Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1922/2022 28.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Orucova Aysu Əli qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri X2 və X1 oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair (birinci iş) və iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının cavabdeh İddiaçı qarşı “artıq ödənilmiş pensiya məbləğinin qaytarılması” tələbinə dair (ikinci iş) Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1133/2022 saylı, 21 fevral 2022-ci il tarixli qərarından DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Əmək pensiyaları haqqında” Qanununun 20.1.3-cü və 20.6-cı maddələrinin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi vəzifəsində işlədiyi iş stajına əsasən fəaliyyətdə olan Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibinin aldığı əmək haqqının (maaş, təmsilçilik xərcləri və mükafatlar) 80 faiz məbləği miqdarında 01 may 2021-ci il tarixdən yenidən hesablanması, ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İkinci iş (2-1(112)-8194/2021) üzrə iddiaçı DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı cavabdeh İddiaçı qarşı “artıq ödənilmiş pensiya məbləğinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 41576,47 manat artıq ödənilmiş pensiya məbləğinin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 08 oktyabr 2021-ci il tarixli qərardadı ilə, Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-8194/2021 nömrəli (iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının cavabdeh İddiaçı qarşı “artıq ödənilmiş pensiya məbləğinin qaytarılması” tələbinə dair) inzibati iş həmin məhkəmənin icraatında olan 2- 1(112)-7022/2021 nömrəli (İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair) inzibati işə birləşdirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1133/2022 saylı, 21 fevral 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Fondun Daxili nəzarət departamenti tərəfindən aparılmış audit araşdırmaları zamanı məlum olmuşdur ki, 21 may 2010-cu il tarixində vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1100,00 manat və təmsilçilik xərclərinin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavəsi 275,00 olmaqla orta aylıq əmək haqqı 1375,00 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.6-cı maddəsinə əsasən 5 il 6 ay 19 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1375,00 manat) 80 faizi-1100,00 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2010-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində iddiaçıya hər ay 1393,32 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində iddiaçıya artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İlk inzibati mübahisə üzrə işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2021-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanununun 20.1.7ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmiş, daha sonra məhkəmə icraatının gedişi zamanı DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli qərar qəbul edilərək, pensiyanın növü olaraq “Yaşa görə (MSK)” qeyd edilmiş və təyin edilmiş pensiya məbləği yenidən hesablanaraq 2303,42 manat müəyyən edilmişdir. İddiaçı isə, sonuncu dəfə pensiya yenidən hesablanarkən, düzgün olmayaraq hazırda fəaliyyətdə olan əvəzinə, onun Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi vəzifəsində işlədiyi müddətdə aldığı mükafatların məbləğinin nəzərə alındığını bildirirərək, hazırda fəaliyyətdə olan AR MSK katibinin aldığı əmək haqqının (maaş, təmsilçilik xərcləri və mükafatlar) 80 faiz məbləği miqdarında 01 may 2021-ci il tarixdən yenidən hesablanmalı olmasını tələb edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.3. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvləri; Həmin qanunun 20.6-cı maddəsinə əsasən, bu Qanunun 20.1.3-cü maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının fəaliyyətdə olan üzvünün və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının fəaliyyətdə olan üzvünün əmək haqqının 80 faizi miqdarı ilə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmin Qanunun 29.3-cü maddəsinə əsasən bu Qanunun 20.1.1-0.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərin bu maddəyə uyğun olaraq əmək pensiyasının baza hissəsi artırıldıqda və ya sığorta hissəsi indeksləşdirildikdə, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Qanunun 20.1, 20.1.5 və 20.1.5-1-ci maddələrinə əsasən bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçilərinə, qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək əlil olmuş prokurorluq işçilərinə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Azərbaycan Respulbikası Konstitusiya Məhkəməsi Plenumunmun ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, ... şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. İddiaçının işlədiyi dövrdə mükafatlar alması işin mübahisəsiz halıdır. Belə ki, sonuncu dəfə cavabdeh tərəfindən iddiaçının əmək pensiyası yenidən hesablanarkən həmin mükafatlar nəzərə alınmışdır. Lakin hazırda Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının fəaliyyətdə olan üzvünün aldığı mükafatların məbləği deyil, iddiaçının işlədiyi dövrdə aldığı mükafatların məbləği əsas götürülmüşdür. Birinci instansiya məhkəməsi iddiaçının aldığı əlavələrə edilən artımların nəzərə alınıb-alınmaması ilə bağlı həmin mükafatların təyinatının (statusunun) hazırda həmin vəzifədə çalışan şəxslərə ödənilən mükafatlarla eynilik təşkil edib-etməməsi ilə bağlı araşdırma aparmış və verilmiş sorğuya cavab olaraq, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ...İddiaçı ödənilmiş fərdi mükafatlarla hazırda müvafiq olaraq həmin vəzifədə çalışan şəxslərə ödənilən fərdi maküfatların təyinatı eynilik təşkil edir. Qanunvericilik normalarının tələblərini və işin faktiki hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə iddia tələbini təmin etməkdə haqlı olmuşdur. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının cavabdeh İddiaçı qarşı “artıq ödənilmiş pensiya məbləğinin qaytarılması” tələbinə dair ikinci iş üzrə məhkəmə kollegiyası aşağıdakı nəticəyə gəlir. Hazırki mübahisə üzrə iş materiallarından müəyyən edilir ki, İddiaçı xx.xx.2010-ci ildən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sabiq katibi kimi əlilliyə görə (İİ dərəcə) əmək pensiyası təyin edilməsinə dair xx.xx.2010-cu il tarixli qərar qəbul edilmiş, sonradan iddiaçı orqanın müvafiq qurumu tərəfindən aparılmış daxili araşdırma nəticəsində cavabdehə yaşa görə pensiya təyin edilmiş pensiyanın hesablanmasında yalnışlığa yol verildiyi müəyyən edilmiş, xx.xx.2021-ci il tarixli məktubla artıq ödənilmiş məbləğin könüllü geri ödənilməsi tələb edilmişdir. xx.xx.2010-cı ildən xx.xx.2021-ci ilə qədər olan dövr üzrə artıq ödənilmiş 41576,47 manat məbləğin könüllü şəkildə geri qaytarılması xahiş edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. İşdən göründüyü kimi, qanunvericilik artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırki halda isə belə razılığın olmadığı müəyyən olunur. “İnzibati icraat haqqında” AR Qanunun: 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. İşdən göründüyü kimi, apelyasiya baxışı zamanı cavabdehə pensiya təyin edilməsinə dair qəbul edilmiş və qüvvəsini saxlayan inzibati aktın ləğvinə dair inzibati orqan tərəfindən şərh edilən qanunvericiliyin tələblərinə uyğun inzibati icraat aparılması müəyyən edilmir. Belə ki, daxili araşdırma nəticəsində qanunsuzluğun müəyyən edilməsi əsası ilə iddiaçıya inzibati akt əsasında təyin edilmiş pensiya məbləği dəyişdirilmiş, cavabdehə yalnız bundan sonra məlumat verilərək artıq ödənilmiş vəsaitin geri qaytarılması tələb edilmişdir. Vətəndaş xeyrinə olan inzibati aktın qanunsuzluğuna dair aparılmış inzibati icraatın gedişi haqqında məlumatlı olmamış, maraqlı şəxs qismində cəlb edilməmişdir. “İnzibati icraat haqqında” AR Qanunun: 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Kollegiya vurğulayır ki, inzibati orqan tərəfindən iddiaçıya pensiya təyin edilməsi 2xx.xx.2010-cu il tarixli inzibati akt əsasında həyata keçirilmişdir. Həmin inzibati akt isə hazırda qüvvədə olmaqla, hər hansı qaydada mübahisələndirilməmiş və ya ləğvinə dair məhkəmə qərarı və ya digər inzibati akt qəbul edilməmişdir. Digər tərəfdən, məhkəmə əlverişli inzibati aktın icrasının dayandırılması və nəticələrinin aradan qaldırılması ilə bağlı mübahisənin mahiyyəti üzrə qərar qəbul edərkən, o cümlədən də artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin cavabdehdən geri tələb olunması ilə bağlı hallarda, “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin, xüsusən 67.5-67.13-ci maddələrinin tələblərinə, şəxsin həmin qanunda təsbit edilmiş etimad hüququnun olmasına qiymət verməlidir. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, 67.5-ci maddənin tələbinə görə, şəxsin özünün əlverişli hüquqi mövqeyinə olan etimadı qanunla qorunur. “İnzibati icraat haqqında” AR Qanunun: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Kollegiya qeyd edir ki, xüsusən birdəfəlik və ya mütəmadi pul ödəmələri və ya əşyanın verilməsi ilə bağlı hallarda, şəxsin etimadının qanunla qorunub-qorunmadığı yuxarıda qeyd edilən maddələrin müddəaları baxımından yoxlanılmalıdır. Bu zaman həm də şəxsin etimad hüququna istinad etməsini istisna edən şərtlərin mövcudluğu da məhkəmələr tərəfindən xidməti vəzifəsinə görə yoxlanılmalıdır. Hazırki iş materiallarından görünür ki, qanunsuz hesab edilən əlverişli aktın ləğvinə əsas olan 67.6-cı maddəsində nəzərdə tutulan (rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olma; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsi; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda) halların mövcud olması apelyasiya baxışı zamanı məhkəmə araşdırması nəticəsində müəyyən edilməmiş və bu halları əsaslandıran hər hansı dəlil iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Kollegiya bildirir ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibati icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. Eyni zamanda, ilk işdən də aydın olduğu kimi iddiaçı orqan tərəfindən cavabdehə təyin edilmiş pensiya ödənişinin məbləğinin azaldılmasına əsas olmuş hal vəzifə maaşına əlavələrin pensiya məbləğinə cari miqdar üzrə hesablanmaması olmuşdur. Hazırda isə məhkəmə araşdırması zamanı işin faktiki hallarına əsasən, İddiaçı pensiya məbləğinin hesablanması zamanı müvafiq vəzifə maaşına əlavələrin cari məbləğinin nəzərə alınmalı olması öz təsdini tapmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir; 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Göründüyü kimi inzibati orqan yuxarıda sadalanan tələbləri nəzərə almamış, daxili araşdırma əsasında qanunsuzluğa yol verildiyini bildirdiyi əlverişli inzibati aktı ləğvetmədən, icrasını dayandırmış, həmçinin qanunsuz əlverişli aktın icrasının dayandırılmasına dair lazımi qaydada inzibati icraat aparmamışdır. Nəticədə qanuni qüvvəsini saxlamaqda olan aktın icrası nəticəsində ödənilmiş məbləğin geri qaytarılmasını qanunsuz olaraq cavabdehdən tələb etmişdir. Beləliklə, yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edilərək, maddi hüquq normaları hər iki işin hallarına düzgün tətbiq edildiyindən, iddiaçının apelyasiya şikayəti isə hər hansı mötəbər dəillə əsaslandırılmadığından məhkəmənin mübahisələndirilən qərarının ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1133/2022 saylı, 21 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1922/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1922/2022
28.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver