Məhkəmə qərarları › İş №2-1(103)-1923/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1923/2023

07.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1923/2023 07.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs Qusar Rayon Mərkəzi Xəstəxanası) “əlilliyin bərpa edilməsi və s.” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-869/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs Qusar Rayon Mərkəzi Xəstəxanası) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyinin səbəbinin dəyişdirilməsi haqqında xx.xx.2021-ci il tarixli müraciətinin cavablandırılmamasında ifadə olunan cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi və əlilliyinin səbəbinin “hərbi xidmət dövrü ilə əlaqədar” ifadəsindən “hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar” ifadəsinə dəyişdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı təyin edilmiş əlilliyinin ləğv edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətləri qanunsuz sayılaraq, iddiaçıya verilmiş əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması, həmçinin əlilliyinin səbəbinin "hərbi xidmət dövrü ilə əlaqədar" əvəzinə “hərbi xidmət vəzifəsinin icrası ilə əlaqədar” kimi dəyişdirilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-869/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı təyin edilmiş əlilliyinin ləğv edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətləri qanunsuz sayılaraq, iddiaçıya verilmiş əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması, həmçinin əlilliyinin səbəbinin "hərbi xidmət dövrü ilə əlaqədar" əvəzinə “hərbi xidmət vəzifəsinin icrası ilə əlaqədar” kimi dəyişdirilməsi vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə olunması qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-869/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyəti Qusar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli 0248003AAGA5 saylı göndərişi əsasında baxılmış, “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y85-Y89 - Xəstələnmənin və ölümün xarici səbəblərinin təsirinin nəticələri => Y89 - Digər xarici səbəblərin nəticələri => Y89.0 - Qanunda nəzər...; Diaqnozun mətni: Qanunda nəzərdə tutulmuş hərəkətlərin nəticələri, Hərbi xidməti yerinə yetirərkən aldığı travma: "Sağ bud sümüyünün orta 1/3 -nin qapalı, qəlpəli travmadan sonra İlizarov aparatı ilə osteosintezdən sonrakı vəziyyəti"; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Köməkçi diaqnostik müayinə ağırlaşmaları təsdiq etmir, osteomielitin mərhələsi dəqiqləşdirilməyib” səbəbi ilə imtina verilmişdir. Həmin xəstəxananın xx.xx.2019-cu il tarixli 0248003AAGGJ saylı göndərişi əsasında baxılmış, “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri =>Y85-Y89 - Xəstələnmənin və ölümün xarici səbəblərinin təsirinin nəticələri => Y89 - Digər xarici səbəblərin nəticələri => Y89.0 - Qanunda nəzər...; Diaqnozun mətni: Sağ bud sümüyünün orta 1/3-nin qapalı, qəlpəli travmadan sonra İlizarov aparatı ilə osteosintezdən sonrakı vəziyyəti. Hərəki istinad funksiyasının mühüm dərəcədə pozulması. Sağ bud sümüyünün xroniki tez-tez residivləşən osteomieliti, Sağ bud çanaq və diz oynaqlarının artroz artritı. Sağ bud çanaq və diz oynaqlarının müştərək kontrakturaları; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Travmanın ağırlaşmaları dəqiqləşdirilməyib” səbəbi ilə imtina verilmişdir. Sözügedən xəstəxananın xx.xx.2020-ci il tarixli 0248003AAGQN saylı göndərişi əsasında baxılmış, “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y85-Y89 - Xəstələnmənin və ölümün xarici səbəblərinin təsirinin nəticələri => Y89 - Digər xarici səbəblərin nəticələri => Y89.0 - Qanunda nəzər...; Diaqnozun mətni: Qanunda nəzərdə tutulmuş hərəkətlərin nəticələri, Hərbi xidməti yerinə yetirərkən aldığı travma: "Sağ bud sümüyünün orta 1/3-nin qapalı, qəlpəli travmadan sonra İlizarov aparatı ilə osteosintezdən sonrakı xx.xx.2001 - xroniki, tez-tez kəskinləşən, sekvestrləşən osteomiyelit. Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, Hərəki istinad funksiyasının mühüm dərəcədə pozulması. Digər xroniki osteomielit, Sağ bud sümüyünün xroniki tez-tez residivləşən osteomieliti. Bud sümüyünün qısalması, Sağ aşağı ətrafın 55 mm nisbi qısalığı. Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Sağ aşağı ətrafın yumşaq toxumalarının hipotrofıyası. İkincili çox saylı artroz, Sağ bud çanaq və diz oynaqlarının artroz artritı. Oynaqların kontrakturası, Sağ bud çanaq və diz oynaqlarının müştərək kontrakturaları. Nevrasteniya, Asteno nevtrotik sindrom; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Əlillik dərəcəsi və səbəbi təyin etmək üçün diaqnoz dəqiqləşdirilsin” səbəbi ilə imtina verilmişdir. xx.xx.2020-ci il tarixli 0248003AAGZ4 saylı göndərişi əsasında baxılmış, “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y85-Y89 - Xəstələnmənin və ölümün xarici səbəblərinin təsirinin nəticələri => Y89 - Digər xarici səbəblərin nəticələri => Y89.0 - Qanunda nəzər...; Diaqnozun mətni: Qanunda nəzərdə tutulmuş hərəkətlərin nəticələri, Hərbi xidməti yerinə yetirərkən aldığı travma: "Sağ bud sümüyünün orta 1/3-nin qapalı, qəlpəli travmadan sonra İlizarov aparatı ilə osteosintezdən sonrakı deformasiya; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Rentgen müayinəsi dolğun yazılmayıb. Əlillik dərəcəsini təyin etməyə əsas verən xəstəliyin ağırlaşması müayinələrlə dəqiqləşdirilsin” səbəbi ilə imtina verilmişdir. Xəstəxananın xx.xx.2020-ci il tarixli 0248003AAG44 saylı göndərişi əsasında baxılmış, “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y85-Y89 - Xəstələnmənin və ölümün xarici səbəblərinin təsirinin nəticələri => Y89 - Digər xarici səbəblərin nəticələri => Y89.0 - Qanunda nəzər...; Diaqnozun mətni: Y89.0 Qanunda nəzərdə tutulmuş hərəkətlərin nəticələri, Hərbi xidməti yerinə yetirərkən aldığı travma: "Sağ bud sümüyünün orta 1/3-nin qapalı, qəlpəli travmadan sonra İlizarov aparatı ilə osteosintezdən sonrakı deformasiya. Ağırlaşma R26.2 Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, Hərəki istinad funksiyasının pozulması ilə. Ağırlaşma M24.5 Oynaqların kontrakturası, Sağ bud çanaq və diz oynaqlarının müştərək kontrakturaları. Ağırlaşma M15.3 İkincili çox saylı artroz, Sağ bud çanaq və diz oynaqlarının artroz artriti. Ağırlaşma Q72.4 Bud sümüyünün qısalması, Sağ aşağı ətrafın 2 sm nisbi qısalığı. Ağırlaşma M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Sağ aşağı ətrafın yumşaq toxumalarının hipotrofiyası. Yanaşı xəstəliklər F48.0 Nevrasteniya, Asteno nevtrotik sindrom; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstənin ağırlıq dərəcəsi, funksional pozğunluğu və ekspertiza üçün əhəmiyyətli olan digər xüsusiyyətləri qeyd edilməmişdir” səbəbi ilə imtina verilmişdir. Qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları vasitəsi ilə həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-912/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarından görünür ki, hazırki mübahisədə olduğu kimi həmin mübahisə ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsi ilə bağlı olmuşdur ki, kassasiya instansiya məhkəməsi qeyd edir ki, sadalanan maddi hüquq normasının tələbi ondan ibarətdir ki, hər bir halda əlilliyin 5 ilə və ya müddətsiz təyin edilməsində ərizəçinin müayinədən keçməsi və tələb olunan meyarlara uyğun olması şərtdir. Göstərilən şərtlər təsdiqləndiyi halda iddiaçıya münasibətdə onun istinad etdiyi əsasnamənin 4.2-ci bəndi tətbiq olunacaqdır. İddiaçı ikinci dərəcə əlilliyin 10 il fasiləsiz olaraq təyin olunduğunu qeyd edərək ona ikinci dərəcəli əlilliyin tibbi komissiyasının göndərişi olmadan müddətsiz müəyyən olunmasını xahiş etmişdir. Yuxarıda qeyd olunan normanın məzmununa əsasən ikinci dərəcəli əlilliyin müddətsiz müəyyən olunmasını üçün əlilliyin mövcudluğu labüddür. Belə ki, norma, ikinci dərəcə əlilliyin fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlilliyin müddətsiz müəyyən olunmasının göstərişini verir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan 22 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının SER-TSE- 01 350332 nömrəli Arayışının surətindən görünür ki, İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir (Əsas - xx.xx.2007-ci il tarixli müayinə aktı). İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Qusar rayon Xidmət Nümayəndəliyinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixdən İİ qrup əlil olaraq ömürlük 254,85 manat pensiya ödənilir. İş materiallarında olan Səhiyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli 0248003AAG44 №li göndərişində qeyd olunur ki, iddiaçı 2001-ci ildə Hərbi xidmət vəzifələrinin yerinə yetirirkən aldığı travmadan sonra sağ bud-çanaq və diz oynağının aktiv və passiv hərəkətlər məhdudlaşıb və ağrılıdır. Hərəki istinad funksiyası pozulmuşdur. 2007-dən pensiya alır, İİ qrup Əlildir, hal-hazırda səbəb dəyişdirmək üçün TSEK-ə göndərilir. Göndəriş üçün əsas - “Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar”-dır. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2753/2019 saylı xx.xx.2019-cu il tarixli qərarına əsasən İddiaçı iddiası təmin edilmiş, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2002-ci il tarixli 197 saylı “Xəstəlik haqqında şəhadətnamə”də İddiaçı aldığı travmanın səbəb əlaqəsi dəyişdirilərək, “Hərbi travmadır, hərbi xidməti vəzifələrini yerinə yetirərkən almışdır” kimi yazılması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 2417 nömrəli xx.xx.2019-cu il tarixli məktubuna əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin İddiaçı barədə 2-1(81)-2753/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı xx.xx.2019-cu il tarixdə MN MHHK tərəfindən icra edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 688 nömrəli xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir: “Qusar RHK tərəfindən 2000-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə hərbi xidmət vəzifələrini yerinə yetirərkən xx.xx.2001-ci ildə aldığı və xx.xx.2002ci ildə MN Mərkəzi Hərbi Klinik Hospitalın cərrahiyyə profilli hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş travmanın nəticəsi-diaqnoz: “Sağ bud sümüyünün orta 1/3-nin qapalı, qəlpəli sınığına (xx.xx.2001) görə aparılmış Q.A.İlizarov üsulu ilə ocaqdankənar osteosintezi cərrahiyyə əməliyyatından (xx.xx.2001) sonrakı bərkimiş sümük döyənəyi, sağ diz oynağının açıq kontrakturası, sağ aşağı ətrafın funksiyasının mülayim dərəcədə pozulması" (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsinin xx.xx.2019-cu il tarixli 818 nömrəli göndərişi, xx.xx.2019-cu il tarixli 135 nömrəli arayışı, MN Mərkəzi Hərbi Klinik Hospitalından verilmiş xx.xx.2002-ci il tarixli 197 nömrəli xəstəlik haqqında şəhadətnamənin surəti, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)-2753 nömrəli qərarı, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR”. MN Mərkəzi Hərbi Klinik Hospitalından verilmiş travmanın hərbi xidmətlə səbəb əlaqəsi haqqında xx.xx.2002-ci il tarixli qərarı ləğv edilir. ƏSAS: -1. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)-2753 nömrəli qərarı; - 2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin c) yarımbəndi.” İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.2022-ci ildə Agentlikdə nəzarət qaydasında komissiyada əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, şəxsin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı “Sağ bud sümüyünün orta 1/3-nin İlizarov aparatı ilə osteosintezdən sonrakı deformasiyası, hərəki istinad funksiyasının pozulması ilə. Sağ bud-çanaq və diz oynaqlarının müştərək kontrakturaları, Bud-çanaq və diz oynaqlarının artroz artriti” diaqnozu – anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə»nin: 1.3-cü bəndinə əsasən TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin, Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. 1.5-ci bəndinə əsasən əlillik müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən müəyyən edilir. 4.1-ci bəndinə əsasən şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.3-cü bəndinə əsasən göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir. 4.7-ci bəndinə əsasən səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar. 4.9-cu bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 Sosial Ekspertiza və X3 ötürülür. 4.9-1-ci bəndinə əsasən TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. 4.16-cı bəndinə əsasən TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. 4.17-ci bəndinə əsasən qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir. 4.19-cu bəndinə əsasən hər iş gününün sonunda TSEK tərəfindən gün ərzində aparılmış əlilliyin qiymətləndirilməsi hallarını özündə əks etdirən protokol tərtib olunur və hər bir komissiya üzvü tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək TSERAS-a daxil edilir. 4.26-cı bəndinə əsasən əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi» Qaydasının: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən - 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən - 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6-cı bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır (xx.xx.2022-ci ilədək olan redaksiyası). 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.1-ci bəndinə əsasən əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda; 3.7-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1-ci bəndinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci bəndinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci bəndinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2-ci bəndinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3-cü bəndinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 25.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İşin faktiki hallarından görünür ki, İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir və ona xx.xx.2002-ci il tarixdən İİ qrup əlil olaraq ömürlük pensiya ödənilir. İddiaçıya təyin edilmiş əlilliyin səbəbinin dəyişdirilməsi üçün xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020-ci il tarixlərdə Qusar rayon Mərkəzi Xəstəxanası PHŞ Həkim Məsləhət Komissiyasının qərarı ilə göndəriş rəsmiləşdirilsə də, göndərişin natamam doldurulması səbəbi ilə imtina verilmişdir. İddiaçı qeyd edilən imtinaları nəzərə alaraq əlilliyinin səbəbinin “hərbi xidmət dövrü ilə əlaqədar” ifadəsindən “hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar” ifadəsinə dəyişdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin hazırkı iş məhkəmənin icraatında olduğu müddətdə cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əlillik dərəcəsi ləğv edilmiş və Əlillik altsistemində ləğv edilmişdir. Belə ki, hazırkı iş xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olsa da, cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əlillik 2021-ci ilin noyabr ayında ləğv edilmişdir. İddiaçı məhkəmə icraatının gedişində əlilliyin bərpa edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, ona hər hansı cavab verilməmişdir. Bundan sonar iddiaçı ona təyin edilmiş əlilliyin ləğv edilməsini nəzərə alaraq iddia tələbini dəqiqləşdirmiş və məhkəmədən “ona təyin edilmiş əlilliyinin ləğv edilməsi ilə bağlı cavabdehin hərəkətləri qanunsuz sayılaraq, ona verilmiş əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması, həmçinin əlilliyinin səbəbinin "hərbi xidmət dövrü ilə əlaqədar" əvəzinə “hərbi xidmət vəzifəsinin icrası ilə əlaqədar” kimi dəyişdirilməsi vəzifəsinin cavabdehə həvalə olunması”nı xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının əlilliyi ləğv edilsə də, cavabdeh tərəfindən bununla əlaqədar hər hansı araşdırma aparılmamış, qərar qəbul edilməmiş, belə bir qərar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Cavabdeh orqan inzibati icraatın başlanması barədə qərar qəbul etməmiş, inzibati icraat barədə tərəflərə məlumat verməmiş, inzibati icraatda iddiaçının iştirakını təmin etməmiş, beləliklə, formal (məcburi) tələblər təmin olunmamışdır. İddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən əlil olmadığı müəyyən edildiyi halda, onun əlil olmaması ilə bağlı inzibati akt qəbul edə bilərdi. Lakin iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.2022-ci ildə Agentlikdə nəzarət qaydasında komissiyada əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Göründüyü kimi, iddiaçıya təyin edilmiş əlillik 2021-ci ilin noyabr ayında ləğv edilsə də, iddiaçı yalnız xx.xx.2022-ci ildə Agentlikdə nəzarət qaydasında komissiyada əyani müayinə olunmuşdur. Beləliklə, cavabdeh iddiaçıya əlilliyin təyin edilməsi barədə qərarın düzgünlüyünü mübahisələndirsə də, əlilliyi müəyyən edilmiş şəxs, yəni iddiaçı əyani müayinəyə cəlb edilməmiş, müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edilməmişdir. İddiaçıya əlilliyin təyini barədə qərar ləğv edilmədiyi halda, cavabdeh tərəfindən iddiaçının əlilliyi etibarsız hesab edilmişdir. Halbuki hazırda iddiaçıya əlilliyin təyini barədə qərar qüvvədədir, cavabdeh həmin qərarın ləğv edilməsi barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2753/2019 saylı xx.xx.2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2002-ci il tarixli 197 saylı “Xəstəlik haqqında şəhadətnamə”də İddiaçı aldığı travmanın səbəb əlaqəsi dəyişdirilərək, “Hərbi travmadır, hərbi xidməti vəzifələrini yerinə yetirərkən almışdır” kimi yazılması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına həvalə edilmiş, həmin qərar qanuni qüvvəyə minmiş və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən icra edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 688 nömrəli xx.xx.2019-cu il tarixli qərarında iddiaçının aldığı travmanın səbəb əlaqəsi dəyişdirilərək “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR” kimi qeyd edilmişdir. Lakin qeyd olunanlar cavabdeh orqan tərəfindən nəzərə alınmamış, iddiaçıya təyin edilmiş əlilliyin səbəbinin dəyişdirilməsi üçün tibb müəssisəsinin göndərişi rəsmiləşdirilsə də, göndərişin natamam doldurulması səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən inzibati icraat düzgün aparılmamış, inzibati icraat barədə iddiaçıya məlumat verilməmiş, inzibati icraatda iddiaçının iştirakı təmin edilməmiş, ümumiyyətlə qanunvericilikdə nəzərdə tutulmuş inzibati icraatın aparılması qaydalarına əməl edilməmişdir. Cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Həmçinin iddiaçının əlilliyinin müəyyən edilməsi barədə cavabdehin qəbul etdiyi inzibati akt qüvvədə olmuşdur. İnzibati akt isə qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayəti iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır və mülahizə xarakteri daşıyır. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-869/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar