Məhkəmə qərarları › İş №2-1(103)-1917/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1917/2021

15.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1917/2021 15.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Tağızadə Mirzə Nəsib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsi ilə təmin olunma” tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10.07.2018-ci il tarixli, 2-1(82)-2914/2018 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) məhkəmə iclasında yoxlayaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ev verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10.07.2018-ci il tarixli, 2-1(82)-2914/2018 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, iddianın mümkün sayılmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 20 oktyabr 2020-ci il tarixli, 2- 1(103)-1810/2020 saylı qərardadı ilə apelyasiya şikayəti mümkün sayılmayaraq şikayətin qəbulundan imtina edilmişdir. İddiaçı kassasiya şikayatə verərək apellyasiya şikayətinin mümkün hesab edilərək şikayətin apellyasiya icraatına qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 19.05.2021-ci il tarixli, 2-1(102)- 858/2021 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1810/2020 saylı, 20 oktyabr 2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş apelyasiya şikayətinin mümkünlük məsələsinə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Növbəti apellyasiya baxışı zamanı məhkəmə tərəfindən iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün ona bildiriş ünvanlaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsinin qərardadı iddiaçı tərəfindən 25.07.2018-ci il tarixdə qəbul edilmiş, apellyasiya şikayəti isə 23.09.2020-ci il tarixdə məhkəməyə təqdim olunmuşdur. Bununla əlaqədar olaraq iddiaçıya təklif olunmuşdur ki, apellyasiya şikayətinin qanunla müəyyən olunmuş müddət ərzində təqdim olunmasına dair sübutları və ya buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizəni məhkəmə iclasınadək məhkəməyə təqdim etsin. İddiaçı apellyasiya şikayətinin qanunla müəyyən olunmuş müddət ərzində təqdim olunmasına dair sübutları və ya buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizəni məhkəməyə təqdim etməmişdir. Eyni zamanda iddiaçı məhkəməyə dövlət büdcəsi hesabına vəkillə təmin olunmağa dair ərizə təqdim etmişdir. Məhkəmə tərəfindən iddiaçının ərizəsi təmin edilməmişdir. Apellyasiya baxışı zamanı iddiaçı əlilllik haqqında kitabçanı göstrəməklə xəstə olduğu üçün apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş müddəti buraxdığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətini nəzərdən keçirərək hesab edir ki, iddiaçının 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10.07.2018ci il tarixli, 2-1(82)-2914/2018 saylı qərardadından verdiyi apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. İşə Ali Məhkəmədə baxılarkən məhkəmə qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin mümkünlüyü ilə bağlı iddiaçını lazımi qaydada məlumatlandırmamışdır. İddiaçı 20 oktyabr 2020-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, o, məhkəmə iclasının keçirilməsi məqsədi barədə (apelyasiya şikayətinin mümkünlüyü ilə bağlı) aydın bilgiyə malik olmamışdır. Apelyasiya məhkəməsi göndərdiyi bildirişdə apelyasiya şikayəti üzrə məhkəmə iclasının 20 oktyabr 2020-ci il tarixə təyin edilməsini bildirmiş, lakin bildirişdə apelyasiyanın mümkünlüyü ilə bağlı hər hansı məlumat qeyd edilməmişdir. Eyni zamanda qeyd olunmuşdur ki, dinlənilmə hüququnun təmin edilməsi tələbi mühüm əhəmiyyət daşıyır. Məhkəmə icraatının iştirakçılarına mübahisənin həlli ilə bağlı əhəmiyyət kəsb edən bütün iş materiallarına dair öz mövqelərini ifadə etmək üçün imkan yaradılmalıdır. Bunun üçün məhkəmə proses iştirakçılarını icraatın mərhələsi, işin faktiki və hüquqi hallarına dair öz mövqeyi barədə elə şəkildə məlumatlandırmalıdır ki, onlar bununla bağlı məzmun baxımdan münasibət bildirə bilsinlər. İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İş materiallarından görünür ki, apellyasiya şikayəti şikayətin qanunla müəyyən edilmiş müddətin ötürülməsi ilə verilmişdir. İddiaçı apellyasiya baxışı zamanı apellyasiya şikayətini xəstə olduğu üçün gec verdiyini bildirsə də, bunu sübut edən sənədləri məhkəməyə təqdim etməmişdir (onun təqdim etdiyi əlillik kitabçası belə sübüt kimi qəbul edilə bilməz). Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. İş materiallarına əlavə edilmiş məhkəmə qəbzindən görünür ki, saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 10.07.2018-ci il tarixli, 2-1(82)-2914/2018 saylı qərardadından qərarı 25.07.2018-ci il tarixdə alınmışdır (iş vər. 26). Belə olan halda həmin qərardan apellyasiya şikayətinin verilməsinin son tarixi cavabdeh üçün 03.08.2018-ci il tarixidir. İş materiallarından görünür ki, apellyasiya şikayəti 23 sentyabr 2020-ci il tarixdə, yəni qərardaddan apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 10 günlük müddət ötürülməklə verilmiş, şikayətə buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizə əlavə olunmamışdır. Məhkəmə tərəfindən iddiaçıya bildiriş ünvanlaraq apellyasiya şikayətinin qanunla müəyyən olunmuş müddət ərzində təqdim olunmasına dair sübutları və ya buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizəni məhkəmə iclasınadək məhkəməyə təqdim etməsi təklif olunmasına baxmayaraq, iddiaçı nə şikayətin qanunla müəyyən olunmuş müddət ərzində təqdim olunmasına dair sübutları, nə də ki, buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizəni məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə tərəfindən iddiaçının Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.4-cü maddəsində nəzərdə tutulmuş apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsi ilə təmin olunma” tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10.07.2018-ci il tarixli, 2-1(82)-2914/2018 saylı qərardadından iddiaçının verdiyi apellyasiya şikayəti mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar