Məhkəmə qərarları › İş №2-1(103)-1916/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1916/2025

07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1916/2025 07.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və xx.xx.2023-cü il tarixindən orqanizmin funksiyalarının 35-60% pozulması ilə 2 il müddətində əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, e-2-1(112)-1568/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı əlilliyin bərpa edilməsi və ömürlük əlillik dərəcəsinin verilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Sonrada iddiaçı iddia tələbini dəqiqləşdirərək xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və xx.xx.2023-cü il tarixdən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2006-cı il və xx.xx.2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş hərbi xidmətdə olan zaman hərbi xidmət dövründə qazandığı xəstəliklə bağlı HTM-nin arayışı təqdim edilmişdir. Mərkəzi Hərbi Həkim Komissiyasının qərarına əsasən özünü kəsmələr və özünə xəsarət yetirmələrlə müşayiət olunan mülayim dərəcədə ifadə olunmuş uzun müddətli nevrotik vəziyyət, sol bazunun ön-yan səthində, sağ əlin birinci barmağının yan səthində saidin ön səthində dəri çapıqları, vegetativ damar distoniyası diaqnozu qoyulmuşdur. Tibbi-Sosial Ekspert Komissiyasının qərarı ilə hərbi xidmət dövrü ilə əlaqədar şəxsiyyətin emosional davamsız pozuntusu, tez-tez təkrarlanan davamlı dekompensasiyalarla və özünü kəsmələrlə, emosional davamsız tipli şəxsiyyət pozuntusu diaqnozu əsasında ona ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı 2007-ci ildən 2021-ci ilədək əlilliklə bağlı pensiya almış, 2021-ci ildən isə əlillik ilə əlaqədar ona pensiyanın verilməsi dayandırılmışdır. Etdiyi müraciətlərə baxmayaraq Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə əlillik təyin edilməmişdir. Belə ki, halhazırda səhhətindəki problem davam edir və bu gün də həmin xəstəliklərdən əziyyət çəkir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-1568/2025 saylı qərarı ilə (hakim B.M.Cəlalov) iddia təmin edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının İddiaçı əlilliyin təyinindən imtina edilməsinə dair xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, İddiaçı xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının 35-60% pozulması ilə 2 il müddətində əlilliyin təyin edilməsi öhdəliyinin Cavabdehnə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-1568/2025 saylı qərarını mübahisələndirmiş və apellyasiya şikayətində göstərmişdir ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı şikayətləri şiddətli baş ağrılarından, əsəbilikdən, konfliktə meyllilikdən olmuşdur. Baş ağrılarının 2-3 gün çəkdiyini, üzünün, bədəninin sol tərəfli keyidiyini, medikamentoz preparatlardan Finlepsin, Fenazepam qəbul etdiyini bildirmişdir. Baxış zamanı sağ bilək və baş barmaqda səthi köhnə kəsik izləri müşahidə olunmuşdur. Psixi statusu zamanı şəxsiyyət dəyişikliyi əlamətləri aşkar olunmamışdır” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilik, baş ağrıları, bədənində keyimə hissindən şikayətlənmişdir. Anamnestik məlumatlarında səsdən, adi bir sözdən əsəbləşdiyini, bədənində süstlük yaranaraq, sol ətraflarının içəri doğru qatlandığını, dərman qəbulundan sonra sakitləşdiyini bildirmiş, özünə xəsarətlər yetirdiyini söyləyərək yuxarı ətraflarında törətdiyi köhnə kəsikləri sərgiləmiş, valideynləri ilə yaşadığını, iş yoldaşları ilə tez-tez mübahisə etdiyi üçün işləyə bilmədiyini, hal-hazırda yalnız “Analgin”, “Dimidrol” qəbul etdiyini söyləmişdir. Vətəndaş yaralanmaya məxsus çapıq izləri olmadığını bildirmiş, hazırda aktiv sürücülük vəsiqəsi olması müəyyənləşdirilmişdir. Psixi statusunda əsəbilik, konfliktə meyillilik, özunə xəsarət etməsindən şikayətlənmişdir. Bələdliyi bütün istiqamətlərdə saxlanılmış, zahirən sakit, mimikası az ifadəli, ünsiyyətə həmən daxil olmuş, verilən suallara qısa məzmunlu cavablar vermişdir. Əyani müayinə zamanı hər iki ətraflarda köhnə çapıq toxumalar müşahidə edilmiş, hal-hazırda hec bir müalicə almadığını qeyd etmişdir. 2 saylı X2 xx.xx.2021-ci il tarixli Elektroensefaloqrafiya müayinəsinin nəticəsi “Lokal və diffuz olan patoloji dalğalar və spesifik epileptik elementlər qeyd olunmadı” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. 2 saylı X2 xx.xx.2022-xx.xx.2022-ci il tarixli 1317/22 nömrəli Çıxarışında diaqnoz “Şəxsiyyətin emosional-davamsız tip pozuntusu, tez-tez təkrarlanan dekompensasiya halları, anamnezində KBT” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. 2 saylı X2 xx.xx.2023-cü il tarixli 4051 nömrəli Tibbi rəyində diaqnoz “Şəxsiyyətin emosionaldavamsız tip pozuntusu, tez-tez təkrarlanan dekompensasiya halları, anamnezində KBT” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarını işə şifahi və ya yazılı icraat qaydasında baxılması, şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməyə borcludur. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə müvafiq olaraq, məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərini nəzərə alaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - İddiaçı xx.xx.2014-cü il tarixdə 1 il müddətinə hərbi xidmət dövrü ilə əlaqədar olması səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. X1: V Sinif – Psixi pozğunluqlar və davranış pozğunluqları => F99-Əlavə dəqiqləşdirmə olmadan psixiki pozğunluq. Diaqnozun mətni: Emosional davamsız tipli şəxsiyyət pozuntusu. qeyd edilmişdir. - İddiaçıya xx.xx.2015-ci il tarixdə 1 il müddətinə hərbi xidmət dövrü ilə əlaqədar olması səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. X1: V Sinif – Psixi pozğunluqlar və davranış pozğunluqları => F50-F69-Yetkin yaşlarda təsadüf olunan şəxsiyyət və davranış pozğunluqları => F60.3- şəxsiyyətin..., Diaqnozun mətni: Şəxsiyyətin emosional davamsız pozuntusu, tez-tez təkrarlanan davamlı dekompensasiyalarla və özünü kəsmələrlə qeyd edilmişdir. - İddiaçıya xx.xx.2016-cı il tarixdə 5 il müddətinə eyni əsaslarla hərbi xidmət dövrü ilə əlaqədar olması səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. - İddiaçının əlillik vəziyyətinə Bakı 11 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli, 2749003AAELF nömrəli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Şəxsiyyətin emosional davamsız pozğunluğu, Şəxsiyyətin emosional davamsız tip pozuntusu, tez-tez təkrarlanan dekompensasiya halları. Anamnezində KBT. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müayinəyə ehtiyacın olması- Səbəb: “İxtisaslaşdırılmış əlavə müayinə və müalicəyə ehtiyac var” səbəbi ilə Mərkəzə geri göndərilmişdir. - İddiaçının əlillik vəziyyətinə Bakı 11 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli, 2749003AAFPR nömrəli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Əsas Diaqnoz F60.3 Şəxsiyyətin emosional davamsız pozğunluğu. Şəxsiyyətin emosional davamsız tip pozuntusu, tez-tez təkrarlanan dekompensasiya halları. Anamnezində KBT. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması – Səbəb: Diaqnoz və ağırlıq dərəcəsinin dəqiqləşdirilməsi üçün ixtisaslaşdırılmış klinikda əlavə müayinə və müalicə olunmasına ehtiyac var. - İddiaçının əlillik vəziyyətinə Bakı 2 nömrəli X2 xx.xx.2023-cü il tarixli, Q00155587SFP nömrəli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Şəxsiyyətin emosional davamsız tip pozuntusu, şəxsiyyətin emosionaldavamsız tip pozuntusu, tez-tez təkrarlanan dekompensasiya hallar, anamnezində KBT. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: “Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 30 aprel 2024-cü il tarixli, 3-17-4/3-3-3047/2024 nömrəli qərarında qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 2749003AAFPR nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2006-cı il tarixli, 1474 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Özünü kəsmələr və özünə xəsarət yetirmələrlə müşayiət olunan şəxsiyyətin orta dərəcəli emosional davamsız pozuntusu. Sol bazunun ön-yan səthinin, sağ əlin İ barmağının yan səthinin, sol saidin ön səthinin dəri çapıqları” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı şikayətləri şiddətli baş ağrılarından, əsəbilikdən, konfilktə meyllilikdən olmuşdur. Baş ağrılarının 2-3 gün çəkdiyini, üzünün, bədəninin sol tərəfli keyidiyini, medikamentoz preparatlardan Finlepsin, Fenazepam qəbul etdiyini bildirmişdir. Baxış zamanı sağ bilək və baş barmaqda səthi köhnə kəsik izləri müşahidə olunmuşdur. Psixi statusu zamanı şəxsiyyət dəyişikliyi əlamətləri aşkar olunmamışdır. 2 Saylı X2 xx.xx.2022-xx.xx.2022-ci il tarixli 1317/22 nömrəli Xəstəlik Tarixindən çıxarışında diaqnoz "Şəxsiyyətin emosional-davamsız tip pozuntusu, tez-tez təkrarlanan dekompensasiya halları, anamnezində KBT” qeyd olunsa da, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Hərbi şəhadətnamədə 2004-cü il tarixindən xəstə olduğu qeyd olunsa da, təqdim olunan stasionar müalicə sənədləri yalnız 2021 və 2022-ci illəri əhatə etmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X5 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2855 saylı rəyində aşağıdakılar göstərilmişdir: “ ... Yoxlanılan şəxs İddiaçı hal-hazırda “şəxsiyyətin emosional-davamsız tip pozuntusu” F.60.3 aşkar olunur. Bunu iş materialları, anamnestik məlumatlar (yeniyetmə yaşlarından xasiyyətcə əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ‘‘Lənkəran Şəhər Psixiatriya Xəstəxanası”da Şəxsiyyətin emosional davamsız tip pozuntusu. Tez-tez təkrarlanan dekompensasiya halları. Anamnezində KBT” xx.xx.2024-cü il tarixli, 2855 saylı rəy - İddiaçı diaqnozu ilə həmin müəssisədə stasionar müalicədə olması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (əhvali-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. Yoxlanılan şəxs İddiaçı “şəxsiyyətin emosional-davamsız tip pozuntusu” müəyyən edilir.” Göründüyü kimi, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçıya xx.xx.2014-cü il tarixdə 1 il müddətinə “Emosional davamsız tipli şəxsiyyət pozuntusu” diaqnozu ilə ikinci dərəcəli əlillik təyinatı aparılmışdır. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2015-ci il tarixdə 1 il müddətinə “Şəxsiyyətin emosional davamsız pozuntusu, tez-tez təkrarlanan davamlı dekompensasiyalarla və özünü kəsmələrlə” diaqnozu ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2016-cı il tarixdə 5 il müddətinə eyni diaqnoz ilə əlillik təyin edilmişdir. xx.xx.2021-ci ildə göndəriş əsasında cavabdeh iddiaçıya əlillik təyin edilməsindən imtina etmiş, imtinaya əsas kimi əlavə müayinəyə ehtiyacın olması -“İxtisaslaşdırılmış əlavə müayinə və müalicəyə ehtiyac var” göstərilmişdir. xx.xx.2022-ci il tarixli göndəriş əsasında cavabdeh iddiaçıya eyni əsasla əlillik təyin edilməsindən imtina etmişdir. Daha sonra xx.xx.2023-cü ildə göndəriş əsasında cavabdeh iddiaçıya əlillik təyin edilməsindən imtina etmiş, imtinaya əsas kimi “Diaqnoz öz təsdiqini tapmaması - Diaqnoz əlillik əlaməti təyin etmir” göstərilmişdir Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı məhkəməyə hazırkı iddianı vermişdir. İddiaçının əyani müayinəsinin nəticəsində, diaqnozun öz təsdiqini tapmaması əsası ilə əlillik təyinatı aparılmamışdır. İddiaçı hazırda cavabdehin xx.xx.2024-cü il tarixli qərarını mübahisələndirir və son göndəriş, yəni xx.xx.2023-cü il tarixli göndəriş əsasında ona əlillik təyin edilməsini xahiş edir. Birinci instansiyası məhkəməsi cavabdehin imtinasını əsassız hesab edərək qeyd etmişdir ki, ddiaçının son göndərişdə olan diaqnozu ilə ona əvvəllər əyin edilmiş əlilliyin diaqnozları eynidir. Şəxsiyyətin emosional davamsız tip pozuntusu) və iddiaçıya sonuncu dəfə xx.xx.2016-cı il tarixdə 5 il müddətinə (xx.xx.2021- ci ilədək) hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1637/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadında məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətini mümkünsüz sayaraq qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, cavabdeh hər bir halda əlilliyin müəyyən olunması məsələsinə fərdi yanaşmalı, iş üzrə müəyyən olunmuş hallara obyektiv qiymət verməlidir. Bu zaman iddiaçının dəyişməyən xəstəliyi, habelə ötən müddət ərzində xəstəliyinin ağırlaşması, eyni zamanda, iddiaçıya həmin diaqnoz əsasında müvafiq əlillik dərəcəsinin artıq bir neçə dəfə təyin olunduğu da cavabdeh tərəfindən nəzərə alınmalıdır”. İddiaçının müraciətinə əsasən xx.xx.2023-cü il tarixli göndəriş əsasında baxılmış və “Şəxsiyyətin emosional davamsız tip pozuntusu, şəxsiyyətin emosional-davamsız tip pozuntusu, teztez təkrarlanan dekompensasiya hallar, anamnezində KBT” diaqnozu qoyulmuşdur. Birinci instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəməpsixiatrik ekpertizası təyin edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X4 ekspertlərinə həvalə edilmişdir. xx.xx.2024-cü il tarixli 2855 saylı rəydə qeyd edilmişdir ki, yoxlanılan şəxs İddiaçı halhazırda “ŞƏXSİYYƏTİN EMOSİONAL-DAVAMSİZ TİP POZUNTUSU” F.60.3 aşkar olunur. Bunu iş materialları, anamnestik məlumatlar (yeniyetmə yaşlarından xasiyyətcə əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ‘‘Lənkəran Şəhər Psixiatriya Xəstəxanası”da Şəxsiyyətin emosional davamsız tip pozuntusu. Tez-tez təkrarlanan dekompensasiya halları. Anamnezində KBT” xx.xx.2024cü il tarixli 2855 saylı rəy - İddiaçı diaqnozu ilə həmin müəssisədə stasionar müalicədə olması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (əhvali-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. Yoxlanılan şəxs İddiaçı “şəxsiyyətin emosionaldavamsız tip pozuntusu” müəyyən edilir. Göründüyü kimi, iddiaçı “ŞƏXSİYYƏTİN EMOSİONAL-DAVAMSİZ TİP POZUNTUSU” xəstəliyindən əziyyət çəkir. Bu xəstəliyin iddiaçıda olması ekspert rəyi və digər tibbi sənədlərlə müəyyən edilir. Cavabdeh isə, əyani müayinə apararkən belə nəticəyə gəlmişdir ki, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı şikayətləri şiddətli baş ağrılarından, əsəbilikdən, konfilktə meyllilikdən olmuşdur. Baş ağrılarının 2-3 gün çəkdiyini, üzünün, bədəninin sol tərəfli keyidiyini, medikamentoz preparatlardan Finlepsin, Fenazepam qəbul etdiyini bildirmişdir. Baxış zamanı sağ bilək və baş barmaqda səthi köhnə kəsik izləri müşahidə olunmuşdur. Psixi statusu zamanı şəxsiyyət dəyişikliyi əlamətləri aşkar olunmamışdır. 2 Saylı X2 xx.xx.2022-xx.xx.2022-ci il tarixli 1317/22 nömrəli Xəstəlik Tarixindən çıxarışında diaqnoz "Şəxsiyyətin emosional-davamsız tip pozuntusu, tez-tez təkrarlanan dekompensasiya halları, anamnezində KBT” qeyd olunsa da, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır”. Halbuki, iddiaçıda olan xəstəliklər 2004-cu ildən yaranmış, iddiaçıya ilk dəfə 2007-ci il tarixdə əlillik təyin edilmiş, 2014-cü il tarixdən 2021-ci il tarixə qədər eyni diqanozla əlillik təyinatı davam etdirilmişdir. İş materiallarında olan tibbi sənədlərə və ekspert rəyinə əsasən iddiaçıda olan xəstəliklərin (əsas diqanoz və ağırlaşmaların) hazırda da mövcud olması və həmin xətəliklərin reabilitasiya olunmaması müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 7.7. Spesifik şəxsiyyət pozuntuları Qeyd. Şəxsiyyət pozuntuları zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi aşağıdakılara əsaslanır: şəxsiyyətin koqnitiv, emosional, davranış və şəxslər arası sahədə anomaliyalarının təzahür dərəcəsi; uşaq, yeniyetmə və ya yetkin yaşlarda şəxsiyyətin anomaliyalarının başlanması; dekompensasiya vəziyyətinin tezliyi və davametmə müddəti; kompensasiya dövründə adaptasiya imkanları; sosial təhlükəli davranışların ağırlığı və tezliyi (ətrafdakılara qarşı qanunazidd və ya aqresiv davranışlar və intihar cəhdləri); intellektin inkişafı və öz davranışına tənqid dərəcəsi. Müalicəvi və reabilitasiya müdaxilələrinin effektliliyi. 7.7.1. spesifik şəxsiyyət pozuntuları – XBT kodu F60 7.7.1.1. fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski – orqanizmin funksiyalarının pozulma faizi 35- 60%, müddət 2 il. İş materiallarında olan cavabdehin xx.xx.2024-cü il tarixli qərarından müəyyən edilir ki, iddiaçya baxış zamanı sağ bilək və baş barmaqda səthi köhnə kəsik izləri müşahidə olunur. Həmçinin Hərbi Həkim Komissyasının qərarında qeyd edilmişdir ki, “...özünükəsmələr və özünəxəsarət yetirmələrlə müşayiət olunan mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli nevrotik vəziyyət, sol bazunun ön-yan səthində, sağ əlin birinci barmağının yan səthində saidin ön səthində dəri çapıqları, vegetativ damar distoniyası diaqnozu qoyulmuşdur. Məhkəmə kollegiyası oxşar işlər üzrə formalaşmış təcrübəyə istinad edərək apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbiinstrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bu mənada apellyasiya şikayətinin cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri əsassız sayılmalıdır və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-1568/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-1568/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar