Məhkəmə qərarları › İş №2-1(103)-1920/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1920/2022

17.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1920/2022 17.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2in(82)- 1343/2020 saylı qərardadından X2, X3 və X6 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2in(81)-1343/2012 saylı xx.xx.2012-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı “pasport qeydiyyatına alınması” barədə iddianın təmin edilməsi, İddiaçı ünvan 1 ünvanına qeydiyyata alınması cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2in(81)-1343/2012 saylı xx.xx.2012-ci il tarixli qərarı cavabdeh tərəfindən icra edilmiş İddiaçı ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmışdır. X2, X3 və X6 xx.xx.2020-ci il tarixdə vəsatətlə Bakı İnzibati Məhkəməsinə Müraciət edərək, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2in(81)-1343/2012 saylı xx.xx.2012-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə icraatın təzələnməsi, onların üçüncü şəxs qismində iştirak etmək üçün cəlb edilməsini xahiş etmişlər. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı qeydiyyata alındıqdan sonra bu barədə heç kəsə bildirməmiş, yalnız üzərindən yeddi il keçdikdən sonra iddiaçı əslində heç məhkəmə araşdırması zamanı da yaşamadığı mənzilə köçürülmə tələbinə dair Bakı şəhər Nizami rayon Məhkəməsinə müraciət etmişdir. Keçirilən məhkəmə baxışı zamanı üçüncü şəxslərə məlum olmuşdur ki, inzibati qaydada hazırki mübahisələndirilən akt çıxarılmışdır. Mübahisələndirilən qərar X2, X3 və X4 hüquqlarına toxunur və həmin iş üzrə İPM-nin tələblərinə uyğun olaraq qanun üzrə maraqlarına toxunan üçüncü şəxslər olaraq prosesə cəlb edilməlidirlər və inzibati icraat təzələnməlidir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2in(82)-1343/2012 saylı qərardadı ilə vəsatət təmin edilməmişdir. Həmin qərardaddan X2, X3 və X6 apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: Birinci instansiya məhkəməsi xx.xx.2020-ci il tarixli qərardadı qəbul edərək, üçüncü şəxslərin hüquqlarını kobud şəkildə pozmuşdur. İddiaçı öz iddia ərizəsində qeydiyyata alınması üçün əsas kimi həmin ünvanda yaşamağı barədə yalan izahat vermiş və bu yolla məhkəməni aldatmışdır. Nəticədə heç bir hüquqi əsası olmayan qərar çıxmış və bu qərardan istifadə edən iddiaçı üçüncü şəxslərin yaşadığı mənzilə iddia irəli sürməyə başlamışdır. Tərəflərin izahatları: İddiaçının vəkili X5 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi, X2, X3 və X6 məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq, məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin, X2, X3 və X4 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iddiaçının vəkilinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları ilə birgə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Məhkəmə tərəfindən X2, X3 və X6 vəsatətlə bağlı bu şəxslərin ünvan 1-ə dair qanunla qorunan hüquqların, maraqların mövcud olub-olmamasını müəyyən etmək məqsədilə sorğular verilmişdir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin 02/932 nömrəli, xx.xx.2020-ci il tarixli məktubuna əsasən X2, X3 və X6 ünvan 1-də müvəqqəti məskunlaşmışlar. Belə olan halada 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2in(81)-1343/2012 saylı xx.xx.2012-ci il tarixli qərarı ilə X2, X3 və X4 hüquqlarına və maraqlarına toxunması kimi halın mövcud olduğu müəyyən edilməmişdir. İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2022-ci il 17 fevral tarixli 02/2022 saylı qərardadının 38-ci bəndinə əsasən Cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Belə olan halda, qanunla qorunan maraqlara nəyin aid edilə biləcəyinə aydınlıq gətirilməlidir. Maraqların maddi hüquqla müəyyən olunduğu nəzərə alındıqda qanunla qorunan maraq kimi maddi hüquq norması əsasında tanınmış maraqlar çıxış edirlər. Başqa sözlə, diqqət yetirilməli olan hal ondan ibarətdir ki, konkret baxılan iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri üçüncü şəxsin mənafeyini bu və ya digər dərəcədə müdafiə edirmi? Bu mənada, mütləq nəzərə almaq lazımdır ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir. Həmin Qərardadın 42-ci bəndinə görə zəruri cəlbetmə halının mövcudluğu üçün üçüncü şəxsin mübahisəli hüquq münasibətində bilavasitə iştirakı tələb olunur. Çünki İPMin 28.2-ci maddəsinin tələblərinə əsasən zəruri cəlbedilən mübahisəli hüquq münasibətinin bilavasitə iştirakçısı olmalıdır. Bundan başqa, çıxarılacaq məhkəmə qərarı həm icraatın tərəflərinə, həm də üçüncü şəxsə münasibətdə vahid qərarın qəbul edilməsini şərtləndirməlidir. Adi cəlbetmə ilə zəruri cəlbetməni fərqləndirmək üçün əsas meyar zəruri cəlbetmədə vahid qərarın qəbul olunmasının vacibliyidir. Burada əsas fərq ondan ibarətdir ki, cəlb edilməsi zəruri olan üçüncü şəxslərin daxil olduğu mübahisəli hüquq münasibəti ilə əlaqədar məhkəmə yalnız belə şəxslər cəlb edildikdən sonra işə baxa və həmin şəxslər daxil olmaqla prosesin bütün tərəflərinə münasibətdə yekun və ədalətli qərar verə bilər. Zəruri cəlbetmə halında üçüncü şəxslər mübahisəli hüquq münasibətinin elə tərəfi olmalıdırlar ki, məhkəmə qərarı prosesin tərəfləri ilə birlikdə üçüncü şəxslərin də mütləq iştirakı ilə bütün tərəflərə münasibətdə vahid formada qəbul edilə bilsin. Bu hal o zaman mövcud olur ki, məhkəmə qərarını birbaşa olaraq üçüncü şəxslərin hüquqlarına müdaxilə etmədən effektiv şəkildə qəbul etmək mümkün olmur. Beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə yekunlaşmış məhkəmə icraatına qoşulmaq istəyən ərizəçilərrin mübahisəli mənzilə dair hüquqları daçınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından onların hər hansı hüquqlarının pozulduğu müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə apellyasiya instansiyası məhkəməsi razılaşır. Nəticə hissə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2in(82)-1343/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: X2, X3 və X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2in(82)-1343/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar