Məhkəmə qərarları › İş №2-1(103)-1919/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1919/2023

13.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1919/2023 13.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-1919/2023 (Açar sözlər: «çıxarışın verilməsi») Bakı şəhəri 13 iyun 2023-cü il Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11674/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 13 iyun 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, elektron kadastr məlumatına əsasən qeyd olunan torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir və S.Əliyev adına Maldarlıq üzrə Damazlıq Sovxozu ərazisindən kənarda yerləşir. Həmçinin təqdim edilən yerləşmə cizgisində dəqiq istinadlar qeyd edilməyib. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir.

2. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Abşeron rayonu S.Əliyev adına südçülük-maldarlıq üzrə X9 X2 06 nömrəli xx.xx.2000-ci il tarixli əmrindən Arxiv çıxarışından görünür ki, Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli sərəncamına əsasən sovxozda yaşayan, ehtiyacı olan əhaliyə fərdi ev tikmək üçün torpaq fondu ayrılmışdır, S.Əliyev adına müəssisə həmkarlar komitəsi və əmək kollektivi şuralarının birgə iclas protokolu və İcra Hakimiyyətinin sərəncamını nəzərə alaraq aşağıda adları qeyd olunan vətəndaşlara fərdi ev tikmək üçün hər bir ailənin ailə tərkibi nəzərə alınmaqla 0.01 hadan 0.1 ha-ya kimi torpaq sahəsinin ayrılması əmr edilmişdir: … 77. X6 - 0.1 ha. Əsas: Fond.73, s.1a, sax.vah. 111. səh.39.88.125.

3. Torpaq sahəsinin planının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu S.Əliyev adına südçülük-maldarlıq üzrə X9 X2 06 nömrəli xx.xx.2000ci il tarixli əmrinə əsasən Məmmədova (Rəcəbova) İradə Sahib qızına ayrılmış 0.1 ha torpaq sahəsinin xəritədən cizgisi və ölçüsü Abşeron rayonu S.Əliyev adına südçülükmaldarlıq üzrə X9 X2 direktoru tərəfindən təsdiq edilmişdir.

4. SOCAR - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı iddia etdiyi torpaq sahəsinin 610 kv.m hissəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-in daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları və neft kəmərinin mühafizə zonası daxilində (koordinatlar göstərilmişdir), 399 kv.m hissəsi isə xaricində yerləşir (koordinatlar göstərilmişdir).

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu S.Əliyev adına südçülük-maldarlıq üzrə X9 X2 06 saylı xx.xx.2000-ci il tarixli əmri ilə ona ayrılmış 0.1 ha torpaq sahəsinin 535 kv.m-i üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu S.Əliyev adına südçülük-maldarlıq üzrə X9 X2 06 saylı xx.xx.2000-ci il tarixli əmri ilə ona ayrılmış 0.1 ha torpaq sahəsinin 399 kv.m-nin üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirdi ki, Abşeron rayonu S.Əliyev adına südçülük-maldarlıq üzrə X9 X2 06 saylı xx.xx.2000-ci il tarixli əmri ilə 0.1 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış, torpaq sahəsinin plan cizgisi tərtib edilmiş və sərhədləri yerində müəyyən edilərək ona təhvil verilmişdir. Həmin vaxtdan torpaq sahəsi iddiaçının istifadəsindədir. İddiaçı qeyd olunan torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır.

8. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 izahatında bildirdi ki, elektron kadastr məlumatına əsasən qeyd olunan torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir və S.Əliyev adına Maldarlıq üzrə Damazlıq Sovxozu ərazisindən kənarda yerləşir. Həmçinin təqdim edilən yerləşmə cizgisində dəqiq istinadlar qeyd edilməmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11674/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Abşeron rayonu S.Əliyev adına südçülükmaldarlıq üzrə X9 X2 06 nömrəli xx.xx.2000-ci il tarixli əmrinə əsasən iddiaçıya fərdi ev tikmək üçün 0.1 ha torpaq sahəsi ayrılmışdır. Həmin əmrə əsasən iddiaçıya ayrılmış torpaq sahəsinin xəritədən cizgisi və ölçüsü Müəssisənin direktoru tərəfindən təsdiq edilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir.

12. Cavabdeh imtinasını həmin torpaq sahəsinin Abşeron rayonu S.Əliyev adına südçülük-maldarlıq üzrə X9 X2 ərazisindən kənarda yerləşməsi ilə əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, torpaq sahəsinin Müəssisəsinin ərazisindən kənarda yerləşməsi, eləcə də yerləşmə cizgisində dəqiq istinadların qeyd edilməməsi hallarına iddiaçı cavabdehlik daşımır. Həmin hallar torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasına maneə ola bilməz.

13. Bundan başqa, cavabdeh elektron kadastr məlumatına əsasən qeyd olunan torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olduğunu qeyd edir. Lakin SOCAR - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı iddia etdiyi torpaq sahəsinin 610 kv.m hissəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-in daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları və neft kəmərinin mühafizə zonası daxilində (koordinatlar göstərilmişdir), 399 kv.m hissəsi isə xaricində yerləşir (koordinatlar göstərilmişdir). İddiaçı isə iddia tələbində 399 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş edir (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdən xaricdə yerləşən hissə).

14. Məhkəmə qeyd edir ki, həmin torpaq sahəsi uzun müddətdir iddiaçının istifadəsindədir. Eyni zamanda cavabdeh inzibati orqan tərəfindən həmin torpaq sahəsinin başqa fiziki və ya hüquqi şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfindən qeyd olunan əmr və sənədlərin həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Həmin sənədlər ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir. Həmin sənədlər «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, eləcə də Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur.

15. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.

16. Birinci instansiya məhkəməsi “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6, 15.1, 15.2, 19.1, 20.1, 20.2, 24.1, 24.2, 24.4, 45.1, 45.2, 47.1, 47.2 maddələrinə, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu, 10-cu maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci, 2.2-ci, 8.0.8-ci, 12.1-ci, 15.1-ci, 14-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci, 139.3-cü, 139-1.1.8-ci maddələrinə istinad etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

17. Qərardan cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11674/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.

a) Apellyasiya şikayətinin dəlilləri

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, elektron kadastr məlumatına əsasən qeyd olunan torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir və S.Əliyev adına Maldarlıq üzrə Damazlıq Sovxozu üçün ayrılan ərazidən kənarda yerləşir.Həmçinin təqdim edilən yerləşmə cizgisində istinad və məsafələr qeyd edilməmişdir.Eyni zamanda sözügedən torpaq sahəsinin 465 kv.m hissəsi neft kəmərinin mühafizə zonasında yerləşir.Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bununla bağlı iddiaçıya **********07 nömrəli, xx.xx.2021-ci il tarixli tarixli imtina məktubu ünvanlanmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış və nəticə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

21. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmişlər.Məhkəmə Kollegiyası İPM-in 62.3cü maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

22. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; - 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; - 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır; - 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur; - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; - 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır; - 45.2-ci maddəsinə əsasən inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: 45.2.1. sənədlərdən; 45.2.2. tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; 45.2.3. şahid ifadələrindən; 45.2.4. müvafiq müayinələrin aparılmasından; 45.2.5. ekspert rəylərindən; 45.2.6 hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; 45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər; - 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir; - 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur.

23. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.

24. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; - 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur.

26. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

27. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlərin sırasına - yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış da daxil edilmişdir.

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

Maddə 2.2.3-inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1-öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

30. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) 32.İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

33. Belə ki, müəyyən edilmişdir ki, Abşeron rayonu S.Əliyev adına südçülükmaldarlıq üzrə X9 X2 06 nömrəli xx.xx.2000-ci il tarixli əmrinə əsasən iddiaçıya fərdi ev tikmək üçün 0.1 ha torpaq sahəsi ayrılmışdır. Həmin əmrə əsasən iddiaçıya ayrılmış torpaq sahəsinin xəritədən cizgisi və ölçüsü Müəssisənin direktoru tərəfindən təsdiq edilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh imtinasını həmin torpaq sahəsinin Abşeron rayonu S.Əliyev adına südçülükmaldarlıq üzrə X9 X2 ərazisindən kənarda yerləşməsi ilə əsaslandırmışdır.Məhkəmə qeyd edir ki, əvvəla cavabdeh qeyd etdiyi dəlillərə dair sübutlar təqdim etməmiş, eləcə də torpaq sahəsinin Müəssisəsinin ərazisindən kənarda yerləşməsi, eləcə də yerləşmə cizgisində dəqiq istinadların qeyd edilməməsi hallarına iddiaçı cavabdehlik daşımır. Həmin hallar torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasına maneə ola bilməz.

34. Bundan başqa, cavabdeh elektron kadastr məlumatına əsasən qeyd olunan torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olduğunu qeyd edir. Lakin SOCAR - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı iddia etdiyi torpaq sahəsinin 610 kv.m hissəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-in daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları və neft kəmərinin mühafizə zonası daxilində (koordinatlar göstərilmişdir), 399 kv.m hissəsi isə xaricində yerləşir (koordinatlar göstərilmişdir). İddiaçı isə iddia tələbində 399 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş edir (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdən xaricdə yerləşən hissə).

35. Cavabdehin apellyasiya şikayətində mübahisələndirdiyi Qərarla isə Abşeron rayonu S.Əliyev adına südçülük-maldarlıq üzrə X9 X1 06 saylı xx.xx.2000-ci il tarixli əmrinə əsasən İddiaçı ayrılmış 0.1 ha torpaq sahəsinə tam yox, yalnız 399 kv.m torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

36. Məhkəmə qeyd edir ki, həmin torpaq sahəsi uzun müddətdir iddiaçının istifadəsindədir. Eyni zamanda cavabdeh inzibati orqan tərəfindən həmin torpaq sahəsinin başqa fiziki və ya hüquqi şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir.

37. Cavabdeh tərəfindən qeyd olunan əmr və sənədlərin həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Həmin sənədlər ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir.

38. Həmin sənədlər «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, eləcə də Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur.

39. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

40. Beləliklə, məhkəmə Kollegiyası tətbiq edilmiş hüquq normalarına və işin yuxarıda sadalanan faktiki hallarına istinad edərək hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, iddia tələbi təmin edilməlidir. 41.Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11674/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11674/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar