Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-192/2022 21.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X9 və üçüncü şəxsin nümayəndəsi-vəkili X4 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X6 cavabdeh Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı (üçüncü şəxs X10) “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1147/2021 saylı 27 may 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 15- 21 fevral 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X11 cavabdeh Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı (üçüncü şəxs X10) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayonu X2 31.10.2005-ci il tarixli, 1650/1 saylı sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, X2 sənədlərinə inzibati nəzarət qaydasında baxılarkən məlum olmuşdur ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisindən vətəndaş Arifə Məmmədovaya fərdi yaşayış evinin tikintisi üçün X2 31.10.2005-ci il tarixli sərəncamı ilə 400 kv.metr torpaq sahəsi ayrılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, səlahiyyətli olmadığı halda Bələdiyyənin sabiq sədri Elman Salmanov tərəfindən bələdiyyə iclası keçirilmədən, müvafiq icra hakimiyyəti orqanlarının rəyləri olmadan vətəndaşın mülkiyyətinə torpaq sahəsi ayrılması barədə sərəncam verilmişdir. Qeyd olunan məsələ ilə bağlı bələdiyyə sərəncamının etibarsız hesab edilməsi üçün X11 tərəfindən Binəqədi qəsəbə Bələdiyyəsinə 12.03.2020-ci il tarixli, M-27/3,4,5 saylı təklif məktubu göndərilmişdir. X6 təklif məktubu Bələdiyyənin 18.03.2020-ci il tarixli (05 saylı iclas protokolu) iclasında müzakirə olunmuş və təklif təmin edilməmişdir. «Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Azərbaycan Respublikası Qanununun 1 və 3.1-ci maddələrinə və həmin Qanunun tətbiqinə dair Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 922 nömrəli Fərmanına əsasən Ədliyyə Nazirliyi bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına riayət edilməsinə inzibati nəzarəti həyata keçirir. Qeyd olunan Qanunun 8.4-cü maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın 15 gün ərzində dəyişdirilməsi və ya ləğv edilməsi barədə müvafiq bələdiyyəyə müraciət edir. Həmin Qanunun 8.5-ci maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, 15 gün ərzində məhkəməyə müraciət edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 16.03.2007-ci il tarixli 9-T nömrəli əmri ilə X11 haqqında Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamənin 7.5 və 7.6-ci bəndlərinə əsasən bələdiyyə aktının Azərbaycan Respublikasının Konstitutsiyasına və digər qanunvericilik aktlarına zidd olması barədə kifayət qədər əsas olduqda aktın qanunvericiliklə müəyyən olunmuş müddətdə dəyişdirlməsi və ya ləğv edilməsi haqqında müvafiq bələdiyyəyə müraciət edilməsi və bələdiyyə tərəfindən qanunun tələbinə əməl edilmədikdə məhkəmə qarşısında iddia qaldırılması X6 hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 143.1-ci maddəsinə əsasən bələdiyyə öz fəaliyyətini iclaslar, daimi və başqa komissiyalar vasitəsi ilə həyata keçirir. Konstitusiyanın 144.6-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermək kimi məsələlər bələdiyyə iclaslarında həll edilir. Konstitusiyanın 145.1-ci maddəsinə əsasən bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Mülki Məcəllənin 137.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ isə həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir və dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində bağlanmış əqdlər etibarsız sayılır. Həmin dövrdə qüvvədə olan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin tələblərinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilirdi. Müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini keçmiş Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları və icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri həyata keçirirdi. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 7-ci bəndinin ikinci cümləsinin həmin dövrdə qüvvədə olan redaksiyasına görə bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar (müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri həyata keçirirdi). Həmin dövrdə qüvvədə olan “Torpaq bazarı haqqında” Qanunun 9-cu maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”nın 8-ci bəndinin iyirmi dördüncü abzasına əsasən torpaqların alqısatqısına dair üç nüsxədən ibarət müvafiq bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş akt tərtib edilməli idi. İddiaçı göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1147/2021 saylı 27 may 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.(hakim: P.Hüseynov) Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadı düzgün deyil. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.8-ci maddəsinə əsasən bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına inzibati məhkəmə icraatı qaydasında baxılır. Bu xarakterli iddiaya baxılması üçün inzibati orqan tərəfindən qarşı tərəfə hər hansı müddət tanınması qanunvericilikdə nəzərdə tutulmamışdır. Müddətin müəyyən edilməsi inzibati aktın mübahisələndirilməsi ilə bağlı iddialar üçün xarakterik olduğuna görə məhkəmə qanunun normasını düzgün tətbiq etməmişdir. Qeyd olunmalıdır ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanunun 8.5-ci maddəsində ( 9 iyul 2019-cu il tarixli 1630- VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 8.5-ci maddəyə “15” rəqəmlərindən əvvəl “müvafiq bələdiyyəyə müraciət etdiyi gündən” sözləri əlavə edilmişdir) göstərilmiş “inzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu qanunla müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, 15 gün ərzində məhkəməyə müraciət edir” ifadəsindəki 15 günlük müddət iddia müddəti kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372 və 375-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Qeyd olunmalıdır ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanunun 8.5-ci maddəsində göstərilmiş müddət isə inzibati orqan tərəfindən hansı müddət ərzində bələdiyyədən cavab gələ biləcəyini və məhkəməyə müraciət üçün hansı müddəti gözləməli olduğunu ehtiva edir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.8-ci maddəsinə əsasən bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddiaları ayrıca bir iddia növü kimi fərqləndirilir və bu xarakterli iddialar üçün mümkün sayılma nəzərdə tutulmamışdır. Belə ki, həmin Məcəllənin 35-ci maddəsinə əsasən mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə tərəfindən iddianın növü doğru müəyyən edilmədiyindən məhkəmə qanunun normasını düzgün tətbiq etməyərək nəticə hissəsində yanlış qənaətə gəlmişdir. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X11 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X9 və üçüncü şəxsin nümayəndəsi-vəkili X12 apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq iş üzrə tərəflərin izahatlarını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Binəqədi rayonu X2 31.10.2005-ci il tarixli, 1650/1 saylı sərəncamının etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və mövqeyini onunla əsaslandırmışdır ki, «Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən inzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir, Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir. İnzibati nəzarəti həyata keçirən orqanın müraciəti həmin müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, müvafiq bələdiyyəyə müraciət etdiyi gündən 15 iş günü ərzində məhkəməyə müraciət edir. Göründüyü kimi, iddiaçı 12.03.2020-ci il tarixdə Bələdiyyəyə müraciət etmiş və onun müraciəti 18.03.2020-ci il tarixdə təmin edilməmişdir, iddiaçı isə 12.03.2020-ci il tarixdən sonra 15 gün ərzində məhkəməyə müraciət etməli olduğu halda, 3 ay keçdikdən sonra 18.06.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, «Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Azərbaycan Respublikası Qanununun 5.0-ci maddəsinə əsasən inzibati nəzarət icraatının başlanması üçün əsaslardan biri hüquqlarına və ya qanuni mənafelərinə bələdiyyə tərəfindən zərər vurulduğunu iddia edən fiziki və ya hüquqi şəxsin, yaxud dövlət orqanının (qurumunun) müraciətidir. İddiaçı tərəfindən Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə ünvanlanmış 12.03.2020-ci il tarixli məktubda vətəndaş X7 qəsəbə Bələdiyyəsi tərəfindən Arifə Məmmədovanın mülkiyyətinə torpaq sahəsinin ayrılmasına dair 31.10.2005-ci il tarixli 1650/1 saylı sərəncamının və alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə müraciətinə baxılması qeyd edilir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən bu Qanunun 5.0.2-ci maddəsində nəzərdə tutulmuş müraciət ərizəçinin hüquqlarının və ya qanuni mənafelərinin pozulduğu, yaxud ona bu barədə məlum olduğu gündən 6 ay ərzində verilə bilər. Lakin iş materiallarına əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin 03.03.2020-ci il tarixli 2-1(112)-320/2020 saylı qərardadından görünür ki, iddiaçı X1 cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı (üçüncü şəxs X10) X2 üçüncü şəxs X5 400 kv.m torpaq sahəsinin ayrılması barədə 31 oktyabr 2005-ci il tarixli, 1650/1 saylı Sərəncamının ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır və həmin qərardadda iddiaçı tərəfin verdiyi izahatdan görünür ki, iddiaçının (X1) mübahisələndirilən sərəncamdan 2019-cu ilin iyul-avqust aylarından məlumatı olmuş və bununla əlaqədar onların arasında məhkəmə mübahisələri olmuşdur. X16 isə bundan 6 aydan artıq müddət keçdikdən sonra Ədliyyə Nazirliyinin X11nə müraciət etmişdir. Eyni zamanda, məhkəmə qeyd etmişdir ki, «Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Azərbaycan Respublikası Qanununun tələblərindən də göründüyü kimi iddiaçı (İnzibati nəzarəti həyata keçirən orqan) bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, müvafiq bələdiyyəyə həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə müraciət etməlidir, müraciəti müvafiq müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə isə məhkəməyə müraciət edir. Lakin iddia ərizəsindən və iş materiallarından görünür ki, iddiaçı bələdiyyə sərəncamının etibarsız hesab edilməsi üçün cavabdehə müraciət etmişdir, müraciəti yerinə yetirilmədikdə isə həmin tələblə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı müvafiq bələdiyyə sərəncamının etibarsız hesab edilməsi üçün əvvəl cavabdehə, daha sonra məhkəməyə müraciət etsə də, qanunvericilikdə iddiaçının (İnzibati nəzarəti həyata keçirən orqan) müvafiq bələdiyyə aktının etibarsız hesab edilməsi barədə müvafiq bələdiyyəyə və məhkəməyə müraciət etmək səlahiyyəti nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxmış birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzdün nəticəyə gəlmişdir. Qərardad prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və apelyasiya şikayətində göstərilmiş dəlillər qərardadın ləğv olunması üçün əsas vermir. Belə ki, iş materiallarında olan X2 31.10.2005-ci il tarixli sərəncamına əsasən Binəqədi rayon Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisindən 400 kv.m boş torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X3 alqı-satqı qaydasında mülkiyyətinə ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X11 tərəfindən Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə ünvanlanmış 12.03.2020-ci il tarixli məktubdan görünür ki, Vətəndaş X7 qəsəbə Bələdiyyəsi tərəfindən Arifə Məmmədovanın mülkiyyətinə torpaq sahəsinin ayrılmasına dair 31.10.2005-ci il tarixli 1650/1 saylı sərəncamının və alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə müraciətinə baxılmışdır. Müəyyən edilmişdir ki, bələdiyyə tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmadan bələdiyyə iclasları keçirilmədən, müvafiq icra hakimiyyəti orqanlarından rəylər alınmadan vətəndaşın mülkiyyətinə torpaq sahəsi ayrılması barədə 31.10.2005-ci il tarixli 1650/1 saylı sərəncam verilmişdir. Göstərilənlərə əsasən təklifin 5 iş günü müddətində bələdiyyə iclasında müzakiryə çıxarılması, X2 31.10.2005-ci il tarixli 1650/1 saylı sərəncamının etibarsız hesab olunması təklif edilmişdir. İş materiallarında olan Binəqədi rayonu X2 18.03.2020-ci il tarixli 05 nömrəli protokolunun surətindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X11ndən daxil olmuş M-27/3,4,5 saylı 12 mart 2020-ci il tarixli təklif məktubuna əsasən X2 31.10.2005-ci il tarixli 1650/1 saylı sərəncamının etibarsız hesab edilməsinə dair təklifin təmin olunmaması qərara alınmışdır. İş materiallarından görünür ki, iddiaçı hazırki tələblə 18.06.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İPM-in 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); (...) 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun preambulasına əsasən, bu Qanun Azərbaycan Respublikasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinin hüquqi əsaslarını müəyyən edir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri (bundan sonra – “bələdiyyələr” adlandırılacaq) tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının aradan qaldırılması məqsədi ilə həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 922 №-li Fərmanının 2-ci maddəsinə əsasən, "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun 3.1.-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 5.0-cı maddəsinə əsasən, inzibati nəzarət icraatının başlanması üçün əsaslar aşağıdakılardır: 5.0.1. bu Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş aktlar bu Qanunun 1-ci maddəsində göstərilən normativ hüquqi aktlara zidd olduqda; 5.0.2. hüquqlarına və ya qanuni mənafelərinə bələdiyyə tərəfindən zərər vurulduğunu iddia edən fiziki və ya hüquqi şəxsin, yaxud dövlət orqanının müraciəti daxil olduqda. Həmin Qanunun 7-cı maddəsinə əsasən, müraciətlər üzrə həyata keçirilən inzibati nəzarət aşağıdakı qaydadadır: 7.1-ci maddəsinə əsasən bu Qanunun 5.0.2-ci maddəsində nəzərdə tutulmuş müraciət ərizəçinin hüquqlarının və ya qanuni mənafelərinin pozulduğu, yaxud ona bu barədə məlum olduğu gündən 6 ay ərzində verilə bilər; 7.2-ci maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan müraciətə daxil olduğu tarixdən 15 iş günü müddətində, əlavə araşdırmalar tələb olunarsa, 30 iş günü müddətində baxır. İnzibati nəzarət icraatı üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu maddədə nəzərdə tutulmuş müddətdən daha artıq vaxt tələb olunduğu hallarda inzibati nəzarət icraatının müddəti inzibati nəzarəti həyata keçirən orqan tərəfindən 30 iş günü müddətinə uzadılır. İnzibati nəzarət icraatının ümumi müddəti 60 iş günündən çox ola bilməz. İnzibati nəzarəti həyata keçirən orqan tərəfindən müddətin uzadılması barədə ərizəçiyə üç iş günü ərzində məlumat verilir. Müddətin uzadılmasına səbəb olan hallar inzibati nəzarəti həyata keçirən orqan tərəfindən əsaslandırılmalıdır; 7.3-cü maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan daxil olmuş müraciətə dair aşağıdakı iki qərardan birini qəbul edir: 7.3.1. bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş icraata başlayır; 7.3.2. müraciətə baxmaqdan imtina edir və bu barədə müvafiq şəxsə və ya orqana əsaslandırılmış yazılı cavab göndərir Həmin Qanunun 8-ci maddəsinin (İnzibati nəzarət icraatı) müddəalarına əsasən, inzibati nəzarəti həyata keçirən orqan daxil olmuş müraciətə baxarkən həmin müraciətdə göstərilmiş və mübahisə doğuran bələdiyyə aktının, habelə əlavə sənədlərin və ya məlumatların ona göndərilməsi barədə müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə bu sənədləri və ya məlumatları həmin sorğunu aldığı andan 15 gün ərzində inzibati nəzarəti həyata keçirən orqana təqdim etməlidir (8.1). İnzibati nəzarəti həyata keçirən orqan ona təqdim olunmuş müraciətə baxarkən zəruri hallarda yerində araşdırmalar aparır. Bu cür araşdırmalar aparılmasına bələdiyyələr tərəfindən maneə törədilməməlidir (8.2). İnzibati nəzarəti həyata keçirən orqan müraciətin araşdırılması nəticəsində bələdiyyənin fəaliyyətinin qanunazidd olduğunu aşkar etdikdə, həmin fəaliyyətin dayandırılması və vurulmuş ziyanın aradan qaldırılması barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir (8.3). İnzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir (8.4). İnzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, müvafiq bələdiyyəyə müraciət etdiyi gündən 15 gün ərzində məhkəməyə müraciət edir. Məhkəməyə müraciət edilməsi barədə müvafiq bələdiyyəyə dərhal məlumat verilməlidir (8.5). Hər hansı bələdiyyə aktı və ya bələdiyyənin fəaliyyəti dövlət mənafelərinə və ya ictimai mənafelərə ziyan vura bilərsə, inzibati nəzarəti həyata keçirən orqan müvafiq bələdiyyəyə dərhal həmin aktın ləğv edilməsini (dəyişdirilməsini) və ya həmin fəaliyyətə xitam verilməsini təklif edir. Bu təklif 3 gün müddətində yerinə yetirilmədikdə, inzibati nəzarəti həyata keçirən orqan dərhal məhkəməyə müraciət edir və həmin iddianın təmin edilməsi ilə bağlı qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş edir (8.6). Bələdiyyənin fəaliyyətində cinayət əlamətlərini aşkar etdikdə, inzibati nəzarəti həyata keçirən orqan müvafiq tədbirlər görülməsi üçün səlahiyyətli dövlət orqanına müraciət edir (8.7) Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən X2 sənədlərinə inzibati nəzarət qaydasında baxılmış, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisindən vətəndaş Arifə Məmmədovaya fərdi yaşayış evinin tikintisi üçün X2 31.10.2005-ci il tarixli sərəncamı ilə 400 kv.metr torpaq sahəsinin ayrılması müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində səlahiyyətli olmadığı halda Bələdiyyənin sabiq sədri Elman Salmanov tərəfindən bələdiyyə iclası keçirilmədən, müvafiq icra hakimiyyəti orqanlarının rəyləri olmadan vətəndaşın mülkiyyətinə torpaq sahəsinin ayrılması barədə sərəncam verilməsinin müəyyən edilməsini qeyd edir. Qeyd olunan məsələ ilə bağlı bələdiyyə sərəncamının etibarsız hesab edilməsi üçün X11 tərəfindən Binəqədi qəsəbə Bələdiyyəsinə 12.03.2020-ci il tarixdə təklif məktubu göndərilmişdir, həmin təklif məktubu Bələdiyyənin 18.03.2020-ci il tarixli (05 saylı iclas protokolu) iclasında müzakirə olunmuş və təklif təmin edilməmişdir. Bundan sonra iddiaçı tərəfindən məhkəməyə 18.06.2020-ci il tarixdə hazırki iddia ərizəsi ilə müraciət edilmişdir. Halbuki, inzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3-8.5-ci maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, 15 gün ərzində məhkəməyə müraciət edir. Göründüyü kimi iddiaçı 15 gün ərzində məhkəməyə müraciət etməli olduğu halda, 3 ay keçdikdən sonra, yəni 18.06.2020-ci il tarixdə iddia müddəti ötürülməklə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyristabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzrlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair qərarında qeyd edir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Avropa İnsan Hüquqları Məhkəməsi “Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli Qərarında göstərilmişdir ki, atılmalı olan formal addımları və şikayətin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin prinsipləri ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Avropa Məhkəməsi “Novakoviç Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Deryan Türkiyəyə qarşı iş üzrə 21 iyun 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30-33). Avropa Məhkəməsi həmin qərarında məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən, hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§20-21). Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Həmçinin işdən görünür ki, iddiaçının tələbi cavabdehin sərəncamının etibarsız hesab edilməsi barədədir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, «Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Azərbaycan Respublikası Qanunun tələblərindən də göründüyü kimi bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, iddiaçı həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Müraciəti müvafiq müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə isə məhkəməyə müraciət edir. İşdən isə görünür ki, iddiaçı bələdiyyə sərəncamının etibarsız hesab edilməsi üçün ilkin olaraq cavabdehə, daha sonra məhkəməyə müraciət etmişdir. Halbuki, iddiaçının bələdiyyə aktının etibarsız hesab edilməsi barədə müvafiq bələdiyyəyə və məhkəməyə müraciət etmək səlahiyyəti qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 80, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X6 apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1147/2021 saylı 27 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-192/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-192/2022
21.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver