Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1923/2021 02.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsi ilə, Tağızadə Mirzə Nəsib oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin qoyulması tələblərinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3469/2019 nömrəli iş üzrə 30 oktyabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ona 1976-1981-ci illərdə təhsil müddətinin ümumi sosial sığorta stajına daxil edilməklə 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin iddiaçıya pensiya təyin etməkdən imtina etməsi əsassızdır. Belə ki, 01.08.1997-ci ilə qədər 20 il 11 ay 24 gün ümumi və 15 il 11 ay 24 gün güzəştli iş stajı vardır. Həmçinin onun 07.08.1981-ci ildən 01.08.1997-ci ilədək işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 1 nömrəli Siyahısı”nın X bölməsində öz əksini tapmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30.10.2019-cu il tarixli, 2- 1(81)3469/2019 nömrəli qərarı ilə (hakim T.Əsədova) iddia təmin edilmiş, iddiaçıya 1976- 1981-ci illərdə təhsil aldığı müddətin ümumi sosial sığorta stajına daxil edilməklə 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 01.08.1997-ci ilə qədər 20 il 11 ay 24 gün ümumi və 15 il 11 ay 24 gün güzəştli iş stajı mövcuddur. Həmçinin, iddiaçının 07.08.1981-ci ildən 01.08.1997-ci ilədək işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 1 nömrəli Siyahısı”nın X Bölməsindəki 110000a-19238 – tərkibində hidrogen, sulfit olan qaz və kondensatların mədəndən zavoda qədər nəql edildiyi boru kəmərlərinin xidməti ilə məşğul olan xətti boru kəməri çəkənlər peşəsinə uyğunlaşdırılmalıdır. Göstərilənlərə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən iddiaçıya 50 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçının 10 illik xüsusi sığorta stajı tamamlanmamışdır, çünki, çalışmış olduğu “sahə rəisi” və “baş mühəndis” vəzifələri “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda göstərilməmişdir. İddiaçının əmək fəaliyyətinə görə hesablanan sığorta stajının güzəştli şərtlərlə pensiya hüququ verən xüsusi sığorta stajına daxil olduğu nə iddiaçının əmək kitabçasında, nə də “SOCAR” tərəfindən verilən 01.03.2018 və 30.03.2018-ci il tarixli arayışlarda göstərilməmişdir. Aşağıda iddiaçının hansı dövrlərdəki sığorta stajının xüsusi sığorta stajına aid olduğu araşdırılmışdır: İddiaçının təqdim etdiyi, “Sığortaolunanın ümumi iş stajı barədə Məlumat” vərəqəsindən görünür ki, iddiaçının “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcı” peşəsi üzrə 07.08.1981-ci il tarixdən 01.01.1982-ci tarixədək olmaqla 8 ay 10 gün; “usta” peşəsi üzrə 01.01.1982-ci il tarixdən 01.11.1984-cü il tarixədək olmaqla 2 il 10 ay; iş icraçısı vəzifəsində 01.11.1984-cü il tarixdən 11.02.1989cu il tarixədək olmaqla 4 il 3 ay 10 gün, cəmi 7 il 9 ay 20 gün xiisusi sığorta stajı vardır. İddiaçı daha sonra, 11.02.1989-cu il tarixdən 18.07.1991-ci il tarixədək “sahə rəisi” vəzifəsində, 18.07.1991-ci il tarixdən 01.05.2001-ci il tarixədək isə “Azərdənizneftinşaat” trestinin Neft Daşlarında yerləşən Tikinti Quraşdırma İdarəsində 10 il müddətində “baş mühəndis” vəzifəsində işləmişdir. Halbuki, AR Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən “baş mühəndis” vəzifəsində çalışan şəxslərin sığorta stajı yalnızca “Dağ-mədən işləri” bölməsi üzrə bu sahədə çalışan şəxslərə aiddir. İddiaçının çalışdığı Tikinti Quradırma İdarəsinə uyğun olan 29-cu - “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində “Baş mühəndis” və “sahə rəisi” vəzifələri yer almamışdır. Deməli, bu vəzifələr güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısına daxil deyil. Buna görə də, iddiaçının 11.02.1989-cu il tarixdən 01.05.2001-ci il tarixədək olan sığorta stajı xüsusi sığorta stajına daxil deyil. Həmçinin, təqdim etdiyi sənədlərdən göründüyü kimi, iddiaçı 01.05.2001-ci ildən sonrakı əmək fəaliyyəti dövründə “rəis” və “baş mühəndis” vəzifələrində işləmişdir. Bu vəzifələrin isə heç biri iddiaçının çalışdığı kateqoriya üzrə Siyahıda göstərilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.01.2020-ci il tarixli, 21(103)-174/2020 nömrəli qərarı ilə (hakimlər C.Yusifov (sədrlik edən və məruzəçi), V.Ağayev və A.Nuriyeva) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30.10.2019-cu il tarixli, 2-1(81)-3469/2019 nömrəli qərarı ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.01.2020-ci il tarixli, 2- 1(103)-174/2020 nömrəli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)1458/2020 nömrəli, 14.07.2020-ci il tarixli qərarı ilə (hakimlər N.Rəsulbəyova (sədrlik edən və məruzəçi), R.Nəbizadə və İ.Hüseynov) kassasiya şikayət qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 09.01.2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2020-ci il tarixli, 2-1(103)-1562/2020 nömrəli qərarı ilə (hakimlər V.Məmmədov (sədrlik edən və məruzəçi), E.Nağıyeva və H.Həmidov) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)3469/2019 nömrəli iş üzrə 30 oktyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsi və iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 26.05.2021-ci il tarixli, 2-1(102)-896/2021 saylı qərarına əsasən iddiaçının kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2020ci il tarixli 2-1(103)-1562/2020 nömrəli qərarı ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Növbəti apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3469/2019 nömrəli iş üzrə 30 oktyabr 2019-cu il tarixli qərarının ləğv olunması, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası iclasa çağırılan iddiaçının (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1959-cu ildə doğulmuşdur və Bakı şəhərində yaşayır. İddiaçıya məxsus əmək kitabçasında, arayışda və diplomda əksini tapmış məlumatlara əsasən o, 1976-1981-ci illərdə Azərbaycan Mühəndis İnşaat İnstitutunda təhsil almış, 07.08.1981-ci ildən 01.05.2001-ci ilə qədər “Azərdənizneftinşaat” Trestinin Neft daşlarında yerləşən 2 saylı Tikinti Quraşdırma İdarəsində polad və dəmir beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı, dənizdə yüksək təzyiqli neft və qaz boru kəmərlərinin çəkilməsində usta, iş icraçısı, sahə rəisi, baş mühəndis işləmiş, 01.05.2001-ci ildən 02.04.2007-ci ilə qədər isə həmin idarədə rəis və baş mühəndis işləmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaçının xahişini təmin etməkdən imtina etmiş və iddiaçıya 21.06.2019-cu il tarixli məktubla cavab verərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun güzəştli iş stajı 12 il 6 aydan azdır. İşə kassasiya şikayətinə əsasən sonüncü dəfə baxılarkən Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr siyahıdakı kodlarla müvafiq qaydada uyğunlaşdırılmalıdır. İddiaçının iş yeri barədə təqdim etdiyi arayışlarda onun işlədiyi ümumi stajı göstərilmiş və işlədiyi vəzifələr sadalanmış, lakin onun çalışmış olduğu peşələrin 1 nömrəli Siyahının hansı koduna uyğun olması öz əksini tapmamışdır. Apelyasiya instansiyası məhkəməsi bu arayışları, iddiaçının işlədiyi peşə və vəzifənin 50 yaşdan xüsusi şərtlərlə pensiya təyin olunmasına imkan verən peşə və vəzifə kimi müəyyən edən sübut kimi qəbul etməməkdə haqlı olmuşdur. Lakin məhkəmə iddiaçıya həmin arayışların «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»n 2 nömrəli Əlavəsində nəzərdə tutulan iş yerinin arayışı üçün zəruri məzmuna malik olmadığını bildirməmiş, ona həmin arayışlarda işlədiyi peşə və vəzifələrin güzəştli şərtlə pensiya hüququ verən peşə və vəzifələr olubolmaması göstərilməklə təqdim olunmasını təklif etməmiş, bununla bağlı məhkəmə öz təşəbbüsü ilə sorğu göndərməmişdir. Halbuki, Azərbaycan Respublikası İPM-nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalıdır. Belə ki, Ali Məhkəmənin göstərişlərinə uyğun olaraq növbəti apellyasiya baxışı zamanı məhkəmə tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə müvafiq məzmunda sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq Şirkət tərəfindən məhkəməyə ünvanlanmış məktuba əsasən müəyyən edilmişdir ki, İddiaçı aşağıda qeyd edilən illərdə göstərilən peşə və vəzifələrdə işləmişdir: -07.08.1981-ci il tarixindən 31.12.1981-ci il tarixinədək “Azərdəniznetfinşaat” Trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsində polad və dəmir- beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı (əmr № 82/k, 07.08.1981-ci il); (sözügedən idarə “Neft Daşlarf’nda yerləşib). -01.01.1982-ci il tarixindən 31.10.1984-cü il tarixinədək usta (əmr № 1/k, 01.01.1982ci il); -01.11.1984-cü il tarixindən 10.02.1989-cu il tarixinədək iş icraçısı (əmr № 110/k, 01.11.1984-cü il). Yuxarıda qeyd edilən peşə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin (AR NK) 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu maddəsində (bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) nəzərdə tutulmuşdur. İddiaçı 11.02.1989-cu il tarixindən sonra çalışdığı sahə rəisi, baş mühəndis, idarə rəisi vəzifələri AR NK-nin yuxarıda qeyd edilən qərarında nəzərdə tutulmamışdır. Göründüyü kimi iddiaçının tələb olunan 10 il güzəştli stajı tamamlanmamışdır. Ona görə də məhkəmə apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək iddianın rədd edilməli olduğuna dair nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3469/2019 nömrəli iş üzrə 30 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3469/2019 nömrəli iş üzrə 30 oktyabr 2019-cu il tarixli qərarı ləğv olunsun. İş üzrə yeni qərar qəbul olunsun. İddiaçı iddiası təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-1923/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1923/2021
02.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver