Məhkəmə qərarları › İş №2-1(103)-1922/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1922/2023

10.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1922/2023 10.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X9 və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3831/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Savalan” yoldaşlıq bağçılıq təsərrüfatının xx.xx.1991-ci il tarixli qərarı ilə qanuni istifadəsinə verilmiş 0,06 ha sahəsi olan Bakı şəhəri, Hövsan qəsəbəsində yerləşən bağ sahəsinin mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Hövsan qəsəbəsi, “Savalan” yoldaşlıq bağçılıq təsərrüfatında yerləşən saylı bağ sahəsi xx.xx.1991-ci il tarixli qərar ilə (protokol № 14) iddiaçının mərhum atası X5 verilmiş və bu barədə xx.xx.1991-ci il tarixli kitabça da verilmişdir. X10 təsərrüfat hesablı "RSU Trest BQSM QBS”-də xx.xx.1989-cu il tarixdən xx.xx.2011-ci il tarixə qədər təssərrüfat şöbəsinin müdiri vəzifəsində işləmişdir. X10 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. İddiaçı atası X3 yeganə vərəsəsi kimi tanınmış və bu barədə 18 saylı notariat kontoru tərəfindən xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qeyd olunan bağ sahəsinə iddiaçının atası tərəfindən mülkiyyət hüququ rəsmiləşdirilmədiyi üçün o, vərəsəlik üzrə iddiaçının mülkiyyətinə keçməmişdir. İddiaçı bu barədə cavabdehə ərizə ilə müraciət etsə də, idarənin 20.2022-ci il tarixli, **********77 saylı məktubu ilə bildirilmişdir ki, İdarənin arxivində saxlanılan “Savalan” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adı aşkar edilməmiş, həmçinin təqdim edilən üzvlük kitabçasında bağın nömrəsi və sahəsi qeyd olunmamışdır”. İddiaçı yalnız onda olan sənədləri dövlət orqanına təqdim edə bilər, özü köhnə dövr üçün hər hansı bir sənədi tərtib edə bilməz, yaxud həmin sənədlərdə hər hansı bir dəyişiklik edə bilməz. Odur ki, publik hüquqi şəxsin bu cavabı imtina kimi qəbul edilməlidir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Savalan” Yoldaşlıq Bağçılıq təsərrüfatının xx.xx.1991-ci il tarixli qərarı ilə X3 qanuni istifadəsinə verilmiş Bakı şəhəri, Hövsan qəsəbəsində yerləşən 0,06 ha bağ sahəsinin X5 məxsus olmasına dair arayışın verilməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulmasını xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3831/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə iddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Cavabdehin xx.xx.2022-ci il tarixli, **********77 saylı məktubundan görünür ki, iddiaçının Bakı şəhəri, Hövsan qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinə baxılmış və İdarənin arxivində saxlanılan “Savalan“ bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında X3 adının aşkar edilmədiyi, həmçinin, təqdim edilən üzvlük kitabçasında bağın nömrəsi və sahəsinin qeyd olunmadığı bildirilərək torpaq sahəsi üzərində hüquqlarının qeydə alınmasından imtina edilmişdir. - X3 nömrəsi qeyd olunmayan xx.xx.1972-ci il tarixdən doldurulmağa başlanan əmək kitabçasının kserosurətindən görünür ki, o, xx.xx.1989-cu il tarixdən xx.xx.2001-ci il tarixə qədər SUM-2003 trestinin “BQSM”-də müxtəlif vəzifələrdə işləmişdir. - Bakı şəhər X6 İcraiyyə Komitəsi “Bakıbaştikinti Sənayeləşdirilmiş” X7 (SEİB) “Savalan” Bağçılıq Yoldaşlığı tərəfindən xx.xx.1991-ci il tarixdə verilən üzvlük kitabçasının kserosurətindən görünür ki, X10 14 №li Protokol əsasında xx.xx.1991-ci il tarixdə üzvlüyə qəbul edilmişdir. X8 ayrılmış bağın nömrəsi və sahəsi göstərilməmişdir. - Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 482729 №-li, xx.xx.2011-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2011-ci il tarixdə ölmüşdür. - Bakı şəhəri 18 saylı notariat kontorunun notariusu A.D.Bəşirov tərəfindən təsdiq edilən xx.xx.2012-ci il tarixli, 2V-01-01 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında 75/2011 №li şəhadətnamədən görünür ki, İddiaçı X3 vərəsəsidir. - Bakı şəhəri 18 saylı Notariat kontoru tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, notarius açılan vərəsəlik işi üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar olaraq X3 adına “Savalan” bağçılıq yoldaşlıq cəmiyyətində olan Bakı şəhəri, Hövsan qəsəbəsi 23/92 saylı sahədə yerləşən 600 kv.metr torpaq sahəsinə dair çıxarışın verilməsini xahiş etmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “Savalan” bağçılıq yoldaşlıq təsərrüfatına aid arxiv qovluğunda olan sənədlər məhkəməyə təqdim edilmişdir. xx.xx.1988-ci il tarixli, 11/625 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakıbaştikinti” İdarəsinin bağçılıq təsərrüfatı üzvlərinin siyahısı arxiv qovluğunda mövcuddur. Həmin siyahıda X3 adı aşkar olunmamışdır. Qovluqda həmçinin, mərhum Bəylər Hüseynova verilmiş bağçılıq-yoldaşlıq təsərrüfatı üzvünün kitabçasında istinad edilmiş xx.xx.1991-ci il tarixli, 14 №li Protokol da aşkar edilməmişdir İş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə qərarında qeyd etmişdir ki, “iddiaçı nə inzibati icraat dövründə cavabdeh orqana, nə də məhkəmə araşdırması dövründə bağ sahəsinə dair qanunda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədləri təqdim edə bilməmişdir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 22.2 Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən «Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyani sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir». Həmin Qanunun keçid müddəaları adlanan 25-ci maddəsində göstərilir ki, bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə qəbul edilmiş «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin İqtisadiyyat Nazirliyinə verilməsi qərara alınmışdır. Hazırkı işin hallarından görünür ki, iddiaçı mərhum atası X3 “Savalan” bağçılıq yoldaşlığı cəmiyyətinə üzv qəbul edilməsi barədə üzvlük kitabçasına istinad etməklə istifadəsində olan Bakı şəhəri, Hövsan qəsəbəsi ərazisində yerləşən 0,06 ha sahəli torpaq sahəsinin atasına məxsus olması barədə müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. İddiaçı bu məqsədlə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu isə müraciətin təmin edilməsindən imtina etmişdir. Bundan sonra iddiaçı hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır. Qüvvədə olan əmlak qanunvericiliyi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini, hüquqların qeydə alınması üçün təqdim edilən sənədlərə dair tələbləri və hüquqların dövlət qeydiyyatından imtina üçün səbəbləri konkret müəyyən edir. Qanunverici 2007-ci il mayın 22-dək yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını həmin bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışla şərtləndirmişdir. İddiaçı tələbinin əsası kimi Bakı şəhər X6 İcraiyyə Komitəsi “Bakıbaştikinti Sənayeləşdirilmiş” X7 (SEİB) “Savalan” Bağçılıq Yoldaşlığı tərəfindən xx.xx.1991-ci il tarixdə verilən üzvlük kitabçasının kserosurətini məhkəməyə təqdim etmişdir. Həmin üzvlük kitabçasının surətinə əsasən X10 14 №li Protokol əsasında xx.xx.1991-ci il tarixdə üzvlüyə qəbul edildiyi müəyyən olunur. Göründüyü kimi iş üzrə birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədi təqdim etmədiyini bildirsə də, bu hal iş materialları ilə təkzib olunur. Digər tərəfdən cavabdeh inzibati orqanın imtinasının əsası kimi İdarənin arxivində saxlanılan “Savalan“ bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında X3 adının aşkar edilməməsi çıxış etmişdir. Belə ki, işin birinci instansiya icraatı zamanı İdarənin arxiv sənədlərində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “Savalan” bağçılıq yoldaşlıq təsərrüfatına aid arxiv qovluğunda olan sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə əsasən müəyyən edilir ki, xx.xx.1988-ci il tarixli, 11/625 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakıbaştikinti” İdarəsinin bağçılıq təsərrüfatı üzvlərinin siyahısı arxiv qovluğunda mövcud olmaqla həmin siyahıda X3 adı aşkar olunmamışdır. Qovluqda həmçinin, mərhum Bəylər Hüseynova verilmiş bağçılıq-yoldaşlıq təsərrüfatı üzvünün kitabçasında istinad edilmiş xx.xx.1991-ci il tarixli, 14 №li Protokol da aşkar edilməmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.1988-ci il tarixli, 11/625 nömrəli qərarı ilə təsdiq edilmiş bağçılıq təsərrüfatı üzvlərinin siyahısında X3 adının olmaması anlaşılandır. Belə ki, iş materiallarından göründüyü kimi X10 xx.xx.1991-ci il tarixdə üzvlüyə qəbul edilmişdir. X3 adının da daxil edildiyi yeni Siyahının cavabdeh inzibati orqana təqdim edilməməsində isə iddiaçının hər hansı təqsiri olmamışdır. Göründüyü kimi cavabdeh inzibati orqanın imtinası əsassızdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayətinin dəlili əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3831/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : İddiaçı X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3831/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. “Savalan” Yoldaşlıq Bağçılıq təsərrüfatının xx.xx.1991-ci il tarixli qərarı ilə mərhum X5 verilmiş 0,06 ha sahəsi olan Bakı şəhəri, Hövsan qəsəbəsində yerləşən bağ sahəsinə hüququn İddiaçı mərhum atası X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar