Məhkəmə qərarları › İş №2-1(103)-1918/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1918/2020

16.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1918/2020 16.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ QƏRARDAD № 2-1(103)-1918/2020 xx xxxxxx 2020-ci il Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi cinayətlərinin ibtidai araşdırılması baş idarəsinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı inzibati aktın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2240/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli **********193446 nömrəli inzibati aktın ləğv edilməsini xahiş etmişdir. Cavabdeh Məhkəməyə vəsatət təqdim edərək, məhkəmə baxışının iş üzrə başlanmış cinayət işinin icraatı başa çatana qədər dayandırılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. Qərardadla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, vəsatətin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə qərardadında iş üzrə icraatın dayandırılmalı olmaması qənaətinə gələrkən “müvafiq cinayət işinin aidiyyəti üzrə məhkəmənin icraatına göndərilməməsi” halına istinad etmiş və həmin cinayət işi üzrə (cinayət təqibi) yekun qərar qəbul edilənədək hazırkı iş üzrə icraatın dayandırılmasının Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 7.2-ci maddəsi ilə uzlaşmadığını qeyd etmişdir. Halbuki, məhkəmənin özünün də istinad etdiyi 7.2-ci maddədə inzibati mübahisə üzrə məhkəmə baxışının dayandırılmasının əsası kimi cinayət işinin aidiyyəti üzrə məhkəmə baxışına göndərilməsi deyil, cinayət təqibinin həyata keçirilməsi halı müəyyən edilmişdir. AR Cinayət-Prosessual Məcəlləsinin 7.0.4-cü maddəsində cinayət təqibinə “cinayət hadisəsinin müəyyən edilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifşa olunması, ittiham irəli sürülməsi, bu ittihamın məhkəmədə müdafiə edilməsi, ona cəza təyin edilməsi, zəruri olduqda prosessual məcburiyyət tədbirlərinin təmin edilməsi məqsədi ilə həyata keçirilən cinayət-prosessual fəaliyyət” kimi anlayış verilmişdir. Qeyd olunan norma obyektiv həqiqətin müəyyən edilməsi, eyni məsələlər üzrə məhkəmələrdə əlavə araşdırmanın aparılmaması və vaxt itkisinə yol verilməməsi baxımından əhəmiyyətlidir. Məhkəmədə baxılan cinayət işi üzrə vergidən yayınma faktı təsdiqini tapacağı halda, həmin hal birbaşa hazırkı işin nəticəsinə təsir edəcəkdir. Göstərilənlərə uyğun olaraq, qeyd olunan cinayət işi üzrə cinayət təqibinin icraatda olan mübahisənin həllinə təsir etməsi halları mövcuddur və hesab edir ki, həmin hallar cinayət təqibi zamanı araşdırılmadan məhkəmə mübahisəsi üzrə obyektiv və düzgün qərarın çıxarılması qeyri-mümkündür. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi şikayətə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini İPM-in tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət mahiyyətcə əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iki əsasdan təmin edilməməlidir. Birincisi, İPM-in cavabdehin vəsatətinin prosessual-hüquqi əsası kimi çıxış edən 7.2-ci maddəsinə görə, inzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 254.1.4-cü maddəsinə görə, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, hakim iş üzrə icraatı dayandırmalıdır. Göründüyü kimi, İPM-in 7.2-ci maddəsi MPM-in 254.1.4-cü maddəsi ilə, demək olar ki, eyni qaydaları nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2004-cü il tarixli Qərarında açıq göstərilmişdir ki, “İbtidai istintaq orqanları tərəfindən cinayət işi üzrə qəbul olunmuş qərarlar məhkəmənin icraatında olan mülki iş üçün preyudisial əhəmiyyət kəsb etmədiyindən mülki iş üzrə icraatın dayandırılmasına səbəb ola bilməz”. İkincisi, iş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Bu baxımdan, həm İPM-in 7.2-ci maddəsində, həm də MPM-in 254.1.4-cü maddəsində nəzərdə tutulan hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. Lakin hazırkı iş üzrə işlərin belə bir asılılığı müəyyən edilmir. Belə ki, cavabdehin Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında mübahisəli qərarı, inzibati orqan (cavabdeh) tərəfindən ümumi hüquq (vergilərin müəyyən edilməsi və ödənilməsi) sahəsinə aid olan məsələni (vergiləri azaldan vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsini) həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı şəxs (iddiaçı) üçün hüquqi nəticələr (müəyyən miqdarda əlavə vergilər və maliyyə sanksiyaları) yaradan qərar növündə hakimiyyət tədbiri olmaqla, “İnzibati icraat haqqında” AR Qanununun 2.0.2-ci maddəsi anlamında inzibati aktdır. İnzibati orqanların hakimiyyət tədbirlərindən narazı qalan şəxslərin məhkəmə müdafiəsi hüququ isə normativ-hüquqi müstəvidə ən yüksək səviyyədə təminat altına alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən: İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın; İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır; İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 7-ci maddəsinə görə, bütün insanlar qanun qarşısında bərabərdir və heç bir fərq qoyulmadan qanun qarşısında eyni dərəcədə müdafiə olunmaq hüququna malikdir, 10-cu maddəsinə əsasən, hər bir insan öz hüquq və vəzifələrinin bərqərar olunması, ona qarşı irəli sürülən cinayət ittihamının əsassızlığının müəyyən edilməsi üçün onun işinə tam bərabərlik əsasında, açıq və ədalətin bütün tələblərinə riayət olunmaqla, müstəqil, qərəzsiz məhkəmədə baxılması hüququna malikdir. Bu müddəa, “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”ın 14-cü maddəsində də təsbit olunmuşdur. İnzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən “İnzibati icraat haqqında” Qanunun: 71.1-ci maddəsinə əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər; 72.1-ci maddəsinə görə, inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər; 72.5-ci maddəsinə əsasən, inzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. İnzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) İPM-lə müəyyən olunmuş qaydada verilir. Adıçəkilən Məcəllənin 2.1-ci maddəsinə görə, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Eyni Məcəllənin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd olunanların təhlili göstərir ki, Azərbaycan Respublikasının inzibati icraat və inzibati prosessual qanunvericiliyi ilə şəxslərin hüquq və vəzifələri ilə bağlı inzibati orqanlar tərəfindən qəbul edilmiş inzibati aktlardan məhkəmə qaydasında şikayət vermək, yəni inzibati məhkəmələrdə inzibati aktın ləğv olunması və dəyişdirilməsi haqqında inzibati iddia qaldırmaq hüquqları aydın təsbit olunmuş, bu hüquq heç bir istisnaya tabe tutulmamış, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdir. Bu kontekstdə, İPM-in 7.2-ci maddəsinə istinadən indiki məhkəmə baxışı o halda dayandırıla bilər ki, 1) mübahisənin predmeti ilə bağlı cinayət təqibi mübahisənin həllinə təsir etsin, yaxud, 2) məhkəmənin qərarı cinayət işi üzrə məsələnin həllindən asılı olsun. Lakin, bu iki haldan heç biri iş üzrə mövcud deyil. Bu hallar mövcud olmadan İPM-in 7.2-ci maddəsini tətbiq edərək məhkəmə baxışının dayandırılması müstəqil iki növ mühakimə ictraatından birinin o birindən asılılığı demək olardı. Doğrudur, məhkəmə baxışının dayandırılması baxımından inzibati mühakimə icraatının İPM-in 7.2-ci maddəsində nəzərdə tutulan qaydada cinayət mühakimə icraatından asılı olduğu hallar vardır, ancaq sözügedən hallar cavabdehin vəsatətində əks olunanlardan fərqlənir. Həmin hallara misal kimi, yerli icra hakimiyyəti orqanının sərəncamı əsasında ayrılmış torpaq sahəsinin hüquqi qeydiyyata alınmasından inzibati orqanın imtinasının mübahisələndirildiyi inzibati işdə sərəncamın saxta sənəd olması ilə əlaqədar başlanmış cinayət təqibi barədə məhkəməyə rəsmi məlumatın daxil olması göstərilə bilər. Beləliklə, məhkəmə kollegiyasının məsələyə dair yekun qənaəti bundan ibarətdir ki, inzibati məhkəmənin özünün müəyyənləşdirə biləcəyi halları onun özü müəyyən etməlidir. İnzibati orqanlar tərəfindən qəbul edilmiş inzibati aktların qanuniliyinin mübahisələndirmə haqqında iddia müstəvisində yoxlanması qanunvericiliklə bilavasitə inzibati məhkəmələrin səlahiyyətinə aid edildiyindən, həmin inzibati aktların qəbul edilməsinə əsas təşkil edən faktiki hallarla bağlı paralel həyata keçirilən digər növ (mülki, cinayət, inzibati xəta) məhkəmə icraatlarına münasibətdə inzibati mühakimə icraatı a priori hər hansı üstünlüyə yaxud asılılığa malik deyil. Belə bir asılılıq İPM-in 58.8-ci maddəsində nəzərdə tutulan preyudisiallıq çərçivəsində mümkündür ki, bu halı zəruri edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə digər qərarı hazırkı işdə mövcud deyil (AR Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarları). Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla əlaqədar olaraq, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM- 87.6), Göstərilənlərə əsasən və İPM-in 68, 80 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2240/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi cinayətlərinin ibtidai araşdırılması baş idarəsinin apellyasiya şikayəti təmin edilməsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar