Məhkəmə qərarları › İş №2-1(103)-192/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-192/2024

18.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-192/2024 18.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X8 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinə qarşı “vergi ödəyicinin vergi qanunvericiliyinin pozulmasına görə vergi borcu hesablanması barədə qərarın ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4199/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinə qarşı mübahisələndirmə haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən qəbul dilmiş xx.xx.2022-ci il tarixli **********3387 saylı, xx.xx.2022-ci il tarixli **********3636 saylı və xx.xx.2022-ci il tarixli **********3391 saylı vergi ödəyicinin vergi qanunvericiliyinin pozulması barədə qərarlarının ləğv edilməsini xahiş etmişdir (İPM m. 32.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...cavabdeh vergi orqanıın əməkdaşları tərəfindən keçirilərək xx.xx.2022-ci il tarixdə əhali ilə nağd hesablaşma qaydalarının pozulması haqqında akt tərtib edilmiş və həmin akt əsasında iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verildiyinə görə vergi məsuliyyətinə cəlb edilməsi barədə xx.xx.2022-ci il tarixli **********3387 saylı qərarı ilə 1000 manat, həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən isə 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur. Eyni zamanda xx.xx.2022-ci il tarixli **********3636 saylı qərarı ilə həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 3 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə 6000 manat məbləğində maliyyə sanksiyası qismində vergi məsuliyyətinə cəlb edilmişdir. Bundan əlavə xx.xx.2022-ci il tarixində o, vergi ödəyicisi kimi qeydiyyata alınaraq xx.xx.2022-ci il tarixində ünvan 1 ünvanı təsərrüfat subyekti kimi uçota alınmaqla, ona **********- 15001 kod və xx.xx.2022 tarixində verilmiş və **********4 saylı NKA qeydiyyat vərəqəsi verilmişdir. Operativ vergi nəzarətinin keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 saylı fərmanı ilə təsdiq edilmiş sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında əsasnamənin: tələblərinə müvafiq dövlət qeydiyyatına alınmadan qanunsuz həyata keçirilmişdir. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmuasınu məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********1253 nömrəli qərarına əsasən Bakı şəhər Nərimanov rayonu ərazisində keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı İddiaçı tərəfindən 3 (üç) nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2022-ci il tarixli DVX seriyalı 005426 nömrəli Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirildiyi, İddiaçı aktı imza etməkdən və bir nüsxəsini qəbul etməkdən imtina etdiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2022-ci il tarixli **********3391 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunaraq vergi ödəyicisinə 6000 (altı min) manat maliyyə sanksiyası tətbiq edilmişdir İddiaçı vergi orqanında uçota durmadan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla 51B ünvanında sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, xx.xx.2022- ci il tarixində Bakı şəhəri Nərimanov rayonu, Ağa Nemətulla 51B ünvanında keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı İddiaçı məxsus "EF" Beauty salonda “Lisenziyalar və icazələr haqqında Qanun"un 4.3-cü maddəsinin tələbləri pozularaq, lisenziya alınmadan kosmetoloji xidmətlərin (lazer epilyasiya xidmətləri) göstərildiyi aşkar edilmişdir. Eyni zamanda, operativ vergi nəzarəti zamanı xx.xx.2022-ci il tarixində saat 12:30-da müştəri tərəfindən lazer xidmətinə görə 8 (səkkiz) manat ödəniş olunduğu, lakin ödəniş müqabilində NKA çeki və ya mədaxil qəbzi təqdim olunmadığı müəyyən olunmuşdur. NKA quraşdırılmadığından və mədaxil qəbzi olmadığından yayındırılmış məbləği bərpa etmək mümkün olmamışdır. İddiaçı ərizəsində əsassız olaraq bildirmişdir ki, yoxlama tamamilə qanunsuzdur və ona aidiyyəti olmayan şəxslərə görə əmək müqaviləsiz işçi kimi cərimə yazılmışdır. Əksinə bildirilir ki, İddiaçı operativ vergi nəzarəti tədbiri zamanı təqdim etdiyi izahatında bildirmişdir ki, o, iki gündür ki, ünvan 4 ünvanında yerləşən “EF" gözəllik salonunda sahibkarlıq fəaliyyətinə başlamışdır. Yeni fəaliyyətə başladığı üçün vergi orqanında qeydiyyatdan keçməmiş, obyekti vergi orqanında qeydiyyata qoymadığı üçün nəzarətkassa aparatı quraşdırmamışdır. X4, X3, X1 əmək müqaviləsi bağlamadan işə cəlb etmişdir. Operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4199/2023 saylı xx.xx.2023-cü tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3387 saylı, xx.xx.2022-ci il tarixli **********3636 saylı və xx.xx.2022-ci il tarixli **********3391 saylı qərarları ləğv edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçı fəaliyyət göstərdiyi obyektdə uçota durmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə isə vergi orqanında uçotda olan fiziki və hüquqi şəxslərə münasibətdə aparılmalı yoxlama prosedurlarını tənzimləyir. Çünki yoxlamanın reyestrdə qeydiyyata alınması üçün vergi ödəyicisinin VÖEN-i tələb olunur və VÖEN olmadığı halda onun reyestrdə qeydiyyata alınması mümükünsüzjür, məhkəmə isə bu halı nəzərə almamışdır. Vergi Mcəlləsinin 50.1.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti fomasında bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi həyata keçirilir. Qeyd olunan qanunvericilik normasından da göründüyü kimi, vergi orqanlarında uçota durmayan vergi ödəyicilərinin operativ vergi nəzarəti qaydasında aşkar edilməsi vergi orqanlarının səlahiyyətlərinə aid edilmişdir. Operativ vergi nəzarətinin keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərar ümumi olaraq Bakı şəhəri Nərimanov rayonu ərazisində nəzarətin həyata keçirilməsi üçün qəbul edildiyindən və yoxlama zamanı iddiaçının vergi orqanında uçota durmadan sahibkarlıq fəaliyyəti həyata keçirdiyi aşkarlandığı üçün müvafiq aktla rəsmiləşdirilmişdir. Yəni, məhkəmənin operativ vergi nəzarətinin Əsasnaməyə zidd həyata keçirilməsi ilə bağlı mövqeyi tamamilə əsassızdır...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi O.Heydərli apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin qeyd olunan faktiki hallarından göründüyü kimi, iddiaçı mübahisələndirmə haqqında iddia vasitəsilə cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” iki qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

1. xx.xx.2022-ci il tarixli **********3387 saylı qərarı (Həmin qərarla iddiaçı Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən hansı ilə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verildiyinə görə 100 manat maliyyə sanksiyası tətbiq edilmişdir).

2. xx.xx.2022-ci il tarixli **********3636 saylı və xx.xx.2022-ci il tarixli **********3391 saylı qərar (həmin qərarla iddiaçı 3 nəfər fiziki şəxsin Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur) İşin tərəflər arasında mübahisələndirilən ilkin halı - cavabdeh vergi orqanı tərəfindən “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********1253 nömrəli qərarına əsasən həyata keçirilmiş operativ vergi nəzarəti sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaması ilə bağlıdır. Həmin hissədə məhkəmə kollegiyası iddiaçının mövqeyi ilə razışaraq hesab edir ki, cavabdeh tərəfindən qanunvericiliyə görə “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********1253 nömrəli qərarına əsasən mübahisəli ünvanda operativ vergi nəzarətinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan həyata keçirilməsi qanunsuzdur. Belə ki, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsinə aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə, aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən, araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ-hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlıqda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsinə aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin isə 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Cavabdehin apellyasiya şikayətində iddiaçının vergi ödəyicisi kimi qeydiyyatı olmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu əsas gətirən dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası onu qeyd edir ki, iddiaçı vergi ödəyicisi kimi qeydiyyata durmasa da, hər bir halda onun hərəkətləri sahibkarlıq fəaliyyətini ehtiva etməklə gəlir əldə etmək məqsədini daşıyır. Burada cavabdeh vergi orqanı Vergi Məcəlləsinin 23 və 24-cü maddələrindən irəli gələn hüquq və vəzifələri çərçivəsində operativ vergi nəzarətini həyata keçirməklə hakimiyyət səlahiyytini nümayiş etdirir və nəticələrindən asılı olaraq hakimiyyət xarakterli tədbirləri görmək onun öhdəliklərinə aid edilmişdir. Yoxlamaların tənzimlənməsi haqqında qanunvericiliyin əsas məqsədi qanunsuz yoxlamaların qarşısının alınması və sahibkarların hüquq və azadlıqlarının qorunmasını təmin etməkdən ibarətdir. Oeyd olunanlar baxımından cavabdehin apellyasiya şikayətinin operativ vergi nəzarətinin vahid məlumat reyestrində qeydə alınması üçün əsas olmadığını mübahisələndirən dəlilləri ilə razılaşmaq mümkün deyil. Ən azından, qanunvericiliyin qeyd olunan imperativ tələbindən göründüyü kimi, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə, aparılan bütün növ yoxlama tədbirləri, o cümlədən, araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlər reyestrdə qeydə alımalıdır. Vergi Məcəlləsinin cavabdeh tərəfindən istinad edilən 50.1.1-ci maddəsi də məhz onu ehtiva edir ki, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan sahibkarlara münasibətdə də belə nəzarət tədbiri də vergi qanunvericiliyinə uyğun aparılır. Bu Məcəllənin 2.4-cü və 2.4.8-ci maddələrinin tələblərindən isə görünür ki, vergitutma və vergi nəzarəti məsələlərində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda vergi yoxlamaları haqqında müddəaları nəzərə alınır. İşin mahiyyətinə gəldikdə isə, iş materialları üzrə vergi orqanı tərəfindən əmək müqaviləsi bağlanmadan xidmətlərin yerinə yetirilməsinə cəlb edildiyi fiziki şəxslərin izahatlarında İddiaçı izahatında bildirmişdir ki, obyektdə aşkar olunan 3 nəfər fiziki şəxslərlə aralarında işə götürülmələri barədə razılıq yeni əldə olunduğundan onlarla müqavilə bağlanılmamışdır. Qeyd olunanlar birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X2 ifadəsində də öz təsdiqini tapmış, digər fiziki şəxsin isə, ümumiyyətlə izahatı alınmamış, vergi orqanı tərəfindən operativ vergi nəzarəti keçirilən vaxt lazer fəaliyyəti və digər xidmətlərin göstərilməsi də mötəbər sübutlarla əsaslandırılmamışdır. İddiaçının Səhiyyə Nazirliyinə inzibati xətalara dair icraat üzrə qəbul etdiyi inzibati tənbeh haqqında qərarından verdiyi şikayət üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli qərarı ilə əlaqədar isə qeyd olunmalıdır ki, məhkəmənin inzibati xətaya dair iş üzrə qəbul etdiyi həmin qərarında müəyyən edilmiş hallar cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmin işdə iştirak etmədiyi halda, həm də MPM-in 82-ci və İPM-in 58.8-ci və “İnzibati icraat haqqında Qanunun 3.2.2ci maddələrinin tələbləri baxımından, məcburi xarakter daşımır. Qeyd olunanlar onu deməyə əsas verir ki, konkret halda, cavabdehin operativ vergi nəzarətinin nəticələrinə görə qəbul olunmuş qərarları əsasında tətbiq edilmiş maliyyə sanksiyalarının əsaslılığı sübuta yetirilmir. Halbuki, İPM-in 14.1-ci maddəsinin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin qərarı maddi və inzibati icraat haqqında hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini mahiyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4199/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin olunmadan, qərar isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:

Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4199/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar