Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1923/2022 24.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil, üçüncü şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X3, üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə qarşı (üçüncü şəxslər Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) “göndərişin etibarsız sayılması barədə inzibati aktın ləğv edilməsi və göndərişin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2- 1(112)-439/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Sosial Müdafiə Fonduna, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə və Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «dayandırılmış pensiya ödənişinin bərpa edilməsi, dəymiş mənəvi zərərin ödənilməsi, vəsaitin geri qaytarılmasının əsassız sayılaraq ləğv edilməsi, hüquqi xidmətə görə xərcin tutulması» tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AAC0H saylı göndərişi əsasında 25 yanvar 2018-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik dərəcəsi verilərək pensiya təyin olunmuşdur. Lakin 31 may 2019-cu il tarixdə qanunsuz olaraq iddiaçının əlillik vəziyyəti “X9”ndə etibarsız hesab edilmiş və təyin olunmuş pensiya ödənişi dayandırılmışdır. Bunun səbəbi kimi cavabdeh göndərişin əsassız olduğunu bildirmişdir. İddiaçı əlillik vəziyyətinin araşdırılması ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə məktub ünvanlamışdır. Həmin Xidmətin verdiyi **********6 nömrəli 25 oktyabr 2019-cu il tarixli cavab məktubunda qeyd olunur ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən daxil olmuş 22 may 2019-cu il tarixli 029-1354-1219 nömrəli məktuba əsasən səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilimiş göndəriş əsassız hesab edildiyindən, onun əlilliyi “X9”ndə etibarsız edilmişdir. Diqqət çəkən odur ki, Xidmət göndərişin səhiyyə müəssisəsi tərəfindən verildiyini qəbul edir, lakin əsassız olması ilə bağlı heç bir sübut, dəlil bildirmir. Hesab edilir ki, bu hal qəbuledilməzdir və vətəndaşların ən təməl hüquqlarından biri olan sosial təminat hüququnu pozur, inzibati orqanlara istənilən qərar qəbul etmək imkanını yardır. Ona görə də AR Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AACOH saylı göndərişinin əsassız hesab edilməsi və əlilliyin “X9”ndə etibarsız edilməsi yalnız məhkəmə qaydasında həyata keçirilməlidir. Xidmət bu məsələnin məhkəmə qaydasında həll olunması əvəzinə, özü akt qəbul edərək onun (iddiaçının) hüquqlarını pozub. Hesab olunur ki, Xidmət AR Daxili İşlər Nazirliyindən daxil olmuş 22 may 2019-cu il tarixli 029- 1354-1219 nömrəli məktuba əsasən səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilimiş göndərişin əsassız olduğunu və əlilliyin “X9”ndə etibarsız edilməsi məhkəmə qaydasında əsaslandırmalı və sübut etməlidir. Bu, sübut olunmazsa, pozulmuş hüquqları bərpa etməlidir. İddiaçı həmin məsələ ilə bağlı Xidmətin yuxarı orqanı olan digər cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ərizə ilə 10 sentyabr 2020-ci il tarixində müraciət etmişdir. Ərizədə onun AR Müdafiə Nazirliyin N saylı hərbi hissəsində ön cəbhədə şərəflə xidmət etdiyi, xidmət vaxtı baş ağrıları, baş gicəllənməsi, əsəbilikdən, əsəbləşən zaman sol gözünün tutulmasından səbirsizlik, qorxu, həyəcan, təşviş hissi və yuxu pozğunluqlar baş verdiyi bildirilmişdir. Ərizədə həmçinin qeyd olunanlarla bağlı sübutların Silahlı Qüvvələrin Baş X1 bölməsinin “çıxarış epikrizi” və s. sənədlərində mövcud olduğunu, bütün bunlara əsasən əlillik vəziyyətinin araşdırılması ilə bağlı ərizəyə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Xidmətində obyektiv şəkildə baxılılmadığı bildirilmiş və xahiş olunmuşdur ki, əlillik vəziyyətinin yenidən obyektiv şəkildə araşdırılaraq qanuna zidd verilmiş qərarın ləğv edilməsi ilə bağlı müvafiq göstəriş verilsin. Lakin bu günədək AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən hər hansı cavab verilməyib. Bundan başqa, iddiaçı eyni məzmunlu ərizə ilə 10 sentyabr 2020-ci il tarixdə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə də müraciət etmişdir. Həmin məktuba Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 16 sentyabr 2020-ci il tarixli məktub (məktub 24 sentyabr 2020-ci il tarixdədə çatdırılmışdır) ilə cavab verildi. Cavab məktubda deyilir ki, AR Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 12 fevral 2018-ci il tarixli MN-09987 nömrəli məlumat vərəqəsinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinə uyğun olaraq ona (iddaçıya) Mərkəzi Filial tərəfindən 25 yanvar 2018-ci ildən hesablanmaqla “hərbi xidmət dövrü ilə əlaqədar” İİ qrup əlilliyə görə təminat xərcliyinin (701,75 manat) 55 faizi – 385,96 manat məbləğində pensiya təyin olunmuşdur. Dövlət Sosial Müdafiə Fondu onun əlilliyi ilə bağlı müayinə sənədlərinin “X9”ndə etibarsız sayılması ilə əlaqədar ödənilən əmək pensiyasının daynadırılması və artıq ödənilən vəsaitin dövlət büdcəsinə bərpa edilməsi barədə Mərkəzi Filiala tapşırıq vermişdir. Bununla əlaqədar pensiya ödənişi 31 may 2019-cu il tarixindən dayandırılmışdır. Buradan da məlum olduğu kimi, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi (Mərkəzi Filial) də heç bir əsaslandırma vermədən və sübut təqdim etmədən bildirir ki, onun pensiyası dayandırılır. Hesab olunur ki, bu hərəkət də qanuna ziddir və cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi və bu İdarənin yuxarı orqanı olan cavabdeh Dövlət Sosial Müdafiə Fondu məhkəmədə haqlı olduqlarını sübut etməlidilər. Əgər sübut olunmursa, ona verilməsi 31 may 2019-cu il tarixdə dayandırılmış pensiya ödənişi həmin tarixdən bərpa olunmalıdır. İddia tələbinin predmetini 31 may 2019-cu il tarixdə dayandırılmış pensiya ödənişinin həmin tarixdən bərpa olunması, dəyən maddi mənəvi zərərin tutulması və geri ödənilməsi tələb edilən vəsaitə dair xitam verilməsi təşkil edir. Məhkəmənin 1 oktyabr 2021-ci il tarixli qərardadı ilə AR Daxili İşlər Nazirliyinin Tibbi İdarəsi inzibati məhkəmə icraatına cavabdeh qismində cəlb olunmaqla iddianın «göndərişin etibarsız sayılması barədə inzibati aktın ləğv edilməsi və göndərişin bərpa edilməsi» kimi dəyişdirilməsi qəbul edilmiş, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Dövlət Sosial Müdafiə Fondunun cavabdeh kimi işdə prosessual iştirakına xitam verilmiş, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı cavabdeh kimi prosessual iştirakına xitam verilməklə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Cavabdeh inzibati orqan etirazında göstərmişdir ki, AR DİN Tibb İdarəsinə bilavasitə tabe olan poliklinikaların X2 tərəfindən göndərişlər (Forma 88) poliklinikalarda tibbi qeydiyyatda olan və Nazirliyin Xüsusi Həkim Komissiyaları tərəfindən tibbi şəhadətləndirilən şəxslər barədə tərtib edilərək əlillik dərəcəsinin təyin edilməsi üçün AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiza və X5 daxil edilir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2018-ci ildə müraciəti əsasında aparılmış araşdırmalar nəticəsində Daxili İşlər Nazirliyinin poliklinikalarında tibbi qeydiyyatda olmayan, XHK tərəfindən şəhadətləndirilməyən vətəndaşlar barəsində tərtib edilmiş göndərişlər əsasında əlillik təyinatlarının aparıldığı müəyyənləşmiş və bu səbəbdən qeyd olunan göndərişlər etibarsız hesab edilmişdir. Daxili İşlər nazirinin müvafiq əmri ilə poliklinikaların bu işə məsul vəzifəli şəxsləri daxili işlər orqanlarında xidmətdən xaric edilmişlər. Əlillik dərəcəsinin təyin edilməsi üçün AR DİN Tibb İdarəsinin poliklinikaları tərəfindən göndərişlər (Forma 088) İdarənin poliklinikalarında tibbi qeydiyyatda olan daxili işlər orqanlarının əməkdaşları barəsində tərtib edilərək AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiza və X5 daxil edilir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında aparılmış araşdırmalar nəticəsində bu işə məsul vəzifəli şəxslər tərəfindən idarənin poliklinikalarında tibbi qeydiyyatda durmayan vətəndaşlar barəsində tərtib edilmiş göndərişlərin əsassız hesab olunması üçün AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilmişdir. Bakı İnzibati Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2-1(112)-439/2022 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2-1(112)-439/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin halları ilə müəyyən olunur ki, İddiaçı əlillik vəziyyəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AAC0H saylı göndərişi əsasında 25 yanvar 2018-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik dərəcəsi verilərək pensiya təyin olunmuşdur. Lakin 31 may 2019-cu il tarixdə iddiaçının əlillik vəziyyəti “X9”ndə etibarsız hesab edilmiş və təyin olunmuş pensiya ödənişi dayandırılmışdır. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında» Əsasnamənin 97-ci maddəsinə görə daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının tibb müəssisələrində pulsuz tibb xidməti göstərilir. Həmin Əsasnamənin 98-ci maddəsinə görə daxili işlər orqanları əməkdaşlarının xidmət keçdiyi, yaxud yaşadığı yerlərdə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının tibb müəssisələri olmadığı hallarda daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə digər dövlət tibb müəssisələrində pulsuz xidmət göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 1.1-ci bəndinə görə bu Qayda «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Qaydanın 1.2-ci bəndnə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Qaydanın 2.4-cü bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, tibbi-sosial ekspert komissiyalarının müraciəti əsasında bu müddət Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 15 iş gününədək uzadıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.2-ci bəndinə görə şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən verilir. Həmin Qaydanın 1.3-cü bəndinə əsasən göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. Həmin Qaydanın 1.4-cü bəndinə görə göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Qüvvədə olan normativ hüquqi aktların tələblərinə və mövcud inzibati praktikaya görə şəxsə müayinənin nəticələri üzrə əlilliyin müəyyən olunması məqsədilə göndəriş vermək hüququ onun xidmət orqanından və ya yaşayış yerindən asılı olaraq uçotda olduğu tibb müəssisəsinə məxsusdur. Müvafiq icra hakimiyyəti kimi Daxili İşlər Nazirliyinin tibb müəssisələrində isə, yalnız daxili işlər orqanları əməkdaşlarına (və ailə üzvləri) müvafiq xidmət göstərilə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 12-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 13-cü maddəsinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 65.1.2-ci maddəsinə görə müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Şəxsə müayinənin nəticələri üzrə əlilliyin müəyyən olunması məqsədilə göndəriş vermək hüququ onun xidmət orqanından və ya yaşayış yerindən asılı olaraq uçotda olduğu tibb müəssisəsinə məxsusdur. Bu isə, belə deməyə əsas verir ki, müvafiq icra hakimiyyəti kimi Daxili İşlər Nazirliyinin tibb müəssisələrində isə, yalnız daxili işlər orqanları əməkdaşlarına (və ailə üzvləri) müvafiq xidmət göstərilə bilər. Bununla əlaqədar birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı AR Daxili İşlər Nazirliyinin strukturlarında xidmət etmədiyi halda, əlillik təyin olunarkən onun barəsində müvafiq göndəriş həmin Nazirliyin tabeliyindəki tibb müəssisəsi tərəfindən verilmişdir. Hansı ki, qurum buna səlahiyyətli olmamışdır. Səlahiyyəti olmayan qurum tərəfindən verilmiş göndəriş isə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə görə etibarsız sayılır. Göründüyü kimi birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla işin hallarına uyğun olmuş, cavabdehin imtina etməsi qanuni və əsaslı olmuş, iddiaçının hüquqları pozulmamışdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2-1(112)-439/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-1923/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1923/2022
24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver