Məhkəmə qərarları › İş №2-1(103)-1921/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1921/2021

02.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1921/2021 02.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Baxışova Vüsalə Ələkbər qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, iddiaçının nümayəndəsi, Vəkil2, Ərizəçi X3 nümayəndəsi, vəkil X8 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “ünvan 1 ünvanda yerləşən 16 nömrəli mənzilə dair onunla icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə X6 tərəfindən verilmiş üçüncü şəxs qismində cəlb edilmə barədə ərizənin təmin edilməməsinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(81)-5243/2019 saylı 23 oktyabr 2020-ci il tarixli qərardadından X6 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 16 nömrəli mənzilə dair onunla icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5243/2019 saylı 25.12.2019-cu il tarixli qərarı ilə iddianın təmin edilməsi, ünvan 1 ünvanda yerləşən 16 nömrəli mənzilə dair İddiaçı ilə icarə müqaviləsi bağlanması vəzifəsinin Bakı şəhəri Cavabdehnə həvalə edilməsi qərara alınmışdır. 2-1(81)-5243/2019 saylı 25.12.2019-cu il tarixli məhkəmə qərarı qanuni qüvvəsini aldığı üçün icra edilməsi üçün Bakı şəhəri Cavabdehnə göndərilmiş və Cavabdeh 6-132 saylı 13.02.2020-ci il tarixli məktubundan görünür ki, qərar icra edilmişdir. 19.08.2020-ci il tarixdə X6 ərizə ilə məhkəməyə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5243/2019 saylı 25.12.2019-cu il tarixli qərarının onun qanunla qorunan maraqlarına toxunduğuna, bu səbəbdən də iş üzrə 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 28 iyul 1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş, 21 yaşına qədər ailəliklə atası X12 məxsus ünvan 2 ünvanında qeydiyyatda olmaqla orada yaşamışlar. 15 yanvar 1987-ci il tarixdə X1 ailə həyatı qurmuş, sonradan o, öz ailəsi ilə birlikdə Rusiyaya köçmüşdür. Atası 2009-cu ildə vəfat etdikdən sonra mənzillərində yalnız qardaşı X7 yaşamışdır. Qardaşı Konstantin 06 mart 2019-cu il tarixdə vəfat etmişdir. Bundan sonra qeyd olunan mənzilin yeganə vərəsəsi kimi o, 19 saylı Notariat Ofisinə rəsmi müraciət etmiş, lakin mənzillərinə qanunsuz müdaxilələrin olması barədə məlumat almışdır. Halbuki həmin mənzil onun da adı yazılmış rəsmi orderlə ailəsinə, habelə İcraiyyə Komitəsinin qərarı ilə atası Yuriy Kazakova məxsus olmuşdur. Mənzilə qanunsuz müdaxilələr olunması faktına dair onun ərizəsi əsasında Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsində araşdırma aparılmışdır. Həmin araşdırmanın nəticəsi üzrə qəbul edilmiş qərardan ona aydın olmuşdur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi İddiaçı mənzilə dair iddia ərizəsi üzrə 25.12.2019-cu il tarixli 2-1(81)- 5243/2019 saylı qərar qəbul etmişdir. Həmin qərar bilavasitə onun maraqlarına toxunur. Ona görə də o, hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-5243/2020 saylı 23 oktyabr 2020-ci il tarixli qərardadı ilə 3-cü şəxs qismində işə cəlb olunmaya dair ərizə təmin olunmamışdır. Həmin qərardaddan narazı qalan X6 apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5243/2020 saylı 23 oktyabr 2020-ci il tarixli qərardadının ləğv edilməsi xahiş etmişdir. Apellyasiya şikayəti ərizənin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə qərardadını əsasız və qeyri-qanuni hesab edir. Məhkəmə qərarı “25.12.2019-cu il tarixli qərarın onun qanunla qorunan maraqlarına toxunmasına dair hər hansı sübutun məhkəməyə təqdim edilməməsi” ilə əsaslandırılmışdır. Məhkəmə qərarının icra edilməsi onun qanuni olması anlamına gələ bilməz. Ərizənin əsasını qeyriqanuni qərarın icrası nəticəsində onun mülkiyyət hüququndan məhrum olması təşkil edir. İddiaçının heç bir sübuta söykənməyən və yalnız yalan ifadələrdən ibarət iddia ərizəsi məhkəmə tərəfindən qanunsuz olaraq təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 fevral 2021-ci il tarixli 21(103)-725/2021 saylı qərarı ilə ərizəçinin apellyasiya şikayəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli 2-1(81)-5243/2019 saylı qərardadı ləğv edilmiş, işin baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İddiaçı və cavabdeh ayrı-ayrılıqda kassasiya şikayəti verərək həmin qərardadı ləğv edib, ərizənin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 811/2021 saylı, 19.05.2021-ci il tarixli qərarı ilə iddiaçının və cavabdehin kasasiya şikayətləri qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 fevral 2021-ci il tarixli 21(103)-725/2021 saylı nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Növbəti apellyasiya baxışı zamanı ərizəçinin nümayəndəsi şikayətə uyğun izahat verərək bildirmişdir ki, sözügedən mənzil ona heç bir aidiyyati olmayan şəxsə satılmışdır. Mənzil dövlət tərəfindən Natalya Pırşenkovanın babasına verilmiş, sonradan atasına keçmişdir. Qardaşı isə qeydiyyatda olmaqla həmin mənzildə yaşamışdır. Qardaşının vəfatından sonra ərizəçinin orderdə adı ola-ola İcra Hakimiyyəti ona evi təklif etmədən həmin evə heç bir hüququ olmayan şəxslə qanunsuz məhkəmə qərarı əsasında müqavilə bağlamışdır. Şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-5243/2019 saylı 23 oktyabr 2020-ci il tarixli qərardadının ləğv olunması, ərizənin təmin olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-5243/2019 saylı 23 oktyabr 2020-ci il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-5243/2019 saylı 23 oktyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ərizəçi 1987-ci ildən həmin mənzildə yaşamır, həmin tarixdən qeyd olunan mənzildən qeydiyyatdan çıxmışdır və daimi yaşamaq üçün başqa ünvana köçmüşdür. Bu səbəbdən də, məhkəmə qərarı ərizəçinin qanunla qorunan maraqlarına toxunmur. Əvvəlki apellyasiya baxışı zamanı məhkəmə hesab etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış X3 hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğunu nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi sonuncunun işə cəlb olunması və icraatın təzələnməsi barədə ərizəsini təmin etməməklə bağlı düzgün nəticəyə gəlməmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılarkən Ali Məhkəmə hesab etmişdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdur. Apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, müəyyən edilməli olan əsas məsələ ərizəçinin mənzilə münasibətdə hüquqlarının mövcud olub-olmadığıdır. Mənzillə bağlı iş materiallarında iki hüquq müəyyənedici sənəd vardır - ərizəçinin atasının adına yerilmiş 023515 nömrəli 18.12.1972-ci il tarixli order və Bakı şəhəri Nəsimi rayon XDS İcraiyyə Komitəsinin “Mənzil kirayə müqaviləsinin X10 adına dəyişdirilməsi haqqında” 57/15 saylı, 6 may 1986-cı il tarixli qərarı. Məhz mübahisəli mənzillə bağlı bu iki hüquq müəyyənedici sənədlər və onlardan irəli gələn hüquqi nəticələr nəzərə alınmaqla qəbul edilmiş məhkəmə qərarının ərizəçinin hüquqlarına toxunub-toxunmaması məsələsinə qiymət verilməlidir. Apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməklə bu qaydada davranmamışdır. Bu mənada, ilkin olaraq 023515 nömrəli 18.12.1972-ci il tarixli orderdə ərizəçinin adının qeyd olunması onun həmin mənzilə münasibətdə hüquqlarının mövcudluğunu təsdiq edir. Lakin işin hallarından göründüyü kimi daha sonra icarədarın və arvadının vəfatı ilə əlaqədar olaraq Bakı şəhəri Nəsimi rayon XDS İcraiyyə Komitəsi tərəfindən “Mənzil kirayə müqaviləsinin X10 adına dəyişdirilməsi haqqında” 57/15 saylı, 6 may 1986cı il tarixli qərar qəbul edilmişdir. Belə olan halda, apelyasiya məhkəməsi son qərarın məzmunun təhlil etməli, 1982-ci il 8 iyul tarixli Qanunla təsdiq olunmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin 85-ci maddəsinin müddəaları baxımından məsələyə qiymət verməli idi. Bakı şəhəri Nəsimi rayon XDS İcraiyyə Komitəsinin sözügedən qərarından görünür ki, ailənin bütün yetkinlik yaşına çatmış üzvləri mənzilə dair kirayə müqaviləsinin X10 adına dəyişdirilməsinə etiraz etməmişlər. Buna görə də, mənzilin icarədarı dörd nəfər ailə üzvlərindən (özü, arvadı, oğlu və qızı) ibarət tərkibdə X13 hesab edilmişdir. Təkrar apelyasiya baxışında məhkəmə faktiki halları və onlara tətbiq edilməli olan hüquq normalarını nəzərə almaqla ərizəçinin Bakı şəhəri Nəsimi rayon XDS İcraiyyə Komitəsi tərəfindən qəbul edilmiş 57/15 saylı, 6 may 1986-cı il tarixli qərardan sonra mənzilə münasibətdə hüquqlarını itirib-itirmədiyinə qiymət verməli və bu halı qəbul edilmiş məhkəmə qərarının ərizəçinin hüquqlarına toxunması məsələsində nəzərə almalıdır. Bunun üçün məhkəmə ərizəçinin mənzilin kirayə müqaviləsinin qardaşının adına dəyişdirilməsinə razılıq verib-vermədiyini araşdırmalı, Bakı şəhəri Nəsimi rayon XDS İcraiyyə Komitəsi tərəfindən qərar qəbul edildikdən sonra yeni icarədarın ailə üzvlərinin kimlər olduğunu dəqiqləşdirməli, onların arasında ərizəçinin olub-olmadığını müəyyən etməlidir. Qəbul edilmiş məhkəmə qərarının ərizəçinin hüquqlarına toxunması məsələsinə həmçinin 1982-ci il 8 iyul tarixli Qanunla təsdiq olunmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin 60-cı maddəsinin müddəaları və “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarı baxımından da münasibət bildirilməlidir. Yəni, ərizəçinin 1987-ci ildən həmin mənzildə yaşamamasının onun daimi yaşayış yeri kimi başqa yeri seçməklə bağlı olub-olmamasına və bu halın da mənzilə münasibətdə hüquqlarını itirib-itirmədiyinə qiymət verilməlidir. Eyni zamanda qeyd olunmuşdur ki, məhkəmə tərəfindən ərizəçinin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2-1(81)-5243/2019 saylı qərarından nə vaxt məlumatlı olması halı dəqiqləşdirilməli idi. Çünki inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin icraata qoşulma barədə müraciət etmək hüququ olsa da, bu hüquq hüquqi müəyyənliyin təmin edilməsi üçün istənilən vaxt deyil, yalnız müəyyən konkret müddətlərdə həyata keçirilə bilən hüquqdur. Təsadüfi deyildir ki, Konstitusiya Məhkəməsinin qərarında da buna işarə edilərək inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinin əhəmiyyətinə xüsusi vurğu edilmişdir. Bu mənada, məhkəmələr icraata cəlb olunmamış şəxslərin icraata qoşulma barədə müraciətləri ilə bağlı məsələni həll edərkən həmin şəxslərin hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtı müəyyən etməli və məhz həmin andan etibarən ərizə vermə müddətinin hesablanmağa başlanıldığını nəzərə almaqla İPM-in 85.1-ci maddəsində təsbit edilmiş proses iştirakçıları üçün nəzərdə tutulmuş şikayət vermə müddətlərini tətbiq etməlidirlər. Bununla bağlı olaraq təkrar apelyasiya baxışında həm də məhkəmə qərarı barədə ərizəçinin nə vaxt məlumatlı olduğu məsələsi araşdırma predmeti olmalıdır. Bunun üçün isə həm işdəki məhkəməyə ünvanlanmış ərizələr, həm ərizəçi tərəfindən ünvan 3İ-nin 19cu PŞ-nə edilmiş müraciətlərlə bağlı materiallar və digər zəruri sübutlar toplanmaqla tədqiq edilməli, nəticəsindən asılı olaraq ərizəçinin vaxtında məhkəməyə müraciət etməsi məsələsinə də qiymət verilməlidir. İnzibati prosessual məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Növbəti apellyasiya baxışı zamanı Ali Məhkəmənin göstərişlərinə müvafiq olaraq göndərilmiş sorğulara cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən məhkəməyə ünvanlanmış məktuba əsasən müəyyən edilmişdir ki, 16.05.1986cı ildə Nəsimi rayon XDS İK tərəfindən X14 Tağı-Zadə küçəsi ev 57, mənzil 16 ünvanında yerləşən 24.3 kv.m. sahəli 2 otaqlı mənzilin kirayəyə verilməsi qərara alınmışdır. X11 4 nəfərdən ibarət ailəsi ilə birlikdə 1972-ci ildən orada yaşadığı və ailə üzvlərinin mənzilin onun adına rəsmiləşdirilməsinə razılıq ərizələrinin iş materiallarında mövcud olduğu qeyd olunmuşdur. Lakin qərarda X3 adı birbaşa qeyd olunmamışdır. İş materiallarından müəyyən olunur ki, mübahisəli mənzilin icarədarı X10 07.02.2009-cu il tarixdə vəfatından sonra onun həyat yoldaşı X15 da 14.02.2009-cu ildə vəfat etmiş, bundan sonra oğlu X4 icarə münasibətləri aparmadan həmin mənzildə qeydiyyatda olmuş və 06.03.2019-cu ildə vəfat etmişdir. Bundan sonra İddiaçı Cavabdehnə ərizə verərək mübahisəli mənzildə qeydiyyatsız yaşadığına görə onunla icarə müqaviləsinin bağlanmasını xahiş etmiş, lakin sonuncu mənzilə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyinə istinad edərək tələbin təmin olunmasından imtina etmişdir. Bununla bağlı iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuşdur. Lakin sonradan X6 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(81)-5243/2019 saylı 25.12.2019-cu il tarixli qərarının onun qanunla qorunan maraqlarına toxunduğunu və bu səbəbdən də iş üzrə 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. İşə əlavə olunmuş ünvan 1 ünvanda yerləşən 16 nömrəli mənzilə dair verilmiş 023515 saylı 18.12.1972-ci il tarixli orderdən görünür ki, həmin order 5 nəfər ailə üzvündən ibarət olmaqla icarədar X2 adına verilmişdir və həmin orderdə X5 da adı icarədarın ailə üzvü kimi öz əksini tapmışdır. Eyni zamanda ərizəyə əsasən müəyyən edilmişdir ki, ərizəçi 15.01.1987-ci ildə X1 ailə qurmuşdur. Sonradan o, öz ailəsi ilə birlikdə Rusiya Federasiyasına köçmüşdür. Beləliklə, ərizəçi 1987-ci ildən mübahisəli mənzildə yaşamamış, ailə üzvləri ilə birlikdə orada təsərrüfat aparmamışdır. Belə olduğu halda X6 mənzilə dair kirayə hüququnu itirmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli Qərarında qeyd olunanlara görə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Eyni zamanda qeyd olunmalıdır ki, Ali Məhkəmənin göstərişlərinə əsasən Bakı şəhəri Nəsimi rayon polis idarəsinin 19-cu polis şöbəsinə və ünvan 6 ünvanlanmışdır. Bakı şəhəri Nəsimi rayon polis idarəsinin 19-cu polis şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubda qeyd olunmuşdur ki, ünvan 8ında yerləşən mənzilə müdaxilələr olması ilə bağlı X3 Şöbəyə heç bir müraciəti daxil olmamışdır. Bakı şəhəri 19 saylı Notariat ofisi tərəfində sorğuya cavab verilməmişdir. Lakin məhkəmə iclasında ərizəçinin və iddiaçının nümayəndələri bildirmişlər ki, qeyd olunan məsələ ilə bağlı ərizəçinin nümayəndəsi Şöbəyə müraciət etmişdir. Hal-hazırda məsələ ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma davam edir. Eyni zamanda ərizəçinin nümayəndəsi bildirmişdir ki, 2019-cu ilin noyabr ayında ərizəçi ilə mübahisəli mənzilin ərizəçinin adına rəsmiləşdirilməsi ilə bağlı Nəsimi rayon Məhkəməsinə müraciət etməsi üçün müqavilə bağlamışdır. Lakin 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-5243/2019 saylı 25.12.2019-cu il tarixli qərarından xəbərdar olduqdan sonra iddia qaldırmamışlar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Baxılan iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5243/2019 saylı 25.12.2019-cu il tarixli qərarı ərizəçinin qanunla qorunan hər hansı maraqlarına toxunmadığından məhkəmə haqlı olaraq ərizənin təmin olunmamasına dair qərara gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi X6 tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-5243/2019 saylı 23 oktyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar