Məhkəmə qərarları › İş №2-1(103)-1919/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1919/2021

12.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1919/2021 12.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın təyin edilməsi barədə iddiası üzrə 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-4096/2019 saylı 21 noyabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992ci il tarixli Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşı tamam olduğu 05 fevral 2014-cü il tarixindən təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, xx xxxxxx 1962-ci il tarixində doğulmuşdur. Əmək kitabçası, diplomunun və hərbi biletinin surətlərindən görünür ki, o, 01 sentyabr 1978ci il tarixdən 18 iyun 1981-ci il tarixinədək 59 saylı texniki-peşə məktəbində təhsil almış, 14 aprel 1980-ci il tarixdən 17 noyabr 1981-ci il tarixinədək “ittifaqqazgeofizika” trestinin Qobustan dəniz geofizika idarəsində avtoçilingər peşəsində işləmiş, 25 oktyabr 1981-ci il tarixdən 25 noyabr 1983-cü il tarixədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, 04 noyabr 1984-cü il tarixdən 03 iyul 1990-cı il tarixinədək “Azneft” İB “Azneftikinti” trestinin Dəmir-beton məmulatları zavodunda armaturçu və formaçı peşələrində, 07 iyul 1989-cu il tarixdən 30 yanvar 2004-cü il tarixinədək 26 Bakı Komissarları adına NQÇİ-də (07 yanvar 1992-ci il tarixdən həmin idarə A.D.Əmirov adına NQÇİ adlandırılmışdır) neft və qaz hasilatı üzrə operator vəzifəsində (Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 1 saylı siyahı üzrə kod: 1100000a-15824), 01 aprel 2004-cü il tarixdən 20 oktyabr 2008-ci il tarixinədək həmin idarədə qazın yığılması üzrə operator vəzifəsində, 20 oktyabr 2008-ci il tarixdən 06 yanvar 2009-cu il tarixədək həmin idarədə əmtəə operatoru peşəsində, 06 yanvar 2009-cu il tarixdən 14 mart 2012-ci il tarixinədək həmin idarədə kompressor qurğularının maşinisti vəzifəsində, 14 mart 2012-ci il tarixdən 10 sentyabr 2018-ci il tarixinədək həmin idarədə qazın yığılması üzrə operator peşəsində işləmiş, 11 sentyabr 2018-ci il tarixdən bu günə kimi “Azneft” İB-nin N.Nərimanov adına NQÇİ-də qazın yığılması üzrə operator vəzifəsində işləyir. Göründüyü kimi, 01 yanvar 2006-cı il tarixinə ümumi iş stajı, həqiqi hərbi xidmət illəri də daxil olmaqla 26 il 10 ay 9 gün (20 ildən artıq) təşkil etmiş və həmin staj illərinin 14 il 6 ay 9 gün (10 ildən artıq) müddətini güzəştli əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 1 nömrəli Siyahıya daxil olan işlərdə çalışmışdır. Bununla da, 52 yaşı tamam olduğu 15 fevral 2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4096/2019 saylı 21 noyabr 2019cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: A.Abdullayeva) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə qərarında iddianın mümkünlük məsələsinə baxmamış, ona hüquqi qiymət verməmişdir. Cavabdehin iddiaçının vəkilinə ünvanladığı 28 avqust 2019-cu il tarixli cavab məktubunun məzmunundan göründüyü kimi, qeyd edilən məktubla cavabdeh iddiaçının tələbindən imtina etməmiş, ona sadəcə qanunvericilklə müəyyən edilmiş sənədlərin veriləcəyi təqdirdə onun müraciətinə baxılacağını bildirmişdir. Cavabdeh İdarə həmin cavabı ilə iddiaçının heç bir hüququnu və qanunla qorunan hər-hansı bir maraqlarını pozmamışdır. Qeyd edilən məktubda heç cür iddiaçının müraciətinə imtina cavabı kimi qəbul edilə bilməz. Cavabdeh həmçinin iddiaçının vermiş olduğu iddia tələbi ilə aşağıda göstərilən səbəblərə görə də razı deyillər. Həmçinin iddiaçının vermiş olduğu iddia tələbi ilə aşağıda göstərilən səbəblərə görə də razı deyillər. İiddiaçının iddiasında göstərdiyi xüsusatları təsdiq etmək məqsədi ilə əmək kitabçasını təqdim etmişdir. Lakin, həmin əmək kitabçasının çox hissələri xarici dildə tərtib edilmişdir. İddiaçı güzəştli şərtlərlə pensiya hüququnun yaranmasını təsdiq edəcək güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasını təsdiq edən arayışları da təqdim etməmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2020-ci il tarixli, 2- 1(103)-797/2020 saylı qərarı ilə 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan cavabdeh kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının 28 aprel 2021-ci il tarixli, 2-1(102)-665/2021 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2020-ci il tarixli, 2-1(103)-797/2020 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə təkrar apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təkrar apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə iddiaçının izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşı tamam olduğu 05 fevral 2014-cü il tarixindən təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və qeyd etmişdir ki, iddiaçının 01.01.2006-cı il tarixə kimi 20 ildən artıq əmək stajı olduğundan və həmin stajın 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə işlədiyindən, həmçinin 03.01.2017-ci il tarixdə 52 yaşı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci bəndinə əsasən həmin tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (22.12.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan hüquq normalarından görünür ki, 1 nömrəli siyahı üzrə kişilərə 52 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün 2006-cı ilin yanvarın 1-dək güzəştli iş stajı 10 ildən, ümumi stajı 20 ildən az olmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. O, 01.09.1978-ci il tarixdən 18.06.1981-ci il tarixinədək 59 saylı texnikipeşə məktəbində təhsil almış (2 il 9 ay 17 gün), 25.10.1981-ci il tarixdən 25.11.1983-cü il tarixədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş (2 il 1 ay), əmək kitabçasına əsasən 14.04.1980-ci il tarixdən 17.11.1981-ci il tarixinədək “ittifaqqazgeofizika” trestinin Qobustan dəniz geofizika idarəsində avtoçilingər peşəsində işləmiş (1 il 7 ay 3 gün), 04.01.1984-cü il tarixdən 03.07.1989-cu il tarixinədək “Azneft” İB “Azneftikinti” trestinin Dəmir-beton məmulatları zavodunda armaturçu peşəsində (5 il 5 ay 29 gün), 07.07.1989cu il tarixdən 30.01.2004-cü il tarixədək “Azneft” İB-nin Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsində neft və qaz hasilatı üzrə operator peşəsində (14 il 6 ay 23 gün), 01.04.2004-cü il tarixdən 10.09.2018-ci il tarixədək Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsində qazın yığılması üzrə operator, kompressor qurğularının maşinisti peşələrində işləmiş (01.01.2006-cı il tarixədək 1 il 9 ay), 11.09.2018-ci il tarixdən hal-hazıra kimi “Azneft” İB-nin N.Nərimanov adına NQÇİ-də qazın yığılması üzrə operator vəzifəsində işləyir. Göründüyü kimi iddiaçının hərbi xidmət və təhsil müddəti nəzərə alınmaqla, onun 01.01.2006-cı il tarixədək 28 il 3 ay 12 gün ümumi iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin 08.04.2019-cu il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na əsasən işçinin faktiki işlədiyi peşə haqqında arayışda qeyd edilmişdir ki, İddiaçı həqiqətən Ə.C.Əmirov adına NQÇİ-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li Qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10.2 bölmənin “a” bəndində və 10.5.2 bölmənin “a” bəndində aşağıda göstərilən güzəştli əmək fəaliyyəti ilə məşğul olmuşdur: 07.07.1989-cu il tarixdən “əmr №623/k 07.07.1989) 30.01.2004-cü il tarixədək (əmr №40/ş 30.01.2004) neft və qaz hasilatı üzrə operator peşəsində işləyib – 14 il 6 ay 23 gün. 06.01.2009-cu il tarixdən (əmr №15/k . 06.01.2010) 14.03.2012-ci il tarixədək (əmr №26/k. 14.03.2012) kompressor qurğularının maşinisti peşəsində işləyib – 3 il 2 ay 8 gün. Ə.C.Əmirov adına NQÇİ-də güzəştli iş stajı – 17 il 9 ay 1 gün təşkil edir. İşə götürən tərəfindən verilmiş arayışa əsasən iddiaçının 30.01.2004-cü il tarixədək 14 il 6 ay 23 gün güzəştli iş stajı mövcud olmuşdur. Göründüyü kimi iddiaçıya yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün 01.01.2006-cı il tarixədək tələb olunan ümumi və xüsusi iş stajının mövcud olması işin mübahisələndirilməyən hallarındandır. İşin mübahisələndirilən halı iddiaçıya 52 yaşdan pensiya təyin edilməsi üçün onun 07.07.1989-cu il tarixdən 30.01.2004-cü il tarixədək “Azneft” İB-nin Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsində neft və qaz hasilatı üzrə operator peşəsində işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarının “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin təsdiq edilmiş” 1 №-li siyahısı üzrə Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı: kod 1100000a-15824 ilə qeyd olunmuş neft və qaz hasilatı üzrə operatorlar peşəsinə aid olub-olmaması ilə bağlıdır ki, bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi peşənin qeyd olunan 1 nömrəli siyahı üzrə peşəyə aid olubolmaması, habelə qeyd olunan peşədə işlədiyi dövrdə dənizdə işləyib-işləməməsini müəyyən etmək üçün “Azneft” İB-nin Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsinə sorğu verilmiş və sorğuya cavab olaraq bildirilmişdir ki, İddiaçı 07.07.1989-cu il tarixdən 30.01.2004-cü il tarixədək “Azneft” İB-nin Ə.C.Əmirov adına Neft və qazçıxarma İdarəsində neft və qaz hasilatı üzrə operator peşəsində işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarının “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin təsdiq edilmiş” 1 №-li siyahısı üzrə X.Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı: kod 1100000а-15824 ilə qeyd olunmuş neft və qaz hasilatı üzrə operatorlar peşəsinə aid deyildir, qeyd olunan dövrdə işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarının “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin təsdiq edilmiş” 2 №-li siyahısı üzrə Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı: kod 20130200a-15824 ilə qeyd olunmuş neft və qaz hasilatı üzrə operatorlar peşəsinə aiddir. Habelə qeyd olunan peşədə işlədiyi dövrdə dənizdə işləməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. İşə götürən tərəfindən verilmiş arayışdan göründüyü kimi iddiaçının işlədiyi peşə 1 nömrəli siyahıda nəzərdə tutulmuş peşələrə aid olmamışdır. Göründüyü kimi iddiaçıya 52 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün 2006-cı ilin yanvarın 1-dək ümumi stajı 20 ildən çox olsa da, 1 nömrəli siyahı üzrə güzəştli iş stajı olmamışdır. Bu səbəblərdən də, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin dəlili olan cavabdehin iddiaçının vəkilinə ünvanladığı 28 avqust 2019-cu il tarixli cavab məktubu ilə cavabdehin iddiaçının tələbindən imtina etmədiyi ona sadəcə qanunvericiliklə müəyyən edilmiş sənədlərin veriləcəyi təqdirdə müraciətinə baxılacağını bildirdikləri ilə bağlı bildirir ki, həmin məktub cavabdeh orqan tərəfindən “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktub kimi qeyd edilərək, iddiaçının vəkilinə ünvanlandığından cavabdehin apelyasiya şikayətinin bu dəlili əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin apelyasiya şikayəti təmin edilsin. 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4096/2019 saylı 21 noyabr 2019cu il tarixli qərarı ləğv edilsin, iş üzrə yeni qərar çıxarılsın. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın təyin edilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar