Məhkəmə qərarları › İş №2-1(103)-1922/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1922/2024

18.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1922/2024 18.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8682/2023 nömrəli, 06 dekabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1974-1976-cı illərdə Kəlbəcər rayon “H.Hacıyev” adına kolxozda, həmçinin 1985-1992-ci illərdə Laçın rayon X1 olan iş stajı nəzərə alınmaqla ona yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1974-1976-cı illərdə Kəlbəcər rayon “H.Hacıyev” adına kolxozda işlədiyi dövr, əmək kitabçasında qeyd edilmiş 12 avqust 1992-ci ilə kimi 7 il 5 ay tibb stajı nəzərə alınmaqla pensiyanın yenidən hesablanması və müraciət etdiyi 26 may 2022-ci il tarixdən əvvəlki 3 il üçün ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1957-ci il tarixdə doğulmuşdur. 1977-ci ildən 1983-cü ilədək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda ali təhsil almışdır. Təhsil aldığı müddət və ona məxsus olan ******* nömrəli əmək kitabçasında göstərilən iş stajı nəzərə alınmaqla xx.xx.2018-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin ona pensiya təyin edilsə də, pensiya məbləği düzgün hesablanmamışdır. Bununla bağlı əmək pensiyasının yenidən hesablanması üçün sənədlərini Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına təqdim etsə də, ona yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasından imtina etmişlər. Cavabdeh bildirmişdir ki, 1974- 1976-cı illər və 1985-1992-ci illər ərzində Kəlbəcər və Laçında işlədiyi müddətlərin onun sosial sığorta stajına əlavə edilməsi mümkün deyil. Səbəb kimi isə həmin dövlərə aid arxiv sənədlərinin işğal zonasında olması və Kəlbəcər və Laçın rayon Dövlət Arxivinə təhvil verilmədiyindən, həmin müəssisələrdən əmək haqqı alıb-almamasının müəyyən edilməsinin mümkün olmaması göstərilmişdir. Cavabdehin imtinası əsassızdır. Belə ki, 1974-1976-cı illərdə Kəlbəcər rayon “H.Hacıyev” adına kolxozda işləməsi, həmçinin 1985- 1992-ci illərdə Laçın rayon X1 baş həkim işləməsi təsdiq edən arayışların surətini cavabdehə təqdim etsə də, cavabdeh yenə də həmin dövləri nəzərə almamışdır. Qeyd edilən iş stajı keçmiş SSRİ-nin ərazisində əldə edilmişdir. Məlum hadisələr səbəbindən onun mübahisəli iş stajına dair arxiv sənədlərinin araşdırılması mümkün deyil. Mübahisələndirilən iş stajı ilə əlaqədar arxiv sənədlərinin əldə edilməsinin mümkünsüzlüyü onun təqdim etdiyi iş yerindən arayışların mötəbərliyini özü-özlüyündə aradan qaldırmır. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Əhədova) 2-1(112)-8682/2023 nömrəli, 06 dekabr 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı Nüsrət qızının H.Hacıyev adına Kolxozda işlədiyi 02 il 07 ay 08 gün və Laçın rayonu X1 işlədiyi 07 il 05 ay onun ümumi iş stajına daxil edilməklə pensiyasının yenidən hesablanması və pensiyanın yenidən hesablanması üçün müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki 3 il üçün hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Əhədova) 2-1(112)-8682/2023 nömrəli, 25 yanvar 2024-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8682/2023 nömrəli, 06 dekabr 2023-cü il tarixli qərarının nəticə hissəsində cavabdeh qismində «Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı» əvəzinə «Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı» oxunması qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı Nüsrət qızının H.Hacıyev adına Kolxozda işlədiyi 02 il 07 ay 08 gün və Laçın rayonu X1 işlədiyi 07 il 05 ay onun ümumi iş stajına daxil edilməklə pensiyasının yenidən hesablanması və pensiyanın yenidən hesablanması üçün müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki 3 il üçün hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına həvalə edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılmasının tələb olunması sübuta yetirilir və bu səbəbdən qərar ləğv edilməlidir və iddiaçının iddiasının təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. İddiaçının cavabdehə daxil olmuş ərizəsinə aidiyyəti üzrə baxılaraq, xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, cavabdehə təqdim edilmiş əmək kitabçasının və arxiv arayışının surətinə əsasən 1974-cü il tarixdən 1976-cı il tarixədək Kəlbəcər rayon “H.Hacıyev adına kolxoz”da, 1985-ci il tarixdən 1992-ci il tarixədək Laçın Rayon Mərkəzi Xəstəxanasının Ağbulaq kənd xəstəxanasına dair sənədlər, əmr kitabları və əmək haqqı cədvəlləri arxivə mühafizə üçün təhvil verilmədiyindən həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçının əmək kitabçasında və arxiv arayışının surətlərində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan 1974-cü il tarixdən 1976-cı il tarixədək və 1985-ci il tarixdən 1992-ci il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. İddiaçı tərəfindən təqdim edilmiş ******* nömrəli əmək kitabçası xx.xx.2015-ci il tarixdə doldurulmuş və hazirki mübahisələndirilən dövrlərlə bağlı müvafiq qeydlər aparılmışdır. Həmçinin həmin qeydlərin aparılmasına əsas olan sənəd təqdim edilməmişdir. İddiaçının 1974-cü il tarixdən 1976-cı il tarixədək Kəlbəcər rayon “H.Hacıyev adına kolxoz”da işlədiyi dövrlərlə bağlı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Kəlbəcər Rayon Dövlət Arxivinə cavabdeh tərəfindən göndərilmiş sorğuya verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda Kəlbəcər rayon “H.Hacıyev adına kolxoz”un 1974-cü il tarixdən 1976-cı il tarixədək olan arxiv sənədlərinin işğal zonasında qaldığı üçün Kəlbəcər rayon Dövlət Arxivinə təhvil verilmədiyi qeyd edilmişdir. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2015-ci il tarixli arayışın mötəbərliyini müəyyən etmək məqsədilə cavabdeh tərəfindən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsinə və Laçın Rayon Dövlət Arxiv İdarəsinə müvafiq sorğular göndərilmişdir. Laçın Rayon Dövlət Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli cavab məktublarında Laçın RMX-nin Ağbudaq kənd xəstəxanasının 1985-ci il tarixdən 1992-ci il tarixədək olan arxiv sənədləri işğal zonasında qaldığı üçün Dövlət Arxivinə təhvil verilmədiyi qeyd edilmişdir. Lakin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsi tərəfindən göndərilmiş sorğuya hazirki tarixədək cavab verilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş kitabçadan müəyyən olunur ki, kolxozda 1974-1976-cı illərdə minimum adam günü norması 80 gün olduğu halda iddiaçı 1975-ci il üzrə 180 gün, 1976-cı ildə 199 adam günü işləmişdir. Odur ki, iddiaçı 1975 və 1976-cı illər üzrə minimum adam günü norması şərtini ödədiyindən həmin illər iddiaçının stajına tam il olaraq hesablanmalıdır. Eyni zamanda iddiaçı 1974-cü ildə minimum adam günündən az, yəni 52 adam günü işləmişdir. Bu halda faktiki müddət üzrə hesablama əsas götürülməlidir. Belə ki, faktiki müddətin hesablanması faktiki işlənmiş adam günlərinin sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum adam günü norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. Bu qaydada hesablama ilə iddiaçının 1974-cü ildə faktiki işlədiyi müddət 07 ay 08 gün (52x12/80=7,8) müəyyən edilir. Həmçinin iddiaçının 1992-ci ildən əvvəlki əmək fəaliyyəti ilə bağlı sənədlərin arxiv əsaslarının hazırkı halda təqdim edilə bilməməsi iddiaçıdan asılı olan hal kimi qəbul edilə bilməz. Eyni zamanda məhkəmə iddiaçının Laçın rayon X1 işlədiyi dövrü şübhə altına alan əsaslı sübutun cavabdeh tərəfindən təqdim edilmədiyindən məhkəmə iş üzrə təqdim edilmiş və məhkəmə sorğuları ilə əldə edilmiş sənədləri həmin dövrün, yəni əmək kitabçasında qeyd edilən xx.xx.1992-ci ildən əvvəlki 07 il 05 ay tibb stajını onun ümumi sığorta stajına hesablanmasını qanuni və əsaslı hesab etmişdir. Belə ki, məhkəmə tərəfindən göndərilən müvafiq sorğulara gələn cavab məktublarının hər birinə münasibətdə iddiaçının iddia tələbi üzrə işləməsi faktı təsdiq edilməmişdir. Bununla da, məhkəmə qərar qəbul edərkən mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci ildə doğulmuşdur. İş materiallarında olan iddiaçıya məxsus pensiya işində olan sənədlərdən görünür ki, İddiaçı DSMF Xətai rayon şöbəsinin xx.xx.2018-ci il tarixli 1560 nömrəli qərarı ilə xx.xx.2018-ci ildən ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən Sizə xx.xx.2018-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar pensiyanızın məbləği xx.xx.2022-ci il tarixindən 358,83 manata çatdırılmışdır. Təqdim etdiyiniz sənədlərin surətlərinə əsasən bildirilir ki, xx.xx.1977-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək əyani təhsil aldığınız illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 19 il 2 ay 18 gün sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 23918,40 manat pensiya kapitalı əsasında əmək pensiyanız yenidən hesablanmış və pensiyanızın məbləğində (358,93 manat) dəyişiklik olmamışdır. Belə ki, əmək kitabçanızın və arxiv arayışının surətlərində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan 1974-cü il tarixindən 1976-cı il tarixinədək və 1985-ci il tarixindən 1992-ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Milli Arxiv İdarəsinin Kəlbəcər Rayon Dövlət Arxivinin müvafiq arayışına əsasən Kəlbəcər rayon ”H.Hacıyev” adına kolxozun 1974-cü il tarixindən 1976-cı il tarixinədək olan arxiv sənədləri işğal zonasında qaldığı üçün Kəlbəcər rayon Dövlət Arxivinə təhvil verilməyib. Həmçinin, Laçın Rayon Dövlət Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli məktuba əsasən Laçın RMX-nin Ağbudaq kənd xəstəxanasının 1985-ci il tarixindən 1992-ci il tarixinədək olan arxiv sənədlər işğal zonasında qaldığı üçün Dövlət Arxivinə təhvil verilməyib. Bu səbəbdən həmin müəssisələrdən əməkhaqqı alıb-almadığınızı müəyyən etmək mümkün olmadığı üçün sözügedən dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Qeyd olunanlara əsasən bildirilir ki, yaşa görə əmək pensiyanız qanunvericiliyin tələbləri baxımından düzgün hesablanmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1 -ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi qadınlar üçün 62 yaş 6 ay müəyyən edilib. Təqdim etdiyiniz sənədlərdə qeyd olunmuş 1974-1976-cı illər və 1985-1992-ci illər ərzindəki əmək fəaliyyəti dövrlərinizin araşdırılması zərurəti yaranmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Tibb Universitetinin 1983-cü il məzunu İddiaçı şəxsi işi Azərbaycan Respublikası Milli Arxiv İdarəsi dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yarananan sənədlərin saxlanma müddətləri göstərilməklə 464-cü bəndə əsasən saxlanma müddəti 25 il olduğu üçün təhsilini başa vurmuş tələbələrin şəxsi işləri xx.xx.2022-ci il tarixli akta əsasən məhv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Tibb Universitetinin 1983-cü il məzunu İddiaçı şəxsi işi Azərbaycan Respublikası Milli Arxiv İdarəsi dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə 464-cü bəndə əsasən saxlanma müddəti 25 il olduğu üçün təhsilini başa vurmuş tələbələrin şəxsi işləri xx.xx.2022-ci il tarixli akta əsasən məhv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Laçın rayonu üzrə fəaliyyət göstərmiş tibb müəssisələrində, həmçinin X1 çalışmış işçilərlə bağlı əmrlər Laçın Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi tərəfindən verilmişdir. İddiaçı Laçın Rayon Mərkəzi Xəstəxanasının X1 baş həkim vəzifəsində əmək fəaliyyəti barədə Səhiyyə Nazirliyində təsdiqedici sənəd yoxdur. İş materiallarında olan Laçın Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli 28 nömrəli arayışından görünür ki, İddiaçı Nüsrət qızı həqiqətən 1985-ci ildən Laçın rayonu işğal olana kimi (May 1992-ci ilə kimi Əmr №02) Laçın RMX-nın X1 həkim-terapevt vəzifəsində işləmişdir. Arayış Laçın Rayon Mərkəzi Xəstəxanasının baş həkim əvəzi R.M.İsfəndiyarov tərəfindən imzalanmış və xəstəxananın möhürü ilə təsdiqlənmişdir. İş materiallarında olan TƏBİB Laçın Rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş Laçın Rayon Mərkəzi Xəstəxanasının xx.xx.1992-ci il tarixli 02 nömrəli əmrinə əsasən adları aşağıda qeyd olunan işçilər Laçın rayonu işğal olandan sonra öz əvvəlki iş yerləri hesabına işdə saxlanmış hesab edilmişlər: 580. İddiaçı Nüsrət qızı - Ağbulaq kənd xəstəxanasının baş həkimi (həkim-terapevt). Həmin məktuba əlavə edilmiş Laçın Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2004-cü il tarixli 14 nömrəli əmrinə əsasən Ağbulaq kənd xəstəxanasının baş həkimi İddiaçı Nüsrət qızı xx.xx.2004-cü il tarixdən öz ərizəsinə əsasən vəzifəsindən azad edilmişdir. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.2015-ci il tarixli ******* nömrəli əmək kitabçasında qeyd edilmişdir ki, BŞT və TTYS-na daxil olmamışdan əvvəl ümumi iş stajı 09 il 02 ay 13 gün təşkil edir. Onlardan 07 il 5 ay tibb stajı var (Qeyd: Kolxozçunun kitabçasından çıxarış və Laçın rayon MX-nın 27.04.15-ci il tarixli 28 nömrəli arayışı). xx.xx.1992-ci ildə Bakı şəhəri Təcili və X2 Stansiyası 7 nömrəli k/st-na 1.0 vahid təcili yardım həkimi vəzifəsinə qəbul edilib. xx.xx.2011-ci ildə ARSN-nın 119 nömrəli xx.xx.2008ci il tarixli əmrinə əsasən təcili və X2 üzrə həkim vəzifəsinə keçirilib. xx.xx.2022-ci il tarixdən əmək müqaviləsinə xitam verilib. İş materiallarında olan İddiaçı Nüsrət qızına məxsus kolxozçunun əmək kitabçasından çıxarışda qeyd olunmuşdur ki, kolzoxun üzvü olduğu il 1974, əmək kitabçasının doldurulduğu il xx.xx.1976-cı il, Kolxoz: H.Hacıyev adına, kənd soveti: Çaykənd rayonu, Azərbaycan SSR, Kəlbəcər rayonu, vəzifəsi tütünçü, işlədiyi il: 1974-cü il - il ərzində müəyyən edilmiş adam günlərinin və ya əmək günlərinin minimumu 80 gün, il ərzində qazanılmış adam günlərinin miqdarı 52 gün; 1975-ci il - il ərzində müəyyən edilmiş adam günlərinin və ya əmək günlərinin minimumu 80 gün, qazanılmış adam günlərinin miqdarı 180 gün; 1976-cı il - il ərzində müəyyən edilmiş adam günlərinin və ya əmək günlərinin minimumu 80 gün, qazanılmış adam günlərinin miqdarı 199 gün, cəmi 432 gün. İş materiallarında olan Kəlbəcər rayon çaykənd kəndinin Hacıyev adına Kolxozun xx.xx.1976-cı il tarixli 55 nömrəli N.Nərimanov adına Dövlət Tibb Universitetinə verilməsi üçün tərtib edilmiş Kolxozun idarə heyətinin üzvlərinin imzası və kolxozun möhürü ilə təsdiq edilmiş arayışda qeyd edilmişdir ki, verilir H.hacıyev adına kolxoz üzvü İddiaçı Nüsrət qızına ondan ötəri ki, 1975-ci ilin sentyabr ayından 1976-cı ilin oktyabr ayına kimi kolxozda qazanmış olduğu əmək haqqı hər ay üçün hər ay üçün olmaqla cəmi əmək haqqı 435,19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (7-ci maddənin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyası - 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır). 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırıması üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubla iddiaçının pensiya işinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı Dövlət Sosial Müdaifə Fondunun Xətai rayon Şöbəsinin xx.xx.2018-ci il tarixli, 1560 nömrəli qərarı ilə xx.xx.2018-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdaifə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********3 nömrəli pensiyanın yenidən hesablanması barədə qərarına əsasən iddiaçının təhsil dövrü nəzərə alınmaqla əmək pensiyası yenidən hesablanmışdır. İddiaçı hazırada 1974-1976-cı illərdə Kəlbəcər rayon “H.Hacıyev” adına kolxozda, həmçinin 1985-1992-ci illərdə Laçın rayon X1 olan iş stajı nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını xahiş edir. Lakin idiaçının Kəlbəcər rayon ”H.Hacıyev” adına kolxozun 1974-cü il tarixindən 1976-cı il tarixinədək və Laçın RMX-nin Ağbudaq kənd xəstəxanasının 1985-ci il tarixindən 1992-ci il tarixinədək olan arxiv sənədləri işğal zonasında qaldığı üçün Dövlət Arxivinə təhvil verilmədiyindən həmin müəssisələrdən əməkhaqqı alıb-almadığını müəyyən etməyin mümkün olmadığı bildirilməklə sözügedən dövrlərin iş stajına daxil edilməsi cavabdeh tərəfindən mübahisələndirilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 1974-1976-cı illərdə Kəlbəcər rayon Çaykənd kəndinin Hacıyev adına Kolxozunda tütünçü vəzifəsində işləmişdir. Kəlbəcər rayon çaykənd kəndinin Hacıyev adına X5 Universitetinə ünvanladığı xx.xx.1976-cı il tarixli 55 nömrəli arayışından görünür ki, verilir H.Hacıyev adına kolxoz üzvü İddiaçı Nüsrət qızının 1975-ci ilin sentyabr ayından 1976-cı ilin oktyabr ayına kimi kolxozda qazanmış olduğu əmək haqqı hər ay üçün olmaqla cəmi əmək haqqı 435,19. Arayış kolxozun idarə heyəti üzvlərinin imza və kolxoza aid möhürlə təsdiqlənmişdir. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilmiş kolxozçunun kitabçasından çıxarışda iddiaçının vəzifəsi, kolxozda işlədiyi illər, kolxozda adam günü norması və işlədiyi adam günlərin saylı qeyd edilmiş və həmin qeydlər kolxoza aid möhürlə təsdiqlənmişdir. Hətta iddiaçıya məxsus pensiya işində olan sənədlərdən görünür ki, iddiaçıya xx.xx.2018-ci ildə əmək pensiyası təyin edilərkən onun kolxozda işlədiyi xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək dövr onun ümumi sığorta stajına daxil edilmişdir (iş mat., səh.81). qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kolxozda işlədiyi həmin dövrlər onun ümumi sığorta stajına hesablanmalıdır. Kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Təqdim olunmuş kolxozçunun əmək kitabçasından görünür ki, 1974, 1975, 1976-cı illərdə H.Hacıyev adına Kolxoz minimum adam günü norması ilə fəaliyyət göstərmişdir. Ona görə də iddiaçının həmin kolxozda işlədiyi ümumi iş stajı hesablanarkən kolxozda minimum adam günü norması nisbətiylə, işlədiyi adam günü miqdarı götürülməklə hesablanmalıdır. Təqdim edilmiş kitabçadan müəyyən olunur ki, kolxozda 1974-1976-cı illərdə minimum adam günü norması 80 gün olduğu halda iddiaçı 1975-ci il üzrə 180 gün, 1976-cı ildə 199 adam günü işləmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı 1975 və 1976-cı illər üzrə minimum adam günü norması şərtini ödədiyindən həmin illər iddiaçının stajına tam il olaraq hesablanmalıdır. Eyni zamanda müəyyən olunur ki, iddiaçı 1974-cü ildə minimum adam günündən az, yəni 52 adam günü işləmişdir. Bu halda faktik müddət üzrə hesablama əsas götürülməlidir. Belə ki, faktiki müddətin hesablanması faktiki işlənmiş adam günlərinin sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum adam günü norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. Bu qaydada hesablama ilə iddiaçının 1974-cü ildə faktiki işlədiyi müddət 07 ay 08 gün (52x12/80=7,8) müəyyən edilir. Beləliklə, iddiaçının kolxozda işlədiyi ümumilikdə 02 il 07 ay 08 gün onun ümumi sığorta stajına hesablanmalıdır. İddiaçının 1985-ci il tarixdən 1992-ci il tarixədək Laçın Rayon Mərkəzi Xəstəxanasının X1 baş həkim işlədiyi dövrlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Laçın Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli 28 nömrəli arayışına əsasən İddiaçı Nüsrət qızı həqiqətən 1985-ci ildən Laçın rayonu işğal olana kimi Laçın RMX-nın X1 həkim-terapevt vəzifəsində işləmişdir. Arayış Laçın Rayon Mərkəzi Xəstəxanasının baş həkim əvəzi R.M.İsfəndiyarov tərəfindən imzalanmış və xəstəxananın möhürü ilə təsdiqlənmişdir. Eyni zamanda Laçın Rayon İcra Hakimiyyəti Laçın Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 48 nömərli Arxiv arayışına əsasən Laçın rayon Dövlət arxivi bildirir ki, iddiaçının 1985-ci ildən xx.xx.1992-ci il tarixə kimi Laçın rayon X1 baş həkim işləməyi barədə olan arxiv sənədləri 1992-ci il may ayının 18-də rayonun Ermənistan Silahlı qüvvələri tərəfindən işğalı ilə əlaqədar işğalda qalıb. Hazırkı iş üzrə iddiaçının təqdim etdiyi əmək kitabçası dublikat əmək kitabçasıdır. Belə ki, iddiaçıya aid ilkin əmək kitabçası, eləcə də Laçın RMX-nin Ağbulaq kənd xəstəxanasına aid sənədlər Laçın 18 may 1992-ci il tarixdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu üçün rayona məxsus arxiv sənədləri işğalda qalmışdır. Laçın Rayon Mərkəzi Xəstəxanası tərəfindən məhkəməyə təqdim edilmiş məktublarda və iddiaçıya verdiyi arayışda iddiaçının həqiqətən 1985-ci ildən Laçın rayonu işğal olana kimi Laçın RMX-nın X1 həkim-terapevt vəzifəsində işlədiyi qeyd edilmişdir. Dubilkat əmək kitabçasında birinci qeyddə iddiaçının Bakı şəhər Təcili və X2 Stansiyasında xx.xx.1992-ci ildən işə qəbul edildiyi yazılmış, həmin tarixədək isə iddiaçının kolxozdakı iş stajından əlavə 07 il 05 ay tibb stajı olduğu qeyd edilmişdir. Bundan əlavə “Laçın Rayon Mərkəzi Xəstəxanası" X4 təqdim etdiyi əmrlərin surətindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Laçın Rayon Mərkəzi Xəstəxanasının xx.xx.1992-ci il tarixli, 02 nömrəli əmri ilə Laçın rayonu işğal olandan sonra öz əvvəlki iş yeri hesabına, yəni Ağbulaq KX-nın Baş həkimi (həkimterapevt) işdə saxlanmış, həmin vəzifədən yalnız xx.xx.2004-cü il tarixli, 14 nömrəli əmri ilə azad edilmişdir. Başqa sözlə, iddiaçı xx.xx.1992-ci il tarixli əmrlə ilk dəfə vəzifəyə təyin edilməmiş, işğalla əlaqədar məcburi köçkün düşdükdən sonra onun əvvəlki iş yeri və vəzifəsi 1992-ci il tarixdən saxlanılmışdır. İddiaçının 1992-ci ildən əvvəlki əmək fəaliyyəti ilə bağlı sənədlərin arxiv əsaslarının hazırkı halda təqdim edilə bilməməsi iddiaçıdan asılı olan hal kimi qəbul edilə bilməz. İddiaçının Laçın rayon X1 işlədiyi dövrü şübhə altına alan əsaslı sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Qeyd olunanlara əsasən əmək kitabçasında qeyd edilən xx.xx.1992-ci ildən əvvəlki 07 il 05 ay tibb stajı iddiaçının ümumi sığorta stajına hesablanmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Göründüyü kimi, iddiaçının sözügedən müəssisələrdə əmək fəaliyyəti onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunmasına zərurəti yoxdur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bu baxımdan cavabdeh tərəfindən iddiaçının iş stajını təsdiq edən əlavə sübutların tələb edilməsi qeyd olunan normanın tələblərinin pozması kimi qiymətləndirilməlidir. Beləliklə, hazırda mübahisələndirilən dövrlərin yaşa görə əmək pensiyası hesablanarkən ümumi iş stajına daxil edilməməsi əsassızdır. İddiaçı həmin dövrlərin sosial sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlıdır. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8682/2023 nömrəli, 06 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar