Məhkəmə qərarları › İş №2-1(103)-1919/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1919/2024

21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1919/2024 21.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “əkin 5407/2023 nömrəli, 27 noyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qanunvericiliyə uyğun olaraq bağ sahəsinə təyin olunacaq subsidiyanın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə əvəz olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Quba rayonu Talabıqışlaq kəndində 18.82 ha əkin və bağ sahəsi mövcuddur. İllərdir hər il kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması çərçivəsində mineral gübrələrin alınması üçün Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 5665 manat məbləğində subsidiya alır. Ancaq cari il üçün ona Kənd Təssərrüfatı Nazirliyi tərəfindən yalnız əkilmiş əkin sahəsi üçün 2414,25 manat subsidiya verilmiş, 7.3074 ha sahədə əkilmiş bağ üçün subsidiya verilməmişdir. Kənd Təsərrüfatı Nazirliyinə bununla əlaqədar dəfələrlə müraciət etsə də, 09 avqust 2022ci il tarixli məktubla ona məxsus 7.3074 ha torpaq sahəsində salınmış meyvə bağına görə subsidiyanın verilməsindən imtina edilmişdir. Halbuki meyvə bağı bir neçə il əvvəl əkilmişdir, əvvəlki illərdə müvafiq bağ sahəsi üçün subsidiya verilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) 2-1(112)-5407/2023 nömrəli, 27 noyabr 2023-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı «əkin subsidiyasının verilməsi» tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi, 2021-2022-ci il üçün cavabdeh tərəfindən ödənilməmiş subsidiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Quba rayonu Talabıqışlaq kəndində olan 18.82 ha əkin və bağ sahəsi üçün dövlət subsidiyasının alınması ilə əlaqədar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə müraciət etmişdir. Ancaq cavabdeh ona çatacaq 11.52 ha üçün dövlət tərəfindən nəzərdə tutulmuş subsidiyanı versə də, 7.3074 ha bağ sahəsi üçün subsidiyanı verməkdən imtina etmişdir. İddiaçı bir neçə ildir ki, stabil qaydada tam 18.82 ha üçün subsidiyanı almışdır. Cavabdehin ona ödənilməli olan subsidiyanın bir hissəsindən imtina etməsi ilə əlaqədar Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir və məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmuşdur. Etirazda qeyd olunur: 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq X4 İnformasiya Sistemi üzərindən həyata keçirilir. Həmin Qaydanın 3.8-ci bəndinə əsasən fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə torpaqdan istifadə hüququnu təsdiq edən sənədi, proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti) EKTİSə daxil etməli və subsidiyaya müraciət etməlidirlər. Fərmanın 3.3-cü bəndinə uyğun olaraq təsdiq edilən “Əkin subsidiyasının verilməsi” xidmətinə dair reqlamentdə fermerlər tərəfindən yeni əkilən və mövcud çoxillik əkmələr (meyvə bağları və digər çoxillik bitkilər) hər il sentyabrın 1-dən başlayaraq dekabrın son iş gününədək, növbəti il fevralın 1-dən başlayaraq mayın 31-dək payızlıq və ya yazlıq əkinlər üçün nəzərdə tutulmuş müddətlərdə EKTİS-də bəyan edilərək subsidiyaya müraciət edilir. Qaydanın 3.17-ci bəndinə əsasən təqvim ili ərzində büdcədən ayrılan və fermerə verilməyən subsidiya məbləği büdcəyə qaytarılır. 2021-2022-ci əkin ili üzrə iddiaçının subsidiyaya müraciətlə əlaqədar 7,3074 hektar torpaq sahəsində salınmış meyvə bağları barədə məlumatları EKTİS-ə daxil edilməsinə baxmayaraq, subsidiyaya müraciət edilmədiyi üçün ona əkin subsidiyasının hesablanması mümkün olmamış və təqvim ili ərzində istifadə edilməyən subsidiya məbləği büdcəyə qaytarılmışdır. Göstərilənlərə əsasən iddiaçının iddiası əsassızdır və təmin olunmamalıdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il və xx.xx.2022-ci il tarixli məktublarda qeyd edilir: 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq X4 İnformasiya Sistemi (EKTİS) üzərindən həyata keçirilir. Həmin Qaydanın 3.8-ci bəndinə əsasən fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə torpaqdan istifadə hüququnu təsdiq edən sənədi, proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti) EKTİS-ə daxil etməli və subsidiyaya müraciət etməlidirlər. Fərmanın 3.3-cü bəndinə uyğun olaraq təsdiq edilən “Əkin subsidiyasının verilməsi" xidmətinə dair reqlamentdə fermerlər tərəfindən yeni əkilən və mövcud çoxillik əkmələr (meyvə bağları və digər çoxillik bitkilər) hər il sentyabrın 1-dən başlayaraq dekabrın son iş gününədək, növbəti il fevralın 1-dən başlayaraq mayın 31-dək payızlıq və ya yazlıq əkinləri üçün nəzərdə tutulmuş müddətlərdə EKTİS-də bəyan edilərək subsidiyaya müraciət edilir. 2021-2022-ci əkin ili üzrə subsidiyaya müraciətlə əlaqədar 7,3074 hektar torpaq sahəsində salınmış meyvə bağları barədə məlumatlarınızın EKTİS-ə daxil edilməsinə baxmayaraq, subsidiyaya müraciət etmədiyiniz üçün Sizə əkin subsidiyasının ödənilməsi mümkün deyil. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”: 1.2.1. subsidiya - dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaitidir. 1.2.2. “Subsidiya” informasiya sistemi (bundan sonra - SİS) - kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinə dair müraciətlərin elektron qaydada qəbulunu, emalını və cavablandırılmasını təmin edən “X4” informasiya sisteminin (bundan sonra - EKTİS) altsistemidir. 1.2.9. əkin subsidiyası - fermerlərə əkin və çoxillik əkmələrin altında olan torpaqlarda həmin torpaqların məqsədli təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına, torpaqların aqrokimyəvi analizinin aparılmasına, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınmasına, habelə qurulmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən subsidiyadır. 2.1. Fermerlərə subsidiyaların verilməsinin təşkili bu Qaydaya və xidmət reqlamentlərinə müvafiq həyata keçirilir. 2.6. Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin dövlət aqrar inkişaf mərkəzlərinin (bundan sonra - DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra - Agentlik) həyata keçirir. 3.8. Fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə aşağıdakı sənədləri və məlumatları SİS-ə daxil edirlər: 3.8.1. proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti); 3.8.2. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən EKTİS ilə inteqrasiya edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, torpaq sahəsinin xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) və fermerin istifadə hüququnu təsdiq edən sənədi (2025-ci il yanvarın 1-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı); 3.8.2-

1. kənd təsərrüfatı təyinatlı, habelə digər kateqoriya torpaqlarda məqsədli təyinatı əkin və çoxillik əkmələrin altında olan torpaqların aqrokimyəvi analizinin nəticələrinə dair sənədləri; 3.8.3. əkin subsidiyası üçün istifadə edilən kənd təsərrüfatı istehsal vasitələrinin həcmi barədə məlumatı və satınalınmasına dair sənədləri, sığortalanmalı olan bitkilərə münasibətdə isə həmçinin sığorta müqaviləsinin nömrəsini; 3.8.4. məhsul subsidiyası üçün kənd təsərrüfatı məhsullarının tədarükçülərə təhvil verilməsini, toxum subsidiyası üçün toxum və tingin satışını təsdiq edən sənədləri; 3.8.5. kənd təsərrüfatı kooperativlərinin fəaliyyətini tənzimləyən sənədləri. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 30 dekabr 2019-cu il tarixli 05Q nömrəli qərarı ilə təsdiq edilmiş “Əkin subsidiyasının verilməsi” xidmətinə dair reqlamentin:

16. Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar. Addım 5. Torpaq sahəsində faktiki əkinlərin bəyan edilməsi. Fermer tərəfindən hər il payızlıq əkinlər üzrə sentyabrın 1-dən dekabrın son iş gününədək (payızlıq əkin bəyan dövrü), yazlıq əkinlər üzrə fevralın 1-dən mayın 31-dək (yazlıq əkin bəyan dövrü), təkrar əkinlər üzrə iyunun 1-dən avqustun 31-dək (təkrar əkin bəyan dövrü), faktiki əkdiyi bitkilər, onların əkin sahələri, əvvəlki dövrdə istehsal edilən və əldə edilməsi gözlənilən məhsulun həcmi barədə informasiya bilavasitə elektron qaydada və ya xidmət yerinə gəlməklə EKTİS-ə daxil edilir. Yeni əkilən və mövcud çoxillik əkmələr (meyvə bağları və digər çoxillik bitkilər) hər il payızlıq və ya yazlıq əkin bəyan dövrlərində yenidən bəyan edilir. İşin faktiki hallarından görünür ki, İddiaçı cavabdeh orqan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə müraciət edərək, ona müvafiq dövr üzrə əkin subsidiyasının verilməsini tələb etmiş, cavabdeh subsidiyaya müraciətlə əlaqədar 7,3074 hektar torpaq sahəsində salınmış meyvə bağları barədə məlumatlarının EKTİS-ə daxil edilməsinə baxmayaraq, subsidiyaya müraciət etmədiyi üçün ona əkin subsidiyasının ödənilməsinin mümkün olmaması əsası ilə müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə kollegiyası qeyd edir ki, subsidiyaların, o cümlədən əkin subsidiyasının verilməsinin qaydası və şərtləri Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası» və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş «Kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinin təşkili üçün xidmət reqlamentləri» ilə müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 30 dekabr 2019-cu il tarixli 05Q nömrəli qərarı ilə “Əkin subsidiyasının verilməsi” xidmətinə dair reqlament təsdiq edilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilir ki, müvafiq əkin ili üzrə subsidiyaya müraciətlə əlaqədar 7,3074 hektar torpaq sahəsində salınmış meyvə bağları barədə məlumatların “X4” informasiya sisteminə daxil edilməsinə baxmayaraq, iddiaçı subsidiyaya müraciət etməmişdir, bu səbəbdən də ona əkin subsidiyasının ödənilməsi mümkün olmamışdır. Göründüyü kimi, iddiaçı ona əkin subsidiyası verilməsi ilə bağlı aidiyyəti sənədləri təqdim etsə də, «Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası» və xidmət reqlament ilə müəyyənləşdirilmiş müddətdə subsidiyaya müraciətinin müvafiq qaydada sistemə daxil olunmasını təmin etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının subsidiyaya müraciətinin müvafiq qaydada sistemə daxil olunmasını təmin etdiyini təsdiq edən hallar müəyyən olunmamışdır və iddiaçı da bununla bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5407/2023 nömrəli, 27 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar