil, vergi ödəyicisinin şəxsi hesab vərəqəsi üzrə yaranmış digər borclara aid edilir. Vergi Məcəlləsinin 90.3-ci maddəsinə əsasən vergi ödəyicisinin siyahıya alınmış əmlakının əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilat tərəfindən ixtisaslaşdırılmış açıq hərraclarda satılması haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra qətnamə ilə təmin edilmiş borca faizin hesablanması dayandırılır və bu Məcəllənin 90.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla vergi borcunun dövlət büdcəsinə ödənilməsi icra məmuru tərəfindən təmin edilir. Qeyd olunan normanın məzmunundan görünür ki, məhkəmə qərarı ilə təmin edilmiş borca nəinki faizlər hesablanır, həmçinin həmin borcun dövlət büdcəsinə tutulması yalnız icra məmuru tərəfindən həyata keçirilir. Başqa sözlə desək, məhkəmə qərarı ilə təmin edilmiş borc vergi ödəyicisinin şəxsi hesab vərəqəsində öz əksini tapsa da, həmin borcların dövlət büdcəsinə alınması məqsədilə vergi orqanı tərəfindən hər hansı məcburiyyət tədbirlərin görülməsi, yəni bank hesablarına icra sənədi olan sərəncamların qoyulması, borc bildirişlərin göndərilməsi, vergi ödəyicisi tərəfindən digər vergi borcları üzrə həyata keçirilən ödənişlərin, o cümlədən ƏDV depozit hesabındakı vəsaitlərin həmin borca yönəldilməsi vergi qanunvericiliyi ilə nəzərdə tutulmamışdır. Bundan başqa məhkəmə qərarında göstərmişdir ki, iddiaçı iddia ərizəsində cari fəaliyyəti nəticəsində 13.06.2012-ci il tarixə mövcud olmuş 110.380,48 manat artıq ödəmənin vergi orqanı tərəfindən 18.06.2012-ci il tarixdə, 15.07.2012-ci il tarixə mövcud olmuş 62.362,29 manat artıq ödəmənin isə 10.08.2012-ci il tarixdə qanunsuz olaraq vergi borclarına aid edilməklə silindiyini göstərsə də, bunu məhkəmə qaydasında yalnız yeddi ildən artıq bir müddət keçdikdən sonra mübahisələndirmişdir. Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının şəxsi hesab vərəqəsi üzrə 2012-ci ildə yaranmış artıq ödəmələrin məhkəmə qərarı ilə təmin edilmiş borclara aid edilməsinin qanunsuz olması məsələsinin 7 ildən artıq müddət keçdikdən sonra mübahisələndirilməsini qeyd etməklə, maddi hüquq normasının tətbiqində kobud səhvə yol vermişdir. Belə ki, məhkəmə Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsaslansa da həmin maddənin tələbini düzgün təfsir etməmişdir. Sözügedən normada təsbit edilmişdir ki, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Göründüyü kimi, normanın məzmunundan aydın olur ki, vergi ödəyicisi 5 il ərzində dövlət büdcəsinə artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergi orqanından tələb edə bilər. Başqa sözlə desək, əgər vergi ödəyicisinin şəxsi hesab vərəqəsi üzrə artıq ödəməsi yaranmış və vergi ödəyicisi həmin artıq ödəmənin qaytarılmasını və yaxud digər vergilərlə əvəzləşdirilməsini 5 il ərzində tələb etmədisə, həmin müddət keçdikdən sonra bir daha tələb edə bilməz. Lakin hazırkı halda məsələ tamam fərqlidir. İddiaçının şəxsi hesab vərəqəsində artıq ödəmə yarandıqdan sonra vergi orqanı qanunsuz olaraq həmin artıq ödəməni məhkəmə qərarı ilə təmin edilmiş borclara silmişdir ki, bu halda da söhbət artıq ödəmənin tələb edilməsindən deyil, qanunsuz olaraq məhkəmə qərarı ilə təmin edilmiş borclara silinmiş vəsaitlərin şəxsi hesab vərəqəsinə bərpa edilməsindən gedir. Belə olan halda isə, qanunsuz silinmiş vəsaitlərin geri qaytarılması ilə bağlı tələbin irəli sürülməsində vergi qanunvericiliyində hər hansı müddət nəzərdə tutulmamışdır. Başqa sözlə desək, Vergi Məcəlləsinin 85.5-ci maddəsi 5 il ərzində artıq ödənilmiş vergilərin qaytarılmasına aid edilmiş və qanunsuz silinmiş vəsaitlərin qaytarılmasının tələb edilməsinə heç bir aidiyyəti yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasənmüəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlaya bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı MTK-nın apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2055/2020 saylı qərarı ləğv edilsin, iş üzrə yeni qərar çıxarılsın. İddiaçı MTK-nın cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı "xxxx" MTKnın şəxsi hesab vərəqəsi üzrə cari fəaliyyəti nəticəsində 277.486,99 manat məbləğində yaranmış artıq ödəmələrin məhkəmə qətnaməsi ilə təmin edilmiş əmlaka yönəldilən borcla əvəzləşdirilməsinin (silinməsinin) qanunsuz hesab edilərək, silinmiş məbləğlərin bərpa edilməsi və məhkəmə qətnaməsi ilə əmlaka yönəldilən borcun (vergi orqanının 5 illik müddətinin keçməsi ilə bağlı sildiyi borcdan başqa) qalan hissəsinin ümidsiz borc kimi silinməsi barədə iddia tələbi təmin edilsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar