Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1917/2022 16.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, ərizəçinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə qarşı “əmək pensiyası təyin edilməsi tələbinə dair” inzibati iş üzrə cavabdehin prosessual hüquq varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş “yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında” ərizəsinin mümkün sayılmaması barədə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1061/2018 saylı xx.xx.2022-ci il qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri,Z.Xəlilov küçəsi, 540-cı məhəllə) binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İ. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 fevral 2018-ci il tarixli, 2-1(82)- 1061/2018 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 04 dekabr 2006-cı il tarixdən 52 yaşdan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, 04 dekabr 2006-cı il tarixdən 04 dekabr 2011-ci il tarixinə qədər olan müddət üçün əmək pensiyasının məbləğinin və həmçinin 04 dekabr 2011-ci il tarixdən bu günə qədər ona ödənilən əmək pensiyasında yaranacaq məbləğ fərqinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 10.2-ci və 27-ci maddələrinin 04 dekabr 2006-cı il tarixdə qüvvədə olan tələbləri əsasında hesablanıb birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 mart 2018-ci il tarixli, 21(103)-779/2018 saylı qərarı ilə birinci instansiya məhkəməsinin həmin qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Həmin qərardan kassasiya şikayəti verilməmiş, birici instansiya məhkəməsinin qərarı qanuni qüvvəyə mindiyi üçün sonuncu tərəfindən 15 may 2018-ci il tarixində qərar icra edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsi məhkəməyə ünvanlanmış xx.xx.2018-ci il tarixli 15/2520 nömrəli məktubunda qərarın icra edildiyi bildirilmişdir. 26 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı məhkəməyə ərizə ilə müraciət edərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1-(82)-1061/2018 saylı qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Ərizədə göstərilən əsaslara görə “...pensiya işində olan sənədlərə əsasən məlum olmuşdur ki, İddiaçı xx.xx.2017-ci il tarixli ərizəsi qeydiyyatda olduğu ərazi üzrə Fondun keçmiş Bakı şəhəri Nizami rayon şöbəsində eyni tarixdə qeydiyyata alınmış, şöbənin pensiya üzrə komissiyasının tarixi qeyd edilməyən 1513 №-li qərarı ilə “Əmək pensiyaları haqqında” Qanununun 9-cu maddəsinə müvafiq olaraq “güzəştli iş stajı olmadığı üçün ərizəsi təmin edilmədi” qeyd edilməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Qərarı hazırlayan məsul şəxs barədə məlumat qeyd edilməmişdir. Pensiya işində imtina barədə vətəndaşa məlumatın verilməsi barədə heç bir sənədin surəti aşkar edilməmiş, bununla da Qanunun 31.4-cü maddəsinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Bundan qısa müddət sonra vətəndaş tərəfindən ərizə daxil olmadığı halda şöbənin eyni tərkibli pensiya üzrə komissiyasının tarixi göstərilməyən, əvvəlki qərarın 1513 nömrəsi qeyd edilməklə xx.xx.2011-ci il tarixdən 57 yaşının tamam olduğu gündən Qanunun 9.1-ci maddəsinin şərtlərinə əsasən əmək kitabçası və hərbi biletin surətləri üzrə 01.01,2006-cı ilədək hesablanmış 32 il 03 ay sosial sığorta stajı nəzərə alınmaqla İddiaçı aylıq məbləği 142,57 manat təşkil edən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, həmin məbləğ müvafiq dövrlər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməklə və pensiyasının baza hissəsi artırılmaqla pensiya yenidən hesablanması həyata keçirilmiş, xx.xx.2018-ci il tarixədək olan dövr üzrə hesablanmış cəmi, 12000,0 manat məbləğin 3000,0 manatı 2018-ci ilin fevral, 5000,0 manatı mart, 4000,0 manatı isə aprel ayında vətəndaşın plastik kart hesabına köçürülmüşdür. Araşdırma zamanı məlum olmuşdur ki, H.Əliyev adına Bakı dərin özüllər zavodunun verdiyi və pensiya işinə tikilmiş arxiv arayışında “xx.xx.2015-ci il" tarixi yazılmış, Dövlət Neft Şirkətinin “Neftqaztikinti" trestinin verdiyi arxiv arayışında isə “30 dekabr” tarixi qeyd edilsə də, müvafiq il göstərilməmişdir. Belə ki, 2017-ci ilin sonunda pensiya təyinatı üçün müraciət etmiş vətəndaş tərəfindən təqdim edilmiş həmin sənədlərin müxtəlif tərtibedilmə tarixləri onların etibarlılığına şübhələr yaratmış, eyni zamanda həmin sənədlərlə vətəndaşın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmadığı müəyyən edilmişdir. Eyni zamanda, həmin arayışların birində İddiaçı xx.xx.1983-cü il tarixindən xx.xx.1990-cı il tarixinədək güzəştli şərtlərlə iş stajının cəmi 02 il 11 ay 01 gün olduğu qeyd edilmişdir. Bununla belə, əvvəlki dövrlərdən təyin olunmuş pensiya məbləği ilə kifayətlənməyən bu işdə maraqlı olan şəxslər sonrakı mərhələdə məhkəmə qərarlarının alınmasına və bir qədər də əvvəlki dövrlərdən yenidən hesablanmaqla daha yüksək məbləğdə aylıq pensiya məbləğinin təyin edilərək ödənilməsinə nail olmuşlar. Məhkəmə qərarında İddiaçı xx.xx.2006-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə öhdəlik qoyulmasına baxmayaraq bu işdə maraqlı olan şəxslər tərəfindən xx.xx.2009-cu il tarixindən 2004-2005-ci illərin əməkhaqqısı nəzərə alınmaqla hesablanma aparılmışdır. Bunun səbəbi belə izah edilir ki, əgər xx.xx.2006-cı il tarixdən vətəndaşa pensiya təyinatı aparılsa idi, o halda xx.xx.2006-04.12,2009-cu il dövr üzrə hesablanacaq və ödəniləcək fərq məbləği aşağıda qeyd edilmiş məbləğdən təxminən 63000,0 manat çox olacaqdı. Nəticədə 300000,0 manata yaxın hesablanmış fərq məbləğinin miqdarı diqqətləri cəlb etməklə pensiya təyinatının qanunauyğunluğuna şübhələrin yaranması riskini daşıyacaqdı. Araşdırma ilə müəyyən edilmişdir ki, məhkəmə qərarlarına istinad edilməklə və şöbə tərəfindən İddiaçı adına açılmış 153625 №-li şəxsi hesaba qeyd edilməklə şöbənin sonuncu sərəncamı ilə xx.xx.2009-cu ildən xx.xx.2018-ci ilədək olan dövr üzrə 244406,31 manat ötən dövrlər üçün fərq məbləği hesablanmışdır. Lakin faktiki ödənilmiş məbləğlərin araşdırılması ilə müəyyən edilmişdir ki, qeyd edilən dövr üzrə cəmi 231430,25 manat ödənilmişdir ki, həmin məbləğin 74076,76 manatı xx.xx.2018 - xx.xx.2019-cu il aralığı üzrə 20 ay ərzində aylıq pensiyanın üzərinə əlavə olunmaqla, 157353,49 manat qalıq hissəsi isə xx.xx.2019-cu il tarixdə vətəndaşın plastik kart hesabına birdəfəlik köçürülmüşdür. Ümumilikdə, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək İddiaçı plastik kart hesabına faktiki köçürülmüş cəmi vəsaitin məbləği 403651,10 manat olmuşdur ki, bunun da 172220,85 manatı aylıq pensiya məbləği təşkil etmişdir. Ehtimal olunur ki, uzun müddət ərzində pensiya plastik kartı vətəndaşda olmamış, eyni zamanda həmin plastik kart hesabına köçürülmüş külli miqdarda pul vəsaiti bu işdə maraqlı olmuş şəxslər tərəfindən mənimsənilmişdir. Araşdırma ilə İddiaçı yaşa görə əmək pensiyası hüququnun Qanunun 9-cu maddəsi ilə deyil, 7-ci maddəsinə əsasən 63,5 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixindən yarandığı müəyyən edilmişdir. Bununla da yaşa görə əmək pensiyası almaq hüququna malik olan vətəndaşın xx.xx.2006-cı il tarixə faktiki sosial sığorta stajı, xx.xx.2018-ci il tarixə fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı, pensiya hüququnun qazandığı dövrdən işdən çıxdığı xx.xx.2018-ci il tarixədək, həmçinin xx.xx.2019xx.xx.2020-ci il dövr ərzində işləmiş olduğu dövr üzrə topladığı pensiya kapitalı nəzərə alınmaqla aylıq pensiyanın miqdarı müvafiq dövrlər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməklə xx.xx.2018-xx.xx.2019-cu il dövr ərzində 810,48 manat; xx.xx.2019xx.xx.2020-ci il dövr ərzində 834,80 manat; xx.xx.2020-xx.xx.2020-ci il dövr ərzində 973,38 manat; xx.xx.2020-xx.xx.2021-ci il dövr ərzində 1091,23 manat; xx.xx.2021-ci il tarixindən 1215,63 manat təşkil etmişdir. Göründüyü kimi, xx.xx.2021-ci il tarixi vəziyyətinə vətəndaşın pensiyasının aylıq məbləğinin 1215,63 manata qarşı 5134,68 manatla (3919,05 manat artıq fərqlə və ya 4,2 dəfə çox) təyin olunmasına nail olunmuşdur...” İddiaçının nümayəndəsi vəkil X2 xx.xx.2022-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, yeni açılmış hallarla bağlı ərizənin tamamilə əsassız və qanunsuz olduğundan rədd edilməsini məhkəmədən xahiş etmiş və bunun onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 16 mart 2018-ci il tarixli 2-1 (103)-779/2018 saylı qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı qanuni qüvvəsini almışdır. Cavabdeh hər iki məhkəmədə iddiaçıya pensiya təyin edilməsindən imtina etmiş, hazırki ərizədə olduğu kimi istinad edilir ki, guya ki iddiaçının tələb olunan güzəştli stajı yoxdur və iddiaçıya 57 yaşdan pensiya təyin oluna bilər. Qeyd olunan hallar birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən tam və ətraflı araşdırılmış, sonda isə iddianın təmin edilməsi barədə qərar qəbul edilmişdir. Hətta, cavabdeh inziabti orqan əvvəlcə iddiaçıya hədə-qorxu gəlib, könüllü qaydada ona təyin edilmiş pensiyadan imtina etməsini tələb etmiş, bundan nəticə əldə olunmadığını görüb şikayət ərizəsi ilə Azərbaycan Respublikası Baş Prokurorluğu yanınıda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmiş, həmin İdarədə uzun müddət araşdırma aparılmış, iddiaçı tərəfindən hər hansı formada saxta sənəd təqdim edilmədiyinə görə hər hansı formada cinayət işi qaldırılmamışdır. Cavabdeh inzibati orqan isə qeyd olunan xx.xx.2018ci il tarixli qərarın qəbul edilməsindən 3 il 8 aydan artıq müddət keçəndən sonra hazırki ərizə ilə məhkəməyə müraciət edib. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi institutunun mahiyyəti ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını şübhə altına alan yeni sübutların və faktlarların aşkar olunduğu hallarda, ərizəçinin hüquqlarının müdafiəsi baxımından həmin qərarın yenidən yoxlanılmasını həyata keçirmək mümkün olsun...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1061/2018 saylı xx.xx.2022-ci il qərardadı ilə ərizə mümkün hesab edilməmişdir. Ərizəçi həmin qərardaddan apellyasiya şikayəti verərək ləğv edilməsini, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti, qərardadın maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyi qeyd olunmaqla, ərizədə göstəriləndərə uyğun olaraq əsaslandırılmışdır. Şikayət Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apelyasiya icraatı mümkündür. Məhkəmə kollegiysının hazırkı iclasında iştirak edən ərizəçinin (prosessual hüquq varisinin) nümayəndəsi V.Əhmədov apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasınının əvvəlki (xx.xx.2022) iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi ərizəçinin apellyasiya şikayətini əsassız hesab edərək, mübahisələndirilən halların məhkəmələrin araşdırma predmeti olduğunu və həmin halların yeni açılmış hallar kimi qəbul olunmaz olduğunu, həm də ərizənin müddətin ötürülməsi ilə verildiyini bildirərək, birinci instansiya məhkəməsinin qərardadını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə ərizəçinin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin («İPM») 100-cü madəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış icraat proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən o halda təzələnə bilər ki, sonradan, yeni sübutların və ya halların aşkar edilsin və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim edilmiş olsun. Birincisi, konkret halda, Məcəllənin qeyd olunan tələbləri baxımından ərizəçi tərəfindən qeyd olunan hallar yeni açılmış hallar kimi qiymətləndirilə bilməz. Çünki, cavabdeh qürumun əməkdaşlarının əməllərində cinayət xarakterli əlamətlərinin mövcudluğuna istinad olunsa da, bununla bağlı, qanuni qüvvəsini almış ittiham hökmü mövcud olmadığı, həm də, bu halda iddiaçının özünün hüquqa zidd hərəkətləri və ona qarşı ittiham irəli sürülmədyi və cinayət məsuliyyətin cəlb olunmadığı halda, ərizəçinin qeyd etdiyi həmin halların yeni açılmış hallar kimi qəbul edilməsi mümkünsüzdür. Ən azından, ərizəçinin ərizəsində əsasən qanuni qüvvəsini almış məhkəmə qərarlarından narazılıq ifadə olunaraq işə düzgün baxılmamasından və hərtərəfli araşdırılmamasından şikayət olunur. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Y.Cümşüdovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair 5 dekabr 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2020-ci il tarixli qərarında Plenum tərəfindən bir sıra qərarlarına istinadən bildirmişdir ki, məhkəmə təcrübəsində res judicata (artıq həll olunmuş iş) prinsipi qorunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı yenidən mübahisələndirilməməlidir. İkinci bir tərəfdən, işdən görünür ki, cavabdeh Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 mart 2018-ci il tarixli, 21(103)-779/2018 saylı qərarı xx.xx.2018-ci il tarixində aldığı halda, həmin qərardan kassasiya şikayəti verməmiş, 1 aylıq kassaiya şikayəti vermə müddəti bitdikdən sonra, məhkəmənin 07 may 2018-ci il tarixli məktubu ilə iş materialları 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi isə cavabdehə 15 may 2018-ci il tarixli məktub ünvanlayaraq məhkəmənin 02 fevral 2018-ci il tarixli qərarının 27 aprel 2018-ci il tarixində qanuni qüvvəsini aldığını bildirməklə, həmin qərarın 15 iyun 2018-ci il tarixinədək icra edilməsini və bu barədə məhkəməyə məlumat verilməsini tələb etmişdir. Məhkəmənin həmin məktubu xx.xx.2018-ci il tarixində cavabdehə ƏƏSMN DSMF-nin Bakı şəhəri Nizami rayon şöbəsinə təqdim olunmuş və sonuncu məhkəməyə xx.xx.2018-ci il tarixli, 15/2520 nömrəli məktub ünvanlayaraq, məhkəmənin qərarının icra edildiyini bildirmişdir. Bundan 3 il 6 aya yaxın müddət keçdikdən sonra, ərizəçi xx.xx.2021-ci il tarixində yeni açılmış hallarla bağlı ərizə ilə məhkəməyə müraciət edərək, araşdırmalar nəticəsində iddiaçının güzəştli pensiya hüququ olmadığı halda, iddiaçıya əsassız olaraq güzəştli şərtlərlə 52 yaşından pensiya təyin olunmasının və onun plastik kartına yüksək məbləğlərdə pullar köçürüldüyünün müəyyən edildiyini qeyd edərək, həmin halları yeni açılmış hallar kimi qiymətləndirməyə çalışmışdır. Əslində, cavabdeh həm iddiaçıya ünvanlanmış xx.xx.2017-ci il tarixli imtina məktubunda, həm apellyasiya şikayətində mübahisəlndirdiyi hallar iddiaçının güzəştli pensiya hüququna malik olmaması ilə bağlı olmuş, lakin apellyasiya instansiya məhkəməsinin qərarını da mübahisələndirməmiş, qərar 27 aprel 2018-ci il tarixində qüvvəyə minmiş, yeni açılmış hallarla bağlı ərizə ilə məhkəməyə xx.xx.2021-ci il tarixində müraciət etməklə qanunla müəyən edilən üç aylıq müddəti buraxmışdır. Belə ki, İPM-in 103.1-ci maddəsinin imperativ tələbinə görə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Həmin Məcəllənin 103.2-ci maddəsinədə nəzədə tutulan əsaslara gəldikdə isəbelə əsaslar mövcud deyil (Sözügedən maddəyə əsasən mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər.) Beləliklə də işin tədqiq olunan halları və İPM-in 100 və 103.1-ci maddələrinin tələbləri baxımından, ərizəçinin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsinin məhkəmə icraatının mümkün sayılması üçün əsasların mövcudluğu müəyyən olunmur. Ona görə də məhkəmə kollegiyası Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1061/2018 saylı xx.xx.2022-ci il qərardadı ilə ərizənin məhkəmə icraatının mümkün sayılmaması barədə gəldiyi nəticəni işin hallarına və prosessual qanunvericilyin tələblərinə uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası ərizəçinin apellyasiya şikayətinin, həmin qərardadın maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənləri və İPM-in 80, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1061/2018 saylı xx.xx.2022-ci il qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim edildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1917/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1917/2022
16.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver