Məhkəmə qərarları › İş №2-1(103)-1918/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1918/2022

08.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1918/2022 08.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “ali təhsilə aid kvalifikasiyanın tanınması və şəhadətnamənin verilməsi” barədə iddia üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1947/2022 saylı 21 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X8” tərəfindən adına verilmiş bakalavr və “X6 Universiteti” tərəfindən adına verilmi magistr diplomunun təsdiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2013-cü ildə “X8”nun birinci kursuna qəbul olunmuşdur. Maddi vəziyyəti ilə əlaqədar olaraq xx.xx.2016-cı il tarixdə İnstitut rəhbərliyinə ərizə yazaraq xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək onlayn və elektron formada təhsil almaqla bütün imtahanları əyani şəkildə verməyi öhdəsinə götürmüşdür. İnstitut rəhbərliyi onun maddi durumunu nəzərə alaraq ərizəsini qəbul etmişdir. O bütün proqramı mənimsəyərək diplom müdafiəsini və dövlət imtahanlarını uğurla başa vurmuşdur. Sonra isə magistr təhsilini “X6 Universiteti”ndə almışdır. Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində tədris yükünü yerinə yetirməyi qeyri-mümkün olduğu üçün iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmişdir. İddiaçının təqdim etdiyi diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarfna uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçı həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur (İ il-7 ay 6 gün, İİ il-6 ay 23 gün, İİİ il-8 ay 19 gün, İV il-1 ay 6 gün). Belə ki, İV kursda göstərilən müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 1.2-ci bəndinə görə magistratura səviyyəsində bakalavr təhsili bazasından ayrı-ayrı ixtisasların ixtisaslaşmaları üzə müvafiq təhsil proqramlarının əsasında mütəxəssislər hazırlanır. Nəticədə, Azərbaycan Respublikasında magistratura təhsili bakalavriat ixtisasının ixtisaslaşmaları üzrə həyata keçirilir. İddiaçının bakalavr pilləsi üzrə aldığı ixtisasın tanınması ilə bağlı imtina cavabı alması səbəbilə onun magistr pilləsi üzrə aldığı kvalifikasiyanın tanınması qeyri-mümkün hesab edilmişdir. Sonradan iddiaçının nümayəndəsi “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “Müstəqil qeyri-kommersiya ali təhsil müəssisəsi “X7” tərəfindən adına verilmiş 137705 ******* nömrəli, 05 iyun 2017-ci il tarixli bakalavr pilləsi üzrə ali təhsilə aid kvalifikasiyanın və Federal dövlət müstəqil ali təhsil müəssisəsi “X6 Universiteti” tərəfindən adına verilmiş 107704 ******* nömrəli,16 iyun 2020ci il tarixli magistr pilləsi üzrə ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.” Məhkəmə tərəfindən ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1947/2021 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: H.Ağalarov) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçıya verilmiş diploma əlavədən müəyyən olunur ki, iddiaçı sözügedən Universitetdə bakalavr pilləsi üzrə 4 il müddətində əyani təhsil almışdır. İddiaçı təhsil aldığı müddət ərzində, yəni 2013/2014-cü tədris ili üzrə cəmi 7 ay 6 gün, 2014/2015-ci tədris ili üzrə 6 ay 23 gün, 2015/2016-cı tədris ili üzrə 8 ay 19 gün, 2016/2017-ci tədris ili üzrə 1 ay 6 gün Rusiya Federasiyasında olmuşdur. İddiaçının təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə olma müddəti ilk 3 tədris ili üzrə normativlərə uyğun olsa da, sonuncu tədris ilində isə iddiaçının həmin ölkədə qısa müddət ərzində olması 2016/2017-ci tədris ili üzrə tədris yükünü mənimsəməsini qeyri-mümkün edir. Bundan əlavə, "Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş”in 5ci maddəsinə əsasən iddiaçının aldığı təhsilin müddətinin və məzmununun ölkədəki mövcud təhsil standartlarına uyğun gəlib-gəlməməsi nəzərə alınmalıdır. Eyni zamanda, Qaydaların da tələblərindən biri xaricdə əldə olunan təhsil müddətinin dövlət təhsil standartlarına uyğun olub-olmamasının müəyyən edilməsidir. Eyni zamanda bildirilir ki, İddiaçı magistratura səviyyəsi üçün baza rolunu oynayan bakalavr diplomu üzrə əldə etdiyi xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınmaması səbəbilə onun Rusiya Federasiyası Xalqlar Dostluğu Universiteti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 107704 ******* nömrəli magistr diplomu üzrə xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması həmçinin mümkün hesab edilməmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X5 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı “Müstəqil qeyri-kommersiya ali təhsil müəssisəsi “X7” tərəfindən adına verilmiş 137705 ******* nömrəli, 05 iyun 2017-ci il tarixli bakalavr pilləsi üzrə ali təhsilə aid kvalifikasiyanın və Federal dövlət müstəqil ali təhsil müəssisəsi “X6 Universiteti” tərəfindən adına verilmiş 107704 ******* nömrəli,16 iyun 2020-ci il tarixli magistr pilləsi üzrə ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini aşağıdakılarla əsaslandırmışdır. İş materiallarından görünür ki, iddiaçının “X7”nda bakalavr təhsil pilləsində, “X6 Universiteti”ndə magistr pilləsi üzrə “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alması və ona müvafiq diplomların verilməsi işin mübahisələndirilməyən halıdır. Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən işin mübahisələndirilən halı iddiaçının bakalavr pilləsi üzrə yalnız İV kursda 1 ay 6 gün olmaqla (digər kurslar yetərli hesab edilmişdir) təhsil aldığı ölkədə qısa müddət ərzində olması əsası ilə diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyinin qeyri-mümkün olmasıdır. Magistr pilləsi üzrə isə iddiaçının təhsil aldığı ölkədə olduğu müddət və ya başqa hər hansı bir hal mübahisələndirməmiş, yalnız bakalavr pilləsi üzrə aldığı ixtisasın tanınmasından imtina olunmasına istinad edilmişdir. Məhkəmə gəldiyi nəticənin əsaslandırılmasına keçməzdən öncə vurğulamışdır ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçını tələbləri həm bakalavr, həm də magistr pilləsi üzrə ali təhsilə aid kvalifikasiyanın tanınmasına nail olmaqdan ibarətdir. Məhkəmə qeyd edir ki, magistr pilləsi üzrə alınan ixtisasın tanınmaması cavabdeh tərəfindən yalnız bakalavr üzrə ixtisasın tanınmaması ilə əsaslandırıldığından, başqa sözlə, ikinci tələbin (magistr) hüquqi müqəddəratı bilavasitə birinci tələbdən (bakalavr) asılı olduğundan, hər iki tələbə hazırkı icraat çərçivəsində baxılması və qiymət verilməsi mümkün və “prosessual qənaət” prinsipinə uyğundur. Məhkəmə qeyd etmişdir ki, mövcud qanunvericilik (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”) ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtina üçün mənfi rəyin olmasını mütləq sayır və həmin rəylərdən biri də “ekspert rəyi”dir. Mənfi rəyin verilməsi üçün əsaslara gəldikdə isə, hansı ki Qaylararın 3.7-ci bəndində nəzərdə tutulmuşdur, iddiaçıya münasibətdə nə inzibati icraatda, nə də hazırkı inzibati məhkəmə icraatında müəyyən edilməmişdir. Cavabdehin imtinasını (iddia ərizəsinə etirazını) əsaslandırdığı iddiaçının bakalavr pilləsi üzrə İV kursda təhsil aldığını ölkədə qısa müddət ərzində olması ilə bağlı məhkəmə qeyd etmişdir ki, təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaşın həmin ölkədə qısa müddət ərzində olması dəlili özü - özlüyündə bir qədər qeyri-müəyyəndir. Belə ki, sözü gedən dəlil Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndində mənfi rəyin verilməsinə əsas olan hal kimi təsbit edilməmişdir. Belə ki, həmin bəndə əsasən xarici ölkədə alınan təhsilin ümumi normativ müddəti, sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar və təhsilin forması ilə bağlı qiymətləndirmə meyarları nəzərdə tutulmuşdur ki, iddiaçının ixtisasının bu meyarlardan birinə uyğun gəlmədiyi iş üzrə sübuta yetirilmir. Belə ki, iddiaçının təhsilinin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olmamış, ona verilən bakalavr diplomunun verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olmamış, aldığı təhsilin forması (əyani) Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə mövcud təhsil formasına uyğun olmuşdur. Məhkəmə qeyd etmişdir ki, iddiaçı bakalavr pilləsi üzrə ilk üç kursda (6,7 və 8 aydan çox olmaqla), həmçinin magistr pilləsi üzrə təhsil aldığı hər iki kursda (hər kurs 9 ay olmaqla) uzun müddət təhsil aldığı xarici ölkədə olmuş, yalnız İV kurs üzrə həmin ölkədə digər dövrlərlə müqayisədə az (1 ay 6 gün) olmasının səbəbi barədə məhkəməyə sübut (ailə vəziyyəti ilə bağlı təhsil müəssisəsinə ünvanladığı ərizəsi) təqdim etmiş, bundan əlavə, iddiaçının təhsil aldığı müəssisə tərəfindən tədris yükünün tam mənimsənilməsinə görə bakalavr diplomu verilmişdir. Məhkəmə xüsusilə vurğulamışdır ki, iddiaçının bakalavr pilləsi ilə yanaşı magistr pilləsində də təhsil alması, o cümlədən işdə olan sənədlərdən göründüyü kimi, aspirantura pilləsi üzrə həmin ölkədə təhsilini davam etdirməsi ağlabatan mühakimə əsasında iddiaçının mübahisələndirilən bakalavr pilləsi üzrə tədris yükünü mənimsəməsi və formal xarakter daşımaması qənaətinə gəlməyə əsas verir. Qeyd olunanlar nəzərə alındıqda, bakalavr pilləsində yalnız bir kurs üzrə müddətin az olmasına istinad etməklə iddiaçının müraciətinin təmin edilməməsi, nəticə etibarilə, hər hansı başqa səbəb olmadan ali təhsilin digər səviyyələri üzrə alınan ixtisasların tanınmamasına səbəb olacaqdır ki, bu da “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində nəzərdə tutulan “mütənasiblik” prinsipinə uyğun və şəxsin hüquqlarının məhdudlaşdırılmasına münasibətdə ədalətli hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan Rusiya Federasiyasının Müstəqil qeyri-kommersiya ali təhsil müəssisəsi “X7” tərəfindən verilmiş 137705 ******* nömrəli, 05 iyun 2017-ci il tarixli bakalavr diplomunun Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, Dövlət İmtahan Komissiyasının qərarı ilə İddiaçı “Hüquqşünaslıq” hazırlıq istiqaməti üzrə bakalavr dərəcəsini almışdır. Diplom Moskva şəhər Təhsil Departamenti tərəfindən xx.xx.2017-ci ildə 216335 nömrəsi ilə xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. İş materiallarında olan Rusiya Federasiyasının Federal dövlət müstəqil ali təhsil müəssisəsi “X6 Universiteti” tərəfindən verilmiş 107704 ******* nömrəli, 16 iyun 2020-ci il tarixli magistr diplomunun Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, Dövlət İmtahan Komissiyasının qərarı ilə İddiaçı “Hüquqşünaslıq” hazırlıq istiqaməti üzrə magistr dərəcəsini almışdır. Diplom Moskva şəhər Təhsil Departamenti tərəfindən xx.xx.2020-ci ildə 537808 nömrəsi ilə xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçının hazırkı tələblə cavabdeh orqana elektron qaydada müraciətinə cavabından görünür ki, “X8”nun tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında onun həmin ölkədə qısa müddət ərzində olması əsası ilə diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyinin qeyrimümkün olması, magistratura səviyyəsi üçün baza rolunu oynayan bakalavr diplomu üzrə ixtisasın ölkə ərazisində tanınmaması olmaması səbəbindən müraciətinin təmin olunmasından imtina edilmişdir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: 27.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün хüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir (19 iyun 2020-ci ilə qədər olan redaksiya). 27.4-cü maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir; 29.0.21-ci maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; 44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli xx.xx.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.278.28-ci bəndlərinə görə nazirlik xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirir və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair sənədlər verir. Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən, bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Qiymətləndirmə meyarlarına əsasən, tanınma zamanı a) tədrisin nəticələri; b) gələcək fəaliyyətə çıxış; c) proqramın əsas elementləri; d) qiymətləndirmə üzrə mütəxəssis tərəfindən sənədləşdirilmiş, proqramların keyfiyyəti arasında əhəmiyyətli fərq olduqda tanınma yox alternativ, hissəvi və ya şərti tanınma məsələsinə baxıla bilər. Bu bənddə qeyd edilir ki, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaların: 1.1. bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. 1.2. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. 1.3. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. 1.5. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi bu ixtisasın alındığını təsdiq edən sənədlərin sahiblərini Azərbaycan Respublikasında isə qəbul zamanı bu respublikanın qanunvericiliyində müəyyən edilmiş ümumi tələbləri gözləməkdən azad etmir. 1.6. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. 3.2. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçıya “X7” tərəfindən Dövlət İmtahan Komissiyasının qərarı ilə “Hüquqşünaslıq” hazırlıq istiqaməti üzrə bakalavr, Rusiya Federasiyasının Federal dövlət müstəqil ali təhsil müəssisəsi “X6 Universiteti” tərəfindən Dövlət İmtahan Komissiyasının qərarı ilə “Hüquqşünaslıq” hazırlıq istiqaməti üzrə magistr diplomları verilmişdir. İddiaçı diplomların tanınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavabdeh imtinasının, eləcə də apelyasiya şikayətinin dəlili olaraq qeyd etmişdir ki, iddiaçı sözügedən Universitetdə bakalavr pilləsi üzrə 4 il müddətində əyani təhsil almışdır. İddiaçı təhsil aldığı müddət ərzində, yəni 2013/2014-cü tədris ili üzrə cəmi 7 ay 6 gün, 2014/2015-ci tədris ili üzrə 6 ay 23 gün, 2015/2016-cı tədris ili üzrə 8 ay 19 gün, 2016/2017-ci tədris ili üzrə 1 ay 6 gün Rusiya Federasiyasında olmuşdur. İddiaçının təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə olma müddəti ilk 3 tədris ili üzrə normativlərə uyğun olsa da, sonuncu tədris ilində isə iddiaçının həmin ölkədə qısa müddət ərzində olması 2016/2017-ci tədris ili üzrə tədris yükünü mənimsəməsini qeyrimümkün edir. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İş materiallarında olan, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2021-ci il tarixli məktubunda göstərilən, iddiaçının sərhədkeçmə hesabatından görünür ki, iddiaçı xx.xx.2013-xx.xx.2014, xx.xx.2014-xx.xx.2014, xx.xx.2015-xx.xx.2015, xx.xx.2015-xx.xx.2016, xx.xx.2017-xx.xx.2018-ci il tarixlərdə təhsil aldığı Rusiya Federasiyasında olmuşdur. Hesabatdan göründüyü kimi iddiaçı bakalavr pilləsi üzrə ilk üç kursda (7, 6 və 8 aydan çox olmaqla), həmçinin magistr pilləsi üzrə təhsil aldığı hər iki kursda (hər kurs 9 ay olmaqla) uzun müddət təhsil aldığı xarici ölkədə olmuşdur. Yalnız İV kurs üzrə həmin ölkədə digər dövrlərlə müqayisədə az 1 ay 6 gün olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili” Qaydalarının 1.6-cı bəndinə əsasən, bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Həmin Qaydaların 2.17-ci bəndinə əsasən, ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriat səviyyəsində 240-300 kredit (əsas (baza ali) tibb təhsili səviyyəsində 300-360 kredit) müəyyənləşdirilir. İxtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqramı mənimsəmiş hesab edilir. Ali təhsil müəssisələrində bakalavriat səviyyəsinin tədris proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı əsasında “bakalavr (əsas (baza ali)”)” ali peşə-ixtisas dərəcəsi verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili” Qaydalarının 1.3-cü bəndinə görə, kredit sistemi əsasında təşkil olunmuş tədris prosesinin xüsusiyyətləri aşağıdakılardan ibarətdir: ... 1.3.1. hər bir təhsilalanın (bundan sonra – tələbənin) fərdi tədris planının olması və onların bu planın tərtib edilməsində iştirak etməsi;... Həmin Qaydaların 2.1.17-ci bəndinə görə, akademik borcu olan tələbə - fərdi tədris planında qeyd olunan fənlərin ən azı birindən müəyyən olunmuş krediti qazana bilməyən tələbədir. Həmin Qaydaların 3.2.11-ci bəndinə görə, hər tədris ili üçün ixtisasın (ixtisaslaşmanın) tədris qrafiki əsasında tələbənin fərdi tədris planı hazırlanır. Fənlərin prerekvizitliyi gözlənilməklə, tələbənin fərdi tədris planı müəyyən olunmuş forma üzrə onun özü tərəfindən tərtib edilir. Bu zaman akademik məsləhətçinin (tyutorun) köməyindən də istifadə oluna bilər. Tələbənin fərdi tədris planı tərtib edilərkən, ali təhsil müəssisəsi və AMEA ona həm fənn, həm də yüksəkixtisaslı müəllimlərin (vəzifələri, elmi dərəcələri və elmi adları göstərilməklə) seçilməsində öz təkliflərini verir. Növbəti tədris ili üçün tələbənin fərdi tədris planı tərtib olunarkən, buraya ilk növbədə əvvəlki ildən akademik borcu qalan fənlər daxil edilir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Akademik borc yaranan fənn (fənlər) müvafiq semestrdə tədris olunmadığı və ya həmin fənn (fənlər) üzrə qrup yaradılmadığı halda bu tələb istisna edilir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən təhsil müəssisəsinin rektoruna ünvanladığı ərizədə iddiaçı ailə vəziyyəti ilə bağlı İV kurs xx.xx.2016-xx.xx.2017-ci illər üzrə təhsilin məsafədən keçirilməsini xahiş etmiş, eyni zamanda iddiaçı bəyan etmişdir ki, İV kursun bütün tədris materiallarını müstəqil araşdıracaqdır. Həmçinin müəyyən olunur qeyd olunan ərizə təhsil müəssisəsinin rektoru tərəfindən qəbul olunmuş və sonda iddiaçıya təhsil aldığı müəssisə tərəfindən tədris yükünün tam mənimsənilməsinə görə bakalavr diplomu verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tədris prosesində iştirak etmədiyi dövrlərdə akademik borcunun yaranması iş materialları ilə müəyyən olunmur. “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili” Qaydalarının 2.17-ci bəndində qeyd edilmişdir ki, ixtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqramı mənimsəmiş hesab edilir. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, xarici dövlətin səlahiyyətli orqanı məzuna verdiyi diplomla onun ali təhsil proqramını uğurla başa vurduğunu təsdiq etmişdir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”ın 1.2-ci bəndi). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbinin təmin olunmasından imtina edilməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilmişdir. Buna görə də iddiaçının tələb etdiyi ali təhsilə aid kvalifikasiyanın tanınması və şəhadətnamənin verilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəlləni 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1947/2022 saylı 21 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar