Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1922/2020 28.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı «xxxx» MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-604/2020 saylı qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergilər Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdeh tərəfindən kameral vergi yoxlaması nəticəsində 2019-cu il üzrə 18168,80 manat mənfəət vergisi hesablanmasına dair xx xxxx 2020-ci il tarixli **********280600 saylı, may 2020- ci il üzrə 136 992,60 manat əlavə dəyər vergisi hesablanmasına dair xx xxxx 2020-ci il tarixli **********317300 saylı inzibati aktlar ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmçinin, iddiaçı xx.xx.2020-ci il tarixdə “xx xxxx 2020-ci il tarixli **********280600 saylı Qərar və xx xxxx 2020-ci il tarixli **********317300 saylı Qərarlar üzrə cavabdeh tərəfindən həmin inzibati aktların icrasının dayandırılması, habelə “xxxx” MMC-nin əmlakının siyahıya alınması, qiymətləndirilməsi, hərracda satılması, bununla bağlı müvafiq iddia qaldırılması, vergi hesablanmış hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması kimi aktın icrasına yönəlmiş hərəkələrin edilməsinin cavabdehə qadağan edilməsi”nə dair müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-604/2020 saylı qərardadı ilə iddiaçı “xxxx” MMC-nin (VÖEN: **********) müvəqqəti xarakterli müdafiə barədə ərizəsi qismən təmin edilərək, hazırkı işə mahiyyəti üzrə baxılıb qurtaranadək iddiaçı “xxxx” MMCnin bank hesablarında vəsaitlərin xx xxxx 2020-ci il tarixli **********280600 saylı və xx xxxx 2020-ci il tarixli **********317300 saylı Qərarlarla mübahisələndirilən borc məbləğinin 105 faizi həcmində məxaric əməliyyatları üzrə dondurulması barədə sərəncamların qoyulması istisna olmaqla, mübahisələndirilən borc məbləğinin tutulmasına yönələn hər hansı hərəkətin edilməsi və həmin məbləğlə bağlı əlavə sərəncamların qoyulması, mübahisələndirilən borc məbləğinin iddiaçıdan tələb edilməsi, iddiaçının hesablaşma hesablarında bank əməliyyatlarının aparılmasına maneələr edilməsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergilər Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qadağan olunmuşdur. Həmin qərardaddan cavabdeh apelyasiya şikayəti vermişdir. Cavabdehin nümayəndəsi N.Xəlilov apelyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, birinci instansiya məhkəməsi qərardadla vergi orqanlarının birbaşa səlahiyyətlərinə müdaxilə edilmişdir. Nümayəndə VM-nin 16.1.11-2-ci, 63.2-ci, 65.2-ci maddələrinə istinad edərək, bildirdi ki, borclu vergi ödəyicisinin borclarının dövlət büdcəsinə alınması ilə bağlı onun hesablaşma hesabına sərəncamların qoyulması vergi orqanının hüquqlarına, şikayətə məhkəmədə baxıldığı dövrdə hesablanmış məbləgin 105 faizi həcmində pul vəsaitinin bank hesabında dondurulması tələbi isə vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Lakin məhkəmənin hazırki qərardadı ilə cavabdeh qanunla müəyyən edilmiş hüquqlarından məhrum edilmiş, iddiaçı isə müəyyən edilmiş vəzifələrindən azad etmişdir. Həmçinin, nümayəndə VM-nin 89.1,89.2-ci maddələrinə istinad edərək, qeyd etdi ki, məhkəmə öz qərardadı ilə vergi orqanının Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş əmlakın siyahı alınması hüququnu məhdudlaşdırmışdır. Bundan əlavə, məhkəmə tərəfindən cavabdehə ərizə ilə bağlı mülahizələrini bildirmək imkanı təmin olunmayıb və bununla belə qəbul edilmiş qərardad qanunvericiliyin əsas prinsiplərindən biri olan proses iştirakçılarının məhkəmə qarşısında bərabərlik prinsipi kobud şəkildə pozulmuşdur. Nümayəndə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-604/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qərardadın ləğv edilməsi və ərizəçinin müvəqqəti xarakterli müdafiə tədbirininin tətbiq edilməsi barədə ərizənin təmin edilməməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyin sənbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını iddiaçının nümayəndəsinin iştirakı olmadan mümkün hesab etdi. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi hakimin məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, apelyasiya şikayətinin qismən təmin edilməsi nəticəsinə gəlmişdir. Birinci instansiya məhkəməsi aşağıdakı hüquqi əsaslara görə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəni qismən təmin etmişdir. Belə ki, İPM-in 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. İPM-in 40.2-ci maddəsinə əsasən ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. İPM-in 40.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. İPM-in 41.2-ci maddəsinə əsasən işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. İPM-in 41.4-cü maddəsinə əsasən inzibati aktın icrası, müvəqqəti xarakterli müdafiə barədə müvafiq qərardad qəbul edildiyi hallarda, iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılır. İPM-in 43.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: (maddə 43.1.1) mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin tənzimləmənin zəruri olması, (maddə 43.1.2) ilkin məhkəmə araşdırılması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən bu Məcəllənin 65.2.1.1-ci və 65.2.1.4cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı, vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. xx xxxxxx 2012-ci il tarixli 509-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinə əlavə edilmiş 16.1.11-2-ci maddəyə görə isə vergi orqanı tərəfindən kameral və səyyar vergi yoxlamaları zamanı hesablanmış və ya yenidən hesablanmış vergilər, faizlər, habelə tətbiq edilmiş maliyyə sanksiyalarından verilmiş şikayətə məhkəmədə baxıldığı dövrdə və həmin şikayət üzrə məhkəmənin çıxardığı qərar qanuni qüvvəyə minənədək (vergi ödəyicisinin həmin vəsaitləri öz razılığı ilə ödədiyi hallar istisna olmaqla) əlavə hesablanmış məbləğin 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulmasını təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Göründüyü kimi vergi orqanı tərəfindən vergi ödəyicisinə hesablanmış vergi borcları məhkəmə mübahisəsinin predmetidirsə, mübahisəyə baxıldığı dövrdə vergi ödəyicisinin özü əlavə hesablanmış məbləğin (əgər həmin məbləği könüllü olaraq ödəməmişdirsə) 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulmasını təmin etməlidir. Vergi ödəyicisinin həmin vəzifəsi müqabilində isə vergi orqanının bu cür hüququ müəyyən edilmişdir. Birinci instansiya məhkəmə bu halı nəzərə almışdır ki, hazırkı halda iddianın uğurluluq ehtimalı aydın deyildir. Ziddiyyətli maraqlar qiymətləndirildikdə isə, qeyd olunmalıdır ki, işin faktiki halları üzrə ziddiyyətli maraqların mövcudluğu da ortaya çıxmamışdır. Lakin mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçiyə münasibətdə qurumun maddi vəziyyətinin xeyli dəyişəcəyi səbəbindən ilkin tənzimləmə zəruridir. Nəzərə alınmalıdır ki, dondurma sərəncamının qoyulması vəsaitin hesabdan silinməsi ilə nəticələnmədiyindən iddiaçı üçün itkilər yaratmır, eyni zamanda həmin vəsaitin iddiaçı tərəfindən hesabdan kənarlaşdırılmayacağına dair cavabdehə təminat verir. Bu baxımdan iddiaçının hesabına məxaric əməliyyatları üzrə dondurma sərəncamının qoyulması ziddiyyətli maraqların tarazlığını təmin edir və həmin sərəncamın qoyulması qadağan edilə bilməz. Eyni zamanda həmin növ sərəncam istisna olmaqla, vergi orqanının mübahisəli qərarlarının icrasına yönələn digər hərəkətlər iddiaçının vəsaitinin onun hesabından silinməsi ilə nəticələnə, yaxud onun hesabına pul vəsaitinin daxil olmasına mane ola bilər ki, qərarın onun xeyrinə olacağı təqdirdə, iddiaçının hüquqlarının qorunması mümkün olmaya və ya xeyli dərəcədə çətinləşə bilər. Buna görə də həmin hərəkətlərin edilməsi cavabdehə qadağan edilməlidir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərilən birinci instansiya məhkəməsinin qərardadı ilə vergi orqanlarının birbaşa səlahiyyətlərinə müdaxilə edilməsi, borclu vergi ödəyicisinin borclarının dövlət büdcəsinə alınması ilə bağlı onun hesablaşma hesabına sərəncamların qoyulması vergi orqanının hüquqlarına, şikayətə məhkəmədə baxıldığı dövrdə hesablanmış məbləgin 105 faizi həcmində pul vəsaitinin bank hesabında dondurulması tələbi isə vergi ödəyicisinin vəzifələrinə aid edilməsi, lakin məhkəmənin hazırki qərardadı ilə cavabdeh qanunla müəyyən edilmiş hüquqlarından məhrum edilməsi, iddiaçı isə müəyyən edilmiş vəzifələrindən azad edilməsi dəlilləri ilə razılaşır və hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilərək, iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri ərizəsi qismən təmin edilməlidir. İş üzrə yekun məhkəmə qərarı qəbul edilib qanuni qüvvəyə minənədək: iddiaçı “xxxx” MMC-nin bank hesablarına AR İN yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx xxxx 2020-ci il tarixli **********280600 saylı və xx xxxx 2020-ci il tarixli **********317300 saylı qərarlarına əsasən hesablanmış vergilərin və maliyyə sanksiyasının dövlət mədaxilinə alınması üçün yeni sərəncamların qoyulması cavabdehə qadağan edilməli; cavabdehin xx xxxx 2020-ci il tarixli **********280600 saylı və xx xxxx 2020-ci il tarixli **********317300 saylı qərarlarına əsasən hesablanmış vergilər və maliyyə sanksiyası üzrə ümumi məbləğin 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatlarının aparılması iddiaçıya qadağan edilməlidir. İddiaçının ərizəsi qalan hissəsində təmin edilməməlidir. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-604/2020 saylı qərardadı dəyişdirilsin. İddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri ərizəsi qismən təmin edilsin. İş üzrə yekun məhkəmə qərarı qəbul edilib qanuni qüvvəyə minənədək: İddiaçı “xxxx” MMC-nin bank hesablarına AR İN yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx xxxx 2020-ci il tarixli **********280600 saylı və xx xxxx 2020-ci il tarixli **********317300 saylı qərarlarına əsasən hesablanmış vergilərin və maliyyə sanksiyasının dövlət mədaxilinə alınması üçün yeni sərəncamların qoyulması cavabdehə qadağan edilsin. Cavabdehin xx xxxx 2020-ci il tarixli **********280600 saylı və xx xxxx 2020-ci il tarixli **********317300 saylı qərarlarına əsasən hesablanmış vergilər və maliyyə sanksiyası üzrə ümumi məbləğin 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatlarının aparılması iddiaçıya qadağan edilsin. İddiaçının ərizəsi qalan hissəsində təmin edilməsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiiqtisadi kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Cahangir Yusifov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1922/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1922/2020
28.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver